XATIRLAMA
Cənab Şarlın İslam əhkamının fəlsəfəsi barəsində nəzərini xatırlamaq yerinə düşərdi. Onun bəzi sözlərini yada salıram:
“İslam dini həmişə tənbəlliyin və süstlüyün əleyhinə olmuş, səy və ciddiyyət əmr etmişdir.
Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) sözləri və əməlləri dediyim mətləbi sübut edir. Belə ki, bir gün İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə bir neçə nəfərin yanından keçərkən onlardan birinə salam vermədi, lakin o həzrət qayıdarkən həmin şəxsə salam verir. Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) bu hərəkətinin səbəbini soruşurlar. Buyurdu: “Birinci dəfə onu bekar gördüm deyə, salam vermək istəmədim. Qayıdan vaxt isə onun işlə məşğul olduğunu müşahidə etdim və buna görə də salam verməyi özümə lazım bilib onu bu salamdan məhrum etmədim.”
Bu fövqəladə kəlamın böyük fəlsəfəsi var və bəşər əqli bunu dərk etməkdə acizdir. Həqiqətən də, Peyğəmbərin (salləllahu ələyhi və əlihi və səlləm) bu kəlamı cəmiyyətin islahı üçün çox dəyərlidir.
Namazın müəyyən və münasib vaxtlarda qılınmasının da hikməti var. İşlə məşğul olan şəxslər üçün namaz istirahət, işsizlər üçün isə faydalı bir hərəkət sayılır. Bu da ümumi sağlamlığın qorunması üçün faydalıdır.”
Cənab Şarl başqa bir məqamda deyir: “Burunun daxilində çox nazik tüklər mövcuddur. Bu tüklərdə mikroskobla görünə bilən 500 mindən çox mikrob vardır. Dəstəmaz alarkən “məzməzə” (ağız daxilini üç dəfə yaxalamaq) və “istinşaq” (burunun daxilini üç dəfə yumaq) vasitəsilə həmin mikroblar fəaliyyətdən düşür.”1
Bu alim (cənab Şarl) namazın fəlsəfəsinə maddi nöqtədən də yanaşmış və bəzi hikmətlər açıqlamışdır. Lakin biz bu maddi yönümü zikr etmək istəmirik. Çünki namazın mahiyyəti elə yüksəkdir ki, onu maddiyyatla ölçmək və müqayisə etmək düzgün olmaz. Əslində namaz bir nərdivana bənzəyir ki, bizi pillə-pillə maddi aləmdən mənəvi həyata doğru çəkir və namazqılanın maddi aləmdən olan qəlbinə ərş aləmindən bir qapı açır.
NAMAZIN TƏRCÜMƏSİ VƏ
ONUN ZİKRLƏRİ
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم
(Bismilləhir-Rahmənir-Rahim) 2
Yəni ümumi rəhmətini bütün məxluqlara, məxsus rəhmətini isə yalnız möminlərə şamil edən Allahın adı ilə başlayıram.
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَلَمِين
(Əlhəmdulilləhi-Rabbil-ələmin)
Yəni bütün aləmin mövcudatını yoxluqdan yaradan və onlara həyat bəxş edən Pərvərdigara sonsuz şükür və təriflər olsun. O, mələkut aləmini, atomu, ulduzları və s. tərbiyə (hidayət, sövq) edəndir.
Sədi deyir:
Allahın fəzlini kim saya bilər,
Mindən birin şükrün kim deyə bilər.
Dənizi, torpağı, ağacı, səni,
Yaradan yaratdı gündüz, gecəni.
Bu saysız nemətin şükrü çox çətin,
Adını çəkməyə çatmaz qüdrətin.
O lətif Yaradan yer xalısına,
Minlərlə xal vurmuş, baxım hansına.
Ulduzlar səmada doğdu ki, insan,
Bir ibrət götürsün bu sirr dünyadan.
الرَّحْمَنِ الرَّحِيمِ
(Ər-Rahmənir-Rahim)
Yəni bəndələrinə qarşı Mehriban olan Allah onların bütün ehtiyaclarını təmin edir. Hər bir canlının, o cümlədən, suda və quruda yaşayanların, gözə görünən və görünməyən məxluqların ruzisini yetirir. Dost, düşmən, müvəhhid, müşrik, kafir, bütpərəst Onun ehsan süfrəsindən bəhrələnir. Bu, elə bir geniş süfrədir ki, hər bir məxluq Onun bir ömür qonağıdır.
مَلِكِ يَوْمِ الدِّين
(Məliki-yəvmiddin)
Yəni O, həmin Allahdır ki, “məvud” (qayıdış, yenidən dirilmək) günü “cəza” adlı bir məhkəmədə ədaləti bərpa etmək üçün Ona itaət edənlərə layiqli mükafat, günahkarlara isə ağrılı işgəncə verəcək.
إِيَّاكَ نَعْبُدُ
(İyyəkə-nəbudu)
Yəni yalnız Sənə bəndəlik edib heç bir məxluqu Sənin işlərində təsirli bilmirik. Şeytana, nəfsimizə, var-dövlətə, qızıla, gümüşə və s. bəndəçilik etməkdən uzaqlaşırıq.
وَ إِيَّاكَ نَسْتَعِين
(Və-iyyəkə-nəstəin)
Yəni yalnız Səndən kömək və yardım diləyirik. Aləmdə bütün işlərin təsiri Sənin tərəfindəndir.
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيرْ
الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّين
(İhdinəs-siratal-mustəqim. Siratal-ləzinə-ən-əmtə-ələyhim ğayril-məğzubi-ələyhim-vələzzallin)
Yəni İlahi! Bizi doğru yola hidayət və bizə rəhbərlik et! O doğru yola ki, peyğəmbərləri və imamları hidayət etdin. Sənin qəzəbləndiyin kəslərin (yəhudilərin) və haqq yoldan azmışların (məsihilərin) yoluna yox!
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَد
(Bismilləhir-Rahmənir-Rahim. Qul-huvəllahu-əhəd)
Yəni de ki, çağırıb ibadət və bəndəlik etdiyin O Allah Yeganədir. “Əhəd”in mənası yeganə, “vahid”in mənası isə bir deməkdir və vahid müəyyən baxımdan “iki” ola bilər. Məsələn, siz burada bir nəfərsiniz. Yəni bir nəfərdən artıq deyilsiniz və yanınıza başqa bir nəfərin gəlib “iki”olmağınız ehtimalı var. Amma heç vaxt “siz yeganəsiz” deyilə bilməz. Çünki “bir” olmağınızla bərabər həm də çoxsunuz. Yəni siz mürəkkəb olaraq vücud, mahiyyət, o cümlədən bədəndən, ətdən, dəridən, sümükdən, qandan, əzələlərdən, əsəb sistemindən, milyardlarla hüceyrələrdən və s. ibarətsiniz. Bizim kimi yer üzündə altı milyarddan çox insan mövcuddur.
Lakin Allah-təalanın yeganəliyi bizim mürəkkəb birliyimiz kimi deyil. Onu nə zehnlə, nə təsəvvürlə, nə də xəyalla tərkibləndirmək olmaz və bu qeyri-mümkündür.
اللَّهُ الصَّمَدُ
(Əllahus-saməd)
Yəni Allah hər şeydən ehtiyacsızdır1 və bütün məxluqatın Ona ehtiyacı var.
لَمْ يَلِدْ وَ لَمْ يُولَد
(Ləm-yəlid-və-ləm-yuləd)
Yəni Ondan kimsə dünyaya gəlməmiş və Onu bir kəs dünyaya gətirməmişdir. Bu barədə məsihilərin bəziləri deyir: “İsa peyğəmbər (ələyhissəlam) Allahdan dünyaya gəlmişdir. Yəni ata və anadan dünyaya gəlməmişdir.
وَ لَمْ يَكُن لَّهُ كُفُوًا أَحَد
(Və-ləm-yəkul-ləhu-kufuvən-əhəd)
Yəni Allaha oxşar, tay və s. bir şey, ya bir kəs yoxdur.
سبحان ربي الاعظيم و بحمده
(Subhənə-rabbiyəl-əzimi-və-bihəmdih)
Yəni Böyük olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.
سبحان ربي الاعلي و بحمده
(Subhənə-rabbiyəl-ələ-və-bihəmdih)
Yəni Uca olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.
اشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده و رسوله
(Əşhədu-əl-lə-iləhə-illəllah. Vəhdəhu-lə-şərikə-ləh. Və-əşhədu ənnə-Muhəmmədən-əbduhu-və-rasuluh)
Yəni şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Həmçinin şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir.
اللهم صل علي محمد و ال محمد
(Əllahummə-salli-ələ-Muhəmməd-və-əli-Muhəmməd)
Yəni İlahi! Məhəmməd və onun Əhli beytinə Öz rəhmətini göndər.
سبحان الله
) Subhənəllahi)
Yəni Allah hər bir eyb və nöqsandan uzaqdır.
الْحَمْدُ لِلَّهِ و
(Vəlhəmdulilləhi)
Yəni sitayiş yalnız Allaha məxsusdur.
لا اله الا الله و
(Və-lə-iləhə-illəllahu)
Yəni Allahdan başqa məbud (ibadətə layiq olunası bir varlıq) yoxdur.
والله اكبر
)Vəllahu-əkbər)
Yəni Allah bizim vəsf edib düşündüyümüzdən çox-çox böyükdür.
اسلام عليك ا يهاالنبي و رحمة الله و بركاته
(Əssələmu-ələykə-əyyunnəbiyyu-və-rahmətullahi-və-bərakətuh)
Yəni salam olsun Sənə, ey haqq olan Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm)! Allahın rəhmət və bərəkəti Sənə olsun!
اسلام علينا و علي عباد الله الصالحين
(Əssələmu-ələynə-və-ələ-ibədilləhissalihin)
Yəni bizə və Allahın layiqli bəndələrinə salam olsun!
اسلام عليكم و رحمة الله و بركاته
(Əssələmu-ələykum-və-rahmətullahi-və bərakətuh)
Yəni salam olsun sizə, ey Allahın layiqli bəndələri! Allahın rəhmət və bərəkəti sizə olsun!
QUNUTUN FƏLSƏFƏSİ
Namazın müstəhəb əməllərindən biri də qunutdur. İkinci rəkətin rükusundan qabaq yerinə yetirilən ruku imamiyyə məzhəbində müstəhəb sayılır. Namazqılan şəxs qunutda əllərini yuxarı qaldırıb ahu-zar etməklə Allah-təaladan dünya və axirət hacətlərini istəyib Həzrət Haqqı “təmcid”1 edir. Namazdan sonra da “təqib”2 ünvanında müxtəlif zikrlər, o cümlədən “təsbih”3, “təhmid”4, “təhlil”5, “təkbir”6 və dua etmək müstəhəbdir.
Qüdsi hədislərin birində belə buyurulur:
“Təqibatı tərk etmək namazın qəbul olmamasına, onu yerinə yetirmək isə əməlin qəbuluna səbəb olur.”
Başqa bir yerdə isə belə buyurulur:
“Hər kəsin dəstəmazı batil olsa və özünü pak edib yeni dəstəmazla namaz qılsa, sonra namaz qurtaran kimi dua etməsə, həqiqətən o, zülm etmişdir. Həmçinin, bir kəsin dəstəmazı batil olsa, özünü pak edib yeni dəstəmazla namaz qılıb axırda dua etsə və Mən onun duasına cavab verməsəm, onda Mən zülm etmişəm. Bir halda ki, Mən zalım deyiləm.”
Namazın özündə qunut və təqibdən əlavə başqa dualar1 da mövcuddur. Bu cəhətdən də “salət”2 kəlməsi əslində dua mənasındadır. Çünki istər namazın vacibatında, istər müstəhəbbatında (yəni əlavə savab yazılan əməllərdə: məsələn, qunutda), istərsə də təqibatında (yəni namazdan sonra yerinə yetirilən bəzi zikrlərdə) dua və razü-niyaz vardır.
DUA VƏ RAZÜ-NİYAZIN FƏLSƏFƏSİ
Hər bir ibadətin həqiqəti və ruhu, bəndə ilə məbudun, xaliqlə məxluqun arasında rabitə yaratmaqdan ibarətdir. Bu həqiqət yalnız dua və razü-niyaz vasitəsilə hasil olur. Hətta heyvanlar, bitkilər, cansızlar öz təkvini (təbii) dilləri ilə ardıcıl olaraq hacətlərini Allahdan istəyirlər. “Ər-Rəhman” surəsinin 29-cu ayəsində buyurulduğu kimi:
يَسَلُهُ مَن فىِ السَّمَاوَاتِ وَ الْأَرْضِ كلُ يَوْمٍ هُوَ فىِ شَأْن
“Göylərdə və yerdə hər bir şey Ondan öz ehtiyaclarını diləyirlər. O, (Allah) hər gün iş görməkdədir (ehtiyacları ödəməkdədir).”
Allah-təala aləmlərin nizamını özünü idarə prinsipi üzərində qərar verməmişdir. Əksinə, O, qeybi yardımları ilə həmişə Öz işindədir. Hər bir mövcudu idarə edir və onların bütün ehtiyaclarını ödəyir.
Razü-niyazın fəlsəfəsi Allahı zikr etməkdən ibarətdir. “Taha” surəsinin 50-ci ayəsində buyurulur:
قَالَ رَبُّنَا الَّذِى أَعْطَى كلُ شىَءٍ خَلْقَهُ ثمُ هَدَى
“Dedi ki, bizim Pərvərdigarımız hər bir mövcudata lazım olan hər bir şeyi yetirib onları hidayət edir.”
İnsan dili ilə hacətini istəyib özünün zati fəqirliyini və Pərvərdigarın sonsuz ehtiyacsızlığını etiraf edir. Quran buyurur:
يَأَيهَّا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلىَ اللَّهِ وَ اللَّهُ هُوَ الْغَنىِ الْحَمِيد
“Ey insanlar, sizin hamınız fəqir və Allaha möhtacsınız. Ehtiyacsız və sitayişə layiq olan yalnız Allahdır.” 1
İbni Fəhəd “İddətud-dai” kitabında dua haqqında Əhli-beytin (ələyhimussəlam) mübarək kəlamlarını şərh və təfsir etmişdir. O cümlədən deyir:
İmam Sadiq (ələyhissəlam) buyurur:
“Dua dütün ibadətlərin fövqündə durur.”2
Başqa bir hədisdə buyurulur:
“Allah-təalanın yanında ən sevimli əməl dua və razü-niyazdan ibarətdir.”3
Yenə də buyurulur:
“Ən fəzilətli ibadət duada öz bəndəliyini izhar etməkdir.” 4
Allah-təala Qurani-Kərimdə bizi duaya təşviq etmiş, onu tərk edəni və təkəbbür göstərəni isə pisləmişdir. Necə ki, “Qafir” surəsinin 60-cı ayəsində buyurulur:
ادْعُونىِ أَسْتَجِبْ لَكمُ إِنَّ الَّذِينَ يَسْتَكْبرِونَ عَنْ عِبَادَتىِ سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِين
“Məni çağırın ki, duanızı qəbul edim. Tezliklə ibadət etməkdən boyun qaçıran təkəbbürlü kəslər xar və zəlil halda Cəhənnəmə daxil olacaqlar.”
Başqa bir ayədə isə belə buyurulur:
وَ إِذَا سَأَلَكَ عِبَادِى عَنىِّ فَإِنىّ قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ
فَلْيَسْتَجِيبُواْ لىِ وَ لْيُؤْمِنُواْ بىِ لَعَلَّهُمْ يَرْشُدُون
“Mənim barəmdə soruşan bəndələrimə de ki, həqiqətən, Mən onlara yaxınam. Məni çağırıb dua etdikləri zaman cavab verərəm. Buna görə də düzgün yolu tapsınlar deyə dəvətimi qəbul etməlidirlər.” 1
“Əraf” surəsinin 55-ci ayəsində isə belə buyurulur:
ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة
“Pərvərdigarınızı ahu-zarla aşkar və gizli surətdə çağırıb dua edin.”
Namazın fəlsəfəsi zikrdən ibarətdir. Belə ki, “Taha” surəsinin 14-cü ayəsində buyurulur:
وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى
“Məni zikr (yad) etmək üçün namaz qıl.”
Həmçinin, duanın fəlsəfəsi zikrdən ibarətdir. Çünki namazın adlarından olan “zikr” Quranın da adlarındandır. Quranı tilavət etmək zikrdir. Günahı tərk etmək də zikr hesab olunur. Namazın hissələri Quran, zikr və duadan ibarətdir. Duanın və razü-niyazın ruhu isə zikrdir.
Yaxşı olar ki, qunutda və təqibatda bəzi rəvayətlərdə nəql olunmuş məxsus zikrlər oxunsun. Çünki Quran, dua və zikr hər üçü eyni məqsəd daşıyır.
“Vəsailuş-şiə” kitabının qunut, təqib və qiraət bölmələrində bu məzmunda rəvayətlər nəql olunmuşdur. Həmçinin, “İddətud-dai” kitabında ibni Fəhəd Hilli Hişam ibni Salimdən, o da imam Sadiqdən (ələyhimussəlam) belə bir rəvayət nəql edir:
“Allah-təala buyurur ki, hər hansı bir bəndə dua edərkən Mənim zikrimlə məşğul olub öz hacətini yadından çıxarsa, Mən ona öz hacətindən də artıq əta edərəm”
Bu rəvayət zikr və duanın razü-niyaz olmasını göstərir. Hətta zikr daha üstün olub razü-niyazın fəlsəfəsi hesab edilir. Namazda qunut və dualar nə qədər uzun olarsa, onun fəziləti də çox olar.
Rəvayətdə buyurulur:
“Hər kəs namazda qunutu uzadarsa, qiyamət günü rahatlığı uzun çəkər.”1
Başqa bir rəvayətdə isə belə buyurulur:
“Qunutu uzun olan namaz ən üstün namaz sayılır.”1
XATIRLAMA
Deyilənlərdən məlum oldu ki, namaz ibadət sayılır. Çünki o, üç tərkibdən (Quran, zikr və duadan) ibarətdir. Bu üç tərkibin məqsədi eynidir. Bəzi alimlər namazda duanı əsas bölmə hesab etməmişlər. Lakin qiraət, zikrlər, dualar, qunut və təqibat birlikdə ibadət hökmündədir.
NAMAZA VƏ QUNUTA AİD AYƏLƏR
1.
رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاَخِرَةِ حَسَنَةً
“Pərvərdigara, bizə dünya və axirətdə yaxşılıq əta et.” 2
2.
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّاب
“Pərvərdigara, bizi hidayət etdikdən sonra qəlblərimizi haqq yoldan uzaqlaşdırma və Öz tərəfindən bizə mərhəmət bəxş et. Çünki Sən Bağışlayansan.” 3
3.
إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النهَّارِ لاَيَاتٍ لّأِوْلىِ الْأَلْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَمًا وَ قُعُودًا وَ عَلىَ جُنُوبِهِمْ
“Həqiqətən, göylərin və yerin yaradılışında, həmçinin gecə və gündüzün hərəkətində düşünənlər üçün (aşkar) nişanələr var. Onlar ayaq üstə, oturanda və uzanmış halda Allahı zikr edən kəslərdir.”1
4.
رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِين
“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətdə biz ziyan çəkənlərdən olarıq.”2
5.
لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ كُنتُ مِنَ الظَّلِمِين
“(İlahi !) Səndən başqa məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) paksan. Mən zülmkarlardan idim.” 3
Dua və ibadətin məqsədi nəfsani və şeytani istəklərə çatmaq deyil. Əksinə, əsl məqsəd bəndə-Məbud yaxınlığını, həmçinin insanın zati acizliyini və Yaradanın ehtiyacsız olduğunu hiss etməkdən ibarətdir. Belə ki, ibadət sitayişin ən uca mərtəbəsi sayıldığı üçün nəfsə görə yox, vəzifənin düzgün yerinə yetirilməsi üçün olmalıdır.
Buna misal həzrəti İbrahimi (ələyhissəlam) göstərə bilərik. Nəmrud onu oda atarkən Cəbrail mələk (ələyhissəlam) həzrətə yardım etmək istədiyini bildirir. Lakin İbrahim peyğəmbər (ələyhissəlam) onun istəyini qəbul etmir və buyurur: “Allah hər şeyi görür. İstəsə O, özü mənə nicat verər.” Yəni İbrahim (ələyhissəlam) demək istəyir ki, “mən Allahın bütün əmrlərindən razıyam və Onun işlərinə müdaxilə etməyə haqqım yoxdur”.
Bəli, belə bir məqam razılıq və təslim olmaq nişanəsidir. O həzrət bütün vücudu ilə ibadətə qərq olmuşdu. Belə bir ibadətin həqiqəti də məhz zikrdən ibarətdir.
Dar düşüncəli insanlar deyirlər: “Dua etmək faydasızdır. Çünki xilqətdə heç bir dəyişiklik baş vermir. İstəsən də, istəməsən də bir iş məsləhətdirsə, olacaq, məsləhət deyilsə, olmayacaq. Belə olan halda duanın nə faydası?”
Bunun cavabı aydındır. Birincisi, dua və razü-niyaz dünya arzularına çatmaq üçün deyil və ibadət hesab olunur. İkincisi isə ola bilsin ki, Allahdan bir şey istəmədən ona çatmaq məsləhət deyil. İstədikdən sonra isə Allahın məsləhəti həmin şeyin əta edilməsi olur. Eyni ilə bu mətləb “İddətud-dai” kitabında və başqa rəvayətlərdə zikr edilmişdir. Quran buyurur:
قُلْ مَا يَعْبَؤُاْ بِكمْ رَبىِّ لَوْ لَا دُعَاؤُكُمْ
“De, əgər dua etməsəniz, mənim Pərvərdigarım sizə əhəmiyyət verməz.” 1
Nəticədə gərək hədəf maddi məqsədlərdən üstün tutulsun. Qurani-Kərim dünya hacətlərinə üstünlük verənləri məzəmmət edərək buyurur:
فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا وَ مَا لَهُ فىِ الاْخِرَةِ مِنْ خَلَاق
“İnsanlardan bəzisi deyirlər ki, ey bizim Pərvərdigarımız, bizə yalnız bu dünyada (yaxşılıq) əta et. Lakin onlar üçün axirətdə heç bir bəhrə olmayacaqdır.” 1
Bəli, bir şəxs axirəti istəməsə, onun üçün çalışmasa və ya ona inanmasa, ziyan çəkənlərdən olacaqdır. Lakin başqa bir dəstə barəsində buyurulur:
وَ مِنْهُم مَّن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاْخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّار أُوْلَئكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَ اللَّهُ سَرِيعُ الحِسَاب
“Onlardan bəziləri isə deyirlər ki, ey bizim Pərvərdigarımız, bizə bu dunyada və axirətdə yaxşılıq əta et. Bizi Cəhənnəm atəşindən qoru. Onlar ələ gətirdikləri şeylərdən (dualar və saleh əməllərdən) bəhrələnəcəklər. Allah-təala hesaba tez yetişəndir.”2
Bu qrup insanlar axirətə inandıqları və dünyada fəaliyyət göstərdikləri üçün istədiklərinə yetişəcəklər.
RAZÜ-NİYAZ ALİMLƏRİN NƏZƏRİNDƏ
Materialist alimlərdən sayılan “Moris Meterlinq” razü-niyazı inkar edib deyir: “Yersiz bir şeydir. Bizim Allahdan bir şey istəməyimizin mənası budur ki, O, (Allah) öz vəzifəsini bilmir. Hətta bizim ehtiyaclı olduğumuz şeylərdən də xəbəri yoxdur. Deməli, bu istək batil bir şeydir.”
Nitse və Auqust Kant kimiləri də buna oxşar fikirlər demişlər. Bu şəxsiyyətlərin belə bir nəzər söyləmələrinin səbəbi bundan ibarətdir ki, onlar maddi elmlər barəsində çoxlu mütaliə etsələr də mənəvi elmlərdən çox-çox geridə qalmışlar. Buna görə də bəzən maddiyyatçı və mənəviyyatçı alimlər arasında ixtilaflar meydana gəlmişdir. Çünki hər kəs maddiyyata qərq olsa, mənəviyyatdan uzaqlaşıb həqiqəti görməyəcəkdir.
Moris Meterlinq kimilərinin düşüncələri mənəvi elmlərə münasibətdə çox dar və qüsurludur. Bu qəbil şəxsiyyətlər yersiz nəzər və hökmlərdən çəkinsələr yaxşıdır.
Spenser deyir: “Müasir dövrümüzdə dinin elm və hikmət ilə mübarizə apardığına şahid oluruq. Bu ona görədir ki, hər ikisi (din və elm) bir-birinin işinə qarışıb müdaxilə edirlər. Əgər savadsız bir şəxs hər hansı bir işdə yersiz hökm versə, çox da zərəri olmaz. Çünki onun bu hökmünə və ya irəli sürdüyü nəzərə kimsə əhəmiyyət verməz. Lakin müəyyən bir sahədə tanınmış bir alim özünə aid olmayan bir sahə üzrə nəzər versə, çoxlarını şəkk-şübhəyə salar. Buna görə də materialistlər mənəvi işlərə müdaxilə etməməli və yersiz mühakimələrdən çəkinməlidirlər.”
Moris Meterlinqin razü-niyazın əleyhinə olması yersiz və əsassız bir düşüncədən irəli gəlir. Elə bil ki, bir nəfər belə deyir: “Allah bütün bəndələrin ruzisini öz öhdəsinə götürmüşdür, buna görə də ruzi dalınca getməyimiz lazım deyil. Əgər ruzi ardınca getsək, ilahi vədin xilafına əməl etmiş olarıq. Nəticədə belə çıxar ki, biz Allahı ruzi verməyə Qadir bilmirik və Onun vədlərinə etimadımız yoxdur.”
Göründüyü kimi, Morisin bu mülahizəsi çox yersizdir. Moris və onun kimilərin müqabilində Paskal, Felamaryon, Aleksis Karl kimi alimlər mənəviyyata üstünlük vermiş, dua və razü-niyaz haqqında müsbət fikir bildirmişlər. Beləliklə, razü-niyazı inkar edib onu bihudə sayan Moris, Nitse, Auqust kimilərinin razü-niyazın fəlsəfəsini və həqiqətini dərk etmədikləri məlum olur.
Bəli, hər kəs Yaradanla rabitədə olub dualardan ayrılmayıbsa, öz həyatında razü-niyazın ecazkar və xariquladə təsirini dəfələrlə görmüşdür. Xüsusilə müqəddəs məkanlarda, o cümlədən, övliyaların hərəmində və məscidlərdə dua, təvəssül, razü-niyaz vasitəsilə çoxları faydalı nəticələr əldə etmişlər.
Doktor Aleksis Karl əlacsız xəstələrin dua və razü-niyaz vasitəsilə tez bir zamanda şifa tapdığını təsdiq edir.
“Cəvahir” təfsirinin müəllifi Təntavi öz kitabında cənab Hötenin təəccübedici müalicəsindən bəhs edərək yazır ki: “O, tibb təhsili görməməsinə baxmayaraq ruhi düşüncə, təlqin və razü-niyaz vasitəsilə özünü müalicə etmişdir. Belə ki, tibb tələbələri onun yanına gəlib dərs alırdılar.”
Bu kitabın 1-ci cildində “psixoterapiya” haqqında maraqlı mətləblər mövcuddur.
Həmmad ibni İsa imam Sadiqdən (ələyhissəlam) belə nəql edir:
“Heç vaxt dua və razü-niyazdan əl çəkmə! Demə ki, onsuz da duanın təsiri yoxdur, hər nə yazılıbsa, o da olacaq! Bil ki, dua ibadətdir və Allah tərəfindən əmr edilmişdir!”1
Başqa bir rəvayətdə buyurulur:
“Allah-təalanın dərgahında elə bir məqam var ki, ehtiyacını istəmədən və razü-niyaz etmədən həmin məqama yetişmək qeyri-mümkündür.”2
Rəvayətlərdə bəladan qabaq, bolluq və rahatlıq zamanı, həmçinin xəstəliklərdən, müşküllərdən sonra dua edilməsi çox sifariş edilmişdir.
Dua edərkən əllərin yuxarı qaldırılması müstəhəb sayılır. Belə ki, Peyğəmbərimizdən (salləllahu ələyhi və əlihi və səlləm) nəql olunan hədislərin birində belə buyurulur: “Namaz qıldığınız zaman qunut tutarkən əllərinizi yuxarı qaldırın!”3
İbni Fəhəd Hilli, Kəfəmi, ibni Tavus (Allah onlardan razı olsun) və s. rəbbani4 alimlərin razü-niyaz barəsində buyurduqları kəlamları kənara qoyub, nisbətən mənəviyyata yer verən və həqiqəti az da olsa dərk edən təcrübi elmlərə yiyələnmiş filosof və alimlərin nəzərlərinə toxunmaq istərdik.
Fiziologiya sahəsində məşhur alimlərindən olan Aleksis Karl razü-niyaz haqqında bir məqalə yazıb dərc etmişdir. Bir daha höccəti tamamlamaq üçün qərbə meyl göstərən və Avropa düşüncə tərzini üstün tutan şəxslərə həmin məqalənin xülasəsini təqdim edirik. Belə şəxslər ağıla gəlib duanın, razü-niyazın, təvəssülün, Allahla rabitənin xurafat və irtica olmaması barəsində düşünməlidirlər. Çünki, duanın xariquladə təsiri dinsizlər üçün inanılmaz və qeyri-mümkün, dindarlar üçün isə gündəlik müşahidə olunan həqiqətlər sırasında durur. Allaha etiqadı olan qərbin bəzi alimləri bu təsiri hiss və etiraf etmişlər.
Dostları ilə paylaş: |