Neriman Qurban indd


IV FƏSİL RUHUNA HOPAN ŞƏHƏR  Lev Nussimbaum



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə4/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   2   3   4   5   6   7   8   9   ...   175
; üçüncüsü, qəzəbindən çox ağrı-acısını ifadə eləyən o ya-

zını qəzetə göndərməyəydi. Düzdü, birinci səhvi istiqlal işində 

geridə  qalmamaq  arzusundan  irəli  gəlmişdi,  ikinci-üçüncü 

səhvlərisə  o  istiqlalın  itirilməsi  yanğısından  doğulmuşdu, 

amma bütün bunlar artıq bioqrafiyasına yazılmışdı, heç cür 

silib ata bilməyəcəkdi.

 İndi üz tutduğu şəhərdə rəhmətlik Mirinin dostunu tap-

malı, içindəki ağır yükdən xilas olmalı, Vətənə bir az da arxa-

yın getməliydi. Bu da Ceyhun bəyin məsləhətiydi, əlyazmaları 

Münhen,  Berlin,  ya  da  Leypsiq  nəşriyyatlarının  birinə 

verməyi  məsləhət  görməmişdi,  Almaniyanın  şəhərlərində 

çekistlər qaynaşırdılar, üstəlik, Rusiyadan, Qafqazdan, Orta 

Asiyadan, Türkiyədən... axışmış mühacirlərə addımbaşı rast 

gəlmək  olurdu.  Həmin  mühacirlərin  arasında  güzəranpulu 

qazanmaq üçün istənilən adamı satmağa hazır kəslər də var-

dı,  əlyazmaların  sorağı  Vətənə  özündən  əvvəl  gedib  çata 

bilərdi.  Vyanasa  bu  cəhətdən  daha  təhlükəsiziydi,  həm  də, 

yəqin, orda Məhəmməd Ağaoğlu münasib nəşr evi tapmağa 

kömək eləyəcəkdi.




9

Qatardan  enəndə  qırmızıyanaq,  sallaqbığ  pruss  bələd-

çiylə  köhnə  dost  kimi  vidalaşdı.  Leopoldştadtdakı  Praterş-

ternin  –  Şimal  vağzalının  əzəmətli  binasına  heyran-heyran 

baxıb küçəyə çıxdı. Bəxtindən çamadanı o qədər də ağır de-

yildi,  içində  dəyişəyindən,  əlyazmalarından,  kitablarından, 

Miri dən qalan bir-iki yadigardan başqa bir şey yox idi. Ax-

tardığı ünvan yaxın olsaydı, piyada gedə bilərdi.

 Təəssüf ki, professor Fridrix fon Kraelitzin ünvanını xa-

tırlamırdı,  onun  öz  əlilə  yazdığı  bir  parça  kağızı  indi  tapa 

bilməzdi. Əlbəttə, onunla görüşə, kitabına yazdığı rəyə görə 

təşəkkürünü  bildirə,  bəlkə  də  əlyazmalarıyla  bağlı  ondan 

məsləhət  ala  bilərdi.  Amma  bu  böyük  şəhərdə  onun  izini 

hardan  tapacaqdı?  Üstəlik,  Vyanada  uzaqbaşı  bir  gündən, 

bəlkə  də  bir  neçə  saatdan  artıq  ləngiyə  bilməzdi:  elə  bu 

dəqiqələrdə izlənib-izlənmədiyini hardan bilir?

 Məlum oldu ki, əvvəlcə tramvayla, sonra iki tin piyada 

getməlidi.  Tramvayda  adamların  üzünə  nəzər  salır,  ruhi 

hallarını  oxumaq  istəyirdi:  nəhayət,  belə  qənaətə  gəldi  ki, 

buranın  əhalisi  Berlin  camaatına  nisbətən  daha  sakit,  so-

yuqqanlı,  bəlkə  də  daha  nəzakətlidilər.  Baxışları  sısqa,  ma-

vigözlü  qarının  nəzərlərilə  toqquşdu.  Qarı  lütfkarlıqla  gü-

lüm səyib yüngülcə baş əydi. Bu da kefini kökəltdi, beynin-

dən keçirdi ki, hər şey yaxşı olacaq.

 Hər şey gözlədiyinin əksinə oldu: fikirləşirdi, Məhəmməd 

indi yəqin dərsdə olar (əlbəttə, əgər dərslərinə davam eləyirsə), 

onda ya Arxeologiya İnstitutuna getmək, ya da onun qayıt-

masını  gözləmək  lazım  gələcək;  amma  oğlanı  otağında, 

üstəlik,  yataqda  tapdı.  İki  gündü  qızdırması  varmış, 

zəiflikdən dərsə getməyib, arada yoldaşları baş çəkirlərmiş. 

Bunları  bir  qədər  sonra  öyrəndi.  İlk  sezdiyi  yataqda  uzan-

mış iyirmi beş yaşlarındakı arıq, gözləri çuxura düşmüş ca-

vanın da Miri kimi çevriliş qurbanı olduğunu duydu. Özü-

nü  təqdim  eləyib,  Mirinin  adını  çəkəndə  xəstənin  gözləri 

dolub-boşaldı:



10

“Aslan  bəy  mənə  yazmışdı,  çox  kədərləndim,  dərdinizə 

şərikəm,  –  yatağında  dikəlmək  istədisə,  onun  çiyinlərindən 

tutub  yatağa  uzatdı:  –  Təəssüf  ki,  sizi  layiqincə  qarşılaya 

bilmədim”.

“Narahat  olma,  –  iltifatla  gülümsədi,  –  elə-belə  baş 

çəkmək istədim. Ümidvaram ki, ciddi bir şey yoxdu”.

“Yox,  –  xəstənin  sifətində  xahiş  dolu  ifadə  göründü,  – 

Lütfən,  narahat  olmayın,  paltonuzu  çıxarıb  rahatlanın.  Ax-

şam yoldaşlarım doktor gətirmişdilər, müayinə elədi, nüsxə 

yazdı, dərsdən qayıdanda əczaxanaya gedərlər”.

Paltosunu  soyunmadan  dolabçanın  üstündəki  nüsxəni 

götürüb xəstəyə doğru əyildi:

“Ən yaxın əczaxana hansı səmtdədi?”

Xəstə  xəcalətdən  tərləmişdi,  solğun  bənizi  azacıq  qızar-

mış, alnına tər gəlmişdi.

“Əziyyət çəkməyin...” – etiraz eləmək istədi.

Amma  daha  onun  danışmağına  imkan  vermədi,  bayaq 

tini  burulanda  rastına  çıxan  əczaxananı  xatırlayıb  qapıdan 

çıxdı.


Cəmi bir saatdan sonra dava-dərman da, yemək alıb geri 

dönmüş, xəstənin dərmanlarını öz əlilə içirmiş, alçaq kətilin 

üstündə  süfrə  açmış,  oğlanı  öz  əlilə  yedirmiş,  iştaha  gəlsin 

deyə, özü də bir neçə tikə yemişdi. Sonra Məhəmməd dörd 

il  yarımda  başına  gələnləri  danışmış,  təqaüdü  kəsiləndən 

sonra  çəkdiyi  zillətləri  göz  yaşları  içində  nəql  eləmiş,  Miri-

nin  faciəsini  eşidəndə  keçirdiyi  sarsıntıdan  söhbət  açmışdı. 

İçini  yandıran  ağrıların  ötüb-keçməsini  gözləyə-gözləyə 

xeyli susandan sonra oğlanın qayğılı səsini eşitmişdi:

 “Vətənə qayıtmaq xoşbəxtlikdi, amma keçmişinizi unu-

dacaqlarından əminsinizmi?”

 Həmin məqamda ürəkdən “hə” demək istəyirdi, amma 

ikicə  hərflik  o  söz  boğazında  ilişib  qaldı,  udqundu,  nəzər-

lərini pəncərədən bayırdakı tutqun mənzərəyə zilləyib xeyli 

susdu, handan-hana dilləndi:



11

 “Bilmirəm. Amma qürbətdə səfalət içində yaşamaqdan-

sa, Vətəndə ölmək daha yaxşıdı...”

 Qəfildən də diksindi, sözlərinin xəstəyə də aid olduğu-

nu beynindən keçirib xəcalət çəkdi...

***


Xəstə  deyəsən,  bir  az  rahatlanıb  huşa  getmiş,  özü  də 

köhnə kresloda bir az mürgüləmişdi, ikisi də açılan qapının 

tıqqıltısına oyandılar. Üç nəfər idilər: macar Layoş, türk Hil-

mi  və  yerli  Maks.  Gözləmədikləri  qonağı  görüb  çaşdılar, 

xəstənin  təqdimatından  sonra  dava-dərmana,  yeməyə  görə 

təşəkkür  elədilər,  israrın  ardınca  utana-utana  hələ  də  açıq 

süfrəyə əl uzatdılar. Az sonra Hilminin hazırladığı qəhvəni 

içəndə qonaq Vyanada dayanmağının səbəbini dedi:

“Sıxıntılı günlərimdə yazdıqlarımı dostların köməyilə al-

mancaya  çevirmişəm.  Burda  nəşr  evlərinin  birinə  vermək 

fikrindəyəm. Sizin yardımınıza güvənirəm”.

Cavanlar baxışdılar. Maks hamıdan əvvəl dilləndi:

“Bu yaxınlıqda, Lindenqasse küçəsində bir nəşr evi oldu-

ğunu  bilirəm.  Düzdü,  qapısından  girməmişəm,  kimsəni  də 

tanımıram, amma fikrimcə, müraciət eləyə bilərsiniz”.

“Onda  elə  bu  gün  getmək  istəyirəm,  görüş  baş  tutsa, 

Moskva qatarına da çata bilərəm. Kim bilir, bəlkə, sözləşmə 

də imzalamalı olduq”.

“Layoş dostumuzun yanında qalar, – Hilmi əlini paltosu-

na atdı, – Maksla mən də yolüstü sizə nəşr evini göstərərik”.

...Havada  yüngül  çisgin  olsa  da  piyada  gəzmək  xoş  idi. 

Qoltuğundakı bükülünü cavanların götürməsinə razı olma-

mışdı, elə bil əlləri dəysə, vərəqlərə ürəyinin qanıyla yazdı-

ğı  faş  olacaqdı.  O,  ümidsiz  günlərində  İstanbulda,  Parisdə, 

Klişidəki kasıb otağında, şam işığında yazdığı barədə alman 

dostu və onun arvadı istisna olmaqla, Ceyhun bəydən başqa 

kimsəyə  bir  kəlmə  deməmişdi.  Hə,  bir  də  hərdən  söhbətə 

gələn tale yoldaşı əlcəzairli Muhəmməd İbn Mənsurla oğlu 




12

Səid  nəsə  yazdığından  xəbərdar  idilər.  Muhəmməd  yazıb-

oxumaq bilmirdi, amma savadlı adamla oturub-durmaqdan, 

söhbət  eləməkdən  xoşu  gəlirdi.  Adəti  üzrə  hamı  kimi  ona 

da  “Qurban”  deyirdi.  “Qurban,  bu  işlərin  axırı  necə  ola-

caq?”  Onun  ümidsiz  çöhrəsinə  baxmamağa  çalışa-çalışa 

“Naümid  olma,  qurban,  Allah  bir  tərəfdən  bağlayıbsa,  yə-

qin,  bir  tərəfdən  də  açar”.  Hərdən  də  özü  gəlmir,  amma 

Səidlə yemək göndərirdi.

 Lindenqasse küçəsindəki dörd saylı binaya çatıb girişin 

üstündəki  “E.P.Tal  Publishers  &  Co”  lövhəsini  görəndə  ca-

vanları  daha  yoldan  saxlamaq  istəmədi,  xudahafizləşib  on-

ların  bir  qədər  uzaqlaşmasını  gözlədi,  sonra  əlini  ikitaylı, 

ağır palıd taxtasından qapısının dəstəyinə atanda duruxdu: 

bəlkə  elə  burdanca  qayıtsın,  əlyazmaları  Məhəmmədə  ver-

sin,  ya  elə  poçtla  Ceyhun  bəyə  göndərsin,  Vətəndə  vəziy-

yətin durulmağını gözləsin. Qəzənfər bəylə Kiyevdən yaxın 

münasibətləri vardı, tibb təhsili alan o qaraşın oğlanla yolla-

rı  sonralar  ayrılmışdı,  biri  müsavatçılara,  o  biri  sosial-de-

mokratlara  qoşulmuşdu.  İndi  Qəzənfər  “bəy”likdən  imtina 

eləyib  “fəhlə  kəndli  hökuməti”nin  baş  komissarı  olmuşdu, 

köhnə  dostunun  Vətənə  qayıtmasına  izin  məktubunu  da  o 

göndərmişdi.  Bəs  təzə  hökumət  bir  az  başı  açılanda  onun 

keçmişini  qurdalamayacaqdımı?  Başqa  imzayla  kapitalist 

ölkəsində  kitab  çap  etdirdiyi  ortaya  çıxsa,  başına  nələr 

gələcəkdi?  Ya  elə  yazdığını  oxuyub  onu  “xalq  düşməni” 

çıxarmayacaqdılarmı?

  Amma  tərəddüd  bir  an  çəkdi.  Qapının  çax-çaxını  çalıb 

həyəcanını  boğmağa  çalışa-çalışa  gözlədi.  Yanından  keçən 

yeniyetmə, elə bil onu kiməsə oxşadıb ayaq saxladı, gözlərini 

bərəldib  heyran-heyran  baxdı.  Yeniyetmənin  marağının 

səbəbini  başa  düşdü:  boy-buxunu,  paltosu,  çəkmələri,  şlya-

pası, bığı, qaşı-gözüylə Çarli Çaplinə oxşadırdılar, bu da ke-

finin  kök  vaxtında  xoşuna  gəlir,  ovqatı  təlx  olanda 

qüssələndirirdi. İndi həyəcanlıydı, ona göz vurub gülümsədi, 



13

gimnaziya  şagirdinə  oxşayan  oğlan  da  gülümsünüb  göz-

lərini ondan çəkmədən aralandı.

Qapını açan xidmətçi qadının gözlərində də təəccüb var-

dı. Şlyapasını çıxarıb yüngülcə baş əydi:

“Salam, frau! Mən herr Ernet Peter Talı görə bilərəmmi?” 

Xidmətçi hələ də təəccübdən qurtulmamışdı:

“Kimin gəldiyini deyim?”

Ani  tərəddüd  keçirdi,  təbii  ki,  ad-soyadı,  həm  də  təxəl-

lüsü nəşr evinin sahibinə heç nə deməyəcəkdi, bu səbə bdən 

də onu maraqlandırmaq daha düzgün olardı:

“Deyin  ki,  qafqazlı  bir  yazıçıdı,  alman  dilinə  çevrilmiş 

əsərlərinin nəşrilə bağlı söhbət eləmək istəyir”.

“Bir  dəqiqəliyə  gözləyin”,  –  xidmətçi  qapının  arasından 

gülümsəyib yox oldu.

Əlyazmaları,  əlbəttə,  burda  qalacaqdı.  Naşirlə  razılığa 

gəlməsə,  ya  Məhəmmədin  yanında  əmanət  qoyacaq,  ya  da 

poçtla Ceyhun bəyə göndərəcək: axı almanca əlyazma Mos-

kvada  da,  Bakıda  da  kimsəyə  lazım  deyil,  üstəlik,  əcnəbi 

dildə  yazı  yoxlama  vaxtı  diqqəti  çəkər,  başına  bəla  açar. 

Bəlkə  də  baxti  gətirdi,  naşiri  maraqlandıra  bildi,  hələ 

qələmhaqqı  da  qopardı.  Vəziyyətinin  bu  vaxtında  belə  bir 

şey  göydəndüşmə  olardı:  xəstə  tələbəyə  də  əl  tutar,  İbadın 

borcunu göndərər, yol xərci qayğısından da qurtulardı.

Xidmətçinin  dəvətilə  içəri  girib  uzun  dəhlizin  o  başına 

gedəndə sezdi ki, nəşr evinin vəziyyəti o qədər də ağır de-

yil:  hər  iki  tərəfdəki  irili-xırdalı  otaqlarda  yazı  makinaları 

taqqıldayır, qapılar açılıb-örtülür, yarıaçıq qapıların arxasın-

dan qısa gülüş, ya da ifadələr eşidilirdi.

Nəşr evinin sahibi onu kabinetinin kandarında qarşılayıb 

özünü  təqdim  elədi:  Ernest  Peter  Rozental  –  qısaca  Peter 

Tal. “Yəhudidi, – beynindən keçirdi, – bəlkə heç əlyazmanı 

göstərməyim,  sadəcə,  söhbət  eləməyə  gəldiyimi  deyim?” 

Amma  artıq  özünü  nişan  vermişdi,  daha  doğrusu, 

təxəllüsünü söyləmişdi. Təxminən yaşıdı olan Tal ona alçaq 

kürsüdə yer göstərib üzbəüzdə əyləşdi, iltifatla gülümsədi:




14

“Deməli,  Şərq  adamısınız.  Əlbəttə,  nəyi  demək,  nəyi 

deməmək  barədə  azadsınız,  amma  onu  deyim  ki,  Şərq  bi-

zim  diqqətimizi  həmişə  çəkir.  Müəlliflərimiz  arasında  Şərq 

mövzusunda yazanlar kifayət qədərdi. Ümidvaram ki, Sizin 

təklif elədiyiniz əsərlər də maraqlı olacaq”.

“Mən  Şərqin  çox  zəngin  ölkəsində,  faciəvi  hadisələrin 

baş  verdiyi  məmləkətdə  doğulmuşam,  herr  Tal,  –  dedi.  – 

Kiyevdə, İstanbulda, Parisdə kitablarım nəşr olunub. Təəssüf 

ki,  yol  üstündə  olduğumdan  özümlə  nüsxələrini  götür mə-

mişəm. Amma ümidvaram ki, oxuyacağınız əsərlər sizi çox 

maraqlandıracaq”.

Peter  Tal  peşəkar  naşir  duyğusuyla  əlçatarında  şikar  ol-

duğundan  həyəcanlanıb  dikəldi,  qapını  açıb  üzbəüz  otağa 

səsləndi:

“Frau Hesslinq, zəhmət olmasa, bizə iki qəhvə gətirin, – 

dedi, sonra kresloya çöküb ağıllı, hiyləgər nəzərlərini qona-

ğa  dikdi.  –  Bilirsiniz,  mən  yeddi  il  qabaq  isveçrəli  dostum 

Karl  Siliqlə  birgə  nəşr  evini  yaradanda  bu  qədər  irəli 

gedəcəyimi  düşünmürdüm.  Artıq  iki  yüz  addan  çox  kitab 

nəşr  eləmişik,  müəlliflərimiz  arasında  Herman  Hesse,  Ste-

fan  Svayq,  Aqata  Kristi,  Con  Karr  kimi  nəhənglər  var. 

Leypsiqdə  də  işlərimizi  genişləndirmək  qərarına  gəlmişik. 

Demək  istəyirəm  ki,  bizi  seçməkdə  heç  də  səhv  elə mə-

misiniz”.

Tal  həvəslə,  əl-qolunu  oynada-oynada  danışır,  əyilib 

kresloya  yaxın  dolabdan  nəşr  elədiyi  kitabları  götürür,  qo-

nağına  göstərir,  əlyazmalar  üzərində  işdən,  müəlliflərlə 

əlaqələrdən,  alıcıların  rəylərindən  söhbət  açırdı.  Xidmətçi 

iki  fincan  qəhvəni  həmsöhbətlərin  arasındakı  alçaq  mizin 

üstünə qoyub gedəndən sonra da naşirin bəlağətli nitqi da-

vam eləyirdi. Bütün bunlar çox maraqlı olsa da, söhbətlərinin 

nəticəsi,  bir  də  qoyub  gəldiyi  xəstənin  vəziyyəti  onu  daha 

çox həyəcanlandırırdı.

“Təəssüf  ki,  Sizinlə  bir  daha  görüşəcəyimizi  əminliklə 

söyləyə bilmərəm, herr Tal, – dedi, – ola bilsin, heç kitabla-




15

rımın  nəşr  olunduğundan  da  xəbər  tutmayım.  Bununla 

belə,  əlyazmalarımı  Sizə  əmanət  qoymaq  qərarına  gəldim. 

Hər halda, ümidvaram ki, oxuyub dəyərləndirəcəksiniz...”

“Əlbəttə,  əlbəttə,  bundan  arxayın  ola  bilərsiniz,  –  naşir 

gülümsəyə-gülümsəyə  əllərini  yana  açdı.  –  Düzdü,  indi 

işlərimiz  həddən  çoxdu,  az  qala,  gecə-gündüz  işləyirik, 

amma fürsət tapıb əlyazmalarla tanış olaram”.

Qovluqları 

Tala 


uzadanda 

bütün 


vücudunun 

gərginləşdiyini, əllərinin titrədiyini hiss elədi. Elə bil ümid-

siz,  tutqun,  ağrıyla  dolu  günlərində  kağıza  köçürdüyü  ya-

şantılarını  dəmir  saxlanca  qoymaq  üçün  verirdi,  həmin  ya-

şantılar bu yad məmləkətdə dustaq qalacaqdı, bəlkə də heç 

vaxt  işıq  üzü  görməyəcəkdi.  Amma,  ola  bilsin,  bu  işgüzar 

naşir  əlyazmaların  yolunu  açacaq,  yazdıqlarını  bütün  dün-

yaya tanıdacaqdı.

Peter Tal qovluqları alıb üzərində səliqəli xətlə yazılanla-

rı oxudu:




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin