Rabitəli nitqin inkişafının mühüm vasitəsi olan ifadə və inşa yazılar orfoqrafiya
təliminə də xidmət edə bilər. Bunun üçün yazının həmin növlərinin qarşısında müəyyən orfoqrafik tapşırıq qoymaq lazımdır. İmlaya nisbətən ifadə və inşanı orfoqrafik səhvə yol vermədən yazmaq daha çətindir. Xüsusi orfoqrafik çalışmalarda sözləri, cümlələri, mətni savadlı yazmağı bacaran şagird ifadə və inşada səhvə yol verirsə, qrammatik-orfoqrafik qaydaları, yazılışı çətin sözlərin səs-hərf tərkibini yaxşı mənimsəmədiyini biruzə verir. İmlada ən çətin orfoqramları yaza bilən şagirdin ifadə və inşada səhvə yol verməsinə səbəb odur ki, birinci halda şagirdlərin diqqəti, əsasən, orfoqrafik qaydanın tətbiqinə, ifadə və inşada isə diqqət üç cəhətə (məzmunun düzgün verilməsinə, üslub xətalarının buraxılmamasına və orfoqrafik çətinliklərə) yönəldilir. Bu isə asan məsələ deyil. Bunu hiss edən bəzi müəllimlər orfoqrafik səhvlərin xəbərdarlığı imkanı olmadığından, yazıda çoxlu səhvə yol veriləcəyindən qorxaraq ifadə və inşa yazdırmaqdan qaçırlarProfessor A.V.Tekuçev yaradıcı yazılarda orfoqrafik (xüsusilə dialektlə bağlı olan) səhvlərin çoxluğundan bəhs edərkən yazır ki, imla prosesində şagird yalnız ona diktə olunanı yazır. Bu vaxt o, özü bildiyi kimi yazmaq, öz sözlərini və söz birləşmələrini mətnə daxil etmək, ifadələri istədiyi kimi qavramaq imkanından məhrum olur. Məhz ona görə də imla yazılarda çoxlu oroqrafik səhvlər baş verir. İnşa yazarkən şagird öz sözləri ilə yazır, yalnız özünü eşidir, yazdığı bu və ya digər sözün səs və morfoloji tərkibi haqqında onun təsəvvürünə heç bir yazı və ya başqa adamın (müəllimin) tələffüzü təsir göstərmir.Bir qədər çətinliyini nəzərə alaraq ifadə və inşalara hazırlıq mərhələsini keçmək lazımdır. Şagirdlər bir müddət yazı işinin sadə növü ilə, ümumi fikir ətrafında birləşmiş suallara cavab tərtib edib yazmaqla məşğul olurlar. Bu zaman şagirdlər sualı təkrarlayır, yalnız sual bildirən sözü başqa sözlə əvəz edirlər: məsələn, k samitinin iki funksiyası ilə əlaqədar qazanılmış vərdişləri möhkəmləndirmək üçün belə suallar vermək olar:
- Tarlanı nə ilə şumlayırlar? (traktorla)
- Dirrikdə nələr əkirlər ? (kələm, kartof, kök, keşniş, kəvər və s.)
Sualların belə qoyuluşu şagirdləri nəzərdə tutulmuş sözləri işlətməyə məcbur edir.II sinifdən etibarən cümlənin genişləndirilməsi və ya qısaldılması üzrə də iş aparmaq lazımdır. Bu zaman suallar belə qoyulmalıdır ki, şagirdlər orfoqrafik cəhətdən xarakterik sözləri artırmağa məcbur olurlar.İfadə və inşa yazılarda işlənməsi zəruri olan, lakin şagirdlər tərəfindən səhvə yol verilə biləcək sözləri müəllim yazı taxtasına yazır və onlara baxıb yazmağı təklif edir. Şagird yazarkən qarşıya çıxan çətin sözlərin yazılışını müəllimdən xəbər ala bilir.III-IV siniflərdə qrammatik formanı dəyişməklə ifadənin yazdırılması üzrə məşq aparılır. İnşa yazıya hazırlıq məşğələlərində inşanın növü nəzərə alınır: məsələn, şəkil üzrə inşaya hazırlıq zamanı “şəkli oxumağı” öyrətmək lazımdır. Şagirdlər 3-5 dəqiqə şəklə baxdıqdan sonra sual-cavab əsasında kollektiv tərtib olunmuş plan yazı taxtasına yazılır, lüğət ehtiyatının zənginləşdirilməsi üzrə iş orfoqrafik vəzifələrin yerinə yetirilməsi ilə əlaqələndirilir: məsələn, III sinifdə “İsim” mövzusu tədris edilərkən “Meşədə” mövzusunda şəkil üzrə inşa aparılarkən müəllim onların istifadə edəcəkləri sözləri müəyyənləşdirir: Ağaclar - yoğun, nazik, körpə, enliyarpaqlı, iynəyarpaqlı, həmişəcavan, yaşıl, sıx (meşə), rütubətli, palıd, cökə, qayın, qarağac, qızılağac, çinar və s.
Kollar - göyəm, fındıq, çaytikanı, qaratikan və s. Meyvə və giləmeyvələr - alça, zoğal, əzgil, yemişan, göbələk, qarağat, qoz və s. Quşlar - ağacdələn, qarğa, sağsağan, şanapipik, kəklik, turac, qırqovul, qaratoyuq və s.
Göründüyü kimi, inşada işləniləcəyi güman edilən bu sözlərin bir qismi
orfoqrafik cəhətdən xüsusi çətinlik törədəcəyindən təhlil tələb edir. Belə hazırlıq
keçən şagirdlər inşanı savadlı yazırlar.