Bildirişlər
1. Varlıq aləmi əzəli və əbədi deyil. O bir gün halını dəyişəsidir.
2. Allah üçün səmaları bükmək bir vərəq bükmək qədər asandır.
3. Mövzunu anlamaq üçün təmsil ən üstün və yetərli yoldur.
4. Əgər kağızı bükmək ondakı yazıları məhv etmək sayılmırsa, səmaların bükülməsi də yaranışın məhvi sayılmamalıdır.
5. Səmadakı bütün dəyişikliklər Allahın istək və iradəsindən asılıdır.
6. Allah bükülü məxluqları ilkin yaranışda olduğu şəkildə xəlq edəsidir.
7. İlahi vədlər qətidir və həyata keçəsidir.
● Ayə 105:
﴿وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ﴾
“Həqiqətən, zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, Mənim saleh bəndələrim hökmən yer üzünə varis olacaqlar.”
Nöqtələr
Ərəb dilində “Zəbur” dedikdə, istənilən bir yazı və ya kitab nəzərdə tutulur.1 Amma “Nisa” surəsinin 63-cü, “İsra” surəsinin 55-ci ayəsindən belə görünür ki, “Zəbur” dedikdə həzrət Davuda aid olan ilahi kitab nəzərdə tutulmuşdur. Bu kitab həzrət Davuda aid münacatlardan, dualardan, öyüd-nəsihətlərdən ibarətdir. Bu kitab Tövratdan sonra nazil olmuşdur.
Ayədə “Zikr” dedikdə Tövrat nəzərdə tutulur. Hazırkı surənin 48-ci ayəsi də bu ayəni təsdiqləyir.
Bəziləri bildirirlər ki, “Zəbur” dedikdə ayədə bütün səmavi kitablar, “Zikr” dedikdə Qurani-məcid nəzərdə tutulmuşdur. Əgər “min bədi” ifadəsi “əlavə olaraq” mənasında tərcümə olunsa, ayə belə anlaşılar: “Biz Qurandan əlavə bütün səmavi kitablarda yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaq.”
İmam Sadiqdən (ə) “Zəbur” və “Zikr” sözləri haqqında soruşulduqda həzrət buyurdu: ”Zikr” Allahın yanındadır, “Zəbur” isə Davuda nazil olmuş kitabdır. Bütün kitablar elm əhlinə məxsusdur və bizik elm əhli.”2
Bu gün “əhdi qədim” adı ilə tanınan Zəburda deyilir: “Saleh insanlar yer üzünə varis olacaq.”3
Çoxsaylı rəvayətlərdə bildirilir ki, yer üzünə varis olacaq saleh bəndələr həzrət Mehdinin (ə) yardımçılarıdır.4
Bəzi rəvayətlərdə bildirilir ki, yer üzünün varisləri İslam Peyğəmbərinin (s) Əhli-beytidir (ə). Onlar ikinci dəfə həyata qaytarılasıdırlar.5
Dostları ilə paylaş: |