mezakson, ya akson çözü (müsariqəsi) deyilir. Beləliklə, mezakson (mesaxon) ikiqat sistolemmadan
əmələ gələrək bayır ucunda lemmositin xarici səthinə keçir, içəridə isə ox silindri əhatə edir.
Mezaksonun, sitolemmanın iki qat büküşü olduğuna baxmayaraq işıq mikroskopunda o görünmür, çünki
sitolemma submikroskopik qalınlığa malikdir. Nəticədə lemmositlərin sitoplazmatik uzantısı olan
mielinsiz sinir lifinin qişası homogen zolaq kimi müəyyən edilir. Sinir lifi xaricdən əsas və ya bazal zarla
örtülmüşdür. Poliaksial mielinsiz sinir lifində hər bir lemmositin içərisinə doğru bir neçə ox silindr basılır
və nəticədə onların miqdarı qədər mezakson əmələ gəlir. Belə mielinsiz sinir lifləri kabel tipli liflər
adlanır.
Ali onurğalılarda lemmositlər birnüvəlidir, onların sitoplazmasında dənəli sitoplazmatik tor və
lövhəli kompleks yaxşı nəzərə çarpır, çoxlu mitoxondrilər vardır. Bu orqanellərin mövcudluğu həmin
hüceyrələrin yüksək metabolik fəallığa malik olmasını göstərir. Mielinsiz sinir lifləri vegetativ sinir
sistemi üçün daha xarakterdir. Bu lifləri ilk dəfə 1838-ci ildə Remak müşahidə etmişdir və buna görə
həmin liflər əvvəllər Remak lifləri də adlanırdı. Uşaqlarda erkən yaşlarda mielinsiz sinir liflərinin miqdarı
çox olur, bunlara hətta animal sinir sistemində də təsadüf olunur. Yaşa dolduqca həmin liflər tədricən
mielinləşmə prosesinə məruz qalır.
Mielinli sinir lifləri (neurofibra myelinata)
Ali onurğalılarda sinir liflərinin əksəriyyəti mielinli sinir lifləridir. Animal və vegetativ sinirlərin
xeyli qismi mielinli sinir liflərindən təşkil olunmuşdur.
Mielinli sinir lifi daha mürəkkəb quruluşa malikdir. Burada da lifin əsasını ox silindr təşkil edir,
lakin onun üzəri xaricdən yalnız nevrilemma ilə deyil, həm də mielin qatı (stratum myelini) ilə
örtülmüşdür [1, s. 163-165, şək. 17.15-17.18]. Mielin qatı vasitəsilə ox silindri örtülür, nevrilemma isə
mielini xaricdən əhatə edir. Mielinli sinir lifləri daha yoğun olur, bunların diametri çox vaxt 1-15 mikron
arasında tərəddüd edir. Yoğunluğundan asılı olaraq mielinli sinir liflərini nazik (diametri1-3 mikron) ,
orta (diametri3,1-5 mikron) , yoğğun (diametri 5,1-10 mikron) və çox yoğun (diametri 10 mikrondan çox
olanlar) liflərə bölürlər. Lifin yoğunluğu bir tərəfdən ox silindrin özünün nisbətən yoğun olması, digər
tərəfdən isə mielin qatının qalınlığı hesabınadır.
Mielinli sinir lifləri mielinsiz sinir liflərinə nisbətən yüksək diferensiasiya etmişdir, sinir impulsunu
daha sürətlə ötürür. Lakin ayrı-ayrı mielinli sinir liflərinin impulsu ötürmə sürəti eyni deyildir. Müəyyən
edilmişdir ki, yoğun mielinli sinir lifləri impulsu böyük sürətlə (5-120 metr/san) , nazik liflər isə nisbətən
kiçik sürətlə (1-2 metr/san) ötürür. İnkişaf prosesində mielinli sinir lifləri mielinsiz sinir liflərindən sonra
meydana çıxır. Buna görə də kiçik uşaqlarda mielinli sinir liflərinin miqdarı az olur və yaşa dolduqca
mielinsiz liflərin mielinləşməsi hesabına onların miqdarı artır.
Mielinli sinir lifləri həmişə monoaksial olur, belə ki, bu liflərdə bir ox silindr olur. Mielin qatının
əmələ gəlməsi mezaksonun getdikcə uzanması ilə əlaqədardır. Mezakson uzandıqca ox silindrin ətrafında
dolanır və nəticədə onun üzərində konsentrik lövhələr əmələ gətirir [1, s. 164, şək. 17.17]. Ox silindr
ətrafında mezakson hər dəfə dolandıqca bir konsentrik lövhə meydana çıxır, getdikcə lövhələrin miqdarı
artır və onlar ox silindr ətrafında sıx qat əmələ gətirir ki, buna da mielin qatı deyilir. Beləliklə, mielin qatı
mezakson hesabına əmələ gəlir, mezakson isə sitolemmanın iki qatlı törəməsi olduğu üçün mielinin
kimyəvi tərkibi sitolemmanın tərkibi ilə eynidir. Lakin burada lipid və zülal molekulları qatlarının sayı
daha da artır. Elektron mikroskopu vasitəsilə sitolemmanın xarici və daxili tünd zülal molekulları qatları
67
və onların arasında yerləşən açıq rəngli lipid molekulları qatlarından ibarət olması aşkarlanmışdır.
Mezaksonda isə sitolemma büküş şəklində olduğundan onların xarici zülal molekulları qatı bir-biri ilə
birləşir və nəticədə mezaksonun mərkəzində zülal molekullarının tünd rəngli, qalın iki qatı əmələ gəlir.
Qalın mərkəzi zülal qatının hər tərəfində isə əvvəlcə açıq rəngli lipidlər qatı, sonra isə zülal
molekullarının tünd rəngli nazik bir qatı yerləşir. Mielin qatının hər lövhəsi mezakson olduğundan həmin
lövhənin quruluşu yuxarıda qeyd olunmuş şəkildə görünür. Beləliklə, elektron mikroskopunda mielin qatı
bir-birinin üzərini örtən tünd və açıq rəngli konsentrik laylar kimi nəzərə çarpır. Osmium turşusunun
iştirakı ilə hazırlanmış preparatlarda mielin qatı lipoproteinlərdən təşkil olunmuş adi hüceyrə qişası kimi
tünd boyanır. Nevrilemma, ya Şvan qisası mielinli liflərin xarici qatını təşkil edir və bu, lemmositlərin
sitoplazmasından və nüvələrindən əmələ gəldiyi üçün osmium turşusu ilə hazırlanmış preparatlarda açıq
görünür. İşıq mikroskopunda xüsusi metodla hazırlanmış mielinli sinir lifi tünd rəngli uzun silindrə
bənzəyir və onun mərkəzi ox silindrə müvafiq olaraq açıq rəngdə görünür [1, s. 163, şək. 17.14]. Belə
preparatda mielinli sinir lifi müəyyən məsafələrdən sonra birdən-birə xeyli nazikləşir; bu yerlərə düyün
boğazı ya daralması ( isthmus nodi) deyilir. Əvvəllər bu nahiyələr Ranvye daralmaları adlanırdı. Düyün
boğazı lemmositlərin hüdudlarına müvafiqdir. Sinir lifinin iki düyün boğazı arasında qalan hissəsi bir
lemmositin uzunluğuna müvafiq gələrək düyünarası seqment (seqmentum internodale) ya mielin
seqmenti adlanır. Hər düyünarası seqmentin müəyyən yerlərində çəp istiqamətdə gedən açıq rəngli
yarıqlar görünür, bunlara mielin çərtikləri (incisio myelini) deyilir. Əvvəllər bunlar Şmidt-Lanterman
çərtikləri adlanırdı. Elektron mikroskopu vasitəsi ilə aparılan tədqiqatlar düyün boğazı və mielin çərtikləri
haqqında mövcud təsəvvürləri daha da genişləndirdi. Müəyyən edildi ki, boğaz nahiyəsində mielin
lövhələrinin hamısının kənarları bilavasitə ox silindrə təmas edir. Bunun səbəbi odur ki, mielinləşmə
prosesi zamanı yeni mielin lövhələri əmələ gəldikcə ox silindr və lemmositlər böyümə ilə əlaqədar olaraq
uzanır və beləliklə də, yeni lövhənin ox silindrə bitişən yeri əvvəlkindən bir qədər aralı olur. Nəticədə
boğaz nahiyəsində ən dərində yerləşən lövhələrin kənarları bir-birindən səthdə yerləşən lövhələrin
kənarlarına nisbətən daha aralı olur. Belə ki, ox silindrə bilavasitə təmas edən dərin lövhələr ən qısa
lövhələrdir. Boğaz nahiyyəsində iki qonşu lemositlər barmağabənzər çıxıntılar əmələ gətirir. Bunların
uzunluğu müxtəlif olur, diametri isə təxminən 50 nm təşkil edir. Bu çıxıntılar bir-birinə hörülərək ox
silindr ətrafında yaxa şəkilini alır və buna boğaz yaxası (focale isthmi) deyilir. Yoğun mielin liflərində
düyün boğazı qısa olduğu üçün yaxa qalın olur, nazik liflərdə isə əksinə yaxa nazik, boğaz isə uzun olur.
Sonuncu halda ox silindrin xarici təsirlərə daha çox məruz qala bilməsi ehtimal olunur.
Mielin çərtikləri nahiyəsində mielin lövhələri arasındakı sahə genişdir və həmin genişliklərdə
sitoplazmanın miqdarı çoxdur. Osmium turşusu ilə hazırlanmış preparatda, təbiidir ki, sitoplazma
nahiyələri pis boyandığından açıq rəngdə qalır və işıq mikroskopunda bunlar çərtiklər kimi görünür.
Mielinli sinir lifləri də xaricdən əsasən zar ilə örtülür. Bu zarı təşkil edən sıx nazik kollagen saplar lifin
boyu istiqamətdə gedərək düyün boyunca kəsilmir.
Mielinli sinir lifinin əsasını ox silindr təşkil edir. Ox silindr isə neyroplazmadan (aksoplazmadan və
ya dendroplazmadan) və sitolemmanın davamı olan aksolemmadan ibarətdir. Aksoplazmada və
dendroplazmada neyrofilamentlər və neyroborucuqlar (işıq mikroskopunda isə neyrofibrillər) bir-birinə
paralel və lif boyunca istiqamətdə yerləşir. Neyroplazmada həmçinin mitoxondrilər, dənəli sitoplazmatik
zarlar və ribosomlar vardır. Düyün boğazları və sinir ucları nahiyələrində mitoxondrilər daha çox olur.
Aksolemma sinir impulsunun daşınmasında mühüm əhəmiyyətə malikdir. Belə ki, Na
+
ionları ox silindrə
keçərək aksolemmanın daxili səthində elektrik yükünü müsbətləşdirir, bu da K
+
ionlarını onun xarici
səthinə çıxararaq yerli depolyarizasiyaya səbəb olur. Bu isə sinir impulsunun daşınmasını təmin edir.
Sinir ucları (terminationes nervorum)
Sinir liflərinin uclarında olan müxtəlif quruluşa və formaya malik aparatlara sinir ucları deyilir.
Bunlar üç qrupa bölünür: hissi sinir ucları, hərəki sinir ucları və sinaptik sinir ucları. Hissi və hərəki sinir
ucları sinir toxuma rabitələrini, sinaptik sinir ucları isə neyronarası rabitələri təmin edir. Birinci halda
sinir ucları digər toxumalarla, yəni epitel, birləşdirici və əzələ toxumaları ilə rabitə yaradır. Epitel və
birləşdirici toxumada olan sinir ucları əsas etibarı ilə hissi sinir uclarıdır, bunlar müxtəlif qıcıqları qəbul
edir və onları sinir impulsuna çevirir. Buna görə həmin sinir ucları reseptorlar da adlanır. Hissi sinir ucları
impulsu mərkəzi sinir sisteminə doğru aparan afferent sinir lifləri ilə bilavasitə rabitədədir və çox vaxt
68
afferent sinir ucları da adlanır. Əlavə etmək lazımdır ki, afferent sinir ucları orqanizmin bütün
toxumalarında təsadüf olunur. Hərəki sinir ucları başlıca olaraq əzələ toxuması ilə rabitədədir və sinir
impulsunu həmin toxumaya ötürür. Bu sinir uclarına effektor sinir ucları da deyilir. Qeyd etmək
lazımdır ki, effektor sinir ucları, həmçinin, vəzi epiteli ilə rabitədə ola bilər.
Hissi sinir ucları
Hissi, və ya afferent sinir ucları, ya da reseptorlar orqanizmdə çox geniş yayılmışdır, belə ki, bu
sinir ucları orqanizmin bütün sistem və orqanlarında, o cümlədən bütün toxumalarda təsadüf olunur.
Lakin bədənin ayrı-ayrı yerlərində olan hissi sinir ucları çox müxtəlif olur. Bu sinir uclarınin başlıca
quruluş xüsusiyyəti ondadır ki, bunlar sinir hüceyrəsinin dendritləri ilə rabitədədir. Hissi sinir ucları bir-
birindən nəinki topoqrafik cəhətdən, hətta morfoloji və funksional cəhətdən də fərqlənir və prinsiplərə
əsasən hissi sinir ucları təsnif olunur.
Topoqrafik cəhətcə eksteroreseptor və interoreseptor sinir ucları ayırd edilir. Ekstreroreseptor sinir
ucları orqanizmin xarici örtükləri və duyğu orqanları ilə rabitədə olub qıcıqları orqanizmi əhatə edən
xarici mühitdən qəbul edir. İnteroreseptor sinir ucları daxili orqanlarda, habelə orqanizmin divarlarında və
ətraflarda olan əzələlərdə, vətərlərdə, sümüklərdə, oynaqlarda və s. yerləşirərək qıcıqları orqanizmin
daxili mühitindən qəbul edir. Daxili orqanlarda olan reseptorlar əsl interoreseptorlardır, digər yerlərdə
olan interoreseptorlar isə proprioreseptorlar adlanır. Reseptorların funksional təsnifatı onların qəbul
etdiyi qıcıqların spesifikliyinə əsaslanır. Bu cəhətdən mexanoreseptorlar, yəni mexaniki qıcıqları (təmas,
təzyiq, ağrı,vibrasiya və s.) qəbul edən reseptorlar, temperatur (istilik və soyuqluq) qıcıqlarını qəbul edən
termoreseptorlar, kimyəvi qıcıqları qəbul edən xemoreseptorlar, işıq qıcıqlarını qəbul edən
fotoreseptorlar, səs qıcıqlarını qəbul edən fonoreseptorlar və s. ayırd edilir. Mexanoreseptorların özləri də
bir sıra digər, məsələn, baroreseptorlara (təzyiq hissini qəbul edən reseptorlara), notsireseptorlara (ağrı
qıcıqlarını qəbul edən reseptorlara) və s. bölünür. Morfoloji cəhətdən bütün hissi sinir ucları iki əsas
qrupa bölünür: sərbəst və qeyri sərbəst hissi sinir ucları. Sərbəst hissi sinir ucları yalnız ox silindrin uc
şaxələrindən ibarətdir; bunların əmələ gəlməsində qliya elementləri və birləşdirici toxuma iştirak etmir [1,
s. 167, şək. 17.20]. Qeyri-sərbəst sinir uclarının əmələ gəlməsində isə sinir lifinin bütün komponentləri,
yəni həm ox silindr, həm də qliya elementləri iştirak edir. Bəzən qeyri-sərbəst sinir ucları qeyd olunan
komponentlərdən əlavə xaricdən birləşdirici toxuma kapsulla əhatə olunur. Bu növ qeyri-sərbəst sinir
ucları kapsullu sinir ucları adlanır. Birləşdirici toxuma iştirak etməyən qeyri-sərbəst sinir uclarına isə
kapsulsuz sinir ucları deyilir. Sərbəst sinir ucları istər mielinli və istərsə də mielinsiz sinir lifləri hesabına
əmələ gəlir. Bunlar çox vaxt mielinli afferent sinir liflərinin uc aparatını təşkil edir. Belə halda mielinli
sinir lifi uc nahiyədə öz mielinini itirir, incə şaxələrə bölünərək müxtəlif formal – diffuz tor, şaxəli ağac,
yumaqcıq və kolcuqlar şəkilli uc aparatlar əmələ gətirir. Diffuz sinir uclarında çox vaxt bir neçə sinir lifi
iştirak edir. Sərbəst sinir uclarına dəridə, seroz qişalarda, cinsiyyət orqanlarında və s. yerlərdə rast gəlmək
olur. Epitel və birləşdirici toxumada sərbəst sinir ucları daha çox yayılmışdır.
Epitel toxumasında sərbəst sinir ucları bəzən lamisə meniskləri və ya Merkel hüceyrələri (meniscus
tactus) adlanan xüsusi quruluşlu epitel hüceyrələri [1, s. 242, şək. 20.2] ilə rabitədə olur. Bu epitel
hüceyrələrində nüvə yastılaşmış tünd rəngdə, sitoplazma isə açıq rəngdə olur. Uc sinir şaxələri adətən
lamisə menisklərinin ətrafında zərif tor əmələ gətirir.
Qeyri-sərbəst kapsulsuz sinir uclarına birləşdirici toxumada təsadüf olunur, çox vaxt onlar
kolcuqlara bənzəyir. Bu kolcuqların əmələ gəlməsində ox silindrin uc şaxələrindən əlavə, onları müşayiət
edən lemmositlər də iştirak edir.
Qeyri-sərbəst kapsullu sinir ucları orqanizmin ayrı-ayrı nahiyələrində müxtəlif quruluşa və formaya
malik olur. Belə reseptorların tərkibinə ox silindrin uc şaxələri və onları müşayiət edən qliya elementləri
daxildir, xaricdən isə onlar birləşdirici toxuma kapsulu ilə əhatə olunur. Qeyri-sərbəst kapsullu sinir
uclarına lamisə cisimciyi, lövhəli cisimcik, soğanabənzər cisimcik, cinsiyyət (genital) cisimciyi və uc
kolba aiddir.
Lamisə cisimciyi (corpusculum tactus) əvvəllər Meysner cisimciyi adlanırdı. Uzunsov şəkilli bu
cisimciyin uclarından birinə adətən bir mielinli sinir lifi yaxınlaşaraq mielinini itirir və cisimciyə daxil
olur [1, s. 168, şək. 17.21]. Cisimciyin daxilində çılpaq ox silindr lövhəşəkilli geniş şaxələrə bölünür:
həmin şaxələr cisimciyin daxilində olan oliqodendroqliya hüceyrələrinə təmas edir. Bu hüceyrələr,
69
adətən, cisimciyin boynuna perpendikulyar yerləşir. Xaricdən isə uc aparat nazik birləşdirici toxuma
kapsulu ilə örtülərək lamisə cisimciyini əmələ gətirir. Kapsul başlıca olaraq kollogen liflərdən təşkil
olunur. Bəzən lamisə cisimciyinə mielin lifi ilə yanaşı mielinsiz sinir lifi də yaxınlaşır və şaxələnərək əsas
ox silindrin şaxələrini əhatə edir.
Lamisə cisimcikləri dərinin məməcikli qatında yerləşir, onlar temperatur hissiyatını qəbul edir.
Lövhəli cisimcik ( corpuscuium lamellosum) əvvələr Fater-Paçini cisimciyi adlanırdı. Bu cisimciklər
nisbətən böyük olur, ölçüləri bəzən 3 mm-ə çatır və adi gözlə aydın görünür. Belə lövhəli cisimciklərə
müsariqədə təsadüf olunur [1, s. 167, şək. 17.20]. Lövhəli cisimciklər oval şəklində olub xaricində çoxlu
miqdarda (30-a qədər) konsentrik birləşdirici toxuma lövhələrindən ibarət kapsul vardır. Cisimciyin
içərisində dəyişilmiş qliya hüceyrələrinin əmələ gətirdiyi daxili kolba yerləşir. Mielinli afferent sinir lifi
cisimciyə yaxınlaşaraq mielinini itirir və daxili kolbanın içərisinə girir. Orada ox silindr nazik uc şaxələrə
bölünür.
Elektron mikroskopu ilə müəyyən edilmişdir ki, daxili kolba 60-a qədər bir-birinə təmas edən nazik
sitoplazmatik lövhələrdən ibarətdir. Hər lövhə oraqşəkilli hüceyrədir və onun periferik hissəsində nüvə
yerləşir. Beləliklə, daxili kolba simmetrik quruluşa malikdir. Ox silindrin şaxələri daxili kolbanın
lövhələrinə təmas edir və orada enliləşir. Şaxələrin həmin hissəsində diametri 50 nm olan çoxlu
qovucuqlara və mitoxondrilərə təsadüf olunur. Daxili kolbanın lövhələrində xeyli miqdar turş və qələvi
fosfatazalar, adenozin-trifosfataza, xolinesteraza və suksinatdehidrogeneza fermentləri müəyyən
edilmişdir. Xarici lövhələrdə də həmin fermentlər az miqdarda təsadüf olunur. Lövhəli cisimciklərə əlin
və ayağın dərialtı təbəqəsində, böyük qan damarlarının xarici qişasında, sümüküstlüyündə, vətərlərdə,
fassiyalarda və s. yerlərdə təsadüf olunur. Bu cisimciklər təzyiq hissiyatını qəbul edir.
Soğanabənzər cisimcik (corpusculum bulboideum) əvvəllər Holci-Matsoni cisimciyi adlanırdı. Bu
cisimcik də daxili kolbadan və kapsuldan ibarətdir, lakin lövhəli cisimcikdən xeyli kiçikdir. Kapsul
nisbətən nazikdir və qatlı quruluşa malikdir. Ox silindrin kolbaya daxil olan ucu daha şaxəli quruluşa
malikdir və bəzən çoxşaxəli kolcuğa, və ya yumaqcığa bənzəyir. Bu reseptorlar da birləşdirici toxumada
olur və adətən oynaq bağları nahiyəsində yerləşir.
Uc kolba (clava terminalis) əvvəllər Krauze kolbası adlanırdı. Burada da daxili kolba müəyyən
edilir və bu qliya quruluşuna malikdir, içərisində ox silindrin uc şaxələri daxil olur, üzəri isə nazik qişa ilə
örtülüdür. Kolbaya yaxınlaşdıqda afferent mielinli sinir lifi mielinini itirir və kolba içərisində fibriliyar uc
genişliklər əmələ gətirir. Bu kolbalara üzəri çox qatlı epitellə örtülü olan selikli qişaların xüsusi
lövhələrində (qatında), dərinin birləşdirici toxumasında və bəzən dilin əzələ lifləri arasında təsadüf
olunur. Bu reseptorun da temperatur duyğusu üçün olduğu güman edilir. Daxili kolbada sinir şaxələri
ətrafında çoxlu ferment fəallığı aşkar edilmişdir.
Cinsiyyət cisimcikləri (corpuscula genitalia) xarici cinsiyyət orqanları (penisin başında, klitorda),
süd məməciklərində və s. yerlərdə təsadüf olunur. Bunlar nisbətən iri, girdə və bir neçə (2-3) mielinli sinir
lifinə malik üzəri kapsulla örtülü yumaqcıqdan ibarətdir. Kapsulun altındakı qliya hüceyrələri üzərində ox
silindr çoxlu şaxələrə bölünərək yumaqcıq əmələ gətirir. Kapsullu hissi sinir uclarına sinir-vətər və sinir -
əzələ iyləri də aiddir.
Sinir -vətər iyi (fusus neurotendineus) içərisindən bir neçə vətər dəstələri keçən uzun kapsuldan
ibarətdir. İyin daxilində xüsusi maye olur, bunun içərisində mielinini itirmiş ox silindr çoxlu uc şaxələrə
bölünür və kolcuqlar kimi vətər lifləri dəstələrinə təmas edir.
Sinir-əzələ iyi (fusus neuromuscularis) də üzəri kapsulla örtülü bir neçə iydaxili əzələ liflərindən
(myofibra intrafusalis) ibarətdir. İydaxili əzələ lifləri xarakter eninəzolaqlılığa malik deyildir, bunların
dənəli sarkoplazmasında çox girdə nüvələr yerləşir. Nüvələr lifin hər yerində, ya mərkəzində təsadüf
olunur. Mielinini itirmiş ox silindr uc şaxələrə bölünərək spiral kimi bir ya bir neçə intrafuzal əzələ lifini
əhatə edir. Burada da iyin daxilində kapsulun altında maye olur. Sinir-əzələ iyi əzələ liflərinin gərilmə
reseptorları hesab edilirlər.
Elektron mikroskopu göstərmişdir ki, ox silindrin uc şaxələri xüsusi genişliklərlə qurtarır, burada
çoxlu mitoxondrlar və kiçik qovucuqlar olur. Aksolemma sarkolemmaya sıx təmas edir, lakin aksoplazma
və sarkoplazma heç vaxt bir-birinə qarışmır.
70
Skelet əzələlərində qeyd olunan kapsullu sinir-əzələ iyindən əlavə çılpaq sinir-əzələ reseptoruna da
təsadüf olunur. Mielinini itirmiş ox silindrin uc şaxələri bir və ya bir neçə əzələ lifini spiral kimi əhatə
edir.
Effektor sinir ucları
Effektor sinir ucları və ya effektorlar (effectores) animal və vegetativ sinir sistemi efferent
hüceyrələri neyritlərinin uc aparatlarına deyilir. Bunlar iki növdür: hərəki sinir ucları və sekretor sinir
ucları. Hərəki və ya motor sinir ucu vasitəsilə sinir impulsu neyritdən əzələ toxumasına (saya əzələ
hüceyrələrinə və eninəzolaqlı əzələ liflərinə) ötürülür. Sekretor sinir ucları isə impulsu vəzi hüceyrələrinə
ötürür. Sekretor sinir ucları quruluşca çox sadədir və saya əzələ hüceyrələri üzərindəki hərəki sinir
uclarına bənzəyir. Bunların hər ikisini vegetativ postqanqlionar mielinsiz sinir lifi əmələ gətirir. Həmin
sinir lifləri həm saya əzələ hüceyrələri həm də vəzi hüceyrələri arasında uc şaxələrə bölünür. Bu şaxələr
qalınlaşmalar şəkilndə hüceyrələrin üzərində qurtarır. Elektron mikroskopu vasitəsilə müəyyən edilmişdir
ki, uc şaxələrin qalınlaşmaları öz plazmatik zarları (aksolemmaları) vasitəsi ilə hüceyrələrin sitoplazmatik
zarına (sitolemmalara) bilavasitə təmas edir. Bu nahiyədə uc aparatda mitoxondrilər və sinaptik
qovucuqlar aşkar edilmişdir.
Eninəzolaqlı əzələ lifi üzərində olan hərəki sinir ucu isə mürəkkəb olub, akson – əzələ sinapsı
(synapsis axomuscularis) adlanır, əvvələr buna hərəki, ya motor düyməcik deyilirdi. Akson-əzələ
sinapsında iki qütb ayırd edilir: sinir qütbü (polus nervosus) və əzələ qütbü (polus muscularis). Mielinli
sinir lifi əzələ lifinə çatdıqda mielin qişasını itirir və uc şaxələrə bölünərək sinir qütbünü əmələ gətirir. Bu
şaxələr sarkolemmanı içəriyə doğru basaraq onunla birlikdə əzələ lifinə yaxınlaşır [1, s. 170, şək. 17.23].
Əvvəllər düşünüldüyü kimi sinir lifi heç vaxt sarkolemmanın altına, yəni sarkoplazmanın bilavasitə
içərisinə keçmir, belə ki, sarkolemma əlcək kimi sinir lifinin şaxələrini əhatə edir [1, s. 171, şək. 17.24].
Həmin nahiyədə olan əzələ lifində eninəzolaqlar olmur və sarkoplazma xarakter dənəli quruluşa malik
olur. Dənəli sarkoplazmada girdə və ovalşəkilli çoxlu nüvələr vardır. Bunlar hamısı birlikdə sinapsın
əzələ qütbünü əmələ gətirir. Sarkoplazmanın dənələrini mitoxondrilər əmələ gətirir.
Sinir lifi şaxələrini əhatə edən sarkolemma ilə onların aksolemması arasında yarıqşəkilli sahə qalır,
buna birincili sinaptik sahə deyilir. Burada aksolemma presinaptik, sarkolemma isə postsinaptik zarları
təşkil edir. Birincili sinaptik yarıqlar radial istiqamətdə sarkolemmadan əmələ gələn ikincili sinaptik
yarıqlarla rabitədə olur. Birincili və ikincili sinaptik yarıqlar homogen maddə ilə dolu olur. Sinir qütbünü
təşkil edən uc şaxələrin aksoplazmasında çoxlu mitoxondrilər və sinaptik qovucuqlar vardır [1, s. 171,
şək. 17.24]. Qovucuqlar adətən asetilxolinlə dolu olur. Dənəli sarkoplazmanın mitoxondriləri quruluşca
aksoplazmanın mitoxondrilərindan fərqlənir, belə ki, aksoplazmanın mitoxondrilərində daraqlar köndələn
deyil, boylama istiqamətdə gedir.
Sinaptik zarların tərkibində mukopolisaxaridlər, əzələ qütbündə isə yüksək fəalliğa malik qələvi və
turş fosfatazalar, xolinesteraza və suksinatdehidrogenaza fermentləri aşkar edilmişdir. Akson-əzələ
sinapsı nahiyəsində aksonu əhatə edən nevrilemmanın birləşdirici toxuma hissəsi (əsas zar)
sarkolemmanın xarici vərəqəsinə keçir.
Dostları ilə paylaş: |