KÖVŞƏK LİFLİ FORMALAŞMAMIŞ BİRLƏŞDIRICI TOXUMA
(TEXTUS CONJUNCTIVUS FIBROSUS LAXUS)
Kövşək birləşdirici toxuma orqanizmdə ən geniş yayılmış birləşdirici toxuma növüdür, o, demək
olar ki, bütün orqanların tərkibinə daxildir, adətən qan damarlarını hətta kapillyara qədər müşayiət edir.
Beləliklə, kövşək birləşdirici toxuma orqanların daxili mühitini təşkil edərək, qida maddələrini həmin
31
orqanın quruluş elementlərinə və əksinə, sonunculardan müxtəlif metabolitləri qan və limfa kapilyarlarına
keçirir.
Kövşək birləşdirici toxuma müxtəlif quruluşa və vəzifəyə malik çoxlu miqdar hüceyrəvi
elementlərdən və hüceyrəarası maddən ibarətdir. Hüceyrəarası maddəni müxtəlif istiqamətli kövşək
yerləşən liflər və əsas amorf maddə təşkil edir [1, s. 103, şək. 12.1]. Orqanın daşıdığı vəzifədən asılı
olaraq bu toxumanın hüceyrəvi elementləri və ara maddəsi miqdarca bu və ya digər istiqamətdə dəyişə
bilər. Bəzən ayrı-ayrı orqanların kövşək birləşdirici toxuması xeyli spesifiklik əldə edir. Məs.: əsl dərinin
məməcikli qatını təşkil edən kövşək birləşdirici toxuma ilə borulu orqanların selikli qişasının xüsusi qatını
təşkil edən eyniadlı toxuma arasında nəzərə çarpan fərq müəyyən edilir. Belə spesifikliyi digər orqanlarda
da görmək olar.
Kövşək birləşdirici toxumanın hüceyrəvi elementləri (desmocyti)
Qeyd olunduğu kimi birləşdirici toxumanın hüceyrəvi elementləri çox müxtəlifdir. Onların
tərkibində fibroblastlar, az diferensiasiya etmiş (kambial) hüceyrələr, makrofaqlar (o cümlədən
histiositlər), tosqun hüceyrələr, plazmatik hüceyrələr, piy hüceyrələri, piqmentli hüceyrələr, retikulyar
hüceyrələr və endotel hüceyrələr daxildir [1, s. 87, şək. 11.2]. Bunlardan əlavə birləşdirici toxumada
həmişə bu və ya digər miqdarda köçəri xarakterli qan hüceyrələri – leykositlər olur. Leykositlər insanın
kövşək lifli birləşdirici toxuması üçün az xarakterikdir, plazmatik hüceyrələr isə çox vaxt infeksiyalar
zamanı müşahidə edilir. Birləşdirici toxumanın hüceyrə tərkibi yaşdan asılı olaraq dəyişir. Hüceyrəvi
elementlərin tərkibinə və miqdarına, habelə toxumanın morfoloji və funksional halı təsir edir. Nəhayət,
birləşdirici toxumanın hüceyrəvi elementləri sabit deyil, belə ki, onlar müxtəlif inkişaf səviyyəsində olur
və daim təzələnir.
Kövşək birləşdirici toxumada leykositlərin təsadüf olunması həmin toxumanın qanla sıx rabitədə
olduğunu bir daha sübut edir. Leykositlərdən burada çox vaxt limfositlərə və neytrofillərə təsadüf olunur.
İnsanda bəzi yerlərdə (süd vəzilərində, ağ ciyərlərdə, piylikdə və s.) hətta xeyli eozonofillərə rast gəlmək
olur. Digər yerlərin kövşək birləşdirici toxumasında isə eozonofillər nadir hallarda görünür. Ona görə
burada kövşək birləşdirici toxumanın hüceyrələrindən fibroblastlar, az diferensiasiya etmiş hüceyrələr,
makrofaqlar, tosqun hüceyrələr, plazmatik hüceyrələr, piy piqmentli və endotel hüceyrələri təsvir edilir.
FİBROBLASTLAR
Fibroblastlar insanda və məməlilərdə birləşdirici toxumanın ən çox təsadüf olunan hüceyrə
formalarıdır. Fibroblastların birləşdirici toxuma üçün çox böyük əhəmiyyəti vardır, belə ki, onlar
toxumanın hüceyrəarası maddəsinin, daha doğrusu kollagen liflərin və əsas maddənin əmələ gəlməsində
bilavasitə iştirak edir. Fibroblast (latınca fibra – “lif” və yunanca blastos – “maya”) termini də buradan
alınmışdır. Ehtimal edirlər ki, fibroblastlar qlikozaminoqlikanlar, bəzi fermentlər ifraz edir. Bunlar da
hüceyrəarası madənin tərkibinə daxilidir, yaralar sağalarkən çapıq toxumasının əmələ gəlməsində, habelə
yad cisimlər ətrafında kapsulun yaranmasında mühüm rol oynayır.
Fibroblastlar adi kəsiklərdə çox vaxt uzunsov şəkilli hüceyrələrdir. Bunlar hüdudsuz olaraq əsas
maddəyə keçir və ona görə də onların hüdudunu müəyyən etmək çox çətindir [1, s. 111, şək. 12.14]. İşıq
mikroskopunda fibroblastların sitoplazması zəif bazofil boyanır, nüvələri adətən aydın görünür, iri olur,
ellipsə bənzəyir, içərisində çox vaxt 1-2 nüvəcik olur. İncə xromatin dənələri nüvədə bərabər paylanır.
Dəmirli hematoksilində boyanmış pərdəşəkilli preparatlarda fibroblastlar çıxıntılı olur və sitoplazmasında
iki məntəqə nəzərə çarpır: bilavasitə nüvəni əhatə edən endoplazma və periferik hissə ektoplazma.
Endoplazma adətən dənəli quruluşa malik olur və tünd boyanır, ektoplazma isə homogen olub, çox pis
boyanır, içərisində iri vakuollar görünür. Diplazmatik quruluşa malik fibroblastlarla yanaşı daha cavan
monoplazmatik (ancaq endoplazmaya malik) formalı hüceyrələrə də təsadüf olunur. Endoplazmada
hüceyrə mərkəzi, Holci kompleksi, mitoxondrilər, açıq rəngli vakuollar və dənələr aşkar edilir.
Endoplazmada bazofilliyin artıqlığı orada RNT-nin toplanması ilə əlaqədardır. Dənələrdə
qlikozaminoqlikanlar, sadə zülallar, qələvi fosfataza və s. müəyyən eilmişdir. Qeyd etmək lazımdır ki,
son illərin tədqiqatı, xüsusilə elektron mikroskopu ilə aparılan tədqiqatlar, sitoplazmanın iki məntəqədən
ibarət olduğunu göstərmir.
32
Elektron mikroskopu ilə müəyyən edilmişdir ki, fibroblastların sitoplazmasında Holci kompleksi və
dənəli tipli sitoplazmatik tor yaxşı inkişaf etmişdir, mitoxondrilər azdır, lizosomlar, xüsusilə cavan
formalarda tez-tez təsadüf olunur [1, s. 105, şək.12.3 və 12.4]. Sitoplazmatik torun kanalları çox vaxt
genişlənərək mitsellalarla dolu sisternalar əmələ gətirir. Sitoplazmada, habelə incə fibrillyar strukturlar və
mikroborucuqlar tapılmışdır.
Histokimyəvi tədqiqatlar sitoplazmada qlikogen, qlikozaminoqlikanlar, ribonukleoproteidlər və
fermentlər aşkar etmişdir. Fermentlərdən kollagenaza, turş fosfotaza və qlikolitik fermentlər daha fəaldır.
Fibroblastlar sürüşmə tipli cüzi hərəkət qabiliyyətinə malikdir. Onlar mitoz və amitoz üsulu ilə bölünüb,
arta bilir. Belə homoblastik (yəni az diferensasiya etmiş fibroblastlardan) artma ilə yanaşı, fibroblastlar
heteroplastik yolla da çoxalır. Bu zaman sütun hüceyrələrindən, az diferensiasiya etmiş hüceyrələrdən və
s. mənbələrdən əmələ gələ bilər. İnkaişaf dövrünü bitirmiş fibroblastlar fibrositlər adlanır.
Orqanizmdə fibroblastların şəkildəyişmələrinə də təsadüf olunur. Fibroklastlar orqanlarda
involyusiya zamanı meydana cıxırlar. Faqositoz yolu ilə hüceyrəarası maddəni lizisə uğradırlar.
Miofibroblastlar regenerasiya proseslərində meydana cıxaraq yaraların sağalmasını təmin edirlər.
Onlar hüceyrəarası maddənin komponentlərini sintez etməklə yanaşı, sitoplazmada miofilamentlərinin
aktiv sintez olunması nəticəsində təqəllüs funksiyasını da yerinə yetirirlər.
MAKROFAQLAR
Makrofaqlar anlayışını histologiyaya İ.İ.Meçnikov daxil etmişdir. Bu ad altında birləşdirici
toxumanın başlıca olaraq faqositoz qabiliyyətinə malik olan hüceyrələri düşünülür. Makrofaqlar udduqları
hissəcikləri həzm edir; onlar ətraf mühitdən kolloid hissəciklərini udaraq onları sitoplazmada dənələr
şəklində toplayır. Makrofaqlar iki qrupa bölünür: oturaq makrofaqlar, ya histiositlər və sərbəst
makrofaqlar, ya poliblastlar. Histiositlər kövşək birləşdirici toxumanın daimi hüceyrəvi elementləridir,
sərbəst makrofaqlar isə iltihab nəticəsində və ya digər qıcıqlandırıcı təsirlərdən birləşdirici toxumada
meydana çıxır (ətraflı məlumat üçün bax: [5]).
Makrofaqların orqanizm üçün böyük mühafizə əhəmiyyəti vardır, belə ki, onlar mikroorqanizmləri,
yad cisimləri, ölmüş hüceyrə hissəciklərini udaraq öz sitoplazmalarında əridib həzm edir, zəhərli
maddələri neytrallaşdırır. Makrofaqlar habelə immun reaksiyaların gedişində iştirak edirlər, antigeni udub
parçalamaqla yanaşı onun fraqmentlərini öz zarındakı reseptorlara düzməklə limfositlərə təqdim edirlər.
Makrofaqlar T- və B-limfositlərin aktivatorlarını, antivirus, antibakterial və sitolitik təsirli maddələr
sintez edərək immun müdafiə reaksiyalarının gedişində iştirak edirlər. Bununla da orqanizmin infeksiyaya
da davamlılığı təmin edilir. Makrofaqlar, eyni zamanda digər müdafiə proseslərində də fəal iştirak edir.
Onlar orqanizmin daxili mühitini təmizləyir, qandan birləşdirici toxumaya keçən zülal molekullarını udub
parçalayır və onları amin turşularına çevirir. Makrofaqlar quruluşca çox dəyişkəndir; onlar müxtəlif
formada (girdə, uzun və s.) olur [1, s. 107, şək.12.8]. Ölçüləri fibroblastlara nisbətən kiçikdir, lakin
hüdudları çox aydın və girintili-çıxıntılıdır. Nüvə adətən bir ədəd, girdə və ya oval, ya da paxla şəklində
olur, tünd boyanır, xromatin dənələri sıx yerləşir və buna görə də nüvəcik aydın seçilir. Sitoplazma
bazofil xarakterlidir, içərisində çoxlu dənələr və qovuqcuqlar, o cümlədən pinositoz qovuqcuqları olur.
Elektron mikroskopu vasitəsilə makrofaqların sitoplazmasında kifayət qədər mitoxondrilər,
sitoplazmatik torun və Holci kompleksinin zarlı strukturları müəyyən edilmişdir. Lizosomlar çox olur,
xeyli faqosom (həzm qovuqcuqları) nəzərə çarpır [1, s. 107, şək.12.8]. Hüceyrə qişası üzərində dərin
büküşlər mikroxovcuqlar görünür. Histokimyəvi tədqiqat sitoplazmada ribonukleoproteidlər, qlikogen,
qlikozaminoqlikanlar, oksidləşdirici və hidrolitik fermentlər aşkar etmişdir. Fermentlərdən turş fosfataza
və esterazalar daha fəal olur.
Makrofaqlar amöbvarı hərəkət qabiliyyətinə malikdir. Lakin müxtəlif fiziki-kimyəvi şəraitdə onların
hərəkət sürəti eyni deyildir. Zədələnmələr və iltihab zamanı makrofaqlar fəal surətdə həmin nahiyələrə
yaxınlaşır; onların sitoplazmasında qlikogenin miqdarı artır, bunlar makrofaqlar üçün əsas enerji
mənbəyidir, belə ki, parçalandıqca güclü enerji hasil olur. Bu enerji faqositoz prosesində sərf olunur.
Faqositoz zamanı lizosomlarda olan turş fosfatazanın fəallığı daha da artır, çünki bunlar bilavasitə udulan
hissəciklərin həzmində iştirak edir.
33
Makrofaqlar qan damarları və piy hüceyrələri çox olan yerlərdə, habelə müxtəlif orqanların stroma
və kapsulunda daha artıq təsadüf olunur. Onlar ya tək-tək, ya da kiçik qruplarla yerləşir və bir qayda
olaraq digər hüceyrələrdən təcrid olunur.
Tosqun hüceyrələr (labrocyti)
Tosqun hüceyrələr kövşək birləşdirici toxumanın daimi hüceyrələrindəndir, xarici görünüşcə qanın
bazofillərini xatırlatdıqları ücün toxuma bazofilləri də adlandırılırlar. Bunlar müxtəlif formalarda – oval,
uzun, çıxıntılı və s. olur. Tosqun hüceyrələr amöbvarı hərəkət edə bilir, bu zaman onların forması və
ölçüsü dəyişir. İnsanda bu hüceyrələrin uzunluğu 22 mikrona, eni isə 14 mikrona çatır.
Tosqun hüceyrələrin sitoplazmasında spesifik bazofil dənələrin olması səciyyəvidir [1, s. 108,
şək.12.9]. Dənələr istər böyüklük və istərsə də miqdar cəhətdən dəyişkəndir. Bunlar metaxromatik
boyanmaq qabiliyyətinə malikdir. Həmin dənələrdə histokimyəvi cəhətdən heparin, histamin, turş
mukopolisaxaridlər (hialuron turşusu, A və C tipli xondroitin sulfat turşuları), bəzən isə serotonin aşkar
edilmişdir. Heparinin burada çox olduğunu nəzərə alaraq tosqun hüceyrələrə bəzən heparinositlər də
deyilir. Orqanellər zəif nəzərə çarpır. Sitoplazmanın əsas maddəsində fermentlərdən turş və qələvi
fosfatazalar, lipaza, histidindekarboksilaza, peroksidaza, sitoxromoksidaza, adenozin-tri-fosfataza və s.
habelə mukopolisaxaridlər, lipoidlər və qlikoproteidlər vardır. Tosqun hüceyrələrin nüvəsi kiçik, girdə, ya
oval şəklində, xromatinlə zəngin olur. Nadir hallarda hüceyrənin iki nüvəsi olur. Elektron mikroskopu
vasitəsilə dənələrin 0,3-1 mikron böyüklükdə sıx cisimcik olduğunu müəyyənləşdirilmişdir [1, s. 108,
şək.12.9], bunların maddəsi tor, və ya lövhəli quruluşa malik olur. Ehtimal edirlər ki, tosqun hüceyrələr
heparin ifraz edərkən dənələrini itirib deqranulyasiya edir, digər maddələr, məs.: histamin ifrazı zamanı
isə hüceyrənin dənəli quruluşu dəyişmir.
Heparin, histamin xaric edən bu hüceyrələr yerli homeostazın təmin olunmasında iştirak edirlər.
Müəyyən olunmuşdur ki, tosqun hüceyrələrin zarında qanın bazofil leykositlərində olduğu kimi IqE
reseptorları və bura adsorbsiya olunmuş IgE olur. Antigen bu IgE ilə əlaqə yaratdıqda tosqun
hüceyrələrdən histamin xaric olur ki, bu da ətraf damarları genişləndirir, keçiriciliyi artırır. Nəticədə
toxumada iltihabi allergik reaksiya inkişaf edir.
Tosqun hüceyrələrin mənşəyi haqqında müxtəlif fikirlər vardır; bunların nadir hallarda mitoz və
amitoz yolu ilə də çoxalmaları, habelə digər hüceyrə formalarından (sütun hüceyrələrindən və s.) əmələ
gəlməsi ehtimal olunur.
Tosqun hüceyrələr çox vaxt kiçik qan və limfa damarları ətrafında qruplarla yerləşir. İnsanda timus
vəzisində, mədə sistemində, badamlarda, uşaqlıqda, süd vəzisində və s. bu hüceyrələr daha çox təsadüf
olunur. Hamiləlik zamanı uşaqlıqda və süd vəzilərində, şiddətli həzm vaxtı mədədə, bağırsaqlarda və
qaraciyərdə bunların miqdarı xeyli artır.
Qeyd etmək lazımdır ki, qanda bazofilləri az olan heyvanlarda (məs.: siçanlarda) birləşdirici
toxumada tosqun hüceyrələrin miqdarı çox olur və əksinə, qanda bazofilləri çox olan heyvanlarda
(məs.:dovşanlarda) birləşdirici toxumada tosqun hüceyrələr az olur.
Tosqun hüceyrələr heparin, histamin və serotonin kimi fizioloji fəal maddələr sintez edir. Bu
hüceyrələrin birləşdirici toxumanın əsas maddəsinin əmələ gəlməsində, qanın laxtalanmasının qarşısını
alınmasında və s. rolu vardır. Heparin qanda lipidləri azaldır, beləliklə, arteriyaların divarında xolesterin
və lipidlərin toplanmasına mane olaraq ateroskleroz prosesinin qarşısını alır. Tosqun hüceyrələrin
birləşdirici toxumada huceyrəarası maddənin tərkibini tənzim etdiyi haqqında da fikir vardır.
Plazmatik hüceyrələr (plasmocyti)
Plazmatik hüceyrələr kövşək birləşdirici toxumanın hüceyrələrindən olub girdə, oval, ya çoxbucaqlı
şəkildə, nisbətən kiçik hüceyrələrdir; diametrləri təxminən 6-9 mikrona bərabərdir. Qeyd etdiyimiz kimi
plazmatik hüceyrələr antigen stimulyasiyası nəticəsində qanın B-limfositlərindən yaranaraq
immunoqlobulinlər (antitellər) sintez edirlər. Nüvələri girdə, və ya ovalşəkilli, çox vaxt ləkəli görünür ya
da milləri olan çarxı xatırladır [1, s. 109, şək.12.10]. Bu isə tünd rəngli, bəzən üçbucaq şəkilli kobud
xromatin qaymacıqların şüa istiqamətində yerləşməsindən asılıdır. Nüvə, adətən eksentrik vəziyyətdə olur
və yanında sitoplazmanın açıq rəngli perinuklear sahəsi müəyyən edilir. Bu sahə çox vaxt mərkəzi
vəziyyət alır və böyüklüyünə görə nüvəyə yaxınlaşır. Bu sahəyə, adətən hüceyrənin həyəti və ya sferası
34
deyilir. Burada sentriollar və yaxşı inkişaf etmiş lövhəli kompleks yerləşir. Sitoplazmaların kəskin bazofil
xüsusiyyətə malikdir ki, bu da orada çoxlu miqdar RNT-nin toplanması ilə əlaqədardır. Onun periferik
hissəsində çoxlu kiçik vakuollar olur. Sitoplazmada habelə qlikozaminoqlikanlar müəyyən edilir.
Elektron mikroskopu plazmatik hüceyrələrdə az miqdar kürəşəkilli mitoxondrilər, çoxlu ribosomlar
və dənələrlə zəngin sitoplazmatik tor aşkar etmişdir. Bəzi plazmatik hüceyrələrdə dənəli sitoplazmatik tor
paralel yerləşən zarlardan və onların arasında yarıqşəkilli sahələrdən ibarətdir. Bunlar yetişmiş formalı
hüceyrələrdir. Cavan plazmatik hüceyrələrdə sitoplazmatik tor yaxşı inkişaf edib, mənfəzi qovuqşəkilli
geniş sahələrdir. Bu sahələrdə zülallar toplanır.
Plazmatik hüceyrələrə sümük iliyində, limfa düyünlərində, mədə-bağırsağın selikli qişasının xüsusi
qatında, piylikdə, süd, ağız suyu və digər vəzilərin ara birləşdirici toxumasında və s. təsadüf olunur.
İltihab zamanı bu hüceyrələrin miqdarı artır. Plazmatik hüceyrələrin orqanizimdə əhəmiyyətli rolu vardır.
Onlar əkscisimlərin və qan plazması qlobulinlərinin əmələ gəlməsində iştirak edir.
Piy hüceyrələri (lipocyti)
Piy hüceyrələri kövşək birləşdirici toxuma hüceyrələrinə aid olub, sitoplazmalarında ehtiyat halında
piy toplamaq qabiliyyətinə malikdir. Qeyd etmək lazımdır ki, bu toxumanın bəzi digər hüceyrələrində də,
məs.: makrofaqların, fibroblastların sitoplazmasında piy əlavələrinə təsadüf olunur, lakin bu hüceyrələr
piyi ehtiyat şəklində toplaya bilmir və həmin əlavələri ətraf mühitdən udaraq sitoplazmada həzm edir,
belə hüceyrələrə piy hüceyrələri deyil, lipofaqlar deyilir.
Piy hüceyrələri adətən kürə şəklində olur, sitoplazmalarında piy çoxaldıqca onlar böyüyür, bəzən
diametrləri 100-120 mikrona çatır. Belə hüceyrələrdə piy kürə şəklində hüceyrənin bütün mərkəzi
hissəsini tutur, sitoplazma nazik qişa kimi onu əhatə edir və yalnız nüvə yerləşən hissəsi bir qədər qalın
olur [1, s. 114, şək.13.3 və 13.4]. Orqanellərdən az miqdarda çöp,və ya sapşəkilli mitoxondrilərə təsadüf
olunur, bunlar nüvə yaxınlığında yerləşir, sitoplazmatik tor, Holci kompleksi reduksiyaya uğramışdır.
Nüvə yastılaşaraq mərciyə bənzəyir.
Cavan piy hüceyrələrində piy yığıntıları çox ola bilər, ayrı-ayrı çox vaxt 2-5 kiçik damlalar şəklində
sitoplazmanın müxtəlif yerlərində görünür. Piy başlıca olaraq neytral yağlardan ibarətdir, orada habelə
xolesterin, fosfolipidlər, yağ turşuları, fermentlərdən qələvi fosfotaza, esteraza və s. olur. Lipidlər sudan
boyaqları ilə qırmızı-narıncı rəngə və osmium turşusu ilə qara rəngə boyanır. Orqanizmin müxtəlif
fizioloji halından və xüsusilə qidalanmadan asılı olaraq piy hüceyrələrinin sayı və piy yığıntısının miqdarı
dəyişir, yəni orqanizm uzun müddət pis qidalandıqda, ac qaldıqda bu hüceyrələr azalır, piyin çox hissəsi
aradan çıxır. Belə hüceyrələrdə mitoxondrilər artır. Piy hüceyrələri birləşdirici toxumada bir qayda olaraq,
mezenximdən, kötük hüceyrələrdən inkişaf edir. Piy hüceyrələri, adətən qruplarla və nadir hallarda tək-
tək yerləşir, qan damarları ətrafında toplanır. Bu hüceyrələr toplandıqda toxumanın digər hüceyrələri
aradan çıxır və nəticədə piy toxuması əmələ gəlir.
Piqmentli hüceyrələr (pigmentocyti)
Stoplazmasında tünd rəngli piqment maddələri (melanin) toplanan hüceyrələrə piqmentli hüceyrələr
deyilir. İnsanda və digər məməlilərdə piqment sitoplazmada kiçik dənələr və ya çöplər şəklində toplanır.
Piqmentli hüceyrələr adətən müxtəlif formalı qısa çıxıntılara malik uzunsov hüceyrələrdir. Belə
hüceyrələr insanda çox vaxt dərinin müəyyən yerlərində - anus ətrafında, xayalıqda, süd vəzisi məməciyi
ətrafında və s., habelə çoxlu miqdarda göz almasının damarlı və qüzehli qişasında təsadüf olunur.
Piqmentin harada əmələ gəlməsi hələ mübahisəlidir. Ehtimal edirlər ki, bir çox piqmentli hüceyrələr məs.:
əsl dərinin səthi qatında olanlar faqositlərdir və piqment maddəsini epiteldən udur. Bunlara dermal
xromatoforlar və ya melanoforlar deyilir. Bəzi hüceyrələr isə, məs.: epidermisin piqmentli hüceyrələri
piqment maddəsini özləri hasil edir və melanoblastlar adlanır. Belə hüceyrələr damarlı qişada çox olur.
Endotel hüceyrələr (endothliocyti)
Endotel hüceyrələr qan və limfa damarlarının və ürək kameralarının daxili səthini bütöv bir qat kimi
örtür. Bunlar yastı hüceyrələr olub, epitelə çox oxşayır və damarlar boyu istiqamətdə uzanır. Endotel
hüceyrələr epitel hüceyrələri kimi əsas zar üzərində yerləşərək polyarlıq (qütblük) xasiyyətlərinə
malikdir. Bunları nəzərə alaraq bəzi müəlliflər endoteli epitelin xüsusi növü hesab edirlər. Digər
müəlliflər endotelin müstəqilliyini qəbul edərək ona epitellə birləşdirici toxuma arasında keçid forma
35
kimi baxırlar. Əslində isə endotel mezenximdən inkişaf edib. Endotel hüceyrələrinin kənarları hamar
deyil, girintili-çıxıntılı olur və onlar bir-birinə sıx təmas edir. Bir, iki, nadir hallarda isə üç nüvəyə malik
olur. Elektron mikroskopu ilə endotel hüceyrələrinin sitoplazmasında müxtəlif orqanellər müəyyən edilir,
lakin onlar zəif nəzərə çarpır [1, s. 120, şək.14.3]. Sitoplazmada vakuollar, pinositoz qovuqcuqlar və
bəzilərində isə nazik saplar (filamentlər) aşkar edilmişdir. Hüceyrələrin bir-birinə üç növ təmas etdiyi
müəyyənləşdirilmişdir; bunlar ya desmosomlarla birləşir, ya qıfıl tipli birləşmə əmələ gətirir, ya da
kənarları ilə bir-birinin üzərində oturur. Hüceyrə qişasının sərbəst səthində mikroxovcuqlar müəyyən
edilmişdir.
Bəzi yerlərdə, məsələn, böyrək yumaqcığı kapilyarlarında, endotel hüceyrələrinin sitoplazmasında
diametri təxminən 0,1 mikrona çatan çoxlu kiçik dəliklər müəyyən edilir. Bunlara pəncərəli endotel
hüceyrələri deyilir.
Nüvə adətən, hüceyrənin mərkəzi hissəsini tutur və bu nahiyə nisbətən qalın olur, bir neçə mikrona
çatır. Hüceyrənin periferik hissəsi əksinə, çox nazik olub 20-80 nm-ə bərabərdir. Endotel hüceyrələri isə
mitoz və amitoz üsulu ilə çoxalır. Bunlar yüksək regenerasiya qabiliyyətinə malikdir.
Endotel hüceyrələri bütöv qat əmələ gətirlməklə qan ilə ətraf toxuma arasında bioloji baryer
vəzifəsini görür və mübadilə prosesində fəal iştirak edir. Bəzi orqanların kapilyarlarında endotel
hüceyrələri faqositoz rolunu ifa edir, məsələn, qaraciyər paycıqlarındakı ulduzabənzər (Kupfer)
hüceyrələr.
HÜCEYRƏARASI MADDƏ (SUBSTANTİA İNTERCELLUARİS)
Birləşdirici toxumada hüceyrələrin arasındakı sahəni tutan canlı maddəyə hüceyrəarası maddə
deyilir. Ara maddə struktursuz amorf ya əsas maddədən və lifli, ya fibrilyar strukturlardan habelə toxuma
mayesindən ibarətdir. Lifli strukturlara retikulyar, kollagen və elastikli liflər aiddir.
Əsas maddə (Substantia fundamentalis)
Əsas maddə kövşək birləşdirici toxumanın mühüm komponenti olub, çox vaxt həliməbənzər
konsistensiyaya malikdir, zəif rənglənir. Bu maddənin ən vacib kimyəvi komponenti
qlikozaminqlikanlardır: buraya uzunzəncirli hialuron turşusu və sulfatlaşmış qlikozaminqlikanlar
(xondroitinsulfat turşuları) aiddirlər. Qlikozaminqlikanlar adətən zülallarla kompleks – proteoqlikanları
əmələ gətiirlər. Bu maddələr kövşək toxumada fibroblastlar tərəfindən sintez olunurlar. Amorf maddənin
tərkibində həmcinin :
– qlikoproteinlər ((oliqosaxaridlərlə zülal kompleksləri)-fibroblastlar tərəfindən sintez olunurlar))
– qanın plazmasından keçmiş olan albuminlər, qlobulinlər;
– digər metabolitlər;
– qeyri üzvi ionlar ola bilir.
Proteoqlikanlar əsas maddənin tərkibinə daxil olan su ilə rabitədədir. Bunlardan əlavə əsas maddədə
həmişə müəyyən qədər qandan alınmış və qana, habelə limfaya keçməli olan xüsusi maddələr olur. Qeyd
olunan maddələr mübadilə prosesinin şiddətindən asılı olaraq geniş miqyasda dəyişir.
Qlikozaminqlikanlara çox mühüm kimyəvi birləşmə hialuron turşusu, A, B və C tipli xondroitin –
sulfat turşuları aiddir. Burada az miqdarda heparin də olur. Göstərilən kimyəvi birləşmələr başlıca olaraq
fibroblastların, tosqun hüceyrələrin, qismən histiositlərin və endotel hüceyrələrin məhsuludur. Əsas
maddənin konsistensiyası və morfofunksional xüsusiyyətləri bu maddələrdən və onlarla zülalların əmələ
gətirdiyi birləşmələrdən asılıdır. Əsas maddənin həlməşiyəbənzər konsistensiyası bu toxumada
molekulların , hətta hüceyrələrin yerdəyişməsi üçün imkan yaradır. Qlikozaminqlikanların polimerləşmə
dərəcəsi əsas maddənin fiziki-kimyəvi xassəsini və hər şeydən əvvəl onun yapışqanlılığını təmin edir.
Sonuncu, toxumanın turqoru və qida maddələrinin diffuziyası üçün olduqca vacibdir.
Əsas maddənin fiziki və kimyəvi halı və onun quruluş prinsipi müxtəlif amillərdən asılıdır. Bu
baxımdan hialuronidaza fermentinin mühüm rolu vardır; həmin fermentin təsirindən əsas maddə
depolimerləşir, onun yapışqanlılığı azalır, əksinə keçiricilik qabiliyyəti artır və nəticədə o, fizioloji baryer
xassəsini itirir. Əsas maddənin jelatinliyi askorbin turşusu ilə əlaqədardır. Belə ki, bu turşu (C vitamini)
çatışmadıqda əsas maddə suda həll olmaq qabiliyyətini əldə edir və keçiriciliyi artır. Əsas amorf
36
maddənin orqanizmin müxtəlif yerlərində kimyəvi tərkibi və sıxlığı eyni deyildir. Kapilyarlar və kiçik
qan damarları ətrafında, piy və retikulyar toxuma toplanan yerlərdə əsas maddə az olur, lakin digər
toxumalarla hüdudlanan yerlərdə, məsələn, epitelə təmas edən yerdə, onun miqdarı və sıxlığı artır və o,
retikulyar liflərdə birlikdə əsas zarı əmələ gətirir. Əsas maddənin qatılığı azaldıqda əsas zarın lifli
strukturları aydın görünür, əks vəziyyətdə isə onun qatılığı artdıqda əsas zar homogen xarakter alır. Əsas
maddənin vəziyyəti yaşdan da asılıdır. Yenidoğulmuşlarda və körpələrdə əsas maddədə su çox və əksinə
polimerlik dərəcəsi az olur. Qocalıqda isə bu vəziyyət əksinə olur, həmçinin əsas maddədə onlarda
hialuron turşusu azalır, xondroitinsulfatlar isə çoxalır.
Əsas maddə mübadilə məhsullarının qan ilə toxuma arasında daşınmasında iştirak edir. O, fizioloji
baryer vəzifəsini görür, su və mineral maddələr mübadiləsində, habelə hüceyrəarası maddənin lifli
strukturlarının əmələ gəlməsində iştirak edir.
Dostları ilə paylaş: |