Şəki rayonunun Kiş kəndində yerləşən antik-orta əsrlər dövrlərinə aid olan abidələr kompleksidir. "Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyayagöndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir[55]. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar[56]. Kiş kilsəsi günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi apsida ilə tamamlanır. Kilsənin planlaşdırma həlli erkən orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir. Bir qədər uzun ibadət zalı bir cüt pilyastrla iki hissəyə bölünür. Şərq tərəfdən zala altar apsidası birləşir. Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur. Qəbrin örtüyü 3 qatdan ibarət olub, I qat gil, kömür, kül və torpaq, II qat gil, III qat isə eynilə I qata oxşar qarışıqdan ibarət idi. Gilli torpaqda oval şəkilli 90 x 60 sm ölçüsündə olan torpaq qəbir şərq – qərb istiqamətində idi. Qəbir məbədin şərq divarının təməlinin içərisinə daxil olmuşdur ki, buranın da döşəməsi hamarlanmış və küncləri basılmışdır, küllü döşəmənin üzərində iki kiçik öküz başı dəfn olunmuşdur. Onlar qırmızı dulus bardağın iri qırıqları üzərinə qoyulmuş vəziyyətdə idilər və onların üzləri şərqə istiqamətləndirilmişdir. Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı, yumru daş, heyvanların digər sümükləri arasında isə sümük ox aşkar olunmuşdur. Qəbrin dulus avadanlığı iri qabların hissələrindən ibarətdir ki, onlar da Kür-Araz mədəniyyətinə aiddirlər.[57]Məməşəkilli əltutanlar, bardağın yumurtaya bənzər gövdəsi, daraqşəkilli bəzək və s. son eneolit dulusçuluğuna xas olan cəhətlərdir. Dulus məmulatı yerli xarakterlidir. 2 öküz başlı torpaq qəbir sözsüz ki, ayin xarakterlidir.[58]