AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


Dissertasiyanın əsas elmi yeniliyi



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   2   3   4   5   6   7   8   9   ...   18
huq n aai 30 11 17

Dissertasiyanın əsas elmi yeniliyi, ilk növbədə, zor tətbiq etməklə 
özgənin əmlakını talama cinayətlərinin tövsifi problemlərinin kompleks 
tədqiqinə həsr olunmuş ilk monoqrafik tədqiqat əsəri olmasında ifadə 
olunur. Tədqiqat işində ilk dəfə olaraq Azərbaycan Respublikasının cinayət 
qanunvericiliyi tarixində zor tətbiq etməklə özgənin əmlakını talama 
cinayətlərinə görə məsuliyyətin tənzimlənməsi vəziyyəti, bu növ 
cinayətlərə görə məsuliyyət müəyyən edən normaların nəzəri və təcrubi 
problemləri tədqiq edilmiş, cinayət qanunvericiliyinin tətbiqi təcrübəsi 
üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlərin həllinə cəhd 
edilmiş, qanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsi 
istiqamətində təkliflər işlənib hazırlanmışdır. Müdafiəyə çıxarılan əsas 
müddəalar işin elmi yeniliklərindən irəli gəlmiş və ona əsaslanır. 
Müdafiəyə təqdim olunan əsas yeni elmi müddəalar
1. Hüquqi düşüncənin inkişafının ilkin tarixi mərhələlərində özgə 
əmlakını zor tətbiq etməklə talama əməlləri oğurluq cinayətinin 
növlərindən biri sayılmışdır. Hüquqi düşüncənin sonrakı inkişafı talamanın 
soyğunçuluq, quldurluq kimi formalarının fərqləndirilməsinə imkan 
vermişdir. Talamanın anlayışının və onun formalarının normativ-hüquqi 
tənzimlənməsi çoxəsrlik tarixə malik olub, bilavasitə mülkiyyət əleyhinə 
olan cinayətlərə görə məsuliyyətin inkişaf tarixi ilə bağlıdır. 
2. Müasir cinayət hüququnda mülkiyyətin iqtisadi formasiyaların 
yaranması və inkişafında, cəmiyyət və dövlət həyatının siyasi-hüquqi 
konstruksiyaların formalaşmasında əhəmiyyətli rol oynadığı istisnasız 
olaraq qəbul edilir. Mülkiyyət mülki hüquqda sahəvi və sistemyaradıcı 
kateqoriya kimi nəzərdən keçirilirsə, cinayət hüququnda cins və növ 
anlayışları arasında orta mövqe tutaraq, bəzən cinayətin qəsd obyekti, 
bəzən isə predmeti qismində qiymətləndirilir. 
3. Zor tətbiq etməklə törədilən talama cinayətləri mürəkkəb tərkibli 
cinayətlər sayılır. Bu növ cinayətlərdə iki obyekt, yəni həm mülkiyyətin, 
həm də şəxsiyyətin toxunulmazlının təmin edilməsi ilə bağlı olan ictimai 
10 
münasibətlər qəsdə məruz qalır. Zorakı soyğunçuluq cinayətində əsas qəsd 
obyekti qismində mülkiyyət münasibətlərinin, əlavə obyekt qismində 
zərərçəkmiş şəxsin sağlamlığının, quldurluq cinayətində əsas qəsd obyekti 
qismində mülkiyyət münasibətlərinin, əlavə obyekt qismində isə 
zərərçəkmiş şəxsin həyat və sağlamlığının çıxış etməsinə dair mövqe 
əsaslandırılır.
4. Mülkiyyət ilə yanaşı, şəxsiyyətin də qəsdə məruz qaldığını əsas 
götürərək, zor tətbiq etməklə özgə əmlakını talama əməllərinin şəxsiyyət 
əleyhinə edilən cinayətlər sisteminə daxil edilməsi ilə bağlı mövqelərin 
kifayət qədər əsaslı olmadığı müəyyən edilir. Bu cinayətlər mülkiyyət 
əleyhinə törədilən tamah-zorakı cinayətlər qrupuna aid edilir. Və bu mövqe 
tamah məqsədinin həmin cinayətlərin subyektiv cəhətinin zəruri əlaməti 
olması, zorakılığın isə burada yalnız həmin məqsədə nail olmaq vasitəsi 
kimi çıxış etməsinə dair müddəalar ilə əsaslandırılır.
5. Zor tətbiq etməklə özgə əmlakını talama əməllərində tamah, zor 
elementlərinin mövcudluğu həm obyektiv, həm də subyektiv cəhətdən bu 
cinayətlərin bir-birindən və oxşar cinayət tərkiblərindən 
fərqləndirilməsində çətinliklər yaradır ki, bu da cinayətlərin tövsifində 
səhvlərə yol verilməsinə gətirib çıxarır. Ona görə də bu növ cinayətlərin 
bir-birindən fərqləndirilməsi zamanı qəsdin obyekti, predmeti, zorakılığın 
xarakteri, tətbiq edildiyi vaxt, yer, şərait və məqsəd kimi meyarlardan 
istifadəyə üstünlük verilməsi məqsədəuyğun sayılır. 
6. Azərbaycan Respublikasının qüvvədə olan CM-də quldurluğa 
görə məsuliyyət nəzərdə tutan 181-ci maddənin əsas tərkibində əksini 
tapmış “basqın”, “əmlakını ələ keçirmə” və s. sözlər bu cinayətin 
tövsifində, onun başa catma anının müəyyən edilməsi, oxşar cinayətlər, 
xüsusən, banditizm, hədə-qorxu ilə tələb etmə cinayətlərindən 
fərqləndirilməsində çətinliklər yaradır. Odur ki, CM-nin 181.1-ci 
maddəsinin mətnindən həmin sözlərin çıxarılması və maddənin 
dispozisiyasının aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Quldurluq, 
yəni həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə 
zor tətbiq etmək hədəsi ilə özgənin əmlakını talama”. 
7. Hüquqtətbiqetmə fəaliyyətində həm fiziki zorakılıq, həm də psixi 
zorakılıq anlayışlarının məzmunu ilə bağlı vahid təcrübənin olmaması 
müəyyən edilir ki, bu da öz növbəsində cinayətlərin tövsifində səhvlərə yol 
verilməsinə gətirib çıxarır. Cinayət qanununda bu istilahların 
definisiyasının verilməməsi də həmin səhvlərin baş verməsinə şərait 


11 
yaradır. Ona görə də CM-nin 181-ci maddəsinin sonuna fiziki və psixi 
zorakılığın anlayışını müəyyən edən aşağıdakı məzmunda qeyd hissəsinin 
əlavə olunması təklif edilir: 
“Bu Məcəllənin Xüsusi hissəsinin maddələrində fiziki zor tətbiq 
etmə dedikdə, zərər çəkmiş şəxsin iradəsindən kənar və ya iradəsinə zidd 
olaraq onun orqanizminə hüquqazidd, təqsirli, ictimai təhlükəli bədən 
əzələsi gücünün, mexaniki, kimyəvi təsirin göstərilməsi başa düşülür. 
Bu Məcəllənin Xüsusi hissəsinin maddələrində psixi zor tətbiq etmə 
dedikdə, zərər çəkmiş şəxsin iradəsindən kənar və ya iradəsinə zidd olaraq 
onun psixikasına informasiyalar və ya konklyudent hərəkətlər vasitəsi ilə 
iradə azadlığını qırmağa və ya məhdudlaşdırmağa qadir olan hüquqazidd, 
təqsirli, ictimai təhlükəli təsirin göstərilməsi başa düşülür”.
8. CM-nin 180.3.3, 181.3.4-cü və 182.3.4-cü maddələrində müvafiq 
olaraq soyğunçuluq, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin 
xüsusilə tövsifedici əlaməti qismində təsbit olunmuş əvvəllər talama və ya 
hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş 
şəxs tərəfindən törədilməsi əlamətinin məsuliyyəti xüsusilə ağırlaşdıran hal 
qismində deyil, məsuliyyəti ağırlaşdıran hal qismində nəzərdə tutulmasının 
məqsədəuyğun oduğu əsaslandırılır. Bu zaman, xüsusən, şəxsin törətmiş 
olduğu cinayətə görə mühakimə edildiyinin və cəzasını faktik olaraq 
çəkməsinin nəzərə alınmasının vacib olduğu vurğulanır. Ona görə də qeyd 
edilən əlamətin CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddələrində 
yerləşdirilməsi, CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddələrinin hazırkı 
redaksiyalarında təsbit olunmuş əlamətlərin isə (yaşayış sahəsinə, habelə 
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə 
törədildikdə; zor tətbiq etmə ilə törədildikdə) 180.2, 181.2, 182.2-ci 
maddələrin sıra ardıcıllığı üzrə gələn hissələrində yerləşdirilməsi təklif edilir. 
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, 
soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 
mart 2005-ci il tarixli 1 nömrəli qərarının bəhs edilən cinayətlərin 
tövsifində əhəmiyyətli rol oynadığı vurğulanır. Eyni zamanda, həmin 
qərara talama cinayətlərinin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb 
edən bir sıra əlamətlərin (məsələn, basqın, hücum, hədə-qorxu, zor tətbiq 
etmə, əmlakı ələ keçirmə və s.) izahını nəzərdə tutan əlavələrin edilməsi 
təklif edilir.

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin