ÜÇ SANDIQ HEKAYƏSİ
148
58-ci İLİN ÜÇ SANDIQ HEKAYƏSİ
Vaqif Cəbrayılzadayə
Əzizim Vaqif!
Yadındadırmı, bir neçə il bundan qabaq səninlə söhbətimiz
olmuşdu; danışmışdıq ki, sən mənə bir şer həsr edəcəksən, mən
də sənə bir hekayə. Sən vədinə əməl etdin, mənsə o vaxtdan
bəri təzə hekayə yazmadığım üçün sözümün üstündə dura
bilmədim. Amma hər halda əhdə xilaf çıxmaq istəmirəm; ilk
dəfə çapa verdiyim bu köhnə hekayələrimi sənə ithaf edirəm.
Otuz il bundan qabaq yazılmış bu üç hekayə az qala səninlə
yaşıddır. Onları yazarkən sənin indiki yaşından çox-çox cavan
idim. Güman edirəm ki, 19-20 yaşlı gəncin qələm məhsulları
olan bu yazıların qüsurlarını onların səmimiyyətinə
bağışlarsan.
Bu üç hekayənin qısaca tarixcəsini də sənə və oxuculara
nəql etmək istəyirəm. 13-14 yaşlarımdan yazı-pozuyla məşğul
olurdum, amma cızma-qaralarımı üzə çıxarmağa həvəs
göstərmirdim. Anam hərdən zarafatla mənə: "Bəsdir, sandıq
ədəbiyyatı yaratdın", - deyirdi.
Yalnız 1960-cı ildə bir neçə hekayəmi "Azərbaycan"
jurnalına təqdim etdim. Onların içində "Nisbət nəzəriyyəsi" də
vardı. Çap edilmədi, sonra qəzetə verdim, ordan da qaytardılar
və nəhayət ilk kitabıma salmışdım, yenə də nəşrinə müyəssər
olmadım, "Ürəyim ağrıyır" hekayəsini atama oxumuşdum.
Çapa verməyi məsləhət bilmədi. "İztirabın vicdanı"nı isə atam
bəyənmişdi, amma Ənvər Məmmədxanlı bu hekayəni oxuyub
qəti surətdə pislədi. Hekayənin hifz olunmuş yeganə
əlyazmasının son səhifəsində Ənvər müəllimin karandaşla
yazılmış çox sərt rəyi durur:
"At peçə! Böyük, tarixi bir faciəni məzmunsuz bayağı bir
149
təlxəyin qara qışqırığının hədəfi etmək olmaz!".
Vaqif! Sənin və mənim dərin hörmət bəslədiyimiz Ənvər
müəllimin fikriylə o vaxt razılaşmışdım və hekayəni heç yerə
təqdim etməmişdim. İndi bu rəyi tam şəkildə qəbul edə
bilmirəm. Əlbəttə, bu hekayəyə də, o birilərinə də yüksək nəsr
meyarları baxımından, bədiilik, peşəkarlıq, dil baxımından çox
iradlar tutmaq olar. "İztirabın vicdanı" hekayəsinin
melodramatik üslubunun, bəzi hind filmlərini xatırladan
gurultulu adının bütün naqisliyini bu gün daha aydın görürəm.
Amma otuz il sonra həmin yazını bir cümləsini, bir sözünü
dəyişmədən olduğu kimi oxuculara təqdim edərkən xəcalət
çəkmirəm. Təcrübəsiz müəllifin sənətkarlıq xətalarını
bağışlamaq olar, amma həm fərdi yaş xüsusiyyətlərindən, həm
də dövrün ab-havasından doğulmuş yazını peçə atmağı rəva
bilmirəm. Nə deyim, bəlkə o dövrdə doğrudan da elə sobaya
atılasıydı... Amma məlum olduğu kimi əlyazmaları yanmır - bu
həqiqət dahiyanə əlyazmalarına da aiddir, mənimkilər kimi ən
adi, ən iddiasızlarına da...
Bəzən bizim Azərbaycan yazıçılarını qınayırlar ki, necə olub
hamınız nə yazıbsınızsa hamısını çap etmisiniz? Rus yazıçıları
kimi sizin də o dövrlər nəşr oluna bilməyəcək və yalnız indi
üzə çıxarıla biləcək əsərləriniz yoxdurmu?
Ədəbi "sandığımdan" çıxarıb çapa verdiyim bu üç hekayə
həmin suala – irada cavab deyilsə də, hər halda Stalin
dövründən sonra ədəbiyyata gələn gənclərin o vaxtkı duyğu-
düşüncələrini az, ya çox dərəcədə əks etdirən sənəddir,
zamanın sənədi və buna görə də bəlkə müəyyən marağa səbəb
olar.
Durğunluq dövründə mənəvi həyatımızın başı pambıqla
kəsilənəcən belə mövzular düşündürürdü bizi, Vaqif. Vur-tut
iyirmi yaşımız vardı axı...
ANAR
8 noyabr, 1988
150
NİSBƏT NƏZƏRİYYƏSİ
Hikmət ev paltarını geyinib kürsüdə rahatlanmışdı.
Qəzetlərə baxırdı. Hərdən qəzeti kənara qoyub çayından bir
qurtum içir və yenidən tənqidi məqaləni oxuyurdu.
Nəimə hələ işdən gəlməmişdi. Ceyhunla Rəna o biri otaqda
oynayırdılar. Onların hay-küyü otağı basmışdı. Səs-küy
Hikmətə mane olurdu. Amma o çağırıb cocuqlarına
acıqlanmırdı. "Bir az yavaş" demirdi. Çünki səs-küysüz uşaq
oyununun ləzzəti yoxdur. Uşaqlar oynayarkən çığır-bağır
salmaqdan xüsusi həzz alırlar. Bu həngamədə məqalə oxumaq
çətindi. Amma Hikmət uşaqlara acıqlanmırdı. Onların səs-küy
qaldırmağa haqları vardı. Axı oynayırdılar. Hikmət səssizlik
tələb etsəydi haqlı olardı. Uşaqlar susardı. Hikmət deyən
olardı. Uşaqlar oynamazdılar. Darıxardılar. Hikmət haqsız
olardı.
Hikmət heç bir şey demirdi. Uşaqlar səs salırdılar. Hikmət
məqaləni böyük çətinliklə qavrayırdı.
Məqalə bir yazıçının romanı haqqında idi. Bu yaxınlarda
romana uzun-uzadı bir tərifnamə çıxmışdı. Tərifnamənin
müəllifi çox dürlü dəlillərlə romanın gözəlliyini isbat edirdi. O
yazırdı ki, qəhrəmanın romanın axırında qısqanclıq üstündə
intihar etməsi çox təbiidir. Bu həqiqi insana xas olan cəhətdir.
Qəhrəmanın surəti dolğun çıxmışdır. Məqalə müəllifi fikrini
təsdiq etmək üçün çoxlu əsaslar gətirirdi. Belə çıxırdı ki, o,
tamamilə haqlıdır.
Amma indi tənqidi məqalə romanı heçə çıxarırdı. Tənqidçi
dürlü dəlillərlə romanın yarıtmazlığını isbat edirdi. O göstərirdi
ki, qəhrəmanın intiharı artıqdır və lazımsızdır. İnandırıcı deyil.
Çünki onun fikirləriylə, dünyagörüşüylə, anlayışlarıyla
uyuşmur. Yəqin bu tənqidçi də haqlı idi. Hikmət özü də romanı
oxumuşdu. Xoşuna gəlməmişdi. Bir tərəfdən insan əlaqələrində
151
etinasızlıq, keçəri duyğuların pərakəndəliyi, pəjmürdə hisslər,
bir tərəfdən qısqanclıq faciəsi. Əsər natamam, ziddiyyətli,
qondarma idi... Hikmət romana belə qiymət vermişdi və ona
elə gəlirdi ki, o haqlıdır.
Nəimə də bu romanı oxumuşdu. Bəyənmişdi. Onun fikrincə
bu natamamlıq, bu ziddiyyət əsərin ruhundan doğur.
Hisslərində, əlaqələrində sərbəst olan bir insan qəflətən
qısqanclıq mərəzinə tutula bilər və bu da faciəyə çevrilə bilər.
Nəimənin rəyi belə idi və o öz rəyini izah etdikcə, məntiqi
dəlillər, faktlar gətirdikcə Hikmət hiss eləyirdi ki, Nəimə də
haqlıdır.
Ceyhun ağlaya–ağlaya o biri otaqdan gəldi.
–Ata, Rənanı görürsənmi, gəlinciyi mənə vermir. Mən topu
ona verdim, o, gəlinciyi mənə vermir. Axı mən topu ona
verdim. Gərək o da gəlinciyi mənə versin.
Ceyhun düz deyirdi.
Hikmət Rənanı çağırdı.
–Nə olub? – deyə yorğun–yorğun, könülsüz soruşdu.
– Top onsuz da mənimdir. Anam bağışlayıb. Mən Ceyhuna
tüfəngi verirəm, çünki o oğlandır. Gəlinciyi isə qız oynadar.
Rəna da düz deyirdi.
Ceyhun dedi:
–Yox, mən elə gəlinciklə top–top oynayacam.
Rəna dedi... Ceyhun dedi...
Hər ikisi haqlı idi.
Hikmət dedi:
–Gedin oynayın.
Uşaqlar dedilər:
–Sən də bizimlə oyna. Qonşu uşaqların ataları həmişə
onlarla oynayır.
Onlar haqlı idi.
Hikmət dedi:
–Vaxtım yoxdur. Məşğulam.
O da haqlı idi.
152
Hava qaralmağa başladı.
Ceyhun soruşdu:
–Anam haçan gələcək?
Hikmət: – İndilərdə gələr, – dedi.
Qapının zəngi çalındı. Uşaqlar:
–Ana, ana, – deyə qapıya yüyürdülər. Gələn Nəimə deyildi.
Hikmətin böyük bacısıydı. Zəhranın birinci sualı:
–Nəimə evdədir? – oldu. – Yox.
–Əlbət ki, hardan olacaq?!
Hikmət Zəhranın niyə gəldiyini, nədən danışacağını yaxşı
bilirdi. Onun bu barədə danışmağa heç bir həvəsi yox idi.
Amma o bilirdi ki, Zəhra bu barədə söhbət açmaqda haqlıdır.
Hikmət onun qardaşı idi. Zəhra qardaşının taleyinə biganə baxa
bilməzdi.
Zəhra uşaqların başını sığallayıb o biri otağa göndərdi. Özü
Hikmətin yanında oturub müqəddiməsiz, girişsiz, hazırlıqsız
birbaş mətləbə keçdi.
Söhbət uzun, ağır, üzücü idi. Hikmət belə söhbətlərə sonsuz
nifrət bəsləməkdə haqlı idi. Amma o bilirdi ki, Zəhra da
danışmaqda haqlıdır.
Zəhra deyirdi:
–Camaat arasına çıxa bilmirəm. Hamı sənin biqeyrətliyini
mənim başıma qaxır. Vallah, billah, binamus qardaşın bacısı
olmaqdansa ölüm min yol yaxşıdır.
Hikmət sakit və etirazsız qulaq asırdı. Zəhra daha da
özündən çıxırdı.
–Hamı Nəiməylə Ələsgərovdan danışır. Bircə sən bunu
görmürsən. Elə indi də yəqin onunladır. Heç yerə girmirsən?
Ürəyini boşaldandan sonra Zəhra çıxıb getdi. Hikmət
yenidən qəzetlərə baxmağa başladı. İki dövlətin bir–birinə
məktubları dərc edilmişdi. Bir–birinə, qarşılıqlı ittihamlar
verirdilər. Əks şeylər isbat edirdilər. Hər ikisi haqlı idi.
Az sonra Nəimə gəldi. Uşaqlar:
–Ana... ana... – deyə sevinclə yüyürdülər.
153
Onların sevinməyə haqqı vardı, anaları gəlmişdi. Nəimə heç
onların üzünə də baxmadı. O da haqlı idi: qanı yaman qaraydı.
Hikmətin üstünə düşüb:
–Sənin bu sözbaz bacın gen dünyanı başımıza dar eləyəcək,
– deyə əsəbi danışmağa başladı. – İndi həyətdə məni tutub bir
saat canıma döşəyib. Bilirəm, gəlib burda da məndən danışıb.
Birdəfəlik anlamır ki, mən onun kimi ara arvadı, avara söz
gəzdirən deyiləm. Mən elmi işçiyəm. Min yerdə oluram. Min
adamla oturub–dururam. Min adamla danışıram, min adamla
işim olur. Bir gün evə tez gəlməli oluram, bir gün gec.
Onun belə danışmağa haqqı vardı. Hikmətin də onu
Ələsgərova qısqanmağa haqqı vardı.
Hikmət könülsüz:
–İndi hardaydın? – dedi:
–İşdə.
– Ələsgərovun yanında?
–Bəli, Ələsgərovlaydım – deyə Nəimə əsəbi cavab verdi. –
Birdəfəlik başa düşün: Ələsgərov mənim elmi rəhbərimdir.
Mənim bütün elmi fəaliyyətim onunla əlaqədardır. Mən
müdafiə etməliyəm. Odur ki, günün çox hissəsini onunla
işləməliyəm. Niyə bunu başa düşmək istəmirsiniz.
O haqlı idi.
Amma subay bir kişiylə gənc, gözəl bir qadını daima bir
yerdə görən dedi-qoduçular da onların yalnız elmi məsələlər
həll etmələrini şübhə altına alanda haqlı idilər. Onlar Zəhraya
tənə vuranda, Zəhra qardaşını danlayanda, Hikmət bu işləri
ürəyinə salanda, Nəimə tənbehlərdən, şübhələrdən, dedi–
qodulardan cana gələndə haqlı idi. Bəlkə Ələsgərov Nəiməni
ürəkdən sevirdi. Onda o da haqlı idi. Amma sevməsəydi də
haqlı idi.
Hikmət bilirdi: Ələsgərovla Nəimənin Zəhra deyən
əlaqələrdə olduğunu aydın-aşkar bilsə, öz gözüylə görsə belə
namusu tapdalanmış ərin iztirab və intiqamı haqlı olduğu kimi,
həyatının son bayramından imtina etmək istəməyən sinli
154
professor da haqlıdır. Və nəhayət, Nəimə də haqlıdır. Yəqin
onun da müəyyən səbəbləri, dəlilləri, əsasları, bəraəti var.
Hikmət bilirdi: Bu dünyada haqsız yoxdur. Hərə bir
səbəbdən, hərə bir cürə haqlıdır.
Hikmət: – Mən bir az havaya çıxmaq istəyirəm, – dedi.
Küçədə milis təpikləyə-təpikləyə bir dilənçini qovurdu.
Milis haqlı idi. Çünki cındırından cin ürkən dilənçi küçənin
yaraşığını pozurdu.
Dilənçi də haqlı idi. Bu küçədə gedib–gələn, qazanc
nisbətən çox olurdu. O biri küçələr adamsız idi.
Gecə Hikmət özünü asdı.
Arvadı, uşaqları, dost–aşna, qohum–qardaş yasa batdı. Hamı
təəccüblənirdi.
–Axı nəyi çatmırdı. Xoşbəxt ailə. Ev–eşik. Cəmiyyətdə
yüksək mövqe. Sağlamlıq. Şöhrət. Pul.
Onlar haqlı idilər.
Amma Hikmət də haqlı idi.
Sentyabr, 1958.
155
İZTİRABIN VİCDANI
Mən ölsəm sənə qurban
Sən ölmə, yazığam mən.
İki gündür ki, Moskvadayam. Dünən futbola getmişdim. Bu
gün səhər Puşkin muzeyindəyəm. Oradan çıxıb kənd təsərrüfatı
sərgisinə getdim. Üç–dörd saata qədər oranı gəzdim. Yağışa
düşdüm. Metro yaman basırıq idi. Şəhərə güc-bəlayla gəlib
çıxdım. "Bakı" restoranında nahar eləyib mehmanxanaya
gəldim. Yaman yorulmuşam. Kimsə qapımı döyür. Yəqin
Rafiqdir. Vay mənim halıma! İndi baş-beynimi aparacaq.
Gəldim, gəldim. Bu saat...
Gecə saat ikinin yarısıdır. Qonağım indi getdi. Rafiq deyildi.
Ondan yalnız hələ pəncərədən uçub getməmiş papiros tüstüsü,
bir də dolu külqabı qalmışdı. Bu bir neçə saat mənim həyatımın
ən qəribə, ən maraqlı, ən dolğun, ən həyəcanlı, ən iztirablı, ən
dəhşətli saatları idi. Bu bir neçə saat – tanımadığım, heç bir
vaxt görmədiyim bir adamla məni üzbəüz qoymuş bu saatlar
ömür selimin yatağını, fikir çayımın məcrasını dəyişdirdi, məni
başqa, tamamilə yeni bir adam etdi. Bu bir neçə saatda
gördüyüm və eşitdiyim şeylərin çoxu haqqında mən əvvəldən
də düşünürdüm. Bu dəyişikliklər, bu yeniləşmə mənim bütün
ömrüm boyu hazırlanır, püxtələşir, get-gedə yaxınlaşırdı.
Amma bir haldan başqa bir hala keçməkçün müəyyən bir
təkan, bir təsir, bir inqilab lazımdır. Bu bir neçə saat həyatımın
ən böyük inqilabı oldu.
İndi gecdir. Mən yorğun və əzginəm. Amma bilirəm.
Yuxlaya bilməyəcəyəm. Hələ çox həyəcanlı, çox pərişanam.
Bu bir neçə saatın tarixini oturub elə indi yazmalıyam.
Doğrudur, 50 il sonra belə mən bu axşamın ən kiçik təfərrüatını
da unutmayacağam. Lakin nə qədər tez yazsam, lim-həlim
dolmuş ürəyimi nə qədər tez boşaltsam, bir o qədər tez
156
asudələşər, rahatlanar dincələr, bəlkə də yata bilərəm.
Qapı döyüləndə elə bildim ki, Rafiqdir. Mənim yoldaşımdır.
Təsadüfən o da, mənimlə bir vaxtda Moskvadadır. Bəzən
mənim yanıma gəlir. Yaxşı oğlandır. Qızıl kimi. Bir nöqsanı
çox danışmaqdır. Adamın baş-beynini aparır. Özü də elə
mətləbsiz şeylər danışır ki, o səfər nə bilim "Dinamo"
komandasının 46-cı ildəki tərkibində hücumçuların
müdafiəçilərdən güclü olması barəsində uzun-uzadı bir tarixi-
nadir başlamışdı ki...
Ah, bağışlayın. Deyəsən, mən özüm də mətləbsiz danışıram.
Bütün bunların mətləbə heç bir dəxli yoxdur. Elədir. Yazımın
pərakəndəliyini bağışlayın. Mən bu saat elə haldayam ki...
Yenə söz uzandı. Nə isə...
Qapı döyüldü. Gələn Rafiq deyildi. Qapıdakı adamı
həyatımda birinci dəfə idi ki, görürdüm.
–Olar? – dedi:
–Buyurun.
–Bağışlayın, adınızı bilmirəm. Nə mən sizi, nə siz məni
tanıyırsınız. Amma mən sizinlə danışmalıyam.
–Buyurun içəri gəlin, – dedim.
Pəncərənin ağzında oturdu. Kasıb geyinmişdi. Qara,
bəzəksiz ucuz çəkməsi, gen balaqlı köhnə boz şalvarı, zövqsüz
tikilmiş qara pencəyi vardı. Təmiz, lakin nimdaş köynəyinin iki
üst düyməsi açıqdı. Tüklü sinəsi, tünd rəngli maykası
görünürdü. Qara sıx saçlar, qabarlı və qaba əllər...
Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yorğun
çöhrəsində dərin qırışlar, əzab izləri onun sifətini qoca
göstərirdi. İztirab izləri sönük gözlərində daha çox qalmışdı.
Pəncərənin yanında oturdu. Deyəsən, bunu demişdim.
Gözlərini aşağı dikdi.
Kirpikləri örtülmüş kimi görünürdü. Bir neçə müddət
dinmədi. Mən hətta elə bildim yuxuya getmişdir. Təəccüb məni
bürümüşdü. Astadan ösgürdüm. Kirpiklərini aramla qaldırdı.
Sonra məni heyran qoyan bir cəldliklə yerindən sıçradı, adətkar
157
bir hərəkətlə əllərini pencək ciblərinə döydü, sağ cibindən
çıqqıltını eşidib kibriti çıxardı, mənə təklif etmədən papiros
yandırdı və əsəbi halda gəzişməyə başladı. Bayaq qapıda
durduğu vaxt üzünün utancaq ifadəsiylə indi əsəbi ifadəsi
arasında sonsuz bir kontrast vardı. Bütün axşam ifadəsi min
dəfə dəyişən bu adamın üzü sanki təzadlardan yapılmışdı. Gah
uşaq kimi utancaq, gah dəli bir ehtirasla yanan, gah mehriban,
gah qəzəbli, gah kinli, gah yaltaq, gah xoş, gah məsum, gah
məğrur, gah yazıq.
Bir müddət gəzişdikdən sonra mənim qabağımda dik
dayanıb qəfildən soruşdu:
–O oğlan nəyinizdir?
–Hansı oğlan?
–O bayaq sərgidə danışdığınız. – Mənim gözümü
döydüyümü görüb daha da əsəbiləşdi. – Azərbaycan
pavilyonunda, qaraqaş, qaragöz, ünvanınızı ona verdiniz.
–Hə, Firuz?
–Bilmirəm.
–Yoldaşımdır. Siz onu tanıyırsınız?
–Mən heç kəsi tanımıram, – dedi.
Mən susdum. O yumşaq bir səslə:
–Məni bağışla, – dedi. – Qoy sən deyim. Çünki oğlum
yerindəsən. Olar?
–Neynək.
–Bayaq sən o oğlana ünvanını verəndə eşitdim. Ünvanı
yadımda saxladım. Gəldim səni tapdım.
–Məni tanıyırsınız?
–Dedim ki, heç kəsi tanımıram, – o yenidən əsəbiləşdi.
Mən onu qovmaq istədim.
–Bayaq sərgidə mən nədənsə sənə diqqət yetirdim. Sən
mənə çox fikir vermədin. Lakin mən sənin dalına düşüb bütün
sərgini gəzdim. Sən mənim oğluma oxşayırsan.
Mən bilmirdim nə deyəm. Nədənsə başıma:
–Oğlunuz da buradadır? – sualı gəldi. Kişi bic–bic
158
gülümsündü. Birdən güzgüdə öz–özünə göz vurub qəh–qəh
çəkdi.
–Yox, oğlum uzaqdadır, – dedi.
Sonra qəfildən ciddiləşdi. Yenidən dərin iztirab izləri üzünə
çökdü. Keçib əvvəlki yerində, pəncərənin qabağında oturdu.
Kirpikləri örtüldü. Araya sükut çökdü. Az sonra qəbir sükutu
çökmüş otağın sakitliyini güclü bir səs qılınc kimi yardı.
–Oğlumu öldürdülər,– deyə qonağım çılğın bir səslə çığırdı.
Və yenidən susdu. Mənə elə gəldi ki, o ağlamsınır. Nə
edəcəyimi bilmirdim. O, başını qaldırıb mənasız nəzərlərlə
mənə baxırdı.
–Siz Bülbülü sevirsinizmi?
Mən deyəsən qonağımın gözlənilməz suallarına alışmağa
başlamışdım. Odur ki, təəccüblənmədən:
–Sevirəm, – deyə dərhal cavab verdim.
–Mən o saat gördüm. Azərbaycan pavilyonunda Bülbülün
səsini eşidəndə sizin üzünüzə sevinc çökdü. – Sonra o əlavə
etdi – yəqin ki, o da Bülbülü sevərdi.
Mən kimin haqqında danışdığını təxmin etdim. Yarasını
təzələməməkçün soruşmadım.
Yenə sükut çökdü. Sonra o yenidən danışmağa başladı:
–Yaxşı, balam, camaat sərgiyə, eksponatlara, kənd
təsərrüfatı məhsullarına, cədvəllərə, şəkillərə baxmağa gəlir.
Sizin isə gözünüz adamlarda idi. Sərgiyə baxanlarda. Mən
diqqət yetirdim.
–Nə bilim vallah, mən sərgiyə də tamaşa edirdim.
O sanki mən deyəni eşitmədi.
Gözünü divarda bir nöqtəyə zilləyib:
–Elə onunçün də mən sizin ünvanınızı yadımda saxladım,
yanınıza gəldim, – dedi. – Mən gördüm ki, sən hər şeydən
qabaq insanlarla maraqlanırsan. Sən çox irəli gedəcəksən, –
deyə o inamla əlavə etdi.
Mən sıxıntı çəkirdim. Təvazökarlıqla:
–Yox, mən... – deyə kəkələdim.
159
O, mehriban və nəvazişlə:
–Yox, oğlum, – dedi, – bundan utanmaq lazım deyil. İnsanın
insana marağı, diqqəti, lazım gələrsə, köməyi və yardımı,
müdafiəsi həyatın ən gözəl mənasıdır. Təəssüf ki, bəziləri
rəqəmlər ardında insanları unudurlar.
–Elədir, – dedim, – elə mən də belə düşünürəm.
Ondan dəhşətli, arasıkəsilməz bir gülüş şəlaləsi axdı. Mən
diksindim. Sakit olduqdan sonra:
–Elə mən də bu saat onu düşünürdüm, – deyə ağzımı əydi. –
Mərhum Cəfər sizdən "Sevil" əsərində yaxşı yazıb, – dedi. –
Ay hay. Sən keçən qızların ayaqlarına baxdın, mən də sənə aşiq
oldum ki, gör necə insanlara qarşı diqqətlidir. Ha, ha, ha! –
yenidən arasıkəsilməz, sitizə bir gülüş – Bu insanlara maraq
göstərir, kömək haqqında düşünür. Hələ ağzının südü
qurumayıb. Sən nə bilirsən insan nə deməkdir. Mən sənin
ünvanını götürdüm. Mən bura sənə könlümü açıb tökməkçün
gəlmişəm. Lakin qürurlanma! Bu sənin xüsusi bir məziyyətin
olduğundan deyil. Mən kiməsə danışmalıyam. İçimdəkilər
məni boğur. Mən kiməsə ürəyimi açmalıyam. Sənin mənimçün
heç bir əhəmiyyətin yoxdur. Mən divara da danışa bilərəm.
Qulaq as.
Mən son dərəcə soyuq bir səslə:
–Bura baxın, – dedim. – Mən məşğulam. Cəfəngiyyata
qulaq asmağa vaxtım yoxdur. Gedin, divara danışın.
Pərtləşdiyimi büruzə verdiyimçün daha da hirslənirdim.
Gözlərində yalvarıcı bir ifadə əmələ gəldi. Yaltaq bir
ədayla:
–Zarafatdan incimə, – dedi. – Sən mənim oğlum yerindəsən.
Dinlə məni! Yalvarıram. Mən üç ildir ki, bir adam gözləyirəm.
Üç ildir ki, həsrət məni dalayır. Eh nə üç il, iyirmi il, iyirmi beş
il, bilmirəm neçə il. İllərin hesabını itirmişəm. Bura,
tanımadığım bir adamın yanına gəlmək, yaralı həyatımı
danışmaqçün cəsarət lazımdır. Bu cəsarətə mənə yarım şüşə
konyak vermişdir. Sən dəli və dərdli, həm də üstəlik sərxoş bir
160
qocanı bağışla, oğlum. İstəyirsən mən sənin əlindən öpüm.
Kişi qarşımda diz çöküb öpməkçün əlimi dartdı. Mən ilan
vurmuş kimi sıçradım. Kişinin qolundan tutub qaldırdım.
–Siz nə edirsiniz. Məni bağışlayın. Mən sizi lap üç gün, üç
gecə dinləməyə hazıram, – dedim.
–Oğul, məni dinləyən, məni anlayan, məni bağışlayan, başa
düşüb bağışlayan bir adamı tapmaqçün mən lap dünyanın o
başına getməyə və orada onun ayaqlarını öpməyə hazıram.
Masamın üstündə Bakının mənzərələri vardı. Qonağım
dalğın-dalğın götürüb baxdı və dərhal yerinə qoydu.
–Bu şəkil komplekti məndə də var, – dedi. – Almışam,
amma baxmağa ürəyim gəlmir. – O xəfif gülümsündü. – Bildir
mənə Bakıya getməyi təklif etdilər. Mənim Bakının şəkillərinə
baxmağa ürəyim gəlmir, onda ki, ora hələ gedəm də.
–Siz burada olursunuz? – deyə soruşdum.
–Yox, uzaqda, Uralın şimalında yaşayıram.
–Bakıdan çoxdan çıxmısınız?
–Hə, belə iyirmi il olar.
–Haradaydınız? – deyə mən ehtiyatsızlıqla soruşdum.
O, xəbiscəsinə güldü, sonra tam bir ciddiyyətlə:
–Kurortda idim, – dedi, – iyirmi illik sanatoriya var.
Ordaydım.
Mən təəccüblə baxdım. Zarafat etdiyini zənn etdim, lakin
onun üzü əvvəlki kimi ciddi idi.
–Orda revmatizm və tuberkuloz qazandım. Üç il bundan
qabaq qərara gəldilər ki, səhhətim lap yaxşıdır, daha məni
Dostları ilə paylaş: |