***
Səhər mən hekayəni qəzetə apardım. Redaktor oxudu və
dedi:
–Bilirsən İlyas, pis deyil, hekayə mənim xoşuma gəlir.
Amma özün başa düşürsən də çap eləyə bilməyəcəyik.
–Niyə?
105
–Bir çox səbəblərə görə…
–Axı hansı səbəblərə görə?
Redaktor fikrə getdi. Sonra mənə yanaşıb əlini çiynimə
qoydu:
–Yaxşı, elə birinci ondan başlayım ki, sənin bu qəhrəmanın
Vüsaldı, Görüşdü nədi, əgər bu arvadını sevmir, niyə onunla
evlənib?
Mən dedim:
–Hekayə də elə bu barədədir. O Pərişanla təsəlli tapmaqçün,
ilk eşqini – Dənizəni unutmaqçün evlənib. Amma bir gün
məlum olur ki, onu nə unuda bilmişdir, nə də təsəlli tapa
bilmişdir. Bu rahatlıq, dinclik, səadət hamısı yalan üzərində
qurulubmuş. O…
Redaktor sözümü kəsdi:
–Yaxşı bu Vüsal dediyin Dənizəni sevirmişsə niyə elə onu
almayıb? Buna nə mane olub? Dənizə kimdir? Biz onun
haqqında heç bir şey bilmirik.
Mən redaktorun təklif etdiyi papirosu götürüb damağıma
qoydum.
–Bu məsələnin hekayəyçün bir əhəmiyyəti yoxdur – dedim.
İstəyirsən mən yetmiş iki min səbəb ya maniyə tapım ki, niyə
Vüsalla Dənizə evlənməmişlər. İstəyirsən Dənizənin bütün
tərcümeyi–halını yazım. Kimdi. Nəçidi. Amma bütün bunların
hekayəyə dəxli yoxdur.
–Niyə?
–Çünki hekayə Dənizə haqqında, Vüsalla Dənizənin nakam
məhəbbətləri haqqında deyil. Hekayə Vüsal haqqındadır.
Sevmədiyi bir qadınla "rahət, dinc, xoşbəxt" həyat qurmuş bir
kişi haqqındadır. Günlərin bir günündə onun qəlbində
boğduğu, boğmağa çalışdığı hisslər baş qaldırır, onun yalançı
sakitliyini pozur, dəlicəsinə sevdiyi bir qadının eşqi qarşısında
heç bir şey dayana bilmir. O, çətin yolla, böyük qurbanlarla əsl
səadətinə doğru gedir.
Redaktor fikrə daldı. Sonra yenidən gözlərini mənə zillədi.
106
–Bunlar hamısı çox gözəl. Amma məsələ ondadır ki, bu
adamı inandırmır. Çünki səciyyəvi deyil. Həyat həqiqəti
yoxdur. Yaxşı, İlyas öz aramızdır, axı hansı kişi sənin
qəhrəmanın kimi birdən-birə heç bir şey olmadan ailəsini,
dincliyini, bir sözlə hər şeyi atıb başqa bir qadının dalınca
cumar. Nə var, nə var radiodan muğamat eşidir. Yaxşı tutaq ki,
radio musiqi verməyəydi onda…
Mən dedim:
–İş radionun verdiyi musiqidə deyil. Radionu söndürmək
olar. Çətini qəlbdə oyanan, könüldə çalınan musiqiylə
bacarmaqdır.
–Harda çalınır çalınsın. Heç bir kişi belə hapdan-lapdan
küçəyə atılmaz. Həyatda belə şeylər olmur.
Mən dedim:
–Yox, bəzən olur. Mən bir kişi tanıyırdım. Ailəsi, arvadı,
hətta uşağı vardı. Bax o da beləcə bir gün lap mənim
qəhrəmanım kimi hər şeyi atıb küçəyə cumdu. Uzun zaman
küçələri veyilləndi və telefon budkasına yanaşdı.
Aralığa sükut çökdü. Redaktor dalını gözləyirdi. Mən
susdum. Nəhayət redaktor soruşdu:
–Yaxşı avtomata getdi, sonra nə oldu.
Mən dedim:
–Sonra? Sonra üç şahılıq çıxarıb avtomatın yarığından
atdı… Dəstəyi götürdü. 3 çəkdi. Sonra məsələn 2 … Sonra 5.
Yenidən araya sükut çökdü.
Redaktorun lap səbri tükənmişdi:
–Yaxşı bəs sonra nə oldu? Dalı nə oldu?
Mən çırtmayla papirosumun külünü tökdüm və dedim:
–Nə oldu? Heç nə. Kişi dəstəyi asıb evinə qayıtdı.
Redaktor sevindiyindən az qaldı atdanıb-düşsün. Onun
gözləri parlayırdı. Elə bil onun öz arvadı belə fikirlərə düşüb
sonra evə qayıtmışdı.
–Bax görürsən? Bəs mən nə deyirəm?
O, məni öz silahımla məğlub etdiyinə sevinir və mənə
107
rəhmdillik göstərirdi:
–Yox, mən demirəm. Belə fikir hər adamın, hər kişinin
başına gələ bilər. Amma həmişə adam özünü ələ almağı da
bacarır. Şüurla hərəkət eləyir. Ürəyə çox da aludə olmur. Ürək
quş kimi bir şeydir. O, daima uçmaq, pərvaz etmək istəyiylə
çırpınır. Amma onun üstündə çox böyük yük var. Əqlin,
məsuliyyətin, rəylərin, tanışlıqların, öyrəncəli həyatın yükü. O
bu yükləri atıb uça–qaça bilmir.
Bizim redaktor cavanlıqda şer yazırmış. O mənim
hekayəmin üstündən qələm çəkmək istəmirdi. O mənə kömək
eləmək istəyirdi.
–Bilirsən nə var. Qoy sənin qəhrəmanın da belə fikirlərə
düşsün. Küçəyə çıxsın. Telefonla zəng eləsin. Nömrənin
yarısını yığsın. Lap qoy axıracan yığsın. Əziz səsi eşitsin, sonra
telefonu assın.
Mən dedim:
–Səsi eşitsə telefonu asa bilməz.
–Yaxşı onda elə nömrəni yığıb assın. Evinə, ailəsinin yanına
qayıtsın. Başa düşsün ki, onun səadəti məhz ailəsindədir. Onda
hekayənin ideyası da düzgün olar: İnsanda olan məsuliyyət
hissi onun eqoist istəklərinə qalib gəlməlidir. Elə deyilmi?
Mən dedim:
–Elədir – və özüm də təəccüb elədim ki, bu cür sadə və
aydın ideya nədənsə mənim başıma gəlməmişdi.
–Yaxşı onda get, hekayənin axırını düzəlt, çap eləyək.
Mən ayağa durdum. O məni qapıyacan ötürdü. Ona elə
gəlirdi ki, hələ məni tamamilə qane edə bilməmişdir.
–Yox bilirsən, nə qədər həyata oxşasa bir o qədər yaxşıdır.
Axı həyatda heç kəs bu cür gedib zəng eləmir.
Mən dedim:
–Düzdür. Zəng eləmirlər. Eləyəndə də nömrəni yarıya qədər
çəkib asırlar.
Mən evə gəldim. Hekayəni bir də oxudum. Əvvəlinə
dəymədim. Vüsalın nömrənin yarısını çəkdiyi yerdən ta axıra
108
qədər hamısını pozdum. Əvəzinə belə yazdım:
"Vüsal telefonun dəstəyini asdı və evə qayıtdı. O başa düşdü
ki, onun səadəti məhz ailəsindədir. Ondakı məsuliyyət hissi
eqoist istəklərinə qalib gəldi.
Mən əlyazmamı kənara qoydum. Papiros yandırdım.
Masamın ardından durmaq istəyirdim ki, Vüsal dedi:
–Yox, mən evə qayıtmadım.
–Nə? Necə yəni qayıtmadın?
–İndi ki mən orda telefonu asdım, onda çıxıb o biri
avtomatdan zəng elədim.
Mən dedim:
–Qərənfilə
–Yox, Dənizəyə.
Vüsal dedi:
–Məsələ adda deyil. Mən onsuz yaşaya bilmirəm. Əgər məni
məcbur eləsələr ki, mən evə qayıdım, nə olar, sabah zəng
elərəm. Ya biri gün, ya bir ay sonra.
Mən dedim:
–Axı redaktor…
Vüsal dedi:
–Mən redaktor–zad tanımıram. Redaktorun nə həddi var
mənim həyatıma qarışır. Görəsən sənin o redaktorun başa
düşmür ki, bir qadını həyatından artıq sevmək nə deməkdir?
Mən dedim:
–Nə bilim. Deyirlər o arvadını yaman çox istəyir. Hər dəfə
işdən qayıdanda ona marmalad alır.
–Bunun mətləbə dəxli yoxdur.
–Elədir. Amma əsas məsələ odur ki, həyatda belə olmur.
Vüsal dedi:
–Həyat sizə qalsın. Mən əsər qəhrəmanıyam. Həyatda
olmur, qoyun heç olmasa kitablarda olsun.
Radio veriliş başladı. Yox, deyəsən, radio deyildi, televizor
idi.
Mən dedim:
109
–Yaxşı, qoy sən deyən olsun. Nə cür istəyirsən o cür hərəkət
elə.
Vüsal dedi:
–Biz bir daha görüşməyəcəyik. Mən Qərənfilin yanına
gedirəm.
Mən dedim:
–Dənizənin. Niyə çaşdırırsan? Dənizə – bir gör nə gözəl
addır.
–Ən gözəl ad sevdiyinin adıdır.
Mən dedim:
–Düzdür. İndi ki, belə oldu, məndən Qərənfilə salam de.
–Yaxşı. Əlvida.
–Gülə–gülə.
Mən pozduğum yerləri təzədən yazdım. Hekayənin axırına
isə bu cümləni əlavə etdim: "O gedirdi, çünki getməyə
bilməzdi. Ayrı nə etsəydi yalan olardı, saxta olardı".
Sonra mən hekayəni bir də başdan ayağadək oxudum. Sonra
cırıb zibil qutusuna atdım. Zibil qutusu meyvə qabıqlarıyla
dolu idi. Kağız parçaları yerə səpələndilər. Mən onları
yığışdırdım və qaz piltəsində yandırmağa başladım. Mən
kağızların necə yanmasına tamaşa edirdim. Onlar büzüşürdü,
sonra qanrılıb qalxır, sonra kül olub sovrulurdular.
Mən oda baxırdım. Orda mənim hekayəm yanırdı. Eşq
haqqında, bir də puç xəyalar haqqında yazdığım hekayə. Ədəbi
gedib–qayıtmayacaqdan danışan hekayəm. Bütün kağızlar
qaraldı. Bir kağız parçasının bir tərəfi qalmışdı. Mən onu
götürdüm. Yalnız bir neçə hərf hifz olunmuşdu. "Duuuu…….
Duuuuu……..Du".
O biri otaqdan Sürəyyanın səsi gəldi:
–İlyas çay içmək istəyirsən?
Mən dedim:
–Hə. Pis olmazdı.
Balaca Solmaz çağırdı:
–Ata gəl televizora baxaq.
110
–Gəlirəm qızım.
Deyəsən televizorda maraqlı kino göstərirdilər.
Görərsən bu gün "Baharda" nə gedir. Seans yəqin ki 8.30-
dadır. Hava qaralanda.
Payız 1959-cu il.
Bakı
111
ASQILIQDA İŞLƏYƏN QADININ SÖHBƏTİ
Bizim idarədə, ağrın alım, beş yüzə qədər işçi var. Hərənin
də bir cür, bir fason paltosu var. Mod deyirsiniz, nə deyirsiniz.
Amma, allaha and olsun, hamısını bircə-bircə tanıyıram.
Nömrə-zad olmasa da, heç vədə birinin paltosunu
başqasınınkiynən dəyişik salmaram. Da, ay bala, yeddi ildi
burda işləyirəm, elə olacaq dana.
Hələ, desəm bəlkə inanmayasan, hansı paltonu harda asmağı
da bilirəm. Görürsən, məsəlçün kim ki, kimnən bir səmtdə olur,
onlar elə işə də bir gəlib gedirlər. Odu ki, onların elə paltolarını
da yan-yana asıram. Hə, sözüm onda deyil... Bu əhvalat ki,
danışıram, yəni əhvalat deyəndə, bir əhvalat da yoxdu.
İki-üç il bundan əvvəl, bax, bu yeri ki, görürsən, indi ora
meşin palto asmışam ha, bax, həmişə o nömrəyə iki palto
asırdım. Paltoların rəngi də yadımdadı. Arvad paltosu sarıydı,
özü də çox əntiqə şeydi. Kişi paltosu qaraydı. Özü də köhnə,
nimdaş: qolu-zadı getmişdi.
Mən burda işləyəndən bəri bu iki paltonu bir təhvil almışam,
bir qaytarmışam. Görürsən, ildə-ayda bir dəfə elə düşürdü ki,
işə gəlmirlərdi. Gəlməyəndə ikisi də gəlmirdi. Elə bil
azarlayanda da bir yerdə azarlayırlardı. Bilmirəm də, ay bala,
ər-arvaddılar yainki yar-yoldaş. Hər nəysə, mən ki, o paltoları
bir dəfə də ayrı asmadım.
Hə, bir dənə də şərfləri vardı, belə ağ yun şərflər olur e, kişi
şərfləri. Hə, bax ondan bir dənəsi vardı. Həmişə onu kişi
paltosunun cibində təhvil alardım. Amma soyuq. olanda o şərf
arvad paltosunun üstündə gələrdi.
Mən əvvəl sarı paltonu alıb altdan asardım, ustündən də qara
kişi paltosunu.
Ay keçirdi, il keçirdi, bu paltolar bir gəlirdi ki, bir gəlirdi.
İstəyir işə tez gəlsinlər, istəyir gec, həmişə mən bax bu yeri
112
onlarçün saxlayırdım. Görürsən bəzi günlər heç paltoların
çoxuna yer olmurdu, onlar da heç görürsən, o gün işə
çıxmayıblar. Amma mən bu yeri boş qoyurdum, bilmirəm, ay
bala, nəyə görəsə o yerdən ayrı palto asmağa ürəyim gəlmirdi,
qıymırdım.
Hə, bir dənə də ayrı, mixəyi kişi paltosu vardı. Onu da
həmişə tək asardım. Həmişə paltonu tək verərdi, bilirdim ki,
adama yovuşmazdı. Bu idarədə bir tanışı, bir dostu, aşnası
yoxdu ki, onunla bir yerdə gəlsin ya bir yerdə getsin. Bu
mixəyi palto nədən belə yaxşı yadımda qalıb: bu palto çox
təzəydi, özü də bahalı parçadandı. Amma heç vaxt asqısı
olmazdı. Neçə dəfə demişdim, tikdirmirdi ki, tikdirmirdi.
Axırda bir gün hövsələm çatmadı, götürüb özüm tikdim.
Nə isə, sözüm onda deyil... Günlərin bir günündə səhər
işçilərin paltolarını alırdım. Yaman da basırıq idi, heç fikir
vermirdim nəyi hara asıram. Gücbəlayla çatdırırdım. Aralıq bir
az sakitləşəndən sonra gördüm ki, balam, deyəsən sarı paltonu
həmin o mixəyi paltoynan asmışam. Dedim, hə, yəqin çaş-baş
salmışam. Qaranı mixəyinin yerinə asmışam. Getdim, baxdım,
gördüm yox, qara palto heç yerli-dibli yoxdu.
Səhərisi gün yenə belə, sarıynan mixəyini bir verdilər.
Üç–dörd gün elə belə keçdi, bir gün gördüm, qara paltolu da
gəlib öz paltosunu uzatdı. Tək verdi, mən də ayrı asdım.
Neyləyəydim, a bala, ta bir yerə üç palto asa bilməzdim ki. O
gün də yaxşı yadımdadı, bir az yağış yağmışdı. Yağış yağırdı
deyəndə, heç ağıllı–başlı yağmırdı da, elə balaca çisələyirdi.
Bütün paltolar azacıq islanmışdı, amma qara paltonu elə bil
suya salıb çıxarmışdılar.
Bir müddət keçdi. Bir aya kimi. Bir gün qara paltolu mənə
yanaşdı, qızın paltosunu istədi. Bilirsən, bala, bizdə belə qayda
var: kim ki, hansı nömrəni verir elə həmin paltonu da alır. Lap
istəyir atam oğlu, qardaşım olsun, nömrəsiz ona palto
vermərəm. Həm də ki, özgəsininkini. Amma buna ürəyim
gəlmədi. Qıymadım. Dinməz-söyləməz qızın sarı paltosunu
113
ona uzatdım. Aldı, baxdı, baxdı... Sonra qaytardı. Çıxdı getdi.
Bundan sonra bir də onu görmədim.
18 dekabr 1959
114
KEÇƏN İLİN SON GECƏSİ
Həmişə olduğu kimi indi də Həmidə xala yeni ili öz
evlərində qarşılayırdı. Onun yaşı əllini çoxdan ötmüşdü. Yeni
ili qarşılamaq dəb düşəndən bəri o, yalnız bircə dəfə, dekabrın
otuz birində öz evlərində olmamışdı. O da təsadüfən; Həmidə
xala əri Qəzənfərlə Moskvadan qayıdırdı. İş elə gətirdi ki,
Mahaçqaladan bir az bəri qatarı saxladılar. Yolu qar basmışdı.
Başqa sərnişinlər kimi Qəzənfərlə Həmidə də qırx yeddinci ili
qatarda qarşılamalı oldular.
Əlli ikinci ildə isə Qəzənfər vəfat elədi.
Həmidə xalagilin dörd uşağı vardı. İki yaşında vəfat eləmiş
Sahib də dursaydı, beş olardı.
Böyüyü qız idi – Gülarə. Ondan kiçiyi – Rüstəm. Sonra
Dilarə, bir də sonbeşik – Tofiq.
Gülarə ərdə idi. Əri Süleyman həkim idi. Gülarə ilə
Süleymanın uşaqlarının adı Vaqif idi. O, yaşyarımında idi.
Tofiqin on dörd, Dilarənin on yeddi, Rüstəmin iyirmi bir,
Gülarənin iyirmi beş yaşı vardı.
Gülarədən başqa bütün uşaqlar evdə Həmidə xala ilə bir
yerdə yaşayırdılar.
Keçən ilin son gecəsi idi. Saat doqquza on beş dəqiqə
qalırdı.
Həmidə xala mətbəxdə idi. Plov bişirirdi.
Tofiq tez-tez telefonla danışır, hərdənbir mətbəxə, anasının
yanına gəlirdi.
–Ana, Seyran da gələcək.
–Seyran kimdi, a bala?
–O sənin xoşuna gələn oğlan var ha. Deyirdin həmişə
səliqəylə geyinir.
–Hə. Lap yaxşı.
Tofiq həyəcanlı idi. Həyatında ilk dəfə yeni ili öz
115
"kompaniyası" ilə qarşılayırdı. "Kompaniya" oxuduğu
məktəbin səkkizinci sinif şagirdlərindən ibarətdi. Uşaqlar iki-
üç ay əvvəldən söz qoymuşdular ki, yeni ili yığışıb bir yerdə
qarşılasınlar.
Tofiq:
–Gəlin, bizdə yığışaq, – deyə təklif etmişdi. – Bizdə
anamdan başqa heç kəs olmayacaq. O da bizə mane olmaz.
–Bəs böyük bacın, qardaşın?
–Onlar heç vaxt yeni ili evdə qarşılamırlar.
Tofiq böyük bir sirr açırmış kimi anasına xəbər verdi ki,
siniflərinin qızları da öz valideynlərindən icazə alıblar, yeni ili
Tofiqgildə qarşılayacaqlar. Tofiqin mərhum atasını – adlı–sanlı
neft ustası Qəzənfəri hamı tanıyırdı.
–Ana, bəlkə Vasifin bacısı da gəldi. O, bizim sinifdə
oxumur, amma qardaşıyla o da gəlmək istəyir.
–Nə olar, oğlum, qoy gəlsin, gözümüz üstündə yeri var.
–Bəs xörək çatar?
Həmidə xala gülür:
–Çatar, çatar, lap on beş nəfər də artıq olsa çatar.
Tofiq yenidən kiməsə zəng eləyir və nə barədəsə uzun-uzadı
danışır. Dəstəyi asır, sonra başqasına zəng eləyir. Yenə uzun-
uzadı danışır, asır. Sonra onun özünə zəng eləyirlər. Danışır,
danışır... Ona elə gəlir ki, bu "kompaniyanı" bir yerə yığmaq
son dərəcə mürəkkəb və bəlkə heç baş tutmayan bir işdir: biri
gec gəlmək istəyir, biri tez, biri uzaqda olur, biri Tofiqgilin
evini tanımır, birinin telefonu yoxdur, biri də gəlməyə utanır.
Elələri də var ki, birdən-birə, gözlənilmədən, görürsən
gəlməkdən imtina edirlər. Ən çox naz edən, əlbəttə, qızlardır.
–Ana, görürsən, Firəngiz gəlmək istəmir.
–Niyə?
–Deyir mən elə bilirdim özümüz olaçağıq. Sənin böyük
qardaşından, bacından utanıram.
– Yaxşı, neyləyək, a bala?
Tofiq acıqla otaqlara – Rüstəmlə Dilarə səmtinə baxır.
116
–Ayrı vaxt evdə oturmazlar. Bilmirəm bu gecə nə olub.
Hamısı yeni ili evdə qarşılamaq istəyir, – deyə Tofiq
şikayətlənir.
Həmidə xala gülümsünür:
–Neyləyək, a bala, güclə evdən qova bilmərik ki.
Tofiq məyus–məyus mətbəxdən çıxır və yenidən zəng
eləyir. Yeni danışıqlar, vədələşmələr...
Dilarə Tofiqə acıqlanır:
–Bəsdi telefonu icarəyə götürdün. Bəlkə bura zəng eləyən
var.
Qəribədir ki, Dilarə bu axşam evdədir. Axır dörd–beş ildə
birinci dəfədir ki, Dilarə yeni il gecəsi evdə qalıb. Hətta
Rüstəm də evdədir. O, yeni ili axırıncı dəfə evdə qarşılayanda
hələ atası rəhmətə getməmişdi.
Qəzənfər sağ olanda onların evlərində yeni il hay–küylə
qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra ailə
iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm
dostları, yoldaşlarıgilə gedərdi. Həmidə xala, balaca Dilarə və
Tofiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il
axşamları Dilarə də getməyə başladı. İndi də Tofiqin növbəsi
çatmışdı. Lakin bu gecə hamı evdə idi. Gülarədən başqa.
Gülarəgil yəqin ki, qaynatasıgildə olacaqdılar. Bir də Qəzənfər
yox idi. O, yeddi ildi ki, vəfat eləmişdi... Gülarə evdə qalsaydı,
ailənin bütün üzvləri bir yerə toplanmış olardı. Amma heç vaxt
belə olmur. Həmişə kimsə çatışmır.
Divar saatı doqquzu vurur. Tofiq son danışıqlardan sonra
mətbəxə girir. O, bir qədər pərt və intizarlıdır.
–Nə olub, Tofiq, qonaqlarını yığa bilmirsən?
–Yox əşi...
Tofiq sözlü adama oxşayır.
–Axı, nə olub?
Nə qədər çətin olsa da, o kəsilə-kəsilə, utana-utana deyir:
–Bilirsən, ana... Rauf deyir ki, bizə gəlin. Onun atası, anası
harasa gedirlər. Ta səhərə qədər. Biz özümüz olacağıq. Lap tək.
117
Bunu demək ona nə qədər çətin gəlirdi.
Həmidə xala onun başını sığallayır.
–Nə olar, oğlum, indi ki, istəyirsən, orda yığışın, nə olar?
Tofiqin gözləri işıldayır. Hiss edir ki, anası inciməmişdir.
–Amma orda yeməyiniz–zad olacaq?
–Hə, əşi, – deyə Tofiq şən cavab verir. – Bir şey taparıq.
Konservdən-zaddan.
–Bıy, bıy, başıma xeyir! Konserv–zad nədi? Qoy bu aşdan
bir az çəkim, apar.
–Yox, ana, əşi aşı neyləyirik ey. Qoltuğuma qazan vurub
aparsam məni dolayarlar.
Həmidə xala gülümsünür.
–Yaxşı, get.
Doğrudan da aşı neyləyirlər. Orda konserv yeyəcəklər və
özlərini sərbəst, xoşbəxt hiss edəcəklər. Burda aş yeyəcək,
amma özlərini sərbəst hiss eləməyəcəklər. Bir az yalandan
gülüşüb erkən dağılışacaqlar.
Bir az sonra Tofiq anasını bərk–bərk öpüb gedir.
Rüstəm yatıb. Hər halda gözləri yumuludur. O, öz otağına
çəkiləndə anasına: "Mən yatıram, məni oyatmayın", – demişdi.
Həmidə xala bu yeni il "yatmağının" səbəbini çox gözəl bilirdi.
Bir həftə idi ki, Rüstəm nişanlısı ilə küsmüşdü, hər ikisi acıqca
bir–birinə zəng eləmirdilər.
Dilarə özünə iş tapa bilmir, otaqdan otağa keçir, köhnə
jurnalları varaqlayır, televizora baxır. O nigarandır. Tez–tez
telefona yanaşır. Lakin telefon susur.
Həmidə xala mətbəxdə əlləşir.
Bir azdan zəng çalınır. Həmidə xala qapını açır. Qapıda
Gülarə, bir də əri Süleyman dayanmışlar. Süleymanın
qucağında Vaqif.
–Gəlin, gəlin, xoş gəlmisiniz.
–Xoş gördük.
–İçəri keçin, mən bu saat gəlirəm.
Onlar paltolarını soyunub içəri keçirlər. Həmidə xala
118
düşünür: əgər Gülarəgil onca dəqiqə əvvəl gəlsəydi, o elə xəyal
edə bilərdi ki, bu yeni il gecəsi bütün ailə evdə olacaqdır. Nə
yaxşı olardı! Hətta, sonra Tofiq getsəydi də, onun gedəcəyi
məlum olmamışdan bir neçə dəqiqə əvvəl, Həmidə xala nə
sevinərdi! Hayıf ki, Gülarəgil Tofiq gedəndən sonra gəldi.
Həmidə xala əlini yuyur, silir, otağa– qonaqların yanına
keçir. Ordan–burdan söhbət eləyirlər.
–Sizdən nə əcəb belə?
–Niyə nə əcəb, gəldik sənin yeni ilini təbrik edək.
–Çox sağ olun.
Saat onun yarısını vurur.
Birdən qapının zəngi çalınır. Gələn Dilarənin məktəb
yoldaşı Leyladır. O töyşüyə–töyşüyə danışmağa başlayır:
–Dilarə bilirsən…
–Ay qız, bir nəfəsini dər görək, – deyə Həmidə xala onu
sakit edir. – Nə olub?
–Əşi, qaça–qaça gəlmişəm. Direktor deyir ki, bu saat
Dilarəni tap gətir. Heç onsuz müsamirə olar?
Dilarənin gözlərində gizlin sevinc oynayır. Lakin üzündə
soyuq ifadə var.
–Xeyr, bağışlayasınız. İndi Dilarə matah olub. Lazım
olsaydı əvvəldən proqrama salardılar. İndi görəsən kim
gəlməyib, onu əvəz eləməyə də adam yoxdur.
–Yox, ayzə, – Leyla onun fikrini dəyişməyə çalışır. – Ayzə,
direktor bilməyib ki, səni proqrama salmayıblar, biləndə
bilirsən necə acıqlandı.
Həmidə xala indi başa düşür ki, Dilarə niyə evdə imiş.
–Dur bu saat geyin, – deyə o qızına acıqlanır. – Naz vaxtı
deyil. Çağırırlar, get.
O bilir ki, Dilarə onsuz da gedəcək.
Doğrudan da, bir azdan Leyla ilə Dilarə vidalaşıb gedirlər.
Həmidə xala qonaqlardan üzr istəyib mətbəxə gedir. Bir
qədər sonra Gülarə də onun yanına gəlir:
–Ana, bilirsən, bizi Süleymanın bir yoldaşı çağırıb, gərək
119
ora gedək. Vaqif sizdə qalsın. Yaxşı?
–Nə deyirəm ki, qalsın.
–Mən özüm bu saat onu yatızdıracağam. Elə bərk yatır ki,
səhərəcən oyanmayacaq. Amma hərdənbir bax, üstünü
açmasın.
–Arxayın ol. Amma indidən niyə yatızdırırsan? Qoy qalsın
mənimlə, bir yerdə yeni ili qırşalayaq, sonra mən yatızdıraram.
–Əşi, o yeni il-zad nə qanır. Yuxusunun vaxtıdır, qoy yatsın.
–Yaxşı, neynək.
Gülarə otağa keçir. Onun və Süleymanın birgə səyi ilə Vaqif
yuxulayır.
–Yaxşı, ana, daha biz gedək. Gözləyirlər, yaxşı deyil. Gətir
bir üzündən öpüm, bax belə, hə, necə deyərlər, qarşıdan gələn
təzə ilin mübarək.
–Siznən belə, siznən belə.
–Xoşbəxt olun, Həmidə xala.
–Sağ ol, bala, sağ olun, çox sağ olun. İkiniz də xoşbəxt olun,
qoşa qarıyın.
–Xudahafiz.
–Xudahafiz, xudahafiz.
Qapı çırpılır. Həmidə xala öz-özünə:
– Xudahafiz, xudahafiz, sağ olun, xoş gəldiniz, – deyə-deyə
mətbəxə qayıdır.
O, on beş adamlıq aşı bişirməyə davam edir. Sonra birdən
nəyisə xatırlayır. Hə, Rustəm... Həmidə xala Rüstəmin otağına
girib onu silkələməyə başlayır.
–Rüstəm, ay Rüstəm!
–Hə.
–Oyan, yeni ildə yatmaq olmaz. Bütün ili yatarsan.
–Əşi, qoy görək sən allah.
–Bura bax, dur, tez deyirəm, dur!
–Nədir? Qoy yatım.
–Dur ey, sənnən işim var. Bura gəl.
–Nədi ki?
120
–Deyirəm işim var. Gəl mənə kömək elə.
Rüstəm həvəssiz yerindən qalxır. Həmidə xala onun
qolundan tutub o biri otağa aparır. Onlar telefona yanaşırlar.
Həmidə xala deyir:
–Götür zəng elə.
–Hara?
–Özün bilirsən hara.
–Yox.
–Deyirəm zəng elə! Bax, uşaqlardan heç biri, elə içi sən
qarışıqlı, heç vaxt mənim sözümdən çıxmayıb. Bu yeni il
gecəsi sözümü yerə salsan, ömrüm boyu səninlə barışmaram.
–Ana, vallah... yox... axı...
–Deyirəm zəng elə, qurtardı.
–Axı...
–Əgər istəyirsən ki, bu axşam ürəyimi qırasan...
Rüstəm tərəddüd edir.
–Mən lap ciddi deyirəm. Səndən elə inciyərəm ki...
Rüstəm dəstəyi qalxızır. Anasına baxır:
–Bax, ancaq sənin xətrinə görə...
"Qurtardı. Zəng eləyəcək". Həmidə xala balaca Vaqif yatan
otağa keçir. Telefonun fırlanan dairəsinin səsini eşidir. Balaca
Vaqif mışıl-mışıl yatır. Həmidə xala onun yanında əyləşir.
Rüstəmin səsi eşidilir.
–Hə... Salam...
Sükut. Buz kimi soyuq sükut.
–Görürsən ki, hə...
Sükut. Sonra istehza ilə:
–Yox əşi!
Həmidə xala düşünür. "Qız nə isə atmacalı söz dedi".
–Mən də həmçinin. Yüz faiz əmin ola bilərsən, – deyə
Rüstəm soyuq səslə dillənir. Çox təəssüf...
"Onlar niyə belə quru, soyuq, yalançı nəzakətlə, acı
istehzalarla danışırlar? Axı onlar bir–birini sevirlər".
Birdən Rüstəm pıçıltıya keçir. Həmidə xala heç bir şey
121
eşitmir. Bircə onu bilir ki, Rüstəm nə isə danışır, danışır. Özü
də indi onun səsində nə soyuqluq var, nə də istehza.
Sonra o, yenidən bərkdən danışmağa başlayır.
İndi bu yenə həmişəki Rüstəmdir. Mehriban! Həssas!
–Hə. Mən də deyirəm axı...
O şaqqıldayıb gülür.
Sükut. Lakin bu isti, mehriban bir sükutdur.
–Aha!..
Rüstəm əsnəyir. Onun əsnəməsində belə rahatlığı,
arxayınlığı hiss olunur.
–Nə var ki, sizdə?
"Yəqin ki, qız Rüstəmi evlərinə dəvət edir".
–Yox, bilirsən, anama demişəm ki, evdə olacağam.
Həmidə xala durub demək istəyir ki, zərər yoxdur, get,
amma nədənsə durmur.
–Nə bilim vallah. Sizdə kim olacaq?
Həmidə xala durmur. Çünki buna ehtiyac yoxdur. Rüstəm
onsuz da gedəcək.
–Yox, mənimki onlarla tutmaz. Özünüz tək olsaydınız...
"Ya getməyəcək?"
–Vallah özümü naza qoymuram. Bilirsən ki... amma yox,
onlardan mənim xoşum gəlmir.
"Getməyəcək".
–Sənin yeni ilini əvvəlcədən təbrik edirəm, sənə çoxlu...
"Getməyəcək. Lap yəqin getməyəcək".
Sükut. Uzun sükut.
–Deyirsən yəni gəlim?
"Ya gedəcək?"
–Yox, sabah səhər görüşərik...
"Getməyəcək".
–Yaxşı, yaxşı, yenə başlama. Görüm, bəlkə gəldim.
"Gedəcək".
–Hə, yaxşı, onda bir yarım saata.
"Lap yəqin gedəcək".
122
–Nə? Saat neçədir ki? On ikiyə iyirmi dəqiqə işləyib? Yaxşı,
gəlirəm!
Rüstəm dəstəyi asır və anasının yanına gəlir.
–Ana, bilirsən...
Rüstəmlə Tofiqin arasında yeddi yaş fərq var. Amma ikisi
də eyni cür pərtləşir. Qəzənfər yazığa oxşayıblar. O da
pərtləşəndə yanağı pörtərdi.
–Get, a bala, get... Məndən də çoxlu–çoxlu salam de.
Rüstəm kostyumunu geyib yenidən anasının yanına gəlir.
–Yaxşı, bəs colma–coçuq hardadır?
–Dilarə məktəblərinə getdi. Müsamirədə oxuyacaq, Tofiqgil
də yoldaşıgildə yığışıblar.
–Tofiqə bax ey, sən allah. Qudurasan qurbağa.
–Nə olub ki, yekə oğlandır da.
–Yaxşı, sən lap təksən?
–Yox, niyə? Budey Vaqif də bizdədir.
Rüstəm gülümsünür:
–Yaman kavalerin var. – Sonra birdən ciddiləşir. – Bu
olmadı da. Mən bilsəydim...
–Nə olacaq ki?
–Sən təksən də...
– Əşi, tək niyə oluram. O qıznan ikimiz oturub söhbət
edəcəyik.
Rüstəm təəccüblə soruşur:
–Hansı qızla?!
Həmidə xala tam bir ciddiyyətlə deyir:
–O televizordakı qızla.
Rüstəm gülür.
–Bir də, Rüstəm, bilirsən ki, mən axşamdan yatanam. Bir
azdan yerimə girib yuxulayacam. Siz gələndə qapını bərk
döyün ki, oyanım.
–Hə, sən yeni ildə oturan deyilsən.
Əlbəttə, Rüstəm o vaxt uşaq idi. Yadına gəlməz. Qəzənfər
sağ olanda onların evində yeni il məclisi səhər açılana qədər
123
dağılmazdı.
Rüstəm anası ilə görüşüb gedir.
Qəribədir. Mizin üstündə on iki adamlıq qab-qacaq var.
Tofiqgilin uşaqlarından bir neçəsi gəlib gündüzdən düzüblər.
Ortada da iri bir bulud var. Ən qəribəsi odur ki, Həmidə xala da
xörəyi bu iri buluda çəkir. On-on beş adamlıq. Sonra
boşqabları düzəldib öz-özünə dodaqaltı danışmağa başlayır:
–Siz burda əyləşin. Rəhimlə Nəzifə qoy bu başa keçsinlər.
Usta, sən də burda otur. Teymur, sən bura keç. Arvadının
yanına. Uşaqlar, siz aşağı keçin. Sultan, sən burda otur. Axı,
tamada sən olacaqsan.
Həmidə xala öz-özünə gülür:
–Mənim də deyəsən başım xarab olub. – O, eyvana çıxır.
Küçə bom-boşdur... Bu axşam hamı haradasa bir ocaq başına
yığışmışdır. "Görəsən heç bu saat küçədə gəzişənlər də varmı?"
Elə bu vaxt küçədə iki nəfər görünür. Onlar mağazadan
çıxıblar. Hər ikisinin qoltuqları içki şüşələrilə doludur.
Soyuqdan büzüşə–büzüşə və bərkdən danışıb gülə–gülə harasa,
bir ocaq başına tələsirlər. Həmidə xala otağa qayıdır.
Televizoru qurur. Diktor nə isə danışır.
–Bəs bu yazıq qız niyə burdadır? – deyə Həmidə xala öz-
özündən soruşur. – Bu görəsən yeni ili qarşılamır?
Həmidə xala stulunu qabağa çəkib televizordakı qızla söhbət
eləməyə başlayır:
–Bıy... qızım, sən burdasan? Yeni ili hamı öz evində
qarşılayır, ancaq sən...
Qız Həmidə xalanın sözünü kəsir:
–Bu il mədəniyyətimizin nailiyyətləri sırasında gənc
bəstəkar Yusifovun yeni baletini də qeyd etmək olar.
Həmidə xala düşünür: "Gənc bəstəkar Yusifov! Gənc
bəstəkar Yusifov yəqin indi hardasa oturub dost-aşnasının, tay–
tuşunun içində kef çəkir, heç bəlkə televizora da baxmır. Bu
saat hamının başı qarışıqdır".
Həmidə xala yenə qıza müraciət edir:
124
–Qızım, sən də çıx get evinizə. Mədəniyyətimizin
nailiyyətlərindən sabah danışarsan. Nə olacaq? Nailiyyətlər
qaçmayacaq ki?
–Rəssamlıq sahəsində də bir çox görkəmli əsərlər
yaranmışdır.
–Hələ on ikiyə iyirmi dəqiqə var. Maşına minsən çatarsan.
Get dostlarının, yoldaşlarının yanına. Yəqin səni də
gözləyənlər var. Axı, cavansan, gözəlsən. Yəqin nişanlın var.
Sənsiz darıxır. Axı o da belə gecədə səninlə bir yerdə olmaq
istəyir. Elə deyil, qızım, hə?
–Fazilovun çobanlara həsr etdiyi tablosu orijinal və təbiidir.
–Neynək, qızım. Qoy təbii olsun, amma sən get, bilirsən,
deyiklin necə sevinər. Yaxşı qız, bilirəm özünün də ürəyin
tələsir. Bütün Bakı sənə baxsa da, sən özün bircə nəfərin
yanında olmaq istəyərdin, eləmi?
– Yeni kino–filmlər sırasında...
–Elədir, qızım, qulluqdur, bilirəm qoyub gedə bilməzsən.
Amma bu gecə heç insafdır ki...
Birdən Həmidə xalanın ağlına gəldi ki, bu qızın
"kompaniyası" yəqin ki, söz qoyublar yeni ili Moskva vaxtı ilə
qarşılasınlar. Həmidə xala təsəvvürünə gətirdi ki, qızın
nişanlısı indi bir maşın tutub yuxarı televiziya studiyasına
gedəcək, veriliş qurtaranda istəklisini götürüb birbaş məclisə
gətirəcəkdir. Qız heç paltarını da dəyişə bilməyəcəkdir. O
həmin bu paltarda, Həmidə xalanın gördüyü paltarda, nişanlısı
ilə, dostları ilə bir yerdə şadlıq, şənlik içində yeni ili
qarşılayacaqdır. Lakin Həmidə xala artıq onu bu halda
görməyəcək. Necə şadlandığını, adi həyatda necə davrandığını,
necə danışdığını bilməyəcəkdir...
Həmidə xala daha qızı düşünmürdü. İndi o, radio
diktorlarını düşünürdü. Amma bəlkə indi radioda da heç kəs
yoxdur, ancaq yazılı lentləri buraxırlar. O, bunu bilmirdi.
Həmidə xala yenidən düşünməyə başladı: görəsən bu yeni il
gecəsi daha kimlər evdə deyillər? Məlumat bürosunun işçiləri.
125
Həmidə xala telefona yanaşdı və 09 yığdı. Uzun zaman düşə
bilmədi. 09 məşğul idi. Təkrar yığdı. Qadın səsi eşidildi:
– Məlumat bürosu sizi dinləyir.
–Salam, qızım.
– Hara?
– Deyirəm, salam, qızım.
Qadın təəccüblə dedi:
–Əleyküm-salam.
–Sizin yeni ilinizi təbrik edirəm.
Qadın daha artıq təəccüblə dedi:
–Çox sağ olun. Danışan kimdir?
–Heç, bir nəfər... Bilirsinizmi, mən sizdən soruşmaq
istəyirdim, necəsiniz, bu axşam...
–Axı, kimdir? – deyə qadın yenidən səbirsizliklə soruşdu.
–Heç, bir nəfər, siz tanımırsınız...
Qadın hirslə:
–Telefonu məşğul eləməyin, – dedi və əlavə etdi: – hələ
yeni il gəlməyib, indidən içib sərxoş olublar, – və telefonu asdı.
Həmidə xalanı gülmək tutdu. O, dəstəyi asdı və öz yerinə
qayıtdı. Televizordakı qız qeyb olmuşdu. Verilişlər
qurtarmışdı. Bakı vaxtı ilə artıq yeni il idi. Həmidə xala
televizordakı qızın yox olmasına bir qədər heyfsiləndi. İndi o,
otaqda lap tək qalmışdı.
Telefonun zəngi çalındı.
Danışan Rüstəm idi.
–Ana?
–Hə.
–Yeni ilin mübarək olsun.
–Səninlə belə, can bala!
–Kimnən belə danışırdın? Bayaqdan zəng eləyirəm telefon
məşğuldu.
Həmidə xala Rüstəmi necə başa salaydı ki, o kimlə və nə
üçün danışırdı?
Sonra Tofiq zəng elədi. Təbrik elədi. Sonra Gülarə təbrik
126
elədi və soruşdu ki, Vaqif oyanıb ya yox?
Dilarənin yəqin ki, zəng eləmək imkanı yox idi. Yoxsa o da
eləyərdi.
Həmidə xala reproduktoru qurdu. Radio musiqi verirdi.
Həmidə xalanın xoşuna gələn musiqi deyildi, odur ki, radionu
söndürdü. Onun sevdiyi musiqi Bülbülün nəğmələri idi.
Onların maqnitofonlarında Bülbülün bir neçə nəğməsi
yazılmışdı.
Həmidə xala maqnitofona yaxınlaşdı. "Görəsən niyə adama
ömrünün axırında bircə bu cihazlar qalır?" – deyə düşündü və
dərhal bu bədbin fikirləri başından qovdu: "Yox, mən haqlı
deyiləm. Mənə yalnız tək bir cihazlar qalmayıb. Mənim gül
kimi balalarım var. Hamısı da məni çox istəyir". Birdən
Həmidə xalanın başına qəribə bir fikir gəldi. O, bu fikri nə
qədər qovmaq istəyirdisə də, qova bilmirdi. O, bu işi etmək
istəyirdi. Qorxurdu. Çünki evdə tək idi. Amma yenə də
istəyirdi. O, Qəzənfərlə danışmaq: daha doğrusu, Qəzənfəri
dinləmək istəyirdi. Qəzənfərin səsini eşitmək istəyirdi.
Qəzənfər öz sağlığında səsini maqnitofona yazmışdı. O,
öləndən bəri evdə heç kəs bir dəfə də olsun bu səsə qulaq
asmağa ürək eləməmişdi. Birdən hardansa Həmidə xalanın
başına gələn bu fikir, onun iradəsinə hakim kəsildi.
O, axırda öz istəyinə tabe oldu. Balaca siyirməni açdı, lenti
çıxartdı, maqnitofonu işə salıb dinləməyə başladı.
Qəzənfərdən əvvəl uşaqların və onun özünün – Həmidənin
səsi gəlirdi. Gülüşlər, qəhqəhələr, səs–küy. Sonra qəfil sakitlik
və Qəzənfərin mülayim səsi:
"Qulaq as, Həmidə..."
Həmidə xalanın əti ürpəşdi. Elə bil Qəzənfər o dünyadan
onunla danışırdı.
"Mən nə şairəm, nə filosof. Mən adi bir fəhlə babayam.
Doğrudur, özümə görə adım–sanım var, beş kişinin içində
hörmətim olub. Amma yenə deyirəm ki, mən adi bir adamam,
elə bilmə ki, çox dərin qırıldatmaq ya filosofluq eləmək
127
istəyirəm. Yox. İntəhası mənim həyatda təcrübəm çox olub.
Həyatın, necə deyərlər, hər üzünü görmüşəm, sənə də bir–iki
söz demək istəyirəm. Görürsən, nə ədəbi cümlələrlə
qırıldadıram. Bir gün olacaq ki, mən olmayacağam".
Maqnitofondan Həmidə xalanın etiraz dolu səsi eşidildi:
– Bəsdi, yenə başlama, sən allah, sənsiz bizim bir günümüz
də olmasın.
O vaxt bu sözlər nə qədər təbii idi və nə qədər inkaredilməz
görünürdü.
Qəzənfərin gülüşü eşidildi;
"Yaxşı, ay arvad, qırx–əlli ildən sonra. Qulaq as. Bir gün
olacaq mən olmayacağam. Bax sənə bircə əmanətim bu
uşaqlardır. Ömür vəfa eləsə, hamısını özüm böyüdüb başa
çatdıracağam. Yox, işdi... Onda bax, bunları sənə tapşırıram.
Demirəm ki, hamısına ali təhsil ver. Demirəm ki, hamısını
doktor elə, injiner elə, amma adam olsunlar. Yaxşı adam
olsunlar.
Sonra, Həmidə, bir gün gələcək, hamısı böyüyəcək, boya–
başa çatacaq və yuvasından qanadlanan quşlar kimi bir–bir
uçub gedəcəklər. Bax, onda onlara vəfasız demə ha!
Onu bil ki, hara getsələr, hansı ailəyə düşsələr, hansı mühitə
düşsələr, səndən və məndən nə isə aparacaqlar, necə ki, biz də
bir-birimizlə görüşəndə hərəmiz öz ata-babalarımızdan nə isə
gətirmişdik. Deyəcəksən Qəzənfər yenə filosofluq eləyir.
Amma bax, mən, vallah belə fikirləşirəm. Adamlar hamısı
nəsil-nəsil bir-birlərinə bir şey verirlər. O işi ki, biri başlayır,
amma qurtara bilmir, o iş itmir, batmır, sonrakı nəslə qalır, o işi
sonra gələnlər tamamlayırlar. Dünyada heç nə itmir, batmır,
heç kəs ölmür. Yaxşı da, pis də keçir, nəsildən-nəslə keçir. Biz,
Həmidə, mən biləni, yaxşı yaşamışıq, əlimizin zəhmətiylə
çörək qazanmışıq. Qoy bizim həyatımızda yaxşı nə olubsa,
uşaqlarımız özləriynən öz təzə həyatlarına, təzə nəsillərə
aparsınlar. Həyat da elə budur da...
Hə, yaxşı, görək necə yazıb. Lentnn də lap axırıdır".
128
Burada yazı qurtarırdı. Qəzənfər də qurtarırdı. Doğrudur, bir
də başdan qulaq asmaq olardı. Amma neçə kərə qulaq assan da,
Qəzənfər bir kəlmə də artıq söz deməyəcəkdi.
Lakin bu, Həmidə xalanı qüssələndirmirdi. Əksinə, onun
qəmi–dərdi uçub getmişdi, qəlbinə sonsuz bir şəfqət, bir
mülayimlik çökmüşdü. O təsəllisini tapmışdı, elə bil kimsə
Həmidə xalaya onun həyatının mənasını açmışdı.
Həmidə xalanın ürəyində xoş bir hiss vardı. O, mizin üstünü
yığışdırmadı. "Qoy dursun. Uşaqlar da gəlib görsün", – deyə
düşündü.
Sonra kedib balaca Vaqifin yanına girdi, onun şəvə kimi
qara saçlarını sığallayıb alnından öpdü və şirin, rahat, arxayın
bir yuxuya getdi.
Yanvar 1960
|