118
dünənimizlə bu günümüz arasında mənəvi körpü yaradan vasitəyə çevrilir.
Monoqrafiya müəllifi haqlı olaraq tarixi nəsrimizin yeni mərhələsi üçün səciyyəvi
olan bir sıra xüsusiyyətlərin hələ 1960-cı illərdə yazılmış “Pərvanə” (M.İbrahimov),
“Dəli Kür” (İ.Şıxlı) kimi romanlarda özünü göstərdiyini, sonrakı illərdə dərinləşdiyini
və möhkəmləndiyini nəzərə çatdırır.
Sonrakı səhifələrdə tarixi romanlar problemlər üzrə qruplaşdırılaraq fəsillər
üzrə araşdırılmışdır.”Sənətkar və zaman problemi” adlanan
ikinci fəsildə müxtəlif
dövrlərdə yaşamış ədəbiyyat və mədəniyyət nümayəndələrinə həsr olunmuş romanlar
əsas tədqiqat predmetidir: İ. Hüseynov “Məhşər”, Ç.Hüseynov “Fətəli fəthi”,
M.İsmayılov “Xaqani”, “İki od arasında”, Ə.Nicat “Mirzə Şəfi”, H.İbrahimov “Əsrin
onda biri”, B.Bayramov “Karvan yolu” ... Y.Axundov hər bir romanın ideya-bədii
xüsusiyyətlərini sistemli şəkildə araşdırmış, onlardan bir qisminin daha mükəmməl
olduğunu, janrın yeni mərhələsində, ümumən müasir ədəbi prosesdə yerini də
aydınlaşdırmışdır. Məsələn, İsa Hüseynovun mütəfəkkir şairimiz İmadəddin
Nəsimiyə həsr olunmuş “Məşhər” romanının təhlili zamanı
əsas diqqət əsərin
uğurunu təmin edən ideya-bədii xüsusiyyətlərin açılmasına yönəldilmiş, XIV-XV
əsrlərdə geniş yayılmış olan hürufilik və onun F.Nəimi, İ.Nəsimi kimi
nümayəndələrinin ömür yolu, bu aspektdə şəxsiyyət və cəmiyyət probleminin orijinal
bədii həlli, xarakterlərdə zahiri və daxili amillərin vəhdəti kimi məsələlər
işıqlandırılmış, yazıçının “tarixin fəlsəfəsinə doğru” istiqamətlənmiş ədəbi
axtarışlarının mahiyyəti aşkarlanmışdır.
Nəsimi dövründə Toxtamış xan və Əmir Teymurun başçılıq
etdikləri
dövlətlərin basqıları altında qalmış Azərbaycanın vəziyyətini “İki od arasında”
romanı üçün mövzu seçən tarixçi alim, yazıçı Mahmud İsmayılovun əsərinin bir sıra
müsbət məziyyətlərini qeyd edən tənqidçi çağdaş ədəbi-estetik və tarixi-bədii
yanaşmalar baxımından zəif görünən məqamları da nəzərə çatdırmışdır. Y.Axundov
yazır:
“Nəsimini biz tarixdən ... oxuduqlarımıza əsasən yenilməz fikir bahadırı, əqidə
mücahidi, ”gündəlik qayğıların fövqündə duran” mütəfəkkir kimi tanıyırıq və sevirik.
Amma M.İsmayılovun əsərində bunu görmürük. Nəsimi hazır qəliblər üzrə hərəkət
edir, tarixi və ədəbi baxımdan inandırıcı səslənmir”
[22, s.37].
Böyük ədibimiz
119
M.F.Axundzadəyə həsr olunmuş “Fətəli fəthi” isə tarixi nəsrimizin yeni mərhələsinin
uğurlu nümunəsi kimi araşdırılmışdır. Digər romanlar da müvafiq elmi-ədəbi
qiymətini almışdır.
Üçüncü fəsil isə “Tarix, şəxsiyyət və xalq problemi” ətrafında
birləşən
romanlara işıq salır: Ş.İ.Xətayiyə həsr olunmuş romanlar (F.Kərimzadə “Xudafərin
körpüsü”, “Çaldıran döyüşü”, Ə.Cəfərzadə “Bakı-1501”, Ə.Nicat “Qızılbaşlar”),
“Siyrilmiş qılınc” (C.Bərgüşad), “Ağ yapıncı” (M.İsmayılov)...Bu fəsildə biz
tariximizdə silinməz iz qoymuş ayrı-ayrı görkəmli şəxsiyyətlərin bədii obrazları
yaradılmış əsərlərin əhatəli təhlilini, uğur və qüsurlarını, müasir ədəbi proses üçün
əhəmiyyətinin də dəqiqləşdirilməsini görürük. Razılıq doğuran haldır ki, Y.Axundov
eyni bir tarixi şəxsiyyətə həsr olunmuş tarixi romanların həm ortaq,
həm də fərqli
cəhətlərini müəyyənləşdirmiş, tutarlı qənaətlərə gəlmişdir.
Dördüncü fəsil Azərbaycanın Şimalında və Cənubunda inqilabi hərəkat
tarixindən bəhs edən romanlara həsr olunub və bir sıra sosioloji tendensiyaların
məlum stereotip yanaşmalarına qapılmağın gətirdiyi məhdudluqlardan da xali deyil.
Bu, xüsusən F.Ağayevin bolşevik Çingiz İldırıma aid romanlarının təhlilində özünü
göstərir. Bununla yanaşı, Pənahi Makulunun “Xiyabani”, “Heydər Əmioğlu”
romanlarının Güney Azərbaycandakı azadlıq mübarizələrini canlandıran bədii
nümunələr kimi elmi-ədəbi baxış bucağından araşdırılması ümumən razılıq doğurur.
Monoqrafiya boyunca yeri gəldikcə tarixi romanın bir sıra nəzəri-estetik
problemlərinə toxunan, janrın müasir inkişaf meyllərini müəyyənləşdirən Y.Axundov
beşinci fəsildə son dönəmdə yazılmış tarixi romanların
bir qismində özünü göstərən
yeni keyfiyyətlərdən söz açır, bu əsərlərdə tarixiliyin ayrı-ayrı konkret faktlarla yox,
şərti-simvolik üslubun imkanları ilə təqdim olunduğunu nəzərə çatdırır, tarixə müasir
baxışla, bədii şərtiliklə səciyyələnən romanlara (Elçin “Mahmud və Məryəm”,
Y.Səmədoğlu “Qətl günü”, M.Süleymanlı “Köç” və s.) diqqət yetirir.
Təhlilə cəlb olunan hər bir romanın mövzusu, ideyası, əsas obrazları,
sənətkarlıq məziyyətləri, tarixilik və müasirlik keyfiyyətləri, uğurları, nöqsanları
kitabda geniş şəkildə araşdırılmışdır. AMEA-nın müxbir üzvü, professor Abbas
Zamanovun yazdığı kimi:
“Y.Axundov yeri gəldikcə ... obyektiv həqiqət naminə tarixi
120
romanlarımızda çatışmayan bir sıra cəhətləri, yol verilən qüsurları açıb
göstərmişdir”
[255].
Ümumiyyətlə,
ədəbi tənqid bu tədqiqatı müsbət
qiymətləndirmişdir. Bütövlükdə professor Yavuz Axundovun “Tarix və roman”
monoqrafiyası 1975-1987-ci illərin tarixi romanlarının müasir ədəbiyyatımızın
inkişaf dinamikası kontekstində araşdırılması baxımından təqdirəlayiqdir.
Dostları ilə paylaş: