Rəyçi: f.e.d.prof. Sənubər Abdullayeva
Filologiya məsələləri – №02, 2015
193
GÜNEL ƏLİYEVA
Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb
quneleliyeva1985@gmail.com
“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARININ DİLİNDƏ İŞLƏNƏN
FARS MƏNŞƏLİ SÖZLƏRİN QURULUŞCA NÖVLƏRİ
Açar sözlər: “Kitabi-Dədə Qorqud”, dastan, morfologiya, fars mənşəli sözlər, sadə,
düzəltmə və mürəkkəb sözlər.
Ключевые слова: «Китаби-Деде Коркуд», эпос, морфология, заимствованные,
персидские слова, простые, производные и сложные слова
Keywords: Kitabi-Dede-Gorgud, epos, morphology, Persian originate words, simple,
derivative and compound words.
“Kitabi-Dədə Qorqud” – Azərbaycan ədəbi dilinin ilk təşəkkül dövründə
yaranmış ən görkəmli abidədir. Qeyd etmək lazımdır ki, həmin abidə ilk təşəkkül dövrü
Azərbaycan ədəbi dilinin təkcə imkanlarını nümayiş etdirmir, həm də təşəkkül
prosesinin tarixi “məntiqini” faktlaşdırır. “Kitabi-Dədə Qorqud” un dilində oğuz
xüsusiyyətləri qabarıq nəzərə çarpır. Bunu belə izah etmək münasibdir ki, həmin dövrdə
(X-XI əsrlər) səlcuqların fəthi ilə əlaqədar oğuz-səlcuqların siyasi mövqeyinin
üstünlüyü nəticəsində onların dili ədəbi normanın müəyyənləşməsində əsas
götürülmüşdür.
“Kitabi-Dədə Qorqud” – mənşəyi etibarı ilə qədim türk epos təfəkkürünün
məhsuludur, bununla belə, formalaşması IX-XI əsrlərə (və daha əvvəllərə) aiddir. XVI
əsrdə son dəfə yazıya alınmışdır. Son nüsxənin şifahi olaraq ozonlardan, yaxud XI əsrə
aid əlyazmasından köçürülməsi mübahisəlidir, lakin fakt faktlığında qalır ki, “Kitabi-
Dədə Qorqud”un dili ən geci X-XII əsrlər Azərbaycan ədəbi dilidir və şifahi formadan
yazılı formaya keçid dövrünün məhsuludur.
Tədqiqatçılar “Kitab”ın dilindəki alınma sözləri sonrakı dövrlərə, yəni abidənin
ilk dəfə yazıya köçürüldüyü yaxud üzünün köçürüldüyü dövrə aid edirlər-görünür,
həmin sözlərin müəyyən hissəsi Azərbaycan dilində məhz şifahi şəkilə, eyni zamanda,
tələbat üzündən keçmişdir. Əgər belə olmasa idi, “Kitabi-Dədə Qorqud”un alınma
leksikası sonrakı dövrlərdə Azərbaycan ədəbi dilinin yazılı abidələrində və müasir
Azərbaycan dilində böyük işlənmə tezliyinə malik olmazdı. Ümumiyyətlə, “Kitab”ın
dilindəki alınmaların mütləq əksəriyyəti təşəkkül dövründə Azərbaycan ədəbi dilinin
qəbul etdiyi (və Azərbaycan ədəbi dilinin keyfiyyətcə təşkil olunmasında iştirak etmiş)
vahidlərdir.
“Kitab”da işlənən sözlərin sayı barədə müxtəlif fikirlər var. Onlardan yalnız
ikisinə diqqət yetirək: 2721 söz işlənib (təkrar olunanlar istisna olunmaqla). Bu sözlərin
559-u ərəb və fars mənşəlidir, 3000-ə yaxın söz işlənib. Onlardan 573-ü alınmadır (353-
ü ərəb, 205-i fars mənşəlidir, ərəb və fars mənşəli hesab edilən 15 sözün tərkibində isə
türk mənşəli morfoloji elementlər müşahidə olunur). Tədqiqatlar zamanı məlum
olmuşdur ki, IX-XV əsrlərdə əsərə ərəb, fars, monqol dillərindən xeyli sayda alınmalar
daxil olmuşdur.Dastanda işlənən ərəb və fars mənşəli alınmalar, əsasən, dövrün tələbinə
uyğun olaraq müharibələr və hərbi istilalar, döyüş məfhumları, eyni zamanda, İslam
dini ilə əlaqədar olaraq dini sözlərlə ifadə olunur. məs: comərd, namərd, cəng, casus,
Filologiya məsələləri – №02, 2016
194
həbs, ləşgər, şahbaz, düşmən, minarə, günah, din,namaz, dua, qiyamət, behişt, əcəl,
amin, təkəbbür, Allah, Quran, şəhid, Rəsul Əleyhüssalam və s. Ə.Dəmirçizadənin
qeydinə görə əsərdə 350 ərəb mənşəli, 136 fars mənşəli söz var. Belə güman olunur ki,
bu alınmalar dastanı şifahi şəkildə yayanlar, dastanın ifaçıları tərəfindən artırılmışdır.
“Kitab”ın leksikasına daxil olan 773 sözün müasir Azərbaycan ədəbi dilində
eynilə (ad, ağ, alqış, baş, bir, dil, dilək..), 213 sözün isə fonetik dəyişmələrlə (bəg-
bəy,qılıc-qılınc, binmək-minmək, yigirmi-iyirmi, əgin-əyin) işlənməsi
müəyyənləşdirilib. “Kitab” da işlənib müasir ədəbi dilimiz baxımından arxaik hesab
olunan 200-ə qədər söz şivələrimizdə, xüsusən də qərb şivələrində eynilə və müəyyəın
fonetik dəyişmələrlə mühafizə olunmaqdadır.
Bir dildən başqa dilə söz keçəndə yalnız fonetik cəhətdən deyil, morfoloji
cəhətdən də müəyyən dəyişikliyə uğrayır. Orijinal dildə hər hansı bir quruluşa malik
olan sözlər digər bir dil tərəfindən mənimsənilərkən bəzən eyni ilə olduğu kimi, bəzən
isə quruluşuna görə növünü dəyişir. Bu baxımdan xalqımızın ədəbi dil abidəsi olan
“Kitabi-Dədə Qorqud” dastanlarındakı fars sözlərinin morfoloji xüsusiyyətləri diqqəti
cəlb edir. Onu da qeyd edək ki, fars dili morfologiyası baxımından təhlil zamanı
sözlərin fars dilindəki tələffüzü verilir.
a)Fars dilində düzəltmə, lakin Azərbaycan dilində isə sadə söz kimi təhlil olunan sözlər:
Barqah (şah sarayı, şah çadırı)- “bar” (icazə) sözü və yer məfhumu bildirən
“qah” şəkilçisindən ibarət düzəltmə söz; bəxşeş -“bəxşindən” (bağışlamaq) feilinin
kökü “bəxş” və “şin-e məsdəri” adlanan “eş” şəkilçisindən ibarət düzəltmə söz; didar
(görüş) –“didən” (görmək) feilinin əsası olan “dil” sözü və “ar” şəkilçisindən ibarət
düzəltmə söz; dərhal (o saat)-farsca yerlik hal məfhumunu ifadə edən “dər” ön qoşması
və ərəb mənşəli “hal” (vəziyyət, zaman) sözündən ibarət düzəltmə söz; məgər-inkarlıq
əlaməti “nə”-nin klassik forması olan “mə” hissəciyi və “əgər” sözündən ibarət
düzəltmə söz; mordar-“mordən” (ölmək) feilinin əsası “mord” və “ar” sözdüzəldici
şəkilçisindən ibarət düzəltmə söz; pərçin (çəpərləmə, qoruma)- pərçidən (çəpər
çəkmək, pərçimləmək) feilinin kökü olan “pərç” sözü və “in” şəkilçisindən ibarət
düzəltmə söz; pənce-“pənc” (beş) sözü və “e” şəkilçisindən ibarət düzəltmə söz;
pəhləvan-“pəhlu” (güc, cəsarət və s.) sözü və “van” şəkilçisindən ibarət düzəltmə söz;
rəvan (gedən, axan və s.), “rəftən”(getmək) feilinin kökü olan “rəv” sözü və “an”
şəkilçisindən ibarət düzəltmə söz; sərvan (başçı, hazırda kapitan)-“sər” (baş) sözü və
“van” şəkilçisindən ibarət düzəltmə söz; çənqal –“cəng” (çaynaq) sözü və “al”
şəkilçisindən ibarət düzəltmə söz və s.
Yuxarıdakı misalların morfoloji təhlilindən görünür ki, fars dilində quruluşuna
görə düzəltmə olan bu sözlər (bərgah, bəxşiş, didar, dərhal, məgər, murdar, pərçin,
pəncə, pəhləvan, rəvan, sərvan, çəngəl və s.) Azərbaycan dilində sadə söz kimi qəbul
olunmuşdur. Qeyd etmək lazımdır ki, bu sözlərin bəzisi dilimizə keçərkən Azərbaycan
dilinin daxili qanunlarına məruz qalaraq, saitləri və hətta samitləri də əvəzlənərək
fonetik simasını dəyişən sözlərdir.
b)Fars dilində mürəkkəb, lakin Azərbaycan dilində sadə olan sözlər:
Abdəst (dəstamaz)- “ab” (su) və “dəst” (əl) sözlərindən ibarət mürəkkəb söz;
bərabər (qarşı, bərabər)- “bər” (sinə) sözünün təkrarı və onların arasında işlənən “a”
şəkilçisindən ibarət mürəkkəb söz; pərvaz (uçma, hərfən-qanad açma)-“pər” (qanad) və
“b” samitinin “v” samitinə çevrilməsi nəticəsində yaranmış “vaz” (“baz”-açıq, açma)
sözlərindən ibarət mürəkkəb söz; sərxoş –“sər” (baş) və “xoş” sözlərindən ibarət
Filologiya məsələləri – №02, 2015
195
mürəkkəb söz; sərhəd-“sər” və ərəb mənşəli “həd” (sərhəd) sözlərindən ibarət mürəkkəb
söz; sərhəng (başçı, hazırda-polkovnik)- “sər və həng” (qoşun, polk) sözlərindən ibarət
mürəkkəb söz; sipare (quranın otuz cüzvündən hər biri)-“si” (otuz) və “pare”
sözlərindən ibarət mürəkkəb söz; tirkeş (ox qabı) –“tir” (ox) və “keşidən” (çəkmək)
feilinin kökü olan “keş” sözlərindən ibarət mürəkkəb söz; çartağ (əslində “cəhartağ)-
“çəhar” (dörd) və türk dillərindəki “tağ” sözlərindən ibarət mürəkkəb söz və s.
Misallardan göründüyü kimi, fars dilində mürəkkəb söz kimi təhlil olunan sözlər
( abdəst, bərabər, pərvaz, sərxoş, sərhəd, sərhəng, siparə, tirkeş, çartağ və s.)
Azərbaycan dilində sadə söz kimi qəbul olunur.
c)Fars dilində mürəkkəb, lakin Azərbaycan dilində düzəltmə olan sözlər;
Aşpəz (aşbaz)- türk mənşəli “aş” və farsca “poxtən” (bişirmək) feilinin kökü
olan “pəz” sözlərindən ibarət mürəkkəb söz; botxane (bütpərəstlərin ibadətgahı) –“bot”
və “xane” (ev) sözlərindən ibarət mürəkkəb söz; meyxanə (şərab içilən yer)-“mey”
(şərab, çaxır) və “xane” sözlərindən ibarət mürəkkəb söz; xedmetkar (xidmətçi)-ərəb
mənşəli “xedmet” və farsca “kar (iş) sözlərindən ibarət mürəkkəb söz; həramzadə
(qanunsuz doğulmuş)-ərəb mənşəli “həram”2 və farsca “zadə” (doğulmuş uşağı) feili
bağlamasından (“zadən”-doğmaq, doğulmaq feilindən) ibarət mürəkkəb söz; şəhbaz,
şahbaz (ağ və böyük şahin quşu; güclü dimdik və çaynağı olub başqa quşları ovlayan
yırtıcı şahin növü)- “şah” və “baz” sözlərindən ibarət mürəkkəb söz və s.
Fars dilində mürəkkəb olan bu sözlərin (aşpəz, bütxana, meyxana, xidmətkar,
haramzadə, şahbaz və s.) tərkibində işlənən və bir vaxt Azərbaycan dilində müstəqil
mənaya malik olmuş “pəz” (indi “baz” formasında keçmişdir), “xana”, “kar”, “zadə”
sözləri indi müasir Azərbaycan dilində şəkilçiləşməyə doğru inkişafdadır. Buna görə də
biz bu sözləri Azərbaycan dilində düzəltmə söz kimi qəbul edirik. “Şahbaz”dakı “baz”
(şahin) sözünə gəldikdə isə bu söz artıq Azərbaycan dilində işlənmədiyindən “şahbaz”
sözünü də bu qrupdakı düzəltmə sözlərə daxil edirik.
Bundan başqa dastanın dilində elə sözlər də vardır ki, həm fars və həm də
Azərbaycan dilində eyni quruluşa malikdirlər:
d)Fars dilində olduğu kimi Azərbaycan dilində də sadə söz kimi təhlil olunan
sözlər:
Avaz, azad, badam, dad, dam, dərviş, divar, zəncir, leş, ləşkər, məst, nər,
pir, xub, cəng, cigər, şəkər, şivən, şirin və s.
e)Həm fars və həm də Azərbaycan dilində düzəltmə olan sözlər:
Bizəval (daimi, yox olmayan)- fars dilində mənfi, inkarlıq, yaxud bir şeyin
olmadığını ifadə edən “bi” hissəciyi və ərəb mənşəli “zəval” (tələf olma) sözündən
ibarət düzəltmə söz; bitəvəqqof (dayanmadan)- “bi” hissəciyi və ərəb mənşəli
“təvəqqof” (dayanma) sözüdən ibarət düzəltmə söz;
Bitəkəllof (təklif etmədən, qəfil)- “bi” hissəciyi və ərəb mənşəli “təkəllof”
(çabalama, rəsmiyyətçilik) sözündən ibarət düzəltmə söz; bixəbər –“bi” hissəciyi və
ərəb mənşəli “xəbər” sözündən ibarət düzəltmə söz; nakəs (şəxsiyyətsizlik, alçaq)-fars
dilində mənfilik və inkarlıq bildirən “na” hissəciyi və “kəs” sözündən ibarət düzəltmə
söz; naqah (birdən, qəfildən) –“na” hissəciyi və “qah” (vaxt) sözündən ibarət düzəltmə
söz; namərd (rəzil, alçaq, nakişi)-“na” hissəciyi və “mərd” (kişi) sözündən ibarət
düzəltmə söz.
Fars dilində düzəltmə olan bu sözlər Azərbaycan dilində də quruluşuna görə
düzəltmə söz kimi təhlil olunur.
Filologiya məsələləri – №02, 2016
196
ə)Həm fars və həm də Azərbaycan dilində mürəkkəb olan:
Banuçiçək- “banu” (xanım, keçmişdə əyan və zadəgan sözlər: ailəsinə mənsub
olan qadınlara verilən titul) və türk mənşəli “çiçək” sözlərindən ibarət mürəkkəb söz;
dərgah-e həğğ (haqq evi, qəbir)- “dərgah” (burada ev; bax dərgah) sözü, izafət əlaməti
olan “e” səsi və ərəb mənşəli “həğğ” sözündən ibarət mürəkkəb söz; zir-o zəbər (alt-
üst)-iki antonim “zir” (alt), zəbər (üst) sözlərindən və bu sözlərin arasında “o” kimi
oxunan ərəb mənşəli “və” bağlayıcısından ibarət mürəkkəb söz; pare-pare (iki
bərabər)- eyni sözün iki dəfə təkrarlanmasından ibarət mürəkkəb söz; sərçeşmə (əsas
mənbə, bulaq)- “sər” (baş) və “çeşmə” (bulaq, mənbə) sözlərindən ibarət mürəkkəb söz;
hərze-mərze (boş-boş, axmaq-axmaq)-sözün birinci hecasındakı samitin başqa samitlə
əvəzlənməsi nəticəsində düzələn yeni sözün əsil sözə qovuşmasından əmələ gələn
mürəkkəb söz; şəbçıraq (gecə çırağı)- “şəb” (gecə) və türk mənşəli “çıraq” sözlərindən
ibarət mürəkkəb söz; Şir-e-mərdan (kişilər və cəsurlar aslanı; Əlinin epiteti) –“şir”
(aslan) “mərdan” (kişilər) və izafət əlaməti olan “e” səsindən ibarət mürəkkəb söz və s.
Bu təhlildən göründüyü kimi komponentləri fars və türk, fars və ərəb, yaxud hər
iki komponenti fars mənşəli olan bu sözlər (Banuçiçək, dərgah-i, zir-ü zəbər, para-
para, sərçeşmə, hərzə-mərzə, şəbçıraq, Şir-i mərdan və s.) quruluşuna görə həm fars,
həm də Azərbaycan dilində mürəkkəbdir.
Dastanda komponentlərindən biri fars, digəri türk mənşəli olan bir sıra sözlər
(pərli, nəmləmək və s.) belə birləşmələr tərkibində fars dilində heç bir leksik mənaya
malik olmadığından onların fars dilindəki quruluşundan danışmağa ehtiyac yoxdur.
Buna görə də biz onları yalnız Azərbaycan dili baxımından təhlil edirik.
Pərli- “pər” (qanad, lələk) və türk mənşəli “li” sözdüzəldici şəkilçisindən ibarət
düzəltmə söz. Həmişə “altı pərli gürz” (altı qanadlı və ya altı dilli gürz, peşvər) ifadəsi
tərkibində işlənmişdir. Onu da qeyd edək ki, “altı pərli gürz” ifadəsi fars dilindəki
“peşvər” sözündən kalka üsulu ilə olunmuş tərcümədir. Digər ana dilli dastanlarda
həmin söz “peşvər” formasında işlənmişdir;
Nəmləmək- (islatmaq, yaşlamaq)- “Nəm” (yaş, rütubətli) sözü və türk dillərində
düzəltmə feil əmələ gətirən “lə” şəkilçisindən ibarət düzəltmə söz və s.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, eyni tələffüzə malik olan, yaxud
Azərbaycan dilinin fonetik qanunlarına tabe olaraq öz fonetik simasını dəyişən fars
sözləri eyni, yaxud müxtəlif morfoloji quruluşa malik olmalarına baxmayaraq, digər
Azərbaycan sözləri kimi, eyni dərəcə anlaşıldığından, demək olar ki, əsl Azərbaycan
sözlərindən seçilmir.
ƏDƏBİYYAT
1. Budaqov L.Z. Сравительный словарь турецко-татарских нареций. СПб, 1869.
2. Əlizadə H. Hatəmi. Fars dili. Bakı, 1961.
3. Пейсиков Л.С. Очерки по словообразованию персидского языка. М, 1973.
4. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1963.
5. M.Ergin. Dede Korkut kitabı. Ankara, 1958.
Filologiya məsələləri – №02, 2015
197
АЛИЕВА ГЮНЕЛ НИЗАМИ ГЫЗЫ
СТРУКТУРНЫЕ ВИДЫ ЗАИМСТВОВАННЫХ ПЕРСИДСКИХ СЛОВ В
ЯЗЫКЕ “КИТАБИ-ДЕДЕ КОРКУД”
РЕЗЮМЕ
В статье рассматривается разнообразие морфологического анализа
заимствованных слов в “Китаби-Деде Коркуд”. “Китаби-Деде Коркуд”
незаменимый источник для изучения Азербайджанского языка в историческом
плане. По данным исследований в языке эпоса примерно около 3000 слов. Из них
приблизительно 560 слов являются заимствованными с арабского и персидского
языков. В статье рассмотрены только заимствованные персидские слова. Насть
слова разбирается так, как в персидском языке: простые слова-как простые (avaz,
azad, divar и. т. д), производные слова-как производные (nakəs, namərd, nagah и. т.
д), сложные слова-как сложные (sərçeşmə, zəbər, para-para и. т. д). Другая часть
имеет иной сравнительный разбор, т. е. производные (bargah,bəxşiş, didar и. т. д) и
сложные (bərabər, pərvaz, sərhəng и. т. д) персидские слова принимаются как
простые, или же, сложные персидские слова (bütxana, xidmətkar, haramzadə и. т. д)
как производные в азербайджанском языке. Кроме того, в эпосе имеются
персидские слова, которые, принимая суффиксы тюркского происхождения,
образуют производные слова (nəmləmək, pərli и. т. д) в азербайджанском языке, но
не имеют лексического значения в персидском языке.
ALIYEVA GUNEL NIZAMI KIZI
THE STRUCTURE AND TYPES OF PERSIAN ORIGINATE WORDS
USEDIN THE LANGUAGE OF “KITABI-DEDE GORGUD” EPOS.
SUMMARY
Morphological analysis of Persian originate words used in the language of
KitabiDedeGorgud epos have been looked through in the article. Kitabi-Dede-Gorgud is
irreplaceable source in learning of the Azerbaijan language in the historical direction.
According to exploration there are nearly 3000 words in epos language. Approximately
560 words of them were borrowed from the Arabian and Persian language. Only Persian
originate words are involved to exploration. Some of the words in Persian are simple
(avaz, azad, divaretc), derivatives (naxəş, namərd, nagah, etc), and compound
(sərçeşməziruzəbər, para-paraetc). Other words have been analyzed comparatively -
derivatives (bargah, bexsis, didaretc) and compound (bərabər, pərvaz, sərhəngetc).
Persian words regard simple and derivative in the Azerbaijan language. Besides this,
there are some Persian words including Turk originate suffixes and create derivative
words in the Azerbaijan language and there is no any lexis meaning in the Persian
language.
Rəyçi Emilli Böyükxanım
Filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №02, 2016
198
ƏLVAN CƏFƏROV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
elvancafarov78@mail.ru
AĞDAM RAYONU DİALEKTLƏRİNDƏ SƏS ARTIMI
VƏ SƏS DÜŞÜMÜ HADİSƏSİ
Ключевые слова: правила добавления звука, правила сакрашения звука,
Агдамский район.
Key words: The sound growth of the event, sound fall event, of Agdam region, phonetic
events.
Ağdam rayonu Qarabağın ən strateji əhəmiyyətə malikolan ərazilərindən biridir.
Buna görə də döyüşlər zamanı müharibə zamanı ermənilər Ağdamı xüsusi amansızlıqla
işğal etdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları
həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa catır. Bundan sonra 1994-cü il
mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7
kvadrat km-i, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail olur. İşğal edilmiş
Ağdam şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə
yeksan olunur. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı
həlak olur, minlərlə insan fiziki şikəstlik qazanır, rayonun 126 min nəfərdən çox əhalisi
öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün halına çevrilir. Hal-hazırda Ağdam
sakinləri Azərbaycanın bir çox ərazilərinə səpələnmiş və məcburi köçkün vəziyyətində
yaşayırlar. Bu araşdırmada müxtəlif ərazilərdə köçkün kimi yaşayan Ağdam
sakinlərinin bir çoxu danışdırılmış və sakinlərin dilində olan dialektoloji materiallar
toplanmışdır. Toplanmış dialektoloji materiallar içərisində fonetik hadisələri tədqiqata
cəlb etməyə çalışacayıq.
Ağdam rayonu şivələrində özünü qoruyub saxlayan səs artımı və səs düşümü
hadisələrini nümunələrə əsasən söyləmək olar. Ağdam rayonuın bir çox kəndlərinin,
Ətyeməzli, Əliağalı, Baş Qərvənd, Kəngərli, Göytəpə, Eyvazxanbəyli, Əhmədavar,
Çullu və sairə kəndlərinin sakinlərinin dilində bunların əsas nümunələrini görmək olar.
Səs artımı və səs düşümü hadisəsini aşağıdakı kimi qruplaşdırmaq olar.
1. Səs artımı və səs düşümü hadisəsi.
1.1. Səs artımı hadisəsi, Sait və samit artımı.
1.1.1. Sait artımı hadisəsi.
1.1.1.1. Sözün əvvəlində sait artımı.
Onu da qeyd edək ki, söz əvvəlində saitlərin artımı əsasən alınma sözlərə aid olub,
iki vəziyyətdə özünü göstərir: 1) söz əvvəlində sr, sk, sp, şk, ş səslərindən əvvəl; 2) söz
əvvəlinde r və bəzən də l səslərindən əvvəl. [2.64]
Rəhmətlik > irəhmətdiy. Məsələn: Surətin qoşunn içində sağı da olan oğlannnar
varıdı kin ollar heşzadı fikirrəşmirdilər, ollar ölkənin pütöylüyün millətin sağlamlığını,
yaxşılığını fikirrəşirdilər. Heylə oğlannar da varıdı. Elmra məllimə, irəhmətdiy dərs
deirdi, savaddı qadınıydı. [Ağayev Şikar Balay oğlu. 60 yaş. Baş Qərvənd]
Spalkomun > isbalkomun. O vax isbalkomudu da: hələ, maliyə şöbəsində. Biz
orda olanda hələ o kanar kətdərdən, yuxarı kətdərdən rayona qaçırdılar gəlirdilər
Filologiya məsələləri – №02, 2015
199
isbalkomun həyətində orda pütün o yarallar, uşaxları ölənnər, ermənnər başdarna nə
hadsə gətirif hamsın bizə danışırdılar [Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri]
Spitakda >İspitakta. Apardı sənət məytəbinin qabağında dokquzun da nöyüt
töhdü, oddadı, deyirdi görün, balalarmızı qaz durpasında yandırıflar, uşaxlarmızı
durpıya salıf, ağzını sıvarkalıyıf ojağın içinə atmışdılar ermənnər İspitakta.
(Əbdüləzimova Xalidə İdris qızı, Kəngərli kəndi. 64 yaş.)
1.1.1.2. Söz ortasında sait artımı.
Söz ortasında sait artımı alınma sözlərdə özünü göstərir.
Qrat > qırat. Orda xəstəxanada bir palatada elə bil ki, yaşadıx, ora da nə qədər
qırat tüşdü neçə dənə saldatdarımız hamsı qıçınnan qolunnan yaralı. (Vəliyeva Sədaqət,
Əliağalı kəndi, 54 yaş)
Krantımız > kıratımız. Gəldi qaşqınnıxda öldü, dəmimiz variydı dəzgahımız
varıdı, üş dənə kıratımız varıdı qapmızda, cənnəte cənnət. (Həsənova Məhluqə Baxış
qızı. 76 yaş. Ağdam şəhəri)
Droj > duroj. (1.) Təndir çörəyni bişrəndə elə bil xəmir düşmürdü də malata
deyillər, o vax malateynən yoğrurdular də duroj yoxuydu o vaxtı, balata götrürdülər
belə kündəni, balata saxlıyerdilər. (Ağayeva Solmaz. 65 yaş. Baş Qərvənd kəndi)
Problem > pıroblem. Çünkü mə:m böyüy qardaşımın anadangəlmə əlində
pıroblem varıydı, (Məmmədov Rüstəm Dilavər oğlu. 57 yaş. Əhmədavar kəndi)
Pradukt > pıradux. Sora həftədə bir vedrə yumurta, yeməh, ərzax, pıradux,
güjümüz nəyə çatırdı, onnan aparırdı verirdi Ağdamda olan Xojaldan gələnnərə.
Neft > nöyüt. Apardı sənət məytəbinin qabağında dokquzun da nöyüt töhdü,
oddadı. (Əbdüləzimova Xalidə İdris qızı.Kəngərli kəndi. 64 yaş)
Knişkasın > qınışkasın. Ağdamda döyüşmüşəm bu veteran qınışkasın vererdilər
istəmədim dedim onsuz da hər bir oğlun borcudu da dö:şməy. (Əbdüləzimov Bəbir İdris
oğlu. 61 yaş. Göytəpə kəndi)
1.1.1.3. Söz sonunda sait artımı.
Xəmir > xəmrə. Gələndəfə çörəy bişrənə qədər onu da təzə xəmrə qatırdılar
onnan ajıdırdılar də:. (Ağayeva Solmaz, 65 yaş, Baş Qərvənd kəndi)
Bekar > bekara. Ama onu, qoysan ki quymax pişirəsən onu duruhal yox, xeylax
qoyrsan dəmə elə bil, ağzın örtürsən bekara sürüşüy qoyursan altı qazmağ tutur, bu da
olur quymax. (Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri)
1.1.2. Samit artımı hadisəsi.
1.1.2.1. Söz əvvəlində samit artımı.
Heylə > elə, hamma > amma. Dedikin yoxe qorxmax nədi, gördüm hamma qəhər
boğur bını, nəysə aldım əlinnən bağladım. (Əsgərova Emelya. 68 yaş. Ağdam şəhəri)
1.1.2.2. Söz ortasında samit artımı.
Qəşəng > qəşşəh. Dünyada nə, badamnan belə, pusdədən belə əhmişdi, çox
pinikar adamıydı, çoxeçox calaxeliyirdi, pinikar yanı yaxşı, əlinnən nə deirsən gəlirdi,
hər şeyi bilən, qəşşəh belə otaxlarımız varıdı. (Həsənova Məhluqə Baxış qızı. 76 yaş.
Ağdam şəhəri)
Biabır > biyabır, beüzm > beyüzm. Yanı, səni de:r biyabır eliyərəmdə: beyüzm
eliyərəm. Bir nö: təhqir. (Əbduləzimova Şahnaz. 58 yaş. Kəngərli kəndi)
1.1.2.3. Söz sonunda samit artımı.
Filologiya məsələləri – №02, 2016
200
bəlkə > bəlkəm. Ermənnər o vaxdı sumqayıtdılara zulum vermişdilər, əysəryətinin
sifətində, yanağında, döşündə, bəlkəm 500 dənə siqaret keçimişdilər. (Əbdüləzimov
Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi)
ta: > tadim. (1.) Məllim işdəmişəm. Orda neçə ildiki orda işdəmişəm, min
dokquzüzz əlli yeddinci ildən tadim bu qaşqınnığa qədər. (Həsənova Məhluqə Baxış
qızı. 76 yaş. Ağdam şəhəri)
Xeyli > xeylax. Ama onu, qoysan ki quymax pişirəsən onu duruhal yox, xeylax
qoyrsan dəmə elə bil, ağzın örtürsən bekara sürüşüy qoyursan altı qazmağ tutur, bu da
olur quymax. (Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri)
ki > kın, deyə > deyin. (1.) Görsən töoğun əağına bi şey bağlıyıflar de:llər
badışdı, itməsin, qarışıx düşməsin deyin, bağlanırdı kın itməsin. (Əbduləzimova Şahnaz.
58 yaş. Kəngərli kəndi)
1.2. Səs düşümü hadisəsi, Sait və samit düşümü.
1.2.1. Sait düşümü hadisəsi.
1.2.1.1. Sözün əvvəlində sait düşümü.
Uşaqlar > şaxlar. Dağın kəlləsinnən ermənnər bizə bir gün ağladı kin, şaxlardan
birinn də başınnan vırdılar. İkinci hakqesaf da Sırxavətdə olufdu, yanmda şaxlar düşüf
minya, üçünün-dördünün kıçası yox olufdu. (Qədirov Elman Əkbər oğlu. 57 yaş. Çullu
kəndi)
1.2.1.2. Sözün ortasında sait düşümü. Onu da qeyd edim ki, Ağdam rayonunun
dialekt və şivələrində söz ortasında səs düşümü hadisəsinə çox rast gəlmək olar. Bəzən
bu qarışıq da olur, söz daxilində iki, bəzən də üç səs (sait və samit) birdən düşür.
Sənin > sənn, canına > canna.
Nərgizdər ay nərgizdər
Topa bitər nərgizdər
Heyf sənn o cavan canna ay mənim əzizim
Torpax örtər yer gizdər
(Həsənova Məhluqə Baxış qızı. 76 yaş. Ağdam şəhəri)
Qoyurduq > qoyrdux, əyilib > əylif.Birdə varıydı ki, yerdən olan təndirə çörəy
yapmax üçün dep dediyimiz şey varıydı yayılmış kündəni qoyrdux onun üstünə belə
uzun tutacağı da varıydı, əylif təndirə yapırdıx çörəyi. (Ağayeva Solmaz. 65 yaş. Baş
Qərvənd kəndi)
Əlili > əlli. Zapalı çıxardanda partdıyıf bu üş barmağın apardı o gəldi oldu
Qarabağ əlli, (Əbdüləzimov Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi)
1.2.1.3. Sözün sonunda sait düşümü. Yığdığımız dialektoloji yığmalarda söz
sonunda sait düşümünə rast gəlinmədi.
1.2.2. Samit düşümü hadisəsi.
1.2.2.1. Söz əvvəlində samit düşümü.
Yuxarı > uxarı. Biz orda olanda hələ o kanar uxarı kətdərdən rayona qaçırdılar,
gəlirdilər. (Cavadova Fəridə. 69 yaş. Ağdam şəhəri)
1.2.2.2. Söz ortasında samit düşümü.
Sonra > so:ra. Sora həftədə bir vedrə yumurta, yeməh, ərzax, pıradux, güjümüz
nəyə çatırdı, onnan aparırdı verirdi Ağdamda olan Xojaldan gələnnərə. (Əsgərova
Emelya, 68 yaş, Ağdam şəhəri)
Kənd > kət. Həyət yerində, kət yerində olmuş adamam. (Hümmətov Nizami, 62
yaş. Əliağalı kəndi)
Filologiya məsələləri – №02, 2015
201
1.2.2.3. Söz sonunda samit düşümü.
Bir > bi. Dedim özbaşınalığ eliyirəm, büyünnən mə:m pazisyama sən gəlmə, bi
dənə pazisyanı əvvəldən axra. (Əbdüləzimov Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi)
1.2.3. Söz ortasında və sonunda sait və samitlərin birgə düşümü.
1.2.3.1. Söz ortasında sait və samitlərin birgə düşümü.
deyirlər > de:llər, ayağına > əağına, toyuğun > töoğun. Görsən töoğun əağına bi
şey bağlıyıflar de:llər badışdı, itməsin, qarışıx düşməsin deyin bağlanırdı kın itməsin.
(Əbduləzimova Şahnaz. 58 yaş. Kəngərli kəndi)
Soyuq > söox. Xaşıl isə, ya isti suya unu yavaş-yavaş töküf oxleynən fırradırsan,
ama biz söox suynan, elə bil, söox suya unu yavaş yavaş çalırıx, açırıx. (Cavadova
Fəridə. Ağdam şəhəri. 69 yaş)
Dəqiqə > dəyqə. Həyət yerində, kət yerində olmuş adamam. Ma: bura sərf eləmir
açığı, əsəf xəsdəsiyəm, bax bı dəyqə təzə çıxmışam xəsdəxanadan. (Hümmətov Nizami,
62 yaş. Əliağalı kəndi)
Təsərrüfata > təsərfata. Bizdə çayın başınnan təsərfata su ayrılıf gəlirdi.
(Hümmətov Nizami, 62 yaş. Əliağalı kəndi)
Deyirəm > de:rəm. Bıllara mən de:rəm bax evimiz belə oluf, belə oluf, hamsın
de:rəm. Bılları unutmasınnar, hamsın örgədirih, bıllara. (Cavadova Fəridə, 69 yaş.
Ağdam şəhəri)
Döyüşmək > dö:şməy. Ağdamda dö:şmüşəm bu veteran qınışkasın vererdilər
istəmədim dedim onsuz da hər bir oğlun borcudu da dö:şməy. (Əbdüləzimov Bəbir İdris
oğlu. 61 yaş. Göytəpə kəndi)
Mənim üçün > mə:mçün, sə:rətən > sə:rətən. Şəxsən mə:mçün çox çətindi,
gəzdiyim o bulaxlar, o sular, o cığırrar gejə gəlir tüşür beynimə, inanırsız, sə:rətən
yatammıram. (Hümmətov Nizami, 62 yaş. Əliağalı kəndi)
Mənim > Mə:m, mamamoğlu > ma:moğlu. Mə:m özümün ma:moğlu öldü orda
Xojalda öldü. 25 yaşında, xəbər verdilər kin xojalları qırıllar, duruf o da gedif onnarı
xilas eləməyə. (Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri)
1.2.3.2. Söz sonunda sait və samitlərin birgə düşümü.
Mənə > ma:. Həyət yerində, kət yerində olmuş adamam. Ma: bura sərf eləmir
açığı, əsəf xəsdəsiyəm, bax bı dəyqə təzə çıxmışam xəsdəxanadan.
Xışma ilə > xışmeynan. (1.) Gəldih qapnı aşdıx, girdih evə, həyətə girdiy,
töoxcücədə okqədərdikin, ta: belə xışmeynan. (Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri)
Mənə > ma:, otur > otu. Bir telvizoru götdük kin orda uşaxlar baxar, sora imkan
olmadı, gördüh atıllar, gəldih qapıdan çıxdıx, ma: dedi sən otu maşna mən gəlləm.
(Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri)
Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, Ağdam rayonudan zorla
köçürülmüş xalqımızın çox gözəl, yumşaq, ürəyəyatımlı ləhçə və şivələri vardır və
fonetik hadisələr bunları daha da gözəlləşdirir. Biz yuxarıda bunların şahidi olduq.
Dostları ilə paylaş: |