10. Verilənlərin modeli və onun yaranma qaydaları Verilənlərin modeli onların necə və hansı qaydalarla strukturlaşmasını təyin edir.
Lakin struktur xassələri verilənlərin semantikasını və onlardan istifadə üsullarını tam
açmağa imkan vermir. Bunun üçün verilənlər üzərindəki əməliyyatlar da müəyyən
olunmalıdır və həmin əməliyyatlar verilənlərin strukturları ilə uyğunlaşdırılmalıdır.
Verilənlərin modelləri yüksək dərəcədə tipikləşdirilmiş modellər sinfinə aiddir. Bu o
deməkdir ki, hər bir verilən bu və ya digər kateqoriyaya aid edilə bilər. Əgər bu mümkün
deyilsə, veriləni süni yolla müəyyən kateqoriyaya gətirib çıxarırlar. Əksər halda
kateqoriyalar əvvəlcədən müəyyənləşdirilir, məsələn, “mahiyyət”, “atribut”, “əlaqə”
kateqoriyaları. Kateqoriyalar və onlar arasındakı əlaqələr birlikdə sxem adlanır. Tətbiq
sahəsinin xüsusiyyətlərindən və istifadəçilərin tələblərindən asılı olaraq verilənlərin
modelləri müxtəlif ola bilər. Buna baxmayaraq, bütün modellərə aid olan ümumi
anlayışlar və təyinetmələr mövcuddur. Hər bir model real obyektlərin statik və dinamik
xassələrini əks etdirməlidir.
Statik xassələrə vaxta görə invariant olan xassələr aiddir.
Onlar həmişə və ya müəyyən vaxt intervalında doğru və dəyişməz olur.
Dinamik xassələr isə obyektlərin məruz qaldıqları əməliyyatlar nəticəsində vəziyyətlərinin dəyişilmələrini
əks etdirirlər. Statik xassələr verilənlər modelinin yaranma qaydalarını ifadə edir və
verilənlərin təsviri dili ilə əlaqələndirilir. Burada əsas məqsəd verilənlərin mümkün
strukturlarını və onlar arasındakı əlaqələri təyin etməkdir. Verilənlərin strukturunun
təyini yaranma qaydalarına cavab verən uyğun kateqoriyaların müəyyənləşdirilməsi ilə
əldə edilir. Kateqoriyaların müəyyənləşdirilməsi isə atributlar və onların mümkün
qiymətləri vasitəsilə aparılır. Bu zaman hər bir kateqoriyaya aid edilə bilən “tamlığın
məhdudluğu” nəzərə alınmalıdır. Məsələn, işçinin tabel nömrəsi unikal olmalıdır. Aşkar
məhdudluqlarla yanaşı modeldə struktur spesifikasiyalarına aid olan daxili məhdudluqlar
da göstərilə bilər. Məsələn, obyektlər arasındakı əlaqələr ağacvari strukturla məhdudlaşa
bilər. Verilənlər modelini yaranma qaydaları (G) və əməliyyat çoxluqları (O) vasitəsilə
təyin edirlər.