(Rübail) Hazırda planetimizdə baş verən və gündən-günə arealı genişlənən qlobal
ekoloji anomaliya və kataklizmlər insan və heyvanların genetik strukturuna
olduqca böyük neqativ təsir göstərir, indiyədək müşahidə olunmayan anomaliya
və eybəcərliklər törədir. Buna misal olaraq 2011-ci ildə Hindistanda 34 barmağı
(20 ayaq və 14 əl barmağı) olan (polidaktliya) qız uşağının və Çində 2 başlı
uşaqların doğulmasını göstərmək olar. Həkimlər birincinin amputasiya olunaraq
normal insan kimi inkişaf edəcəyini, sonuncuların isə yaşamasının qeyri-
mümkünlüyünü etiraf etmişlər. Bu cür və digər anomaliyalar heyvanlar arasında
da son zamanlar daha çox müşahidə olunur.
Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq
təbabəti, genetika, gen mühəndisliyi və biotexnologiya kimi zəngin, bəşəri
əhəmiyyətli elm sahəsinə çox böyük maraq formalaşacaqdır. Biz müəlliflər bu
dərsliyin ərsəyə gəlməsi üçün çox gərgin əmək sərf etmiş, dünya və ölkə
klassiklərinin, eləcə də müasir elm xadimlərinin elmi əsərlərini araşdırmaqla geniş
və müfəssəl elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab
verməsinə səy göstərməyə çalışmışıq. Əsər həm də müəlliflərin çox sahəli geniş-
diapozonlu elmi biliklərə malik olmasının və onların məhsuldar, gərgin əməyi və
keçirdiyi yuxusuz gecələrin ən qiymətli məhsuludur. Müasir elmi texniki tərəqqi
bütün elm sahələrində olduğu kimi, genetika elminin də inkişafı və yeni
perspektivləri üçün böyük zəmin yaradır. Hazırda molekulyar biologiya, genetika,
gen mühəndisliyi, biotexnologiya yeni elmi aspektlərdə çox sürətlə və dinamik
inkişaf mərhələsinə başlamışdır. İndiyədək biologiya elminə məlum olmayan,
qaranlıq qalan və öz müsbət həllini gözləyən prioritet istiqamətlər artıq dünya
alimlərinin diqqətini cəlb etməyə və yeni elmi axtarışlar aparmağa vadar etmişdir.