Qaumatanın çevriliĢi. Əhəmənilər əsarətinə qarĢı üsyanlar. Fars
monarxiyası Əhəmənilərin zülmünə çətinliklə dözən və imkan olan kimi yadelli
zülmdən azad olmağa çalışan çoxsaylı, keçmişdə qüdrətli olan xalqlardan təşkil
olunmuşdu. Ağır vergilər və hər cür mükəlləfıyyətlər nəhayətsiz idi. Silah gücünə
Əhəmənilərə tabe olunmuş bütün xalqlar zülmə boyun əymək istəmirdilər.
Kirin ölümündən sonra onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə
başlandı. Bu isə vəziyyəti daha da kəskinləşdirdi. Hər yerdə narazılıq hökm sürürdü.
Ksenofont yazırdı: "...Pisliyə doğru ümumi dönüş başlandı".
Kambuciyanın (Kambizin, 530-522-ci illər) hakimiyyətə gəldiyi zaman
imperiyada vəziyyət daha da kəskinləşdi. Tezliklə Kambiz daxili iğtişaşları bir qədər
azalda bildi. Bundan sonra o, e.ə. 526-cı ildə Misiri fəth etməyə yollandı.
Hökmdarın olmadığı müddət ərzində ölkədə narazılıq artdı. Geniş antiəhəməni
hərəkatının başlanmasına Darayavahuşun (Daranın) Bağıstan (Behistun, Bisütun)
kitabəsi də şahidlik edir: "Sonra isə yalanlar ölkələrdə - həm Parsada, həm Madada,
həm də digər ölkələrdə gücləndi".
204
Geniş sosial mübarizənin başlanmasından istifadə etmiş Qaumata adlı maq
üsyan etdi.
Qədim yazıçıların əksəriyyəti, habelə hökmdar Dara Qaumatanın çıxışını
farsların hakimiyyətinə - Əhəmənilərə qarşı çevrilmiş Mada üsyanı olduğunu yaxşı
bilirdilər. Antik müəlliflər şübhə etmirdilər ki, Qaumatanın hakimiyyətə sahib olması
onun (yəni hakimiyyətin) madalıların əlinə keçməsi demək idi. Bu, Bağıstan
kitabələrinin məlumatından da aydın olur.
Dara öz kitabəsində adətən düşmənlərin etnik mənsubiyyətini qeyd edir
("babilli", "erməni", "elamlı" və s.). Ona görə də çar Qaumatanı "maq" adlandırarkən
(maqlar Mada tayfalarından biri idi, onların içərisindən "maq" adlandırılan kahinlər
çıxırdı) öncə üsyançının etnik mənsubiyyətini və sonra isə Qaumatanın kahinlər
təbəqəsinə mənsub olduğunu nəzərdə tuturdu. Bunu isbat edən Bağıstan kitabəsinin
Babil mətnində Daranın əsas düşməni "Qaumata adlı madalı maq" adlandırılır.
Maraqlıdır ki, bu mətndə fars və elam variantlarından fərqli olaraq deyilir ki,
Qaumata Parsadan (farsların ölkəsi) başqa "Madanı da üsyankar etmişdi".
Beləliklə, Qaumatanın çevrilişi farsların hakimiyyətinə qarşı Mada
narazılığının təzahürü idi. Güman etmək olar ki, Qaumata madalıların hökmranlığını
bərpa etmək niyyətində idi.
Qaumatanın ideoloji silahı artıq Madada yayılmış, hər halda maqların qəbul
etdiyi zərdüştilik - mazdayasnizm təlimi idi. Bu təlimdə geniş xalq kütlələrinin
ümidlərini, səylərini müəyyən dərəcədə əks etdirən demokratik və mütərəqqi ideyalar
özünü büruzə verirdi. Bəzi mənbələr Qaumatanın Zaratuştranın (Zərdüştün) tərəfdarı
və məsləkdaşı olduğunu güman etməyə imkan verir.
Öz islahatlarını həyata keçirməyə başlamış Qaumata geniş xalq kütlələrinin
mənafeyi naminə yuxarı təbəqəni (ilk növbədə, nəsli əsilzadələri) bir sıra
imtiyazlardan məhrum etdi, onların əmlakını, qullarını əllərindən aldı, imperiyanın
hər bir vilayətinə qasidlər göndərdi, xalqların üç il müddətinə vergilərdən və orduda
xidmətdən azad edildiyini bildirdi. O, əsilzadələrə qarşı inadlı mübarizə apardı,
amansız və qəddar tədbirlərlə onların öz hakimiyyətlərini geri qaytarmaq cəhdlərinin
qarşısını aldı. Bütün bu tədbirlərdə Qaumata ən geniş xalq kütlələrinin, "yaxşılıq
etdiyi bütün təbəələrinin" [H e r o d o t] fəal yardımına arxalanırdı.
Qaumatanın rəhbərlik etdiyi hərəkat geniş xalq kütlələrinin çıxışı idi. Bu
hərəkat əsasən nəsli əyanlara qarşı yönəldilmişdi. İmperiyanın müxtəlif vilayətlərində,
xüsusilə Madada Əhəmənilərə qarşı reaksiya xarakteri daşıyan siyasi mübarizə
özünün inkişafı prosesində etnik sərhədləri keçmiş, hökmran fars sülaləsinin və
onunla bağlı olan yerli nəsli əsilzadələrin zülmünə qarşı çevrilmiş ümumi xalq
hərəkatı, etirazı ilə birləşmişdi. Qaumatanın dövründə, geniş xalq təbəqələri
güclənmiş sinfi mübarizə nəticəsində yerli əyanların hesabına bir sıra imtiyazlar əldə
205
etdilər. Dara bu imtiyazları geri almaq istədikdə silahlanmış xalq çıxış etdi, bu
nailiyyətlərin müdafiəsi uğrunda mübarizəyə başladı.
Maqın əsas vəzifələrindən biri çar hakimiyyətinin, habelə sarsılmış
imperiyanın möhkəmləndirilməsi idi. Güman etmək olar ki, Qaumata ayrı-ayrı köhnə
çarlıqları (Madanı, Babili, Elamı və s.) bərpa etmək istəyən qiyamçılardan fərqli
olaraq, "ölkələr çarlığı"nı möhkəmləndirməyə can atırdı. Lakin indi "Ölkələr çarlığı"
farsların deyil, madalıların başçılığı altında bərpa olunmalı idi. Məhz buna görə də,
maqın həlak olmasından sonra "farslardan başqa" [H e r o d o t] hamı onun taleyi
üçün təəssüflənirdi. Qaumatanın özünü etibarlı adamlarla əhatə etmək arzusunu,
maqın iqamətgahının Parsadan Madaya keçirilməsi faktını da onun yalnız madapərəst
siyasəti ilə izah etmək mümkündür.
E.ə. 522-ci ilin sentyabrında maq öldürüldü. Qaumata öldürülən kimi
Fravartişin başçılığı ilə Madada bir neçə ay davam etmiş böyük xalq üsyanı başlandı.
Madalılara qədər elamlılar və babillilər, sonra isə farslar, margianalılar, digər xalqlar
çıxış etdilər.
Üsyan etmiş madalılara ermənilər, parfiyalılar və hirkaniyalılar da qoşuldular.
Bir qədər sonra Çissantaxmanın başçılığı ilə Cənubi Azərbaycan sakinləri olan
saqartalılar mübarizəyə qalxdılar. Bu üsyan haqqında Bağıstan kitabəsində deyilir:
"Saqartalı Çissantaxma mənə qarşı çıxdı. O, xalqa belə deyirdi: "Mən Saqartada
çaram, Uvaxşatra (Kiaksar - məsul red.) nəslindənəm". Bundan sonra mən fars və
mada qoşunlarını [saqartalıların üzərinə] göndərdim; madalı Tahmaspadanı onların
rəisi təyin etdim"...
Üsyanlar imperiyanın digər vilayətlərində də baş verirdi. Geniş dövlətin ərazisi
bütün Ön Asiya tarixində görünməmiş, izdihamlı xalq üsyanları alovuna bürünmüşdü.
Madalıların və saqartalıların üsyanları Dara üçün daha təhlükəli idi.
Hökmdarın öz kitabəsində üsyan başçılarına verilmiş işgəncənin təsvirini verməsi bu
üsyanı başqa üsyanlardan fərqləndirir, Daranın Fravartişə və Çissantaxmaya xüsusi
nifrət bəslədiyi haqqında danışmağa imkan verir. Hökmdar onları şəxsən şikəst etmiş,
vəhşicəsinə işgəncə vermiş, sonra isə payaya keçirtmişdi. Fravartişin yaxın
silahdaşlarının isə dərisi soyulmuşdu.
Fravartişin sərkərdəliyi ilə madalıların üsyanı Mada dövlətinin müstəqilliyini
bərpa etmək yolunda son təşəbbüs idi. Görünür, özünü Kiaksar nəslindən elan edən
Çissantaxma Əhəmənilər imperiyasından ayrılmağa və Saqartiyada (əsasən Cənubi
Azərbaycan ərazisini əhatə edən) müstəqil dövlət yaratmağa çalışırdı.
Lakin imperiyanın bütün qüvvələrinin çox böyük səyi nəticəsində Dara xalq
kütlələrinin üsyanlarını yatıra bildi.
Dostları ilə paylaş: |