13.01.2012 KEÇMİŞDƏ QALAN GÜNLƏRİM Ey mənim keçmişdə qalan günlərim,
Mənim xəyalıma baş vurursunuz.
Xatirələrdə yurd salan günlərim,
Bəbəyə qəm dolu yaş vurursunuz.
Atalı-analı çağlar ötdülər,
Qoşulub zamana yaman itdilər,
Dadlı uşaqlıqtək gözdən itdilər,
Ömürün ağzına daş vurursunuz.
Həsrətə bürünüb uçur saat da,
Ətcə quşlar təki bitir qanad da,
Qoparır içimdə min bir imdad da,
Dərdi sevinc bilib baş vurursunuz.
Siz də mənim kimi olaydız nalan,
Xəzan küləkləri qəlb edir talan,
Təkcə xatirədir Şirinə qalan,
Yaşımın üstünə yaş vurursunuz.
24.05.2013