Q U R A M A
525
QƏMLİ MƏZHƏKƏ
1973-cü ildə ilk dəfə Amerika Birləşmiş Ştatlarına getdim. Sonralar daha bir neçə
dəfə bu ölkədə olmuşam, amma ilk səfərimin təəssüratı unudulmazdır. Dəstəmiz kino
işçilərindən ibarət idi. Nyu-Yorkda, Vaşinqtonda, Los Ancelesdə, San-Fransiskoda, San
Dieqoda olduq. Nyu-Yorkda o vaxt Amerikanın və dünyanın ən uca binası sayılan Empayr
Steyt Bildinqin damına qalxdıq. Metropoliten muzey, Art modern muzey, Huqenheym
muzeylərini gəzdik, Kaliforniyada Miur meşələrinə, Hollivuda, Disneylendə, Marinlendə,
San Dieqoda məşhur zooparka baş çəkdik. Amerika məni ilk öncə miqyaslarıyla və
ritmləriylə heyran qoydu.
Binalar, yollar, körpülər, məsafələr - hər şeydə bir ölçü ucalığı, miqyas genliyi
duyulurdu. Küçə və yollardakı hərəkət axını, televiziya proqramlarının sürəti, ekran
aparıcılarının və bütün çıxış edənlərin danışıq tempi -ümumən ölkədə həyatın iti ritmi
haqqında təəssürat oyadırdı. Elə bil ölkə harasa tələsir, qaçır, yüyürürdü. Miqyasları,
müasir texnika möcüzələrini də nəzərə alsaq Amerika elə bil hər zaman sabaha, gələcəyə
can atır, bu yürüşdə onu kiminsə qabaqlayacağından ehtiyat edərək hərəkət sürətini ilbəil,
günbəgün, saatbasaat artırır. Eyni zamanda Amerikanın həyatı daxili ziddiyətlərdən,
toqquşmalardan da xali deyil. Biz orada olduğumuz günlərdə Uotergeyt qalmaqalının
şıdırğı vaxtları idi. Vaşinqtonda bizi başqa turistlərlə bir sırada Ağ evə ekskursiyaya
apardılar. Kremlin həndəvərinə belə buraxılmayan sovet adamlarına Ağ evin içində
ekskursiyada olmaq, hətta məhşur Oval otağın içindən keçmək necə də qəribə gəlirdi. Hələ
bu da azmış kimi həmin o Oval otaqdan keçib gedən turistlərə vərəqələr paylanırdı,
vərəqələr həmin bu Ağ evin o vaxtkı sakini, ABŞ Prezidenti Niksona qarşı yönəldilmişdi.
Amerika demokratiyası haqqında çox eşitmişdiksə də bunu belə əyani şəkildə görmək
hamımızı şok vəziyyətinə salmışdı. İnsanlar istədiklərini sərbəst danışa bilər, istədiyi
hərəkəti edə bilərmiş. Bunu sovet adamının beyni nə qədər mütərəqqi və azad düşüncəli
olursan ol-çətin qavrayırdı. O dövrün məşhur sovet anekdotunu xatırlayırdıq. Havada iki
sərçə bir-birinə rast gəlir. Biri ABŞ-dan SSRİ-yə, biri SSRİ-dən ABŞ-a uçur. Sovet sərçəsi
526
Amerika sərçəsindən soruşur: Niyə ABŞ-ı tərk edirsən və belə cavab alır: ABŞ-ın SSRİ-yə
satdığı buğda taylarını elə möhkəm tikir və elə səliqəylə yükləyirlər ki, bircə dən də yerə
düşmür, bir şey dənləyə bilmirəm. Bu torbalar sizə gedir, deyirlər orda yükləri boşaldanda
dənlərin yarısı yerə səpələnir, odur ki, mən də ora uçuram ki, qarnımı doydurum. Bəs sən
hardan gəlirsən? - Mən SSRİ-dən ABŞ-a uçuram. - Niyə, məgər ordakı torbalardan bolluca
dən tökülməsi düz deyil? - Düzdür. -Bəs onda niyə ordan Amerikaya uçursan. - Cik-cik
eləmək istəyirəm.
Doğrudan da Amerikada olanda biz əhalisini ərzaqla və normal həyat üçün lazım
olan hər şeylə təmin etmiş bu ölkənin bir üstünlüyünü də gözümüzlə gördük və
qulağımızda eşitdik. Burada sərçənin təbiriylə desək ürəyincə və doyunca cik-cik eləmək
mümkün idi, yəni hər insanın düşündüyünü istədiyi kimi demək, yazmaq haqqı vardı.
Amma bununla bərabər bu ölkədə söz,mətbuat azadlığın özünün də yazılmamış
tənzimləyici qanunları var. Elə o günlərdə Amerikanın TV kanallarının birində bir din
xadiminin çox müdrik sözlərini eşitdim: Amerikanın Şərq tərəfində, Atlantik okeanı
sahilində, Nyu-York limanında nəhəng Azadlıq heykəli ucaldılıb. Amerikanın qərb
tərəfində, Sakit okean sahillərində, Los-Ancelesdə ya San-Fransiskoda da bir məsuliyyət
abidəsi ucaltmaq lazımdır ki, ölkəmiz bir şeyi dərk etsin-cəmiyyət yalnız Azadlıq və
Məsuliyyət arasında normal yaşaya bilər.
Amerikada olduğumuz günlərdə bu ölkədə bərqərar olan söz, fikir, düşüncə, mətbuat
azadlığını həsədlə müşahidə edərkən öz ölkəmizdə, o vaxtkı SSRİ-də bütün bu insan
haqlarının nə qədər miskin vəziyyətdə olduğunu bir daha ürək ağrısıyla xatırlayırdıq.
Gidimiz-bələdçimiz əslən Yuqoslaviyadan olan yaşlı bir qadın idi. Amerika
vətəndaşı idi, rusca da səlis danışırdı. Yazıçı Maqsud İbrahimbəyovla otellərdə bir otaqda
qalardıq. Həmin bu bələdçi qadın bizə Qərbdə rus dilində çap olumuş bir xeyli kitab gətirdi
və gizlincə verdi. Əlbəttə hamısı dissident ədəbiyyatı idi.
Arada imkan tapıb bu kitabları oxuyurduq. Amerikada axırıncı gecəmiz Nyu-
Yorkda keçdi. Səhər Moskvaya uçmalıydıq. Kitabların isə yalnız cüzi bir hissəsini oxuya
bilmişdik. Maqsud: Zərər yoxdur -dedi-oxumadıqlarımızı aparıb orda oxuyarıq. - Yox-
527
dedim-sərhəddi keçərkən bizi yoxlaya bilərlər, çamadanlarımızdan bu kitablar tapılsa ən
azı bir də xaric üzü görməyəcəyik. Maqsud: - Sən özün bilərsən - dedi - amma mən
aparacam. - Yox - dedim - səni də qoymayacam. Yaxşısı budur ki, bu gecəni yatmayaq,
səhərə qədər nə qədər oxuya bilsək oxuyaq.
Bütün gecəni kitabları bir-birimizə ötürə-ötürə oxuduq. Nələr yoxdu bu kitablarda?
KQB-nin izləmə, təqib, işgəncə metodları. Sovet həbsxanalarının, psixuşkalarının,
sürgünlərinin dözülməz şəraiti. QULAQ həyatının bütün dəhşəti.
Səhərə yaxın Maqsud: - Sən düz deyirsən - dedi - bu kitabları SSRİ-yə gətirdiyimizi
bilsələr, bizi pis günə qoyarlar.
Danışdıq ki, o gecə oxuya bilmədiyimiz bircə kitabı özümüzlə aparaq: Oruelin
"1984"romanını. Elə zənn etmişdik ki, bu sırf fantastik əsərdir. Sonra Moskvada bu kitabı
oxuyanda başa düşdük ki, anti-sovetlik baxımından bu əsər o biri kitablardan da tünd imiş.
Nə isə... Qərara gəldik ki, kitabları aparmayaq. Bəs onları harda qoyaq? Qaldığımız
nömrədə qoymaq olmazdı. Ayıq-sayıq sovet adamları kimi dərk edirdik ki, "kəşfiyyat"
dərhal bu kitabların bizə mənsub olduğunu müəyyənləşdirəcək. Bələdçiyə qaytarmaq da
olmazdı. - Gəl bu kitabları elə bu oteldə, mərtəbələrin birində qoyaq, - dedim -amma öz
nömrəmiz olan mərtəbədə yox, başqa mərtəbədə. Maqsud: - hansı mərtəbədə? - deyə
soruşdu. -Məsələn 17-ci mərtəbədə. -17-ci niyə? - Çünki Oktyabr inqilabı 17-ci ildə olub
- dedim.
Kitabları bir yerə yığıb liftlə 17-ci mərtəbəyə qalxdıq, orda qoyub nömrəmizə
qayıtdıq.
Amma bu əhvalatın qəribə sonluğu oldu. Təyyarəmiz Moskvada Şeiremetyeva
aeroportunda yerə endi. Sərhəddi keçməyə gələndə gördük ki, bizi Polad Bülbüloğlu
qarşılayır. Polad o illərdə ölkənin ən populyar estrada ulduzlarından idi, daha çox
Moskvada yaşayırdı və tez-tez xaricə uçurdu. Odur ki, aeroport xidmətlərində də çoxlu
dostu-tanışı vardı. Bizi görüb sərhədçiyə: - Propusti Vasya - dedi - eto moi druzya.
Sərhəd xidməti də, kömrük xidməti də hər ikimzi bircə dəqiqə də saxlamadan
yoxlamasız-flansız buraxdı. Sərhəddi keçən kimi Maqsud üstümə düşdü:
528
-Gördün? Heç kəs bizi yoxlamadı. Gərək sənin sözünə baxmayaydım, kitabların
hamısını gətirəydim.
-Bəs birdən Polad gəlməyəydi və bizi yoxlayaydılar, onda necə?
Bizim mübahisəmizi zaman özü həll etdi. Amerikaya ilk səfərimizdən on beş-on altı
il sonra bütün o yasaq kiatblar və onlardan da qatı antisovet əsərlər geniş yayıldı,
Rusiyanın özündə nəşr olundu, onları hər kəsin oxumaq imkanı yarandı. Qəzetlərdə də
sovet dövrünün dəhşətlərinə dair elə kəskin, ifşaedici yazılar dərc edildi ki, bizim o Nyu-
York gecəsində, "Kommador" otelin bilməm neçənci mərtəbəsində oxuduqlarımız onların
yanında Turgenev romanları kimi mülayim və sakit mətnlərə bənzərdi.
Sovet dövründəki müəyyən hadisələri, münasibətləri, anlayışları isə sırf realist
qələmlə təsvir etsən bu Bekketin, İoneskonun absurd teatrından səhnələr kimi görünəcək.
Məsələn, 1967-ci ildə ilk dəfə olaraq respublikamızın rəsmi mədəniyyət
nümayəndələrinin tərkibində Polşaya getmişdim. Səfərdən qabaq bizi "Dostluq"
cəmiyyətinə dəvət etdilər və mühüm vəzifə tutan bir məmur başımıza ağıl qoymağa
başladı: - dünyanın azı on-on beş kəşfiyyatının diqqət mərkəzində olacaqsınız (Polşada
ha!), sizi izləyəcəklər, ələ almağa çalışacaqlar, provakasiya edəcəklər və s. və i. a. bu
qəbildən xəbərdarlıqlar. Ən qəribəsi məmurun təklifi idi: Ola bilsin ki, orda sizə suallar
versinlər. Yaxşı olar ki, cavablarınızı əvvəlcədən hazırlayasınız, burda bizə göstərəsiniz,
təsdiq edək.
Mən cəsarətli olduğumdan deyil, sadəlövh olduğundan sadəlövhcəsinə soruşdum:
Axı bilmirik bizə orda nə sual verəcəklər, qabaqcadan cavablarımızı necə hazırlayaq?
Məmur mat-mat mənə baxdı. Deyəsən bu variant onun ağlına gəlməmişdi.
Bizim nümayəndə heyətilə isə başqa bir məmur gedirdi, Polşada görüşlər zamanı
uzun bir məruzə oxumalıydı və təbii ki, məruzəsini əvvəlcədən yazıb hazır etmişdi, bütün
instansiyalarda təsdiq etdirmişdi-əlbəttə qeydləri və təklifləri nəzərə almaqla. O məruzənin
ruhu belə idi ki, Sovet quruluşuna qədər Azərbaycanda heç nə olmayıb, hər şey məhz
529
sovet dövründə yaranıb. Ən gülməli cümlə isə belə idi ki, inqilaba qədər Azərbaycan
qadınları ərə gedə bilmirdilər.
Polyaklar da bu fikrə təəccüb qalmışdılar: əgər inqilaba qədər Azərbaycanda qızlar
ərə gedə bilmirdisə bəs bu millət haradan əmələ gəlib? Yəni hamısı qeyri-qanuni
uşaqlardır?
Hər nəysə Polşaya gəlib çıxdıq və hər görüşdən əvvəl məmur bu məruzəsini - düz
yarım saat oxuyurdu. O cümlədən kosteldə-kilsədə - orqan konsertindən əvvəl, körpələr
evində, memorial qəbrstanlıqda, nigah sarayında və s. Nəhayət Zakopane adlı dağ
kurortuna gəldik. İnsanlar istirahətdə, kefdə. Burada yalnız çəmənlikdə Kamera
orkestrimizin istirahət edənlərçün konserti nəzərdə tutulmuşdu. Orkestrin o vaxtkı rəhbəri,
istedadlı dirijorumuz Nazim Rzayev məni bir qırağa çəkdi. "Biz burda qədim musiqi
əsərləri çalmaq istəyirik - dedi - Vivaldi, Teleman, Korelli. Heç məruzənin yeri deyil.
Qorxuram o natiq konsertdən qabaq çıxıb yenə məruzəsini oxumağa başlaya, musiqi
dinləməyə yığışmış adamlar da dağılışa. Səndən xahiş edirəm, onun başını qat, söhbətə tut,
biz konsertə başlayaq. - Yaxşı - dedim, natiqin qoluna girib söhbətləşə-söhbətləşə onu
konsert verilən yerdən uzaqlaşdırdım. Mənə münasibəti pis deyildi və nə isə çox insani bir
tonla insani söhbətlər edirdik. Birdən gördüm ki, qulaqlarını şəklədi, sir-sifəti tamam
dəyişdi, gərginləşdi: demə məndən də qabaq uzaqdan musiqi sədalarını eşidibmiş. Tələsik
məndən ayrıldı, az qala qaça-qaça musiqi çalınan yerə tərəf getdi və bir musiqi əsəri bitib
ikincisi başlanana qədər hövlnak qabağa çıxıb məruzəsini oxumağa başladı. İstirahət edən
polyak və əcnəbi turistlərə vacib bir məlumatı çatdırdı: "İnqilaba qədər Azərbaycan
qadınları ərə gedə bilmirdi".
O günlərdən çox illər ötüb, sovet sisteminin dağılmasından isə 7 il keçir. Amma bu
zaman məsafəsi elə böyük görünür ki, sanki söhbət tamam başqa bir əsrdən - daha doğrusu
Orta əsrlərdən gedir. Çünki bir çox xüsusiyyətləri ilə sovet sistemi məhz elə Orta əsr və
bəlkə də quldarlıq dövrü quruluşlarına bənzəyirdi. Amma o da qəribədir ki, indi o illəri
xatırlayanda o sistemin yalnız cinayətləri deyil, gülməli məqamları da yada düşür. O da
yada düşür ki, həmin dövrdə insanlar yaşadıqları cəmiyyət, quruluş, ölkənin rəhbərləri
530
haqqında gerçəkdən düşündüklərini ancaq bir-birlərinin qulaqlarına pıçıldadıqları siyasi
anekdotlar vasitəsilə ifadə edə bilirdilər. Anekdot sovet dövrünün ən demokrtik və ən
populyar şifahi ədəbiyyat janrı idi. Kommunizmə, Sovet sisteminə, SSRİ-yə, sovet
rəhbərlərinə aid xeyli anekdot bilirəm, amma onların içində məna tutumu etibarilə biri
daha səciyyəvidir. Sovet bürokratik mentalitetinə uyğun olaraq maddələrə bölünmuş bu
anekdotda o sistemin bütün mahiyyəti açılır. Anekdot altı maddədən ibarətdir: 1.SSRİ-də
işsizlik yoxdur, amma heç kəs işləmir. 2.Heç kəs işləmir, amma bütün planlar dolur.
3.Bütün planlar dolur, amma dükanlar bomboşdur. 4.Dükanlar bom-boşdur, amma hamının
evində hər şey var. 5.Hamının evində hər şey var, amma hamı narazıdır. 6.Hamı narazıdır,
amma hamı yekdilliklə səs verir.
Ən çox anekdot sovet rənbərlərinə aid olurdu - Stalinə, Xruşşova, Brecnevə. Amma
məsələ ondadır ki, bu rəhbərlərin zlərinin də xətt - hərəkətləri, müəyyən sözləri, ifadələri
anekdotlara, masqaralara qida verirdi. Stalin haqqında danışırlardı ki, o, Partiya funksioneri
Polikarpovu yanına çağırır və onu Yazıçılar İttifaqına rəhbər təyin edir. Yazıçıların özlərini
pis aparmaları haqqında Polikarpovu xəbərdar edir: gedin, onların əl-ayağını yığışdırın və
bir müddət sonra mənə məlumat verin - deyir.
Bir müddət sonra Polikarpov gəlir ki, İosif Vissarionoviç, məsələ biz bildiyimizdən
də betər imiş. Fadeyev səhərdən axşamacan içir, Erenburqun işi-peşəsi Fransanı
tərifləməkdir, Simonov gündə bir arvad alıb boşayır və s. və i. a. Polikarpov yazıçılar
haqqında nə bilirdisə hamısın döşəyib qurtarır. Stalin bir müddət qəlyanını tüstülədərək
susur, sonra: - Yoldaş Polikarpov - deyir, - bu yazıçılarla işləməli olacaqsınız, sizin üçün
mənim başqa yazıçılarım yoxdur.
Onu da danışırdılar ki, müharibə vaxtı Stalinə elə hey İncəsənət İdarəsinin rəisi
Xrapçenkodan şikayət edirlərmiş, nəhayət təngə gələn Stalin: Qoyun bir Hitlerin axırına
çıxım, ondan sonra Xrapçenko ilə məşğul olaram - deyib.
Stalinlə bağlı bir məzəli əhvalatı da mənə rəhmətlik dirijorumuz Niyazi danışmışdı.
30-cu illərdə Moskvada Azərbaycan incəsənət dekadası zamanı Üzeyir Hacıbəyovun
531
"Koroğlu" operası da Bolşoy teatrda göstərilir. Tamaşadan sonra Stalin və digər Politbüro
üzvləri müəlliflə və artistlərlə görüşür.
Voroşilov Üzeyir Hacıbəyova: Yaxşı olar ki, bir cüt də belə opera yazasınız -
sözlərini deyəndə Stalin kəskin şəkildə - Net (Yox) - deyir. Üzeyir bəy özünü itirir. Bəlkə
Stalin əsəri bəyənməyib, onda operanın da, bəstəkarın da taleyi necə olacaq? Uzun bir
pauzadan sonra Stalin: - Bir cüt yox, iki cüt belə opera, -deyib.
Xruşşov Bakıya gələndə Neft Daşlarında onun şərəfinə ziyafət verirlər. Yerli
rəhbərlərdən biri qonağa xoş gəlsin deyə: biz burda kiçik bir sahəyə rəhbərlik edəndə
çətinlik çəkirik - deyir - görün əziz Nikita Serkeyeviç bu boyda nəhəng ölkəyə rəhbərlik
etmək sizin üçün necə çətindir.
Artıq möhkəm dəm olan Xruşşov: - Əsla - deyir - Bizim ölkəyə hər axmaq rəhbərlik
edə bilər.
Orta Asiya respublikalarının birində onu qarşılayan ağsaqqalara: Salam hörmətli
saksaullar-deyən və BMT toplantısında ayaqqabısını çıxaran Xruşşov, bu sözlərinin
həqiqətdən o qədər də uzaq olmadığını əyani sübut edirdi. Amma insaf naminə Xruşşovun
Stalin buz sisteminin sındırılmasında rolunu və gələcəkdə SSRİ-nin dağılmasına aparan
yolda ilk addımları atmasını da unutmaq olmaz və bu baxımdan ona rəhmət oxumalıyıq.
Brejnevlə bağlı qəmli məzhəkələri isə artıq mən öz gözümlə görmüşəm, Bakıda
indiki Respublika sarayında Brejnev Azərbaycana orden təqdim etməli idi və bu
təqdimatdan qabaq kürsüdən yazılı nitqini oxuyurdu. Amma oxuduqca görürdüm ki,
Prezidiumda həm Heydər Əliyev, həm də Moskvadan gələn qonaqlar həyacanla bir-birinə
baxır, him-cim edirlər. Az sonra Moskvalı qonaqlardan biri Brejnev nitq irad elədiyi
kürsüyə yaxınlaşıb onun qulağına nə isə pıçıldadı. Brejnev "hm" elədi və nitqinə davam
etdi. Prezidium masası arxasında yenə bir-birlərinə işarələr etməyə, nəsə deməyə
başladılar. Nəhayət, Heydər Əliyev yerindən qalxdı, kürsüyə yaxınlaşdı və qəti hərəkətlə
Brejnevin oxuduğu mətni alıb yerinə başqa bir mətn qoydu. Brejnev əvvəlki robot
532
intonasiyasıyla yeni mətni oxumağa başladı və eyni sözlərin təkrar olduğunu görüb: -Nu,
eto ya uce kacetsya çital - dedi.
Sən demə iki mətni dəyişik salıbmış. Bir mətn bu günkü iclasda, ikincisi isə axşam
banketdə söylənəcək nitqin mətnləri imiş. Hər iki mətnlərdə ümumi yerlər olsa da, hər
halda Sarayda, iclasda söylədiyi nitqini: - İndi də gəlin bu badələri qaldıraq - sözləri ilə
bitirsəydi konfuz alınardı.
O günlər Brejnevi lap yaxından gördüm. Sanki sudan çıxarılıb quruya atılmış balıq
kimi təngnəfəs bir halda hava udurdu, elə bil hava çatmırdı ona, elə bil boğulurdu.
Baxışları isə donuq şüşə baxışlar idi. Yaxından adama elə gəlirdi ki, insan deyil, insan
paltarı geyindirilmiş, üzünə insan masqası taxılmış robotdur.
Brejnev öldü, yerinə Andropov gəldi, az sonra o da öldü, yerinə Çernenko seçildi.
Günlərin bir günündə Teatr cəmiyyəti xəttiylə Naxçıvana getmişdik. Naxçıvanda
tədbirləri keçirəndən sonra Muxtar Respublikanın başqa bir rayonuna getməliydik. Amma
səhər eşitdik ki, nümayəndə heyətimizin başçısı, Teatr Cəmiyyətinin sədri rejissor Şəmsi
Bədəlbəyli xəstələnib, ürəyi sancır. Məni yanına çağırdı. - Mən gedə bilməyəcəm - dedi - o
rayona gedən dəstəyə sən rəhbərlik et.
Yatağında uzanmışdı, rəngi qaçmışdı, oğlu, məhşur pianoçumuz Fərhad Bədəlbəyli
də yanında idi.
Şəmsi müəllimdən nigarançılıqla ayrılıb rayona getdik. Rayonun rəhbəri bizi
qarşılayıb proqramı dedi. Elə bu vaxt bir nəfər ona yanaşıb qulağına nə isə pıçıldadı.
Rayon rəhbəri bir an tutuldu, Naxçıvandan gəlmiş Partiya katibi qadınla məsləhətləşdi
sonra mənə: tədbirləri təxirə salmalıyıq - dedi - amma hər halda nahar edək, sonra
Naxçıvana qayıdın. - Nə olub ki? - kişi, rəhmətə getdi.
-Nə? - deyə sarsıldım - Mənə bir maşın verin, mən təcili Naxçıvana qayıtmalıyam. -
Anar müəllim nahar edin, bir balaca banketimiz var, sonra gedərsiz - dedilər.
-Nə banket, nə nahar canım - dedim. - Biz ailəlikcə yaxın adamlarıq. İndi orda
yanında təkcə oğlu qalıb, mən dərhal özümü ora yetirməliyəm.
533
Gördüm ki həm yerli rəhbərlik, həm də Naxçıvandan gələn partiya katibi mənə çox
təəccüblə və hətta bir qədər ehtiyatla baxır.Bir xeyli anlaşılmazlıq dəqiqələri keçirəndən
sonra hər şey aydınlaşdı.Demə rəhmətə gedən, şükür allaha Şəmsi müəllim deyil,ölkə
başçısı Çernenko imiş. Hamı mənim Çernenkonun vəfatından belə sarsılmağıma,onunla
ailə dostu olmağıma, oğlunu belə anlarda tək buraxmamaq istəyimə mat qalıbmış. Əlbəttə
hər bir insanın ölümü itkidir və Çernenkoya da allah rəhmət eləsin. Biz onun ölümünə
sevinmirdik, Şəmsi müəllimin sağ-salamat olmasına sevinirdik. Əlbəttə nahar da elədik,
banketdə tostlar da deyildi. Naxçıvandan gəlmiş Partiya katibi - qadın isə mənə belə dedi:
Nə danışırsız Anar müəllim, iraq-iraq Şəmsi müəllim rəhmətə getsəydi biz heç banket
eləməyə razı olardıq. Müsəlman deyilik?
Bu
sözlər mənimçün Perestroyka-Yenidənqurma deyilən bir dövrün
başlanğıcından xəbər verirdi. Düşünürdüm ki, nəinki Stalin, heç Brejnevin belə ölümünə
sovet adamları, o cümlədən partnomenklatura bu sayaq münasibət bəsləyə bilərdimi?
İnsanların psixologiyasında, ümumən cəmiyyətin ab-havasında, quruluşun mahiyyətində
nə isə dəyişməyə başlamışdı. Amma bu dəyişikliklərin başlandığını duya bilsək də, onların
qısa bir zaman ərzində nələrə gətirib çıxaracağını o vaxt heç birimiz təsəvvürümüzə belə
gətirə bilməzdik.
Çernenkonun ölümüylə əlaqədar olaraq Moskvada matəm günləri başlanırdı,
Naxçıvanda isə biz o gün deyib gülürdük. Görünür ağır, çətin keçmişimizdən gülə-gülə
ayrılmalıyıqmış. Sovet sisteminin qəmli məzhəkəsi sona yetirdi.
Dostları ilə paylaş: |