Ayrı-ayrı türk ölkələrinin tarixi, dili, ədəbiyyatı, incəsənəti, coğrafiyası və
iqtisadiyyatını peşəkarcasına bilən adamları - yalnız elmi işçiləri yox, geniş profilli
mütəxəssisləri- ölkəşünasları hazırlamaq lazımdır. Türkiyədə olarkən, həm mətbuat
səhifələrində, həm də söhbətlər zamanı İstanbul, Ankara, İzmir və başqa şəhərlərin
universitetlərinin türkoloci fakültələrində Bakıdan müəllim kadrlarını cəlb etməklə
Azərbaycan şöbəsinin təşkil edilməsi məsələsini qaldırmışam. Azərbaycanın
öyrənilməsinə həsr edilmiş xüsusi fənlərlə yanaşı, Kirill əlifbasının öyrənilməsinə də
diqqət yetirilməlidir. Bu əlifbanın xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, onu
bilmədən son əlli ildə Azərbaycanın ictimai-siyasi həyatını öyrənmək mümkün deyil.
Azərbaycanın Türkiyədə mədəni mərkəzi olmalıdır. Cari ilin yanvarında Türkiyə
və Azərbaycan prezidentlərinin imzaladıqları sazişdə də belə bir mərkəz
haqqında bənd vardı. Əgər rəsmi Azərbaycan səfirliyinin Ankarada yerləşməsi
təbiidirsə, mədəni mərkəzin İstanbulda açılması məqsədəuyğundur. Çünki əsas ziyalı
potensialı, sanballı qəzet redaksiyaları, nəşriyyatların çoxu, bir çox teatrlar, muzeylər
burada yerləşir. Mədəni mərkəz, həm də informasiya mərkəzi olmalıdır. Axı, mövcud
məlumat blokadası şəraitində Azərbaycan, o cümlədən Qarabağ münaqişəsi haqqında
həqiqəti dünya ictimaiyyətinə məhz Türkiyə kanalı vasitəsilə çatdırmaq imkanı var.
«Türk YUNESKO»su formalı təşkilatın yaradılması məsələsinə qayıdarkən qeyd
etmək istərdim ki, o yalnız təhsil, tələbə və müəllim mübadiləsi ilə deyil, həm də tibbi,
idman, turist əlaqələri, teatrların, musiqi kollektivlərinin qastrol səfərləri, bədii
sərgilərin açılması, filmlərin birgə çəkilişi məsələləri ilə də birbaşa məşğul ola bilər.
Həm efirdə, həm teleekranda, həm də canlı, mədəni maarif proqramları tərtib
etmək olar: poeziya günləri, klassiklərə həsr edilmiş qiraət, mövzu üzrə konsert və
sərgilər, elmi simpoziumlar, konqreslər, birgə ekskursiyalar, məsələn: Monqolustana
Orxon abidələri kimi türk xalqlarının ümumi sərvəti olan yerlərə birgə səfərlər, folklor,
klassik və çağdaş ədəbiyyata aid kitablar, tematik seriallar: «Türk ədəbiyyatı xəzinəsi»,
«Türk ədəbi irsi», «Türklərin tarixi romanı», «Çağdaş türk hekayəsi», «Gənc
müəlliflərin əsərləri», «Türk publisistikasından seçilmiş mətnlər», «Türk poeziyası 1500
il ərzində»,1) «Türk xalqlarının nağılları, atalar sözləri» və s. və i. a.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyi beşcildlik Azərbaycan
ədəbiyyatı antologiyasını (folklor, poeziya, nəsr, dramaturgiya, tənqid,
publisistika) Türkiyədə, eləcə də beşcildlik Türkiyə ədəbiyyatı antologiyasını
azərbaycanca nəşr etdirmək təşəbbüsünü irəli sürüb.
(Belə bir kitabı - iki cildlik «1500 ilin oğuz şeiri» adlı antologiyanı,habelə «Min
ilin yüz şairi» adlı Azərbaycan poeziya toplusunu tək başıma tərtib etdim,Bakıda və
Ankarada nəşr olundular).
Respublika Dövlət Mətbuat Komitəsinin, Azərbaycan Yazıçılar Birliyinin Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin və Türkiyə mətbəələrinin birgə səyi nəticəsində
həmin nəşri qısa müddətdə yüksək poliqrafik səviyyədə həyata keçirmək olardı.
(Məsələnin poliqrafik cəhətinə gəldikdə, Türkiyənin iştirakı vacibdir, çünki bizdə bu cür
zəngin və rəngarəng illüstrasiyalı çoxcildliyin nəşri üçün müvafiq istehsalat bazası və
texniki səviyyə yoxdur).
Mətbəə çətinlikləri iki böyük arzumuzun da həyata keçməsinə maneçilik törədir.
Azərbaycan Yazıçılar Birliyinin nəzdində «Dədə Qorqud ensiklopediyası» redaksiyası
yaradılıb. Ensiklopediya bu sahədə yalnız epos haqqında ilk və yeganə bilgi toplusu
olmayacaq, o, həm də tariximizin, mədəniyyətimizin, coğrafiyamızın, məişətimizin
böyük bir dövrünü araşdırmaq məqsədi güdür. Türkiyənin texniki, poliqrafik köməyi
olmadan bu işi həyata keçirmək mümkün deyil 1). Belə bir kömək olmasa, ikinci böyük
arzumuz - «YUNESKO KURYERİ» tipli jurnalı da Bakıda nəşr etdirə bilmərik 2).
_____________________________________________
1)Heydər Əliyevin dəstəyiylə «Dədə Qorqud ensiklopediyası»nı Bakıda, öz
gümüzlə nəşr edə bildik.
2)Hazırda Azərbaycan Yazıçılar Birliyi bu səpgidə «Ulu çinar» dərgisini çap edir.
Jurnalımız üçün gözəl ad da seçmişik: «İpək yolu». Çindən Avropaya qədər
uzanan Böyük «İpək yolu» əsasən türk torpaqlarından keçib. Bu ticarət yolu Asiya və
Avropanın qarşılıqlı münasibətində misilsiz rol oynamaqla, ətrafdakı digər xalqları da
birləşdirmişdir. Tarixən qonşu olduqları Çin və Monqolustan, Rusiya və Qafqaz,
Hindistan və İran, Ərəb və Balkan ölkələri ilə münasibətdə türk xalqları digər ölkələrin
mədəni nailiyyətlərindən faydalandıqları kimi, bu ölkələri də öz mənəvi sərvətləri ilə
zənginləşdirirdilər.
İpək yolu özünün geniş tarixi-mədəni anlayışına görə yalnız Şərqi və Qərbi
birləşdirən yol deyil, eyni zamanda Şimal və Cənub arasında da körpüdür.
Əsasən İslam dininə etiqad edən türklərin başqa dinlərə hörmətlə yanaşması
onlara xaçpərəstlər, yəhudilər, buddaçılarla sıx əlaqə saxlamaqa imkan verirdi. Qeyd
etmək yerinə düşərdi ki, bəzi türk xalqları keçmişdə, elə indinin özündə də müxtəlif
dinlərə etiqad edirlər, məsələn, qaqauzlar - xaçpərəst, qaraimlər - iudey, qədim uyğurlar
- buddaçı, manixey dininə tapınırdı, bəzi türk xalqları isə qədim etiqadlarını - şamanlıq
və tenqriçiliyi qoruyublar.
«İpək yolu» özünəqapılma meylindən uzaq bir curnal olmalıdır. Türk mənəvi
varlığını, türk qəlbinin zənginliyini bütün bəşəriyyətə açıb göstərməli, başqa xalqların
yüksək mədəni, fəlsəfi, estetik və əxlaqi nailiyyətləri ilə türkləri tanış etməlidir. «İpək
yolu» adının özündə belə tarixilikdən başqa, yumşaqlıq, parlaqlıq, əlvanlıq da əks
olunur.
Beynəlxalq məişətdə «Qərənfil inqilabı», «Məxməri inqilab» kimi ifadələr var.
Türk xalqlarının mənəvi təkamül yolunu, mədəni dirçəliş və qarşılıqlı yaxınlaşma
yolunu «İpək yolu» kimi təsəvvür edirəm.
Bu sülh və xeyirxahlıq, insansevərlik və demokratiya, azadlıq və ləyaqət yoludur.
1991
Dostları ilə paylaş: