İKİ DİLİN BİR ADI OLA BİLMƏZ
-Vaxtilə Azərbaycan dilinin türk dili ilə zənginləşdirdiyinə görə başı ağrayan
Anar bu gün dövlət dilimizin türk dili adlanmasının əleyhinədir. Niyə?
-Anar müəllim, Milli Məclisin Azərbaycanın dövlət dili haqqında çıxardığı qərar
əhali arasında birmənalı qarşılanmayıb. Bu məsələdə Sizin mövqeyinizi bilmək maraqlı
olardı.
-Milli Məclisdə dillə bağlı bu mühüm qərar qəbul olunmazdan bir gün əvvəl Ali
Sovetin mədəniyyət məsələlərinə baxan komissiyasının - adını dəqiq bilmirəm,
(deyəsən, mən də o komissiyanın üzvüyəm, çünki hərdən iclaslara çağırırlar, hərdən
yox), iclasına çağırmışdılar və həmin iclasda bu məsələ qalxmışdı. Orada birinci Əkrəm
Əylisli çıxış eləyib dedi ki, mən onun tərəfdarıyam ki, bizim dilimiz Azərbaycan
türkcəsi olsun. Sonra bir neçə başqa adam çıxış elədi. Bu müzakirələr zamanı iki fikir
yarandı: Azərbaycan dili və Azərbaycan türkcəsi.
İclasa sədrlik edən millət vəkili Rauf İsmayılov mənə müraciət etdi ki, Sizin də
fikrinizi, yazıçıların fikrini bilmək istəyirik. Dedim ki, bu gün mən ancaq öz adımdan
danışa bilərəm, çünki bu mövzuda yazıçılarla fikir mübadiləmiz olmayıb. Həmin iclasda
da demişəm, indi sizə də deyirəm və xahiş edirəm ki, fikrimi olduğu kimi çatdırasınız.
Mən dilimizin Azərbaycan türkcəsi adlandırılması fikrinin qəti tərəfdarıyam və
dilimizin yalnız türk dili adlandırılmasının qəti əleyhdarıyam.
Niyə Azərbaycan türkcəsi? Əvvəla, hamıya aydındır ki, bizim dilimiz türk
dillərindən biridir. İkincisi, o da məlumdur ki, bizim dil 18-ci ildən - Demokratik
Respublika dövründən 30-cu illərin ortalarına qədər türk dili adlanıb. Ədəbiyyatımız
türk ədəbiyyatı, teatrımız türk teatrı adlanıb, pasportlarda türk milləti yazılıb. Bu
mənada uzun illər yasaq olunmuş türk sözünün bərpa edilməsi ədalətli və qanunauyğun
bir işdir. Bəs niyə mən türk dilinin yox, Azərbaycan türkcəsinin tərəfdarıyam? Çünki bu
saat bizim danışdığımız dil, sizin qəzetin dili məhz Azərbaycan türkcəsidir, Türkiyə
türkcəsi deyil. Bunu birdəfəlik anlamaq lazımdır. Son vaxtlar Azərbaycan dili haqqında
deyirlər ki, güya bu, ləhcədir. Mən bu fikrin qəti əleyhinəyəm. Türkiyədə olarkən dil
üzrə mübahisələrdə mənə deyirdilər ki, ləhcə sizin anlamda deyil, ləhcə ayrı şeydir.
Mən dedim, yaxşı, siz Ukrayna dilinə ləhcə deyirsinizmi? Yox. Belorus dilinə ləhcə
deyirsinizmi? Yox. Bəs Azərbaycan dili niyə ləhcə olmalıdır? Ləhcə - küçədə, bazarda,
evdə danışılan dildir. Bir də bədii əsərlərdə personacların dilində ləhcə ola bilər Bakı
ləhcəsi, Qazax ləhcəsi, Şəki ləhcəsi, Göyçay ləhcəsi və s. Ədəbi dil ləhcə ola bilməz.
Mətbuata, televiziyaya, radioya ləhcəni çıxarmaq olmaz. Deməli, radioda, televiziyada
səslənən, mətbuatda işlədilən Azərbaycan dili - Azərbaycan ədəbi dili var.
Türkiyədə Şərqi Anadolu azərbaycanca, azərbaycanlılar kimi danışır. Danışıqda
heç bir fərq yoxdur. Amma Türkiyənin mətbuatı, radiosu, televiziyasının dili,
Türkiyənin türk ədəbi dili Azərbaycan ədəbi dili ilə eynidir, ya yox? Bax, mən bu suala
cavab axtarıram. Bu sualdan hamı qaçır, hərə bir cür cavab verir. Bəziləri deyir ki,
dilimiz birdir. Yox, dilimiz bir deyil, yaxındır.
Azərbaycan dili müstəqil bir dildir. Necə ki, qırğız dili, tatar dili müstəqildir. Heç
bir vaxt tatar dönüb başqa dildə danışmayacaq, qazax da, qırğız da danışmayacaq,
Azərbaycanlı da danışmamalıdır. Çünki Azərbaycan dilinin özünün özəllikləri,
özünəməxsus xüsusiyyətləri var.
Dostları ilə paylaş: |