AZƏRBAYCAN SUVENİR RESPUBLİKASI DEYİL,
SUVEREN RESPUBLİKADIR
(Azərbaycan KP XXXII qurultayında çıxış. 9 iyun, 1990)
Hörmətli yoldaşlar!
Partiyanın müxtəlif qurultaylarına müxtəlif adlar verilib Qaliblər Qurultayı,
həlledici Qurultay və demək olar ki, hamısı Tarixi Qurultay. Bu adların zamanın sınağı
qarşısında doğrulub-doğrulmaması başqa məsələdir. Arzu edərdim ki, Azərbaycan
kommunistlərinin bu qurultayı tarixə sözün həqiqi mənasında Səmimi Qurultay kimi
daxil olsun, yəni bu məclisdə hərə öz düşündüyünü desin. Bu baxımdan mən də tam
səmimiyyət ruhunda ürəyimdəkiləri etiraf etmək istəyirəm. Bu ilin qanlı yanvar
hadisələrindən, xalqımıza tutulan divandan sonra mən bu divana yol vermiş partiyanın
sıralarında qalmaq istəmirdim. Və bu gün mən buradayamsa, bu kürsüdən danışıramsa
bunun səbəbini izah etməliyəm: düşünüb-daşınıb, çox ciddi tərəddüdlərdən keçib bu
qərara gəldim ki, 23 il ərzində bu partiyanın üzvü olan bir adam kimi mən də partiyanın
cəmiyyət, ölkə və xalq qarşısındakı günahlarına görə məsuliyyət daşıyıram və bu
günahların yuyulmasında iştirak etmək üçün onun öz içində, onun mexanizmləri və
tribunaları vasitəsilə fəaliyyət göstərməliyəm. İlkin sosialist ideallarını təhrif edib
totalitar bir rejim yaradan Stalin-Brejnev sisteminin amansız səhvləri və cinayətləri
üçün yalnız sabiq və indiki rəhbərlər məsuliyyət daşımır, bütün bu haqsızlıqlara dözən,
səsini qısan, razılaşmasa da susan sıravi partiyaçılar və o cümlədən mən də məsuliyyət
daşıyıram. O illərin məhdud imkanları daxilində hər halda demək istədiklərimizi az-çox
desək də.
Altı və üstü talan olunmuş torpağımız, azdırılmış tariximiz, unutdurulmuş adımız,
dəyişdirilmiş əlifbamız (yeri gəlmişkən yenidən latın əlifbasına qayıtmağın vaxtı
çatmışdır) illər boyu kürül-kürül axan yalanlar, boş vədlər, təbiətin kor qoyulması,
şəhərlərimizin zəhərlənməsi, mənəviyyatın pozulması, riyakarlıq, saxtakarlıq,
rüşvətxorluq, qohumbazlıq, yerlibazlıq - cəmiyyətimizdə geniş yer almış bütün bu
bəlalara görə heç birimiz məsuliyyət, cavabdehlik və təqsir yükünü boynumuzdan ata
bilmərik.
Partiyanın tarix qarşısında şərəfli missiyası - həm ümumən ölkədə, həm də hər
respublikada, o cümlədən Azərbaycanda demokratik, çoxpartiyalı sistem yaratmaqdır.
Tarixin parodoksudur ki, Kommunist Partiyası özü və məhz o, hakimiy-yətə şərik çıxa
biləcək ictimai qüvvələrə yardım əlini uzatmalıdır. Bu onun kələcək nəsillər qarşısında
ən şərəfli işi ola bilər.
Tarixdə heç nə itmir, batmır. Bu günlərdə Azərbaycan Demokratik
Respublikasının 72-ci ildönumünü bayram edərkən, indiyədək tanış olmadığımız
sənədlər, faktlar üzə çıxarılarkən Azərbaycan xalqının zəngin demokratik ənənələrə
malik olduğu bir daha aydınlaşdı. Demokratiya da, siyasi və ictimai fikir müxtəlifliyi
də, milli müstəqillik də bizimçün göydəndüşmə bir şey deyil, onların torpağımızda,
tariximizdə kökləri, rişələri var. Demokratiya həqiqi milli müstəqilliyin də, insan
azadlığının da ilkin şərtidir. Dəqiq demokratik institutlar və qanunlar olmadan
müstəqillik yeni bir totalitarizmə, şəxsi, siyasi və ya dini despotizmə, istibdada gətirib
çıxarda bilər. Odur ki, bu gün xalqımızın gələcəyi haqqında məsuliyyət hissi ilə
düşünən bütün siyasi və ictimai qüvvələr məhz demokratiyanın möhkəmlənməsi
uğrunda mübarizə aparmalıdırlar. Tarix göstərdi ki, ayrıça, təcrid olunmuş bir ölkədə
sosializm qurmaq müşkül işdir. Eynilə ölkənin hər hansı ayrı respublikasında, təcrid
olunmuş şəkildə nə müstəqillik, nə də tam demokratiya əldə etmək olar. Hər
respublikanın, o cümlədən Azərbaycanın demokratikləşməsi ölkədəki demokratik
proseslərlə bağlıdır, amma bu proseslərin möhkəmlənməsi üçün biz də öz səyimizi
əsirgəməməli, qeyrət və hümmət göstərməliyik. Bu işdə Kommunist Partiyası müstəsna
rol oynaya bilər. Ancaq burda da tam səmimiyyət lazımdır. Çoxpartiyalılıq süni surətdə
yuxarıdan qurula bilməz, heç kəsi təmsil etməyən beş-on nəfərlik oyuncaq partiyaların
formal təsdiqi hələ demokratiya deyil. Siyasi plüralizm və demokratiya həqiqətən xalqın
öz içindən çıxan, onun öz iradəsiylə yaranmış, onun əhəmiyyətli hissəsinin fikir və
duyğularını ifadə edən hərəkatla səmimi və sağlam əməkdaşlıqdır. Qeyri-formal
adlandırdığımız bu hərəkat və onun nüfuzlu öncülü olan Azərbaycan Xalq Cəbhəsi -
ictimai və siyasi həyatda layiq olduğu yeri bir sədəqə kimi deyil, halal qazanılmış hüquq
kimi almalıdır. Xalq Cəbhəsinin sağlam qüvvələri haqqında danışanda belə nəzərdə
tuturuq ki, orda qeyri-sağlam qüvvələr də var. Doğrudan da belədir, Xalq Cəbhəsində
karyeristlər, demaqoqlar, üzdə bir şey, dalda başqa şey deyənlər də var. Amma məgər
Kommunist Partiyasının sıralarında tək bir yalnız sağlam qüvvələr cəmləşib, əliəyrilər,
bürokratlar, doqmatiklər yoxdur?
Xalq Cəbhəsinin fəaliyyətində ciddi səhvlər və nöqsanlar varmı? Var! Amma hər
halda Xalq Cəbhəsinin iki il ərzində buraxdığı səhvlər 70 il ərzində edilən səhvlərdən
bir qədər az olar.
Mən burda münasibətləri ayırd eləmək fikrində deyiləm. Yeganə istədiyim odur
ki, məhz Kommunist Partiyasının sağlam qüvvələriylə Xalq Cəbhəsinin, digər ictimai
hərəkatların, gələcək partiyaların sağlam qüvvələri arasında əməkdaşlıq yaransın.
Azərbaycan ziyalılarının təşəbbüsü ilə fəaliyyətə başlamış Məşvərət Şurası - respublika
rəhbərliyinin, Xalq Cəbhəsinin və ziyalıların arasında möhkəm körpü olmalıdır, iş
birliyinə xidmət etməlidir. Bu şuranın ilk toplantısı yüksək səviyyədə və real
əməkdaşlıq şəraitində keçdi. Təəssüf ki, sonrakı toplantılar həm səviyyə, həm səlahiyyət
baxımından çox da səmərəli olmadı. Bu orqan isə respublikamızın gələcəyi üçün,
xalqımızı hər hansı bəladan hifz etmək üçün son dərəcə mühüm görüş yeridir.