Milli Kitabxana
350
* * *
Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul
verib dedi:
- Oğlum, daha dərsindən qalma, dur məktəbə get, dərslərini qurtarandan sonra
da yoldaşlarını götürüb gəzməyə get ki, kefin açılsın.
Bu gün atanın borcluları gələcəklər. Mənim başım onlara qarışacaqdır.
Daha dayanma, oğlum, get.
Bu əmrə Nurəddinin özü də şad oldu və dərhal heybəsini götürüb cəld getdi.
Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi.
- Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır, hərgah əvvəldən
belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi.
Görəsən Gülpərinin mənimlə belə rəftar etməsinə səbəb nə oldu? Bu hal onda
mənə rəhmi gəldiyindənmi, yoxsa, atası İmamverdinin qorxusundanmı əmələ
gəldi? İmamverdi yaxşı kişidir. O məni çox istəyir. Ah, görəsən, Gülpərinin bu halı
çoxmu çəkəcəkdir? Qorxuram İmamverdi baba gedəndən sonra yenə məni
döyməyə başlaya. Onda kimim var ki, mənə kömək etsin. Hərgah Bahar kömək
edərsə, o saat onu da qovar; çünki indi hamı ixtiyar onun əlindədir.
Bu fikir və xəyalatda ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə
dəyişməsinə səbəb, Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı
bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək
Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə
keçecəkdir. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Gülpəri ərindən çox pul gözləyirdi, lakin Hacı Nəsirin var-yoxunu hesaba çəkib
borclarını verəndən sonra məlum oldu ki, bir qədər nəqd pul bir ev atasından və on
iki min manatlıq cəvahirat və ev şeyi də anasından Nurəddinə irs qalıb. Ona da
Gülpərini qəyyum təyin etdilər.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin
Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
- Qorxma, nə qədər ki, sən sağsan Gülpəri bir qəpiyə də əl vura bilməz və səni
incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxardarlar.
Bu sözlərdən Nurəddin çox şad oldu. Baharın dediyi də düz oldu. Güləpri
Nurəddinə daha əziyyət verməyib onunla mehriban dolanmağa başladı.
Milli Kitabxana
351
Bahar, doğrudur, Nurəddini Gülpəri tərəfindən arxayın etdi, amma özü onun bu
dəyişilməsinə əsla inanmırdı. Gülpərinin ürəyində bir gizli fikir bəsləməsinə şəkki
yox idi. Ona görə gözləyirdi ki, Nurəddinə o tərəfdən bir zərər yetişməsin. Gülpəri
də bunu duyub, Baharı bir yolla rədd etmək fikrində idi. Ancaq aşkar qovmaqdan
çəkinirdi, çünki Bahar körpə vaxtından Hacı Nəsirin evində böyümüşdü. Hamı
onun xatirini istəyirdi və ona qulluqçu nəzərilə baxmırdı.
İmamverdi ömrünün çoxunu kənddə keçirməyinə görə şəhər dolanacağına adət
etməmişdi. Bu səbəbdən əziyyət çəkirdi. Axırda qızına dedi:
-
Gülpəri, indi işlərin qayda ilə gedir, daha mənə ehtiyac yoxdur, şəhərin
havasını götürmürəm, ona görə mən gedirəm. Siz də, inşallah, Nurəddin azad olub
yaya buraxılan kimi yığışıb gəlin. Təki, üç ay yayı o gözəl ab-havada keçirib cana
gələsiniz.
Gülpəri atasının ömrinə razı oldu. İmamverdi Nurəddindən ayrılanda onu
öpərək dedi:
-
Oğlum, dərslərini səy et ki, imtahanını yaxşı verəsən. Allah qoysa, gəlib
görərsən ki, bizim kənd nə gözəl yerdir. Sənə tilov qayıracağam, hər gün çayda
balıq tutarsan; orada çimərsən, meşəyə gedib çiyələk, moruq, göbələk yığarsan.
İmamverdi xudahafizləşib yola düşdü.
Nurəddin İmamverdi babanın ayrılığına qəmgin oldusa da, onun verdiyi vədlərə
çox şad idi, çünki anadan olandan öz şəhərlərindən başqa bir yeri görməmişdi.
Çayı, meşəni, ancaq kitabda oxumuşdu. Bu səbəbə görə yay tətilini səbirsiz
gözləyirdi. Gülpəri də bu işə şad idi. Ancaq onun şadlığına başqa səbəblər vardı.
Bir il bundan əvvəl kəndlərində yoldaşlarının təzə çit libasına həsəd aparan
Gülpəri, indi ipək paltarda, üst-başı qızıl və cəvahirat ilə bəzənmiş kəndlərinə
qayıdacaqdı. Qabaqlarda ona yaxın düşməyən elçilər indi qapısından əl
çəkməyəcəklər. Amma bunların hamısından çox onu şad edən şey ürəyində
bəslədiyi gizlin fikir idi. Yəni orada Nurəddinin dövlətini özünə mal etməyə bir
çarə arayıb tapmaqdı.
Axırda Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Üç gün idi ki,
Gülpəri səfərə yığışırdı. Bu yığışmaq Baharı bərk təşvişə salmışdı, çünki Gülpəri
evin cəmi şeylərini sandıqlara doldurub, özü ilə aparmaq fikrində idi.
|