Milli Kitabxana
191
Ş ə m s i b ə y. Piri baba, bunlar mənim ovçulğumu lağa qoyub güldü, fəqət öz
qüsurlarını açmaq istəmirlər.
P i r i b a b a. Sən də onlarınkını aç söylə, görək nə olmuş.
Ş ə m s i b ə y. Piri baba meşəyə bir az qalmış onda gördük ki, bu iki igid
xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır.
Bilirsinizmi, Piri baba, bunlar nə görmüşlər?
P i r i b a b a. Yəqin siçan görmüşlər.
Ş ə m s i b ə y. Bəli.
Gülüşürlər.
P i r i b a b a. Oğlum, arvad tayfasının əksəri siçandan qorxur. Rəhmətlik
Xalisə də belə idi.
Bu halda Cəbi əlində bir çamadan, dalınca Çingiz daxil olurlar.
Q ə m ə r. Çingiz gəldi. (Qaçaraq gedib onun boynunu qucaqlayıb öpür.)
Y a s ə m ə n. Ah, oğlum, gəldi, Allah, sənə şükür. Ay qız, bir dayan, mən də
öpüm! (Çingizi öpür.)
H ə c ə r x a n ı m. Oğlum, gəl səni mən də öpüm.
İstəyir öpsün, Çingiz kənara çəkilir.
Ç i n g i z. Həcər xanım, mən haradan sizin oğlunuz oldum. Mən sizin
qulluqçunuz kürd qızının oğluyam.
H ə c ə r x a n ı m. Ah, Çingiz, oğlum, məni atəşə yaxma, Yasəmən mənim
qulluqçum olmayıbdır, sevgili bacım olubdur.
Q ə m ə r. Çingiz, gəl su töküm əl-üzünü yu, yoldan gəlmisən, yorulmusan.
Gəl, qardaşım, sonra danışarsan.
Ç i n g i z. Toxda, Həcər xanım, Əlimərdanı ölmüş görüb, mən oğlu Çingizi
Rusiyada bilib buraya gəlməyə cürət etmisiniz?
P i r i b a b a. Çingiz, Həcər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə
dəxli yoxdur.
Ç i n g i z. Bəs sən Əlimərdanın əmisi deyilsən? Necə qeyrətin qəbul edir ki,
onun düşmənlərini qonaq edirsən? Məgər bilmirsən ki, mənim atam Əlimərdanın
Sibirdə əlləri, ayaqları qandalda, sızlayıb fəryad etməyinə səbəb binamus Şahbaz
bəy olmuşdur.
Milli Kitabxana
192
Ş ə m s i b ə y. Çingiz, mən elə fikir edirdim ki, atalarımızın ədavəti biz
övladlarına keçməyəcəkdir, çünki hər iki tərəf bir-birlərindən intiqamını almış.
Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət
indi görürəm ki, siz başqa fikrə düşmüşsünüz, bismillah, mən meydandan qaçan
oğlan deyiləm.
Ç i n g i z. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü büruzə verdi.
Ş ə m s i b ə y. Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.
Ç i n g i z. Mənə gəda deyirsən?
Onun üstünə yeriş edir, Zöhrə xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında
durur. Həcər xanım qışqırıb qəşş edir, Qəmər ağlayır.
Z ö h r ə x a n ı m. Çingiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq
olmuşuq, qonağın ehtiramı beləmi olur?
Ç i n g i z (başını aşağı salaraq). Zöhrə xanım, məni əfv ediniz, xəcalətimdən
üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.
Z ö h r ə x a n ı m. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çingizi indi
tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.
Ç i n g i z. Həcər xanım, məni əfv etməlisiniz. (Əllərindən öpür, Həcər də onun
alnından öpür.)
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, allah səni
hər bəladan hifz etsin.
Q ə m ə r (gedib Çingizin əlindən tutub Şəmsi bəyə tərəf gedir.) Çingiz, Şəmsi
bəylə də barış.
Ç i n g i z (ona əl verərək). Şəmsi bəy, məni əfv ediniz, o sözləri deməyə
ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı,
sevgili bacımı, qoca babamı sağ və salamat gördükdə bəxtiyar ömrünü Sibirdə
çürüdüb axırı canını namus yolunda fəda edən yazıq atam yadıma düşdü. Özümü
saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.
Y a s ə m ə n (gedib onu qucaqlayaraq). Oğlum, bu sözlərin ilə yaralı ürəyimi
oxladın. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, sakit ol, naşükür olma, Çingiz kimi oğlun, Qəmər kimi
qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çingiz, bəs mən qoca baban ilə
nə üçün görüşmürsən?
|