AĞASADIQ GƏRAYBƏYLI (15.3.1897-5.12.1988)
Xarakterlər aktyoru Ağasadıq Gəraybəylinin sənəti realizm prinsiplərindən şirələnmiş, onun
tələbləri zəminində inkişaf etmiş, yetişib formalaşmışdır. Aktyor faciə, komediya, dram rollarını
eyni məharətlə oynayıb. Romantik səpkili tamaşalarda böyük nailiyyətlər qazanıb. Gəraybəyli
(Gəraybəyov) teatr tariximizdə 80 il səhnədə obraz yaradan yeganə sənətkardır.
Ağasadıq Ağəli oğlu 15 mart 1897-ci ildə Şamaxıda doğulub, ancaq körpə yaşlarından ailəsi
Bakıya köçüb. O, burada Azərbaycan-rus məktəbində təhsil alıb. 1908-ci ildə Hüseyn Ərəblinskinin
truppasında rejissor köməkçisi olan qardaşı Ağaların təşəbbüsü ilə ilk dəfə səhnəyə çıxıb. 1916-cı
ildə Politexnik Məktəbinə daxil olub və tələbəlik illərində "Nicat", "Səfa" cəmiyyətlərinin teatr
truppalarında epizod rollar oynayıb. 1920-ci ilin mayında Milli Dram Teatrının yeni təşkil olunan
truppasına götürülüb. 1921-1932-ci illərdə müəyyən fasilələrlə Bakı Türk Azad Tənqid və Təbliğ
Teatrında işləyib. Opera və operetta tamaşalarında da rollar oynayıb.
Yaradıcılığı geniş diapazonlu Ağasadıq Gəraybəyli respublikanın əməkdar artisti (1 fevral
1936) və xalq artisti (4 may 1940) fəxri adları ilə təltiflənib. Altıncı çağırış Azərbaycan SSR Ali
Sovetinin deputatı olub.
Ağasadıq Gəraybəyli 5 dekabr 1988-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri
xiyabandadır.
Faciə rolları: İbn Yəmin və İxtiyar, Əfrasiyab, Alp Arslan ("İblis", "Səyavuş" və "Xəyyam",
Hüseyn Cavid), Şveytser, Prezident ("Qaçaqlar" və "Məkr və məhəbbət", Fridrix Şiller), Aginski
("Dəhşətli röya", Herhart Hauptman), Altunbay ("Od gəlini", Cəfər Cabbarlı), Lorenso ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Simon Renar ("Mariya Tüdor", Viktor Hüqo), Niyaz ("Pəri cadu",
Əbdürrəhim bəy Haqverdiyev), Knyaz Abrezkov ("Canlı meyit", Lev Tolstoy), Hacı Mədinə ("Dəli
yığıncağı", Cəlil Məmmədquluzadə), Antoni Anderson ("Şeytanın şagirdi" Bernard Şou).
Komik rolları: Şəkinski ("Oqtay Eloğlu", Cəfər Cabbarlı), Əsgər bəy və Naçalnik, Xan
("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Dəmirçi Musa, Nəsirov,
Əliqulu, Mindilli ("Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir" və "Nişanlı qız", Sabit Rəhman), Ser Tobi
("On ikinci gecə", Vilyam Şekspir), Vasya dayı ("Nazirin xanımı", Branislav Nuşiç), Vano
Pantiaşvili ("Xanuma", Avksenti Saqareli), Qraf Albofiorita ("Mehmanxana sahibəsi", Karlo
Haldoni), Anton Antonoviç ("Müfəttiş", Nikolay Qoqol), Tebano ("Rəqs müəllimi", Lope de Veqa).
|