TİFLİS AZƏRBAYCAN TEATRINDA
AKTYOR VƏ REJİSSOR YARADICILIĞI
Birinci dərs
Mirzəli Abbasov (1874-3.11.1943)
Tiflis Azərbaycan Teatrının ilk peşəkar aktyorlarından biri olan Mirzəli (Əlibala) Hacı Abbas
oğlu Abbasov 1874-cü ildə Tiflis şəhərində doğulub. Aktyor həmçinin
böyük istedada malik
təşkilatçı, bacarıqlı kollektiv rəhbəri, istedadlı rejissor və səriştəli dramaturq idi. Gündüzlər ev-ev
gəzib köhnə xalçaların üzülmüş ilmələrini təmir və bərpa edən səhnə həvəskarı axşamlar bütün
vaxtını və gücünü teatr sənətinin inkişafına yönəldirdi. Qazandığı pulları səhnəmizin tərəqqismə
xərcləyir, yeni-yeni gəncləri teatr sənətinə bağlayırdı. 1905-ci ildən Tiflis "Müsəlman dram heyəti
"nin təşkilat-çılarından və fəal üzvlərindən olub. 1920-ci ilə qədər müxtəlif truppaların tamaşalar
oynaması üçün binaları əsasən Mirzəli Abbasov kirayə götürürdü. Hər dəfə də özünün qızıl saatını
girov qoyurdu".
Səhnəyə ilk dəfə 1898-ci ildə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"
komediyasında Fərman rolu ilə çıxıb. Ömrünün sonuna qədər doğma səhnədən ayrılmayıb.
Gürcüstanın əməkdar artisti fəxri adı ilə təltiflənib (1928). 1924-cü ildə Tiflis teatr içtimaiyyəti onun
səhnə fəaliyyətinin 25 illiyinin yubileyini keçirib.
Mirzəli Abbasovun ifa etdiyi əsas rollar bunlardır: Barxudar ("Namus", Aleksandr
Şirvanzadə), Otello ("Otello", Vilyam Şekspir), Əl Mənsur ("Əl Mənsur", Henrix Heyne), Nadir şah
("Nadir şah", Nəriman Nərimanov), İxtiyar, Salomon, Şeyx Sənan ("İblis", "Knyaz" və "Şeyx
Sənan", Hüseyn Cavid), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Ağa Məhəmməd şah
Qacar, Hacı Səməd ağa, Nəcəf bəy ("Ağa Məhəmməd şah Qacar", "Bəxtsiz cavan" və "Dağılan
tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Səyyah ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd
Rüfət), Fərhad və Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Əbu Übeyd və Altunbay ("Od gəlini",
Cəfər Cabbarlı) Baba ("Qanlı səhra", Ələkbər Seyfinin təbdil-tərcüməsi), Qaraulov ("Özgə uşağı",
Vasili Şnvarkin), Ocaqqulu ("Almaz", Cəfər Cabbarlı), Qraf ("İki yetimə", Adolf D'Enneri və
Germon),
Müxtəlif illərdə Mirzə Cəlilin "Ölülər", Nəriman Nərimanovun "Nadir şah", Vano
Mçedaşvilinin "Qaçaq Kərəm", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Əbdürrəhim bəy
Haqverdiyevin "Dağılmış tifaq", "Bəxtsiz cavan", Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Nəcəf
bəy Vəzirovun "Hacı Qəmbər", "Ağa Kərim xan Ərdəbili", Süleyman Rüstəmin "Qaçaq Nəbi",
Vilyam Şekspirin "Hamlet", "Otello", Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", "Leyli və Məcnun",
"Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun "Əlli yaşında cavan" əsərlərini quruluşçu rejissor kimi
tamaşaya hazırlayıb.
Mirzəli Abbasov istedadını dram janrında da sınaqdan çıxarıb. O, "Sultan Mahmud Qəznəvi
və Firdovsi", "Dövreyi-səltənəti-Ənuşirəvani-adil, yaxud taci Kəsra", "Fəxrəddin kişi",
"Məhəmmədəli şah", "Yusif və Züleyxa" pyeslərini qələmə alıb. Bu dram əsərləri həm Tiflisin, həm
də Bakının müxtəlif teatr truppalarında tamaşaya qoyulub.
Mirzəli Abbasov 1910-cu ildən başlayaraq Tiflisdəki teatr dəstəsini yığcam repertuarla
qastrollara aparmışdır. Bu baxımdan dəstənin Batum, İrəvan, İran (əsasən, Təbriz şəhəri) səfərləri
uğurlu olub. Onlar Təbriz şəhərində bir neçə dəfə olublar.
Xüsusi teatr təhsili olmasa da, Mirzəli Abbasov səhnə sənətinin sirlərini dərindən bilirdi.
Tiflis Dövlət Azərbaycan Dram Teatrının neçə-neçə qabiliyyətli aktyorunu teatr sənətinə Mirzəli
Abbasov bağlamışdır.
Dostları ilə paylaş: