ƏŞRƏF YÜZBAŞOV (1880-1938)
Şamaxıda doğulub və Tiflisə on iki yaşında gəlib. İctimai-siyasi fəallıqla bərabər, ilk
növbədə aktyorluq sənətinə bağlanıb.
Əşrəf Yüzbaşovun Şeytanbazardakı dərzi dükanı teatrsevərlərin gur yığnaq yerlərindən biri
idi. Səhnəyə iyirminci əsrin əvvəllərində çıxıb və müəyyən fasilələrlə Tiflis teatrının həvəskarlar
dəstəsində və dövlət səhnə ocağında çalışıb. Truppanın formalaşmasında səmərəli işlər görüb.
Aktyorların İran və Türkiyə ölkələrinə qastrol səfərlərində yaxından iştirak edib. Müəyyən dövrlərdə
quruluşçu rejissor kimi də fəaliyyət göstərib.
Milli teatr sənətimizin Tiflisdəki tərəqqisində, xüsusən 1910-1920-ci illərdəki inkişafında
müstəsna xidmətləri var.
Gürcüstan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub.
Həvəskar və peşəkar aktyor kimi Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan",
"Yeyərsən qaz ətini, görərsən ləzzətini" (Hacı Səməd ağa, Hacı Mehdi), Şəmsəddin Saminin
"Dəmirçi Gavə" (Qubad və Zöhhak), Vilyam Şekspirin "Otello" (Brabansio), Fridrix Şillerin
"Qaçaqlar" (Qoca Moor), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Səyyah), "O
olmasın, bu olsun" (Məşədi İbad), Ehrabinin "Məmmədəli şah Qacar, yaxud ləkkeyi təxti Kəyan"
(Siqqətülislam), Mehdi bəy Hacınskinin "Sultan Əbdüləziz, yaxud Osmanlı inqilabı" (Qraf
İqnatyev), Cəlil Məmmədquluzadənin "Ölülər" (Şeyx Əhməd) əsərlərinin tamaşalarında çıxış edib.
Dostları ilə paylaş: |