TİFLİS AZƏRBAYCAN TEATRI
Qafqazın böyük şəhərlərindən olan, vaxtilə azəri türklərinin sıx yaşadıqları Tiflis şəhərində
Azərbaycan teatrının fəaliyyətini iki qola ayırmaq olar:
a) Tiflisdə peşəkar Azərbaycan teatrının təşəkkülü və müxtəlif teatr dəstələrində, truppalarda
onun inkişaf mərhələləri (1873-1922-ci illər);
b) Teatrın institusional mədəniyyətin faktı olduğu və Tiflis Dövlət Azərbaycan Teatrı adı
altında fəaliyyət göstərdiyi dövr (1922-1947-ci illər).
"Kafkaz" qəzetinin 1873-cü il 25 mart tarixli sayında yazıldığına görə, Novruz bayramı
münasibətilə Tiflisin "Cəmiyyət yığıncağı" zalında şəhərin azərbaycanlı ziyalıları teatr tamaşası
oynamışlar. Oynanılan tamaşa Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri"
komediyasının bir neçə şəkli olub.
Tiflis şəhəri XIX əsrdə Qafqazın mərkəzi sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi
həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna
çıxarınışdı. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə burada yaşayırdı və onun
komediyaları rus, fars, gürcü dillərinə, osmanlı türkcəsinə məhz Tiflisdə tərcümə edilmişdi. Hətta
zadəgan evlərində dramaturqun əsərləri 1850-ci illərin sonlarında rus və gürcü dillərində tamaşaya
qoyulub.
Azərbaycanın teatr həvəskarları 1880-1900-cü illərdə, əsasən, Novruz, Orucluq, Qurban
bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif müsamirələrinə həsr olunmuş tədbirlərdə teatr
tamaşaları göstəriblər. Tamaşalar Tiflisin müxtəlif klublarında, daha çox Zadəgan banki binasının
salonunda və Artsruni teatrında göstərilib. Teatr tamaşalarını ziyalılar və tələbələr hazırlayırdılar.
Səhnə əsərlərinin fasilələrində klassik Şərq üçlüyünün konsertləri də olurdu. Əlbəttə ki, bu tamaşalar
ilk növbədə əyləncə məqsədi ilə göstərilirdi. Lakin onun kökündə açıq və ya dolayı şəkildə
maarifləndirmə ideyası, maarifləndirmə ruhu əsas idi.
1900-1920-ci illərdə Azərbaycan teatr həvəskarlarının hazırladıqları tamaşalar aşağıdakı
binalarda oynanılıb:
"Gürcü zadəgan teatrı" (bir adı da "Artsruni teatrı "dır). Bu bina 1914-cü ildə yaranıb. Onun
yerində təzə bina tikilib və hazırda Gürcüstan Dövlət Rus Dram Teatrının binasıdır.
"Artistlər cəmiyyəti". Hazırda Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Dram Teatrı
həmin binada fəaliyyət göstərir.
"Kazyonnı teatr". İndiki Zaxari Paliaşvili adına Gürcüstan Dövlət Akademik Opera və Balet
Teatrının binası.
"Zubalov adına Xalq evi" ("Xalq evi"). Konstantin Marcanaşvili adına Gürcüstan Dövlət
Dram Teatrı indi həmin binada yerləşir.
"Mir", "Araks", "Avlabar-Palas", "Auditoriya" adlanan mədəniyyət ocaqlarında, azəri
türklərinin sıx yaşadıqlan Ortaçala, Şeytanbazar, Havlabar məhəllələrindəki münasib binalarda da
tamaşalar oynanılıb.
1875-ci ildə "əkinçi", bir qədər sonra "Ziya" qəzetlərinin nəşri, Tiflis mədəni mühitinin
tərəqqisi, əcnəbi teatr truppalarının buraya müntəzəm qastrolları XIX əsrin sonlarında və XX əsrin
ilk onilliyində Azərbaycan səhnə sənətinin inkişafına güclü təkan verib. Tiflisdə daimi olmasa da,
vaxtaşırı birləşib tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının yığcam dəstəsi yaranmışdı.
Həmin dəstəyə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Paşa bəy Hüseynov, Osmanağa Qabulov,
Mirzə Abdulla Abdullazadə, Müslüm İbrahimov, Hüseyn Minasazov, Qulam Vahabov, Məşədi
Yusif, Hüseyn Çıldırov, Məmmədtağı Ələsgərov, Ağasəf Axundzadə daxil idilər. Müxtəlif sahələrdə
çalışan ziyalılardan Mirzə Seyfəddin, Eynalı bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Behbud
Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli teatr tamaşalarının hazırlanmasma yaxından
köməklik və diqqət göstərirdilər.
1908-1920-ci illər arasında Bakının Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev,
Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Əbülfət Vəli kimi şöhrətli aktyorlarının Tiflisə vaxtaşırı
qastrolları şəhərdə milli teatr sənətimizin tərəqqismə təkan verib. Bu dövrdə Tiflisdə əvvəlcə
"Müsəlman teatr artistləri cəmiyyəti", az sonra "Səadət", "İttihad" və "İbrət" teatr dəstələri fəaliyyət
göstəriblər. Truppalara Həbib bəy Köçərlinski, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı
Panfiliya Tanailidi, Rza Təhmasib, Mustafa Mərdanov, Möhsün Cəfərov (Sənani), İbrahim
İsfahanlı, Əli Qurbanov, Ələkbər Seyfi kimi istedadlı gənclər üzv olublar.
1900-1920-ci illərdə göstərilən tamaşalara rejissorlugu, əsasən, Mirzəli Abbasov, Mirzəxan
Quliyev, Məmmədtağı Ələsgərov, Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov ediblər. Daha tez-
tez Mirzə Fətəli Axundzadənin "Hacı Qara", "Lənkəran xanının vəziri", Nəcəf bəy Vəzirovun "Hacı
Qəmbər", "Müsibəti-Fəxrəddin", "Daldan atılan daş topuğa dəyər", Səkinə Axundzadənin "Zülmün
səmərəsi", Nəriman Nərimanovun "Dilin bəlası" ("Şamdan bəy"), "Nadir şah", Əbdürrəhim bəy
Haqverdiyevin "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", "Millət dostları", Rəşid bəy
Əfəndiyevin "Qan ocağı", "Qonşu qonşu olsa, kor qız ərə gedər", Sultannıəcid Qənizadənin "Xor-
xor", "Dursunəli və ballıbadı" komediyaları, faciələri və məsxərələri tamaşaya qoyulub.
Tərcümə əsərlərindən tamaşaçılar Vilyam Şekspirin "Otello" (Otello - Mirzəli Abbasov),
Namiq Kamalın "Akif bəy", "Vətən", "Bəxtsiz bala", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Jan
Batist Molyerin "Jorj Danden", "Zorən təbib", Henrix Heynenin "Əl Mənsur", Nadejda
Loxmanovanın "Napoleon Bonapartın ölümü", İvan Turgenevin "Pulsuzluq", Vano Mçedaşvilinin
"Qaçaq Kərəm", Fransua Volterin "Sultan Osman, Beytülmüqəddəs hökmdarı", S.Lanskoyun
"Qəzavat", Fridrix Şillerin "Qaçaqlar", "Məkr və məhəbbət", Niko-lay Qoqolun "Müfəttiş"
pyeslərinin səhnə həllinə daha çox maraq göstərirdilər.
1909-cu ildən başlayaraq müxtəlif teatr dəstələri Üzeyir bəy Hacıbəyovun "Leyli və
Məcnun", "Şeyx Sənan", "Şah Abbas və Xurşid banu", "Əsli və Kərəm", "Ər və arvad", "Məşədi
İbad", "Arşın mal alan", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında
cavan" opera yə operettalarını öz repertuarına daxil edib.
1918-1921-ci illərdə Tiflisdə yerli teatr həvəskarları "Ittihad" və "İbrət" dəstələrinin ətrafında
cəmləşiblər. Onların müxtəlif səhnə fədailəri İrana və Türkiyəyə qastrollara gediblər. Tamaşalar
daha tez-tez göstərilib. Repertuara Cəfər Cabbarlının "Ədirnə fəthi", "Trablis müharibəsi", "Bakı
müharibəsi", Cəlil Məmmədquluzadənin "Ölülər", Rza Zaki Lətifbəyovun "Köhnə Türkiyə", İsa bəy
Aşurbəylinin "Azərbay və Can" əsərlərinin tamaşaları daxil edilib.
"İttihad" və "İbrət" o vaxt Gürcüstanda işləyən Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə
birləşəndən sonra azərbaycanlı teatr həvəskarlarının tamaşa afişalarına bu adlar yazılıb: "Tiflis türk
dram cəmiyyəti aktyorları", "Tiflis tünc aktyorları".
1921-ci ilin axırlarında get-gedə güclənən Tiflis Azərbaycan teatrı özünə dövlət statusu
almaq üçün səylə çahşıb. Kollektiv hökumət komissiyasma göstərmək üçün türk ədibləri Hüseyn
Bədrəddinlə Məhəmməd Rüfətin "Əmir Əbül Üla" dramını seçmişdi. Tamaşanın quruluşçu rejissoru
Mirseyfəddin Kirmanşahlı idi və Əbül Ülanı da özü oynayıb. Sınaq tamaşasında digər əsas rolları
İbrahim İsfahanlı (Əbu Dəyyab), Tərlan xanım (Zübeydə), Mirzəli Abbasov (Səyyah), İsmət xanım
Əliyeva (Rəbiyyə), Əhməd Salahlı (Məsud), Əsgər Naxçıvanlı (Sərkərdə) ifa ediblər.
Zövq və peşəkarlıqla hazırlanmış "Əmir Əbül Üla" tamaşası Rustaveli teatrının binasında
göstərilib. Tamaşaya hökumət nümayəndələri, həmçinin gürcü, rus, abxaz, acar ziyalıları baxıblar.
1922-ci ilin əvvəllərində kollektivə Mirzə Fətəli Axundzadə adına Tiflis Dövlət Türk Dram Teatrı
(TDTDT) adı verilib. Teatr uzun illər öz tamaşalarını cümə günləri Rustaveli teatrında, sonralar
Nəriman Nərimanov klubunda göstərib.
Tiflis Dövlət Türk (Azərbaycan) Teatrı özünün 25 illik fəaliyyətində ziddiyyətli, tərəddüdlü
və əsasən, uğurlu, səmərəli yaradıcılıq yolu keçib. Teatr daim əlvan və zəngin repertuar uğrunda
axtarışlar aparıb, dram, komediya və faciə janrlarında dəyərli tamaşalar hazırlaya bilib. Müxtəlif
illərdə bu sənət ocağında İbrahim İsfahanlı, Aleksandr Tuqanov, Yusif Yulduz, Əli Şahsabahlı,
İsfəndiyar Hüseynov, Mirseyfəddin Kirmanşahlı, Aşır Bilalov, Əlihüseyn Rzayev baş rejissor və
quruluşçu rejissor kimi çalışmışlar.
Tiflis Dövlət Azərbaycan Dram Teatrının yaradıcılığını iki dövrə bölmək olar.
Birinci dövrdə (1922-1930) teatr, əsasən, romantik üslubda inkişaf edib və bu sənət
estetikasının prinsiplərini poetika göstəriciləri kimi formalaşdırmağa çalışıb.
İkinci dövrdə (1931-1947) isə sənət ocağı romantik üslubunu realizmə qovuşdurmağa çalışıb
və yeni teatr poetikasını yaratmaq yolunda səy və cəsarətlə addımlayıb.
Birinci dövrdə TDAT öz repertuarının aparıcı mövzu və üslub xəttini Hüseyn Cavidin
"İblis", "Şeyx Sənan", "Knyaz", "Afət", "Uçurum", "Topal Teymur", Cəfər Cabbarlının "Od gəlini",
"Aydın", "Oqtay Eloğlu", "Sevil", Cəlil Məmmədquluzadənin "Ölülər", Süleyman Sani Axundovun
"Eşq və intiqam", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin", Vilyam Şekspirin "Hamlet",
"Otello", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Leonid Andreyevin "Həyati-bəşər", Adolf
D'Enneri və Germonun "İki yetimə", Fridrix Şillerin "Məkr və məhəbbət", Aleksandr Ostrovskinin
"Gəlir mənbəyi", Boris Lavrenyovun "Hücum", Vasili Şkvarkinin "Casus", Konstantin Trenyovun
"Düşmənlər" ("Lyubov Yarovaya"), Karl Qutskovun "Uriel Akosta", Anatoli Lunaçarskinin "Şahın
bərbəri", Şəmsəddin Saminin "Dəmirçi Gavə", Biçer Stounun "Tom dayının koması", Nəriman
Nərimanovun "Nadir şah" əsərlərinin tamaşaları əsasında qurub. Eyni zamanda Mirzə Fətəli
Axundzadənin komediyaları, Üzeyir bəy Hacıbəyovun operaları və operettaları oynanılıb.
İkinci dövrdə teatr birinci mərhələdə hazırladığı tamaşaların əsaslarını yeni quruluşda
hazırlayıb. Mirzə Fətəli Axundzadənin, Jan Batist Molyerin, Nəcəf bəy Vəzirovun komediyalarına
üstünlük verilib. Müasir mövzulu pyeslərin tamaşası teatrın diqqət mərkəzində durub. Üslub və
forma axtarışlarında reJissura konsepsiyası ilk növbədə Cəfər Cabbarlının "Sevil", "Almaz",
"Yaşar", Mirzə İbrahimovun "Məhəbbət", "Həyat", kabit Rəhmanın "Toy", "Xoşbəxtlər", "Aşnalar",
yerli dramaturq Rza Şahvələdin "Dağlılar", "Kamal", "Gülşən ana", Rəsul Rzanın "Vəfa" kimi
müasir həyatdan, dövrün müxtəlif ictimai-sosial, mənəvi-əxlaqi problemlərindən bəhs edən
pyeslərin səhnə təcəssümündə bədii həllini tapıb.
Tərcümə əsərlərindən Lope de Veqanın "Qoyun bulağı", Tur qardaşlarının "Üzləşdirmə",
Georgi Mdivaninin "Vətən namusu", Şalva Dadianinin "Qığılcım", Aleksandr Korneyçukun "Platon
kreçet", Avksenti Saqarelinin "Kinto", Konstantin Simonovun "Bizim şəhərli oğlan", Sandro
Şanşiaşvilinin "Anzor", tarixi mövzuda yazılmış Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin",
Süleyman Rüstəmin "Qaçaq Nəbi", Heydər İsmayılovun "Koroğlu", Əli Şahsabahlının "Rüstəm və
Söhrab", Zeynal Xəlilin "Qatır Məmməd", Mehdi Hüseynin "Nizami" əsərlərinin tamaşaları da
repertuara mövzu əlvanlığı gətirib. Teatr bu illərdə Üzeyir bəy Hacıbəyovun muğam operalarından
əlavə, bəstəkarın "Koroğlu" əsərini də oynayıb.
Rejissor Yusif Yulduzun quruluş verdiyi Hüseyn Cavidin "Səyavuş" (1936, 11 oktyabr) və
Vilyam Şekspirin "Otello" (1936, 16 oktyabr) faciələrinin tamaşaları monumental romantizın
üslubunda hazırlanmış parlaq sənət nümunələri olub. "Səyavuş "da əsas obrazları Bakıdan dəvət
olunmuş Ülvi Rəcəb (Səyavuş), Mərziyə Davudova (Südabə), "Otello"da baş rolları Ülvi Rəcəb
(Otello), Əsgər Babayev (Yaqo), Reyhan Tağıyeva (Emiliya), Nübar (Nvard) Əlixanova
(Dezdemona), Ağa Məmmədov (Montano) ifa ediblər.
Tiflis teatrının səhnəsində göstərilən ayrı-ayrı tamaşalarda əsas rolları oynamaq üçün
Bakıdakı AMDT-dən Abbasmirzə Şərifzadə, Mirzağa Əliyev, Mərziyə Davudova, Möhsün Sənani,
Rza Əfqanlı kimi şöhrətli aktyorlar dəvət olunublar. Teatrın truppasında müxtəlif illərdə tanınmış
aktyorlardan Ülvi Rəcəb, Panfiliya Tanailidi, Əli Qurbanov, Əli Şahsabahlı, Reyhan Tağıyeva,
İbrahim İsfahanlı (Gürcüstanın xalq artisti), Ağa Məmmədov, Nəcibə Məlikova, Əhməd Salahlı,
həmçinin sona qədər Tiflisdə işləyən Abbas Qurbanov, Əli Bayramov, Muqu Zamanov, Sara
Zeynalova, Qara Nəzərli, Srubi Qaraqaş, Baba Zeynallı, İbrahim Azəri, Kazım Zeynallı, Osman
Həqqi, Məmmədağa Rzayev, Nəso Məmmədov, Nurəddin Rzayev, İsrafil Qarayev, Fərrux
Qurbanov, Fatma Gəncinskaya, Əbiş Qasımov və başqaları işləyiblər.
1934-cü ildə Tiflis teatrının böyük bir qrupu Gürcüstanın türklər yaşayan Adıgün şəhərində
səyyar Kolxoz və Sovxoz Teatrı yaratmağa ezam olunublar. Səyyar truppaya İbrahim İsfahanlı
rəhbərlik edib. Adıgün Səyyar Kolxoz və Sovxoz Teatrı 1936-1937-ci il teatr mövsümündə Tiflisə
köcürülüb və bir müddət sonra bağlanıb. Onun aktyorları yenidən Tiflis Dövlət Azərbaycan
Teatrının truppasına qəbul
olunublar.
1945-ci ildən sonra bir növ yarı səyyar fəaliyyət göstərən Tiflis teatrı "Jantaberinin qızı",
"Ünzülə", "Dağlılar", "Evlənmə", "Fövqalədə qanun", "Arşın mal alan", "Məşədi İbad", "Əsli və
Kərəm", "Aşıq Qərib"... tamaşalarının bəzilərini təzə, bir qisınıni təkrar quruluşda hazırlasa da, ciddi
sənət nailiyyətləri qazana bilmirdi. Kollektivin yaradıcı heyəti dövlət himayəsindən məhrum
olduğuna görə dağılmışdı. 1946-cı ilin 25 aprelində sənət ocağının cəmi 25 ştatı vardı. Teatrın əksər
aktyorları Azərbaycanın əyalət teatrlarına səpələnmişdilər. Gürcüstan Respublikasının kollektivə
göstərdiyi laqeyd münasibət gündən-günə daha da artırdı. Buna görə teatr, demək olar, Tiflisin
özündə nadir hallarda tamaşa oynaya bilirdi. Neçə illərdən bəri dövlət teatrının klub səviyyəsində
olan binası yarıtmaz hala düşmüşdü və truppanı oradan əlverişli binaya köçürmək şəhər
məmurlarından kimsəni maraqlandırmırdı. Ciddi müqavimətlərə rast gələn, inzibati çətinliklərə
düçar olan Tiflis Azərbaycan Dövlət Dram Teatrı 2 yanvar 1947-ci ildə öz fəaliyyətini dayandırmaq
məcburiyyətində aldı.
Uzun fasilədən sonra 1998-ci il mayın 17-də Gürcüstan Respublikasının prezidenti Eduard
Şevardnadze Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının bərpası üçün fərman imzaladı. Ancaq
Gürcüstan Respublikasının əlaqədar nazirliklərdə çalışan məmurlarının laqeydliyi ucbatından bu
teatr indiyədək bərpa olunmayıb.
Dostları ilə paylaş: |