Konstantin Bataşov
Balet ustası Konstantin Nikolayeviç (31.1.1918 - 9.12.991) Tiflis şəhərində doğulub. İbtidai
siniflərdə oxuduğu vaxtlarda aiəsi Bakıya köçüb. O, Xoreoqrafiya məktəbini bitirmişdir (1939).
Ancaq 1935-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib.
Azərbaycanın ilk peşəkar balet artistlərindən sayılır. Konstantin Bataşov bir balet ustası
kimi Əfrasiyab Bədəlbəylinin "Qız qalası" (Polad və Cahangir xan), Qara Qarayevin "Yeddi gözəl"
(Mənzər və Bəhram), "İldırımlı yollarla" (Mako), Soltan Hacıbəyovun "Gülşən" (Azad), Əşrəf
Abbasovun "Qaraca qız" (Piri baba), Arif Məlikovun "Məhəbbət əfsanəsi" (Vəzir), Boris Asafyevin
"Bağçasaray fəvvarəsi" (Vatslav və Girey), Lüdviq MinkUsun "Don kixot" (Bazil), Reynqold
Qlierin "Qırmızı lalə" (Ma Mi Çen), Pyotr Çaykovskinin "Sonalar gölü" (Ziqfrid), "Yatmış gözəl"
(Dezire), Aleksandr Qlazunovun "Raymonda" (Can de Brien), Aleksandr Kreynin "Laurensiya"
(Frondoso), Rikkardo Driqonun "Arlekinada" (Pyer) baletlərində əsas və mürəkkəb partiyaların
mahir ifaçısı kimi tanınıb.
Konstantin Bataşov Leo Delibin "Lakme", Cahangir Cahangirovun "Azad", Müslüm bəy
Maqomayevin "Şah İsmayıl" operalarında rəqslərin quruluşçusu olub. Nikolay Rimski-Korsakovun
"İspan kapriççiosu" xoreoqrafik süitasının, "Şəhrizad" simfonik poemasının, Həsən Rzayevin
"Elementlər" əsərinin əsasında birpərdəli balet tamaşalarını hazırlayıb. O, "Odissey" (Qolubov),
"Şəhrizad" və "Humay" (Nəriman Məmmədov) baletlərinin libretto müəllifidir.
1940-cı ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyən Bataşov xalq artistləri Çimnaz
Babayevanın, Vladimir Pletnovun, Tamilla Şirəliyevanın müəllimi olub.
Məşhur baletmeyster 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26
aprel 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
1952-ci ildə Stalin mükafatı laureatı olub.
Konstantin Bataşov 1990-cı ildə Moskvaya köçüb və orada vəfat edib.
|