Barat Şəkinskaya
(1914 — 1999)
1929-cu ildən 1933-cü ilədək Gəncə İşçi klubunun (Fəhlə-kəndli klubuda deyilirdi) dram
dərnəyində fəal çıxış edib. 1933-cü ilin yanvarında Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülüb.
Burada İşçi klubunun həvəskar aktyorları ilə birləşən kollektiv 1933-cü ilin martından Gəncə Dövlət
İşçi Teatrı adıyla fəaliyyətə başlayıb. Barat xanım da kollektivə qəbul olunub.
İki il ərzində o, Cəfər Cabbarlının "Aydın" (Gültəkin), "Oqtay Eloğlu" (Firəngiz), "Sevil"
(Gülüş), "Yaşar" (Yaqut), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Pəricahan), Aleksandr
Şirvanzadənin "Namus" (Süsən) əsərlərinin tamaşalarında səhnəyə çıxıb.
1935-ci ildə Bakıya gəlib Milli Dram Teatrı kollektivinə daxil olan Barat xanım 1943-1945-
ci illərdə də Gəncədə aktyorluq edib. Bakıda müəyyən təcrübə toplayan aktrisa ikinci gəlişində
Gəncə səhnəsində Afaq ("Nizami", Mehdi Hüseyn), İntizar ("Vəfa", Rəsul Rza), Gülnar ("Vaqif",
Səməd Vurğun), Bahar ("Bahar", Məmmədhüseyn Təhmasib), Hürü ("Məhəbbət", Mirzə İbrahimov)
rollarını yaradıb.
Barat xanım Şəkinskayanın zəngin yaradıcılığının əsas dövrü Akademik Milli Dram Teatrı
ilə bağlıdır.
Dostları ilə paylaş: |