Natamam sağalmada isə xəstəliyin hər hansı bir izləri qalır.
Bu zaman əlverişli şərait olduqda xəstəlik yenidən baş verə bilər.
Buna patoloji vəziyyət deyilir.
45
C. H. Təqdisi sağalmaya aid əsərlərində daima bu fikri sübut
etməyə çalışır ki, sağalma nə xəstəliyin sonudur nə də onun geriyə
inkişafıdır. Sağalma xəstəliyin sonu sayıla bilməz, ona görə ki,
sağalmanın əsasını təşkil edən müdafiə uyğunlaşma reaksiyalarının
səfərbərliyə alınması, xəstəliyin lap başlanğıcından və hətta xəstəlik
önü dövründən başlayır. Sağalmaya xəstəliyin geriyə inkişafı da de-
mək düz deyil, ona görə ki, sağalma yeni keyfiyyətdir. Hər bir xəs-
təlikdən sağalan adam xəstəlikdən əvvəl ki, adam deyil. Onun müx-
təlif müdafiə uyğunlaşma reaksiyaları, maddələr mübadiləsi və s.
tam başqa istiqamətdə fəaliyyətini davam etdirir.
Bu məsələyə aid C. H. Təqdisinin “Sağalmanın mexanizm-
ləri” (Y. C. Məmmədovla birlikdə, Moskva, Znanie, 1984) adlı kita-
bı diqqəti cəlb edir.
Kitab da qısa girişdən sonra yığcam şəkildə sağlamlıq, xəstə-
lik və sağalma haqqında məlumatlar verilir, xəstə orqanizm necə
sağalır məsələsi işıqlandırılır. Sonra sağalmaya mane olan stresslər,
zərərli vərdişlər və s. həmçinin sağalmaya əlverişli şərait yarada
bilən immun sisteminin güclənməsi, düzgün pəhriz, bədən tərbiyəsi
və s. ətraflı təhlil olunur.
Sağalmada ekoloji amillərin əhəmiyyəti xüsusi qeyd edilir.
Göstərilir ki, elmi-texniki inkişaf dövründə ətraf mühitdə baş verən
bir sıra hadisələr, xüsusilə yeni tərkibli kimyəvi maddələrin yayıl-
ması insanların bu növ mühit də uyğunlaşmasını çətinləşdirir. Bu
onunla izah edilir ki, həmin maddələrə qarşı evolusiya prosesində
insanlarda adaptasiya əmələ gəlməmişdir. Digər tərəfdən insanlar
özü də ətraf mühiti o qədər dəyişdirir ki, çox zaman hər hansı bir
şəxs məcburiyyət qarşısında özünü də dəyişdirib, ona uyğunlaşdır-
mağa çalışır.
Sağalma haqqında C. H. Təqdisinin orijinal fikirlərindən biri də
sağalmadan sonrakı sağlamlıqdır. O, bir sıra patoloji proseslərdə sa-
ğalmadan sonra ki, dövrü izləyərək göstərir ki, həmin bu dövrdə
orqanizmin bir çox funksiyaları və maddələr mübadiləsi tam yüksək
səviyyədə sabit olmadığından mütləq müəyyən müddət ərzində
yaxından həkim nəzarətini tələb edir. Bu zaman aparılan tədbirlər sı-
46
rasında o, bitki mənşəli stimulyatorların qəbul edilməsinə böyük yer
verirdi. Bu kimi dərman bitkilərindən alınan müxtəlif preparatların
şokdan sonrakı tədbirlərdə yüksək effektli olmasını qeyd etmişdir.
***
Bildiyimiz kimi tibb ən qədim elmlərdən biri sayılır. Əsrlər
boyu insanların bu sahədə əldə etdiyi nailiyyətlər ilk dəfə empirik
şəkildə nəsildən-nəslə verilmişdir. Sonralar yazı meydana gəldikdə
bu məlumatlar müxtəlif əsərlərdə qeyd olunmuşdur. Elə onların
əsasında da “xalq təbabəti” yaranmışdır. Müasir tibb xalq
təbabətinin nailiyyətlərini olduqca yüksək qiymətləndirir. Orada
olan bir çox fikirlər müasir tibbdə geniş tətbiq olunur. Bu proses
daima davam edir.
Tibbin tarixi məsələlərin öyrənilməsində C. H. Təqdisinin
böyük xidmətləri var. Bu da hər şeydən əvvəl onunla izah olunur ki,
C. H. Təqdisi bir sıra Şərq və Qərb dillərini bildiyindən bu sahədə
olan bir çox ilkin mənbələrlə bilavasitə özünün istifadə etmək
imkanı olmuşdur. O, əsərlərində əsas yeri Yaxın və Orta Şərqdə
fəaliyyət göstərmiş alimlərin əsərlərinin tədqiqinə həsr etmişdir. Bu
qiymətli məlumatların toplanmasının əsasında onun “Orta əsrlərdə
Şərqdə tibbin tarixi” (35 çap vərəqi) adlı sanballı monoqrafiyası
yaranmışdır. Mən bu monoqrafiyanın əl yazısı ilə tanış olduqda
orada hətta müasir tibbin müxtəlif sahələrinə aid qiymətli fikirlərə
rast gəldim. Bu monoqrafiya əsas etibarı ilə üç fəsildən ibarətdir.
Birinci fəsildə Yaxın və Orta Şərq alimlərinin orta əsrlərdə tibbin
öyrənilməsində ədə etdikləri yeniliklərin tarixi, genosoloji səbəbləri
aydınlaşdırılır. Bu səbəblərin sırasında əsas yeri Şərqin
ümumiyyətlə elm və mədəniyyətin beşiyi olmasına verilir. Çox
maraqlı faktlar ilə göstərilir ki, qədim Şərqdə Misir, Çin, Hind
mədəniyyətləri ilə bərabər, hələ onlardan heç də geri qalmayan və
hətta bir çox cəhətlərdən yüksək səviyyədə olan atəşpərəstlərin
mədəniyyəti və onların müqəddəs kitabı sayılan “Avesta” da
göstərilən olduqca qiymətli tibbi fikirlər mövcuddur. Bu məsələnin
47
xüsusilə Azərbaycan üçün çox böyük əhəmiyyəti vardır. Hərçənd
ki, bəzi əsərlərdə (“Azərbaycanda tibbin tarixi” İ. K. Əfəndiyev,
EA-nın nəşriyyatı, Bakı-1964, rus dilində) Zərdüştün azərbaycanlı
olması barədə şübhəli məlumatlar göstərilsədə C.H. Təqdisi
inandırıcı faktlar ilə Əbu Reyhan əl-Biruninin “Keçmiş əsrlər tarixi”
kitabında Zərdüştün zihuri bəhsində, onun Azərbaycan əhalisindən
olması barədə aydın məlumatlar gətirilir. Elə həmin bu mədəniyyət
sonralar qədim Yananıstan da tibbin inkişafında olduqca mühüm rol
oynamışdır. Bu haqda C. H. Təqdisinin bəzi məqalələrində də
məlumatlar vardır. Lakin əfsuslar olsun ki, Zərdüştün azərbaycanlı
olmasına baxmayaraq onun özü və “Avesta” haqqında başqa
ölkələrdə Azərbaycandan daha çox məlumat vardır. Zərdüştün
heykəli Drezden (Almaniya) qalereyasındadır. “Avesta”nın tibbi
fikirləri bəzi alimlər (Horst Fixtiner (1924); A. O. Makovelski
(1960)) tərəfindən öyrənilmişdir.
C. H. Təqdisi “Avesta”nın tibbi və əczaçılıq fikirlərini daha
dərindən tədqiq etmişdir. “Əczaçılıq və farmakologiya qədim və
orta əsr Azərbaycanında” adlı dissertasiya onun rəhbəriyi altında
müdafiə olunmuşdur. Bu əsərdən başqa o digər məqalələrində
“Avesta”nın antik dövründəki yunan mədəniyyəti və tibbin inkişafı
haqqında olduqca maraqlı konkret faktlar gətirilir. Sonra göstərir ki,
Yunanıstanda akademiyalar bağlandıqda, orada fəaliyyət göstərən
böyük alimlər Yaxın və Orta Şərqə pənah gətirdilər. Onların köməyi
nəticəsində Şərqdə sonralar Cündişapur, Bağdad və bir sıra digər
böyük elm ocaqları yaranmağa başlayır. Lakin burada çalışan dahi
Şərq alimləri yunan alimlərinin əsərlərinə mexaniki yanaşmayıblar,
onları dərindən inkişaf etdirərək, qiymətli əlavələr ediblər.
Zəkəriyya Ər-Razi, İbn Sina, İsmayıl Cürcani və bir sıra digər Şərq
alimlərinin əsərləri sonralar Avropanın özündə də müasir tibbin
inkişafına olduqca mühüm rol oynamışdır.
Elə bu fəsildə həmin alimlərin əsərlərində tibbin digər fənlər
və xüsusilə fəlsəfə ilə əlaqəsi göstərilir. Şərq alimlərinin əsərlərində
olan müşahidə, təcrübə, humanizm və s. haqqında geniş məlumatlar
verilir. Bu və sonrakı hissələrdə Şərq həkimlərinin şerlə yazdığı
48
tibbi fikirlər və dahi şairlərin poetik əsərlərində tibbi məsələlərə aid
olduqca maraqlı məlumatlar təhlil olunur.
“Orta əsrlərdə Şərqdə tibbin tarixi” monoqrafiyasının ikinci
fəsli orta əsrlərdə Şərq alimlərinin əsrlərində tibbin nəzəri
məsələlərinə həsr olunmuşdur. Burada xüsusi ilə İsmayıl Cürcaninin
doqquz cildli “Xarəzmşahlar zəxirəsi” adlı əsərində tibbin predmeti,
onun məqsədi, vəzifələri, demək olar ki, müasir təsəvvürə çox yaxın
şəkildə izah edilir. Ər-Razi, İbn Sina, İ. Cürcani kimi tibbin o
zaman ki, klassikləri, onların bir çox tələbələri, xüsusi ilə
Azərbaycan alimlərinin əsərlərində anatomiya və fiziologiyanın bir
sıra mühüm məsələləri, ümumi patologiyaya aid xüsusi fikirləri
diqqəti cəlb edir. Bu məsələyə həmin alimlərin əksəriyyətinin fəlsəfi
nöqteyi-nəzərdən yanaşması, gələcəkdə xəstəliyin mahiyyətinin
aydınlaşdırmasına yaxından kömək etmişdir.
Həmin kitabda orta əsrlərin əczaçılıq və farmakologiyasının
öyrənilməsində qiymətli materiallar vardır. Məsələ burasındadır ki,
elə əczaçılığın tibbdən ayrılması da ilk növbədə VIII əsrdə Şərqdə
Bağdad akademiyasında olmuşdur. Bu sahədə Azərbaycan
alimlərinin zəhməti az olmamışdır. Onların fikrincə bu işin müsbət
cəhəti ondan ibarətdir ki, həkim vaxtını dərman hazırlamağa sərf
etməyib, xəstəliyin diaqnozu və onun müalicəsi ilə yaxından məşğul
ola bilsin. Lakin elə eyni halda Azərbaycanda həm o zaman
əczaçılar və farmakoloqlar müalicə edən həkimlər ilə sıx əlaqədə
olmuşlar. O dövrün bir çox həkimlərinin müalicəxanasının nəzdində
xüsusi apteklər də varmış. İlk növbədə dərmanşünas yəni
farmakoloq sözünə Məhəmməd Mehdi ibn Əli Nəqinin əsərlərində
rast gəlinir. O, qeyd edir ki, əczaçı yeni bir dərmanı hazırladıqda
əvvəlcədən məsləhət üçün orada işləyən farmakoloqun yanına gedir,
sonra həmin məlumat ilə müalicə edən həkimə müraciət edir.
“Orta əsrlərdə Şərqdə tibbin tarixi” monoqrafiyasında və bu
mövzuda C. H. Təqdisinin əsərlərində orta əsrlərdə işlədilən dərman
bitkilərinin müasir tibbdə əhəmiyyəti üzərində xüsusi dayanılır.
Belə bir maraqlı fikir diqqəti cəlb edir ki, İbn Sinanın “Tibb
qanunu” kitabı və bir çox o dövr ki, əsərlərdə tibbə məlum olan
49
dərman bitkilərinin sayı müasir tibbdə işlədilən dərman
bitkilərindən çox idi. Müasir tibb indi getdikcə belə bir qənaətə gəlir
ki, dərman bitkilərindən istifadə etmək bir çox kimyəvi
maddələrdən effektli və zərərsizdir.
O dövr ki, Şərq alimlərinin əsərlərində gigiyena məsələlərinə
də fikir verilmişdi. Ümumiyyətlə Şərqdə geniş yayılan “Zərərveri-
cini zərərvermədən qabaq məhv et” ideyası profilaktik məsələlərin
nə qədər böyük əhəmiyyətə malik olmasını göstərir. Məsələn, belə
rəvayət var ki, Zəkəriyya Ər-Razi Bağdad şəhərinin hansı yerində
yeni xəstəxana binası tikmək daha məsləhətdir soruşduqda, o, deyib
ki, şəhərin müxtəlif ərazilərində bir şaqqa ət asın. Harda o ət
hamısından gec xarab olarsa xəstəxananı da orda tikin.
Şərq alimləri gigiyenanın hətta müasir tibbə məlum olmayan
yeni sahələrinə toxunmuşlar. Məsələn, bu alimlərin bir neçə
əsərlərinin sırasında “səfər gigiyenası” adlı əsəri də vardır. Demək
olar ki, tibbin iki əsas şöbələrindən sayılan herontologiya və
pediatriyanın əsasları da Şərq alimləri tərəfindən qoyulmuşdur.
Herontoloji məsələlərin sırasında bu alimlər öz əsərlərində
istirahət, əmək və iş şəraitinin gözlənilməsinə, pəhriz qaydalarına
böyük yer verilmişlər. Bu əsərlərdə hətta hansı heyvanların ətləri,
hansı meyvələrin hansı xəstəliklər də xeyirli olması haqqında geniş
məlumatlar göstərilir.
Pediatriyaya gəldikdə isə demək olar ki, bu elmin banisi
Zəkəriyya Ər-Razi sayılmalıdır. Uşaq xəstəlikləri və irsi xəstəlik-
lərin öyrənilməsinə o, müəyyən yer vermişdir.
C. H. Təqdisinin “Orta əsrlərdə Şərqdə tibbin tarixi” mono-
qrafiyasının üçüncü fəsli orta əsrlərdə Şərq alimlərinin əsərlərində
praktik tibbin məsələlərinə həsr olunmuşdur. Burada hər şeydən
əvvəl xəstəliklərin təsnifatı verilir. Ayrı-ayrı xəstəliklərin diaqnos-
tikası, dinamikası, simptomları, müalicə və profilaktika metodları
haqqında məlumat çox zaman sistemlər üzrə göstərilir. Maraqlıdır
ki, o dövrün həkimləri xəstəliklərdə rast gəlinən böhranların öyrə-
nilməsi və həmin hallardan çıxarılması haqqında öz əsərlərində
geniş məlumatlar verirlər.
50
Sistemlər üzrə xəstəliklərə gəldikdə isə onların içərisində əsəb
və psixi xəstəliklərin öyrənilməsinə böyük yer verilir. Demək olar
ki, ilk dəfə olaraq Azərbaycan həkimi Əbdül Məcid Təbib öz
əsərində psixi xəstəliklərə geniş yer verib və ilk dəfə ruhi xəstələri
dəli yox, müalicə tələb edən xəstə kimi göstərmiş və bu
xəstəliklərin müalicəsində müəyyən nailiyyətlər əldə etmişdir.
İlk dəfə sinir mediatorları haqqında məlumata yenə də biz orta
əsrlərdə Azərbayca alimi Qubulli Təbrizinin əsərlərində rast gəlirik.
O, sinir şirəsi (“üsareyi əsəbi”) adı altında müasir mediatorlar və
hormonlar məfhumunu izah etmiş, onların tərkibinin öyrənilməsinin
sağlamlığın saxlanılması və xəstəliklərin müalicəsində olduqca
böyük əhəmiyyət kəsb edə bilməsini göstərmişdir.
Daxili orqanların xəstəlikləri sırasında Şərq alimlərinin əsər-
lərində ilk yeri ürək-qan damar sistemi xəstəlikləri, onların müalicə
və profilaktikası tutur.
Qan və qanyaradıcı orqanların xəstəliklərinin öyrənilməsi orta
əsrlərdə fəaliyyət göstərmiş Şərq alimlərini ona görə yaxından
maraqlandırmışdır ki, onlara görə qan bütün orqan və toxumaların
qida maddələri ilə təmin olunmasında əsas rol oynayır. Müxtəlif
xəstəliklərdə isə qan tərəfindən baş verən dəyişikliklər böyük əhə-
miyyətə malikdir. Qanın sağlam və xəstə orqanizmin güzgüsü ol-
ması fikri də onlar tərəfindən irəli sürülmüşdür. Qanazlığını Şərq
alimləri orqanizm üçün böyük təhlükə hesab edirdilər və onun ara-
dan qaldırılması üçün dərmanlardan başqa xüsusi meyvələr və qida
məhsulları da təklif edirdilər. Qanazlığı zamanı qaraciyərin xeyirli
olması haqqında bu alimlərin qeydləri vardır.
Qanaxmanın orqanizm üçün böyük təhlükəli hal olması onlara
yaxşı bəlli idi. Ona görə qanaxmanı dayandırmaq üçün müəyyən
dərman preparatları işlətməyi məsləhət görmüşlər.
Qan və qan sistemi xəstəlikləri ilə Zəkəriyya Ər-Razi yaxın-
dan məşğul olmuşdur. O, eyni halda qeyd edir ki, qanın həcminin
artması da bədən üçün müəyyən təhlükə yarada bilər. Belə hallarda
o, bir stəkana qədər qan buraxmağı məsləhət görürdü. Qan dövranı
zəif olan şəxslərdə qan buraxmağa icazə verilmirdi. Azərbaycan hə-
51
kimləri hələ o zaman qanın həcmini azaltmaq məqsədi ilə zəli və
həcəmətlərdən də istifadə etmişlər. Həcəmətin qanyaradıcı orqanla-
rın fəaliyyətini stimulə etmək və zəhərli maddələri qandan xaric
etmək üçün böyük əhəmiyyəti vardır. Maraqlıdır ki, ilin müəyyən
fəsillərində həcəmət ilə qan buraxmağı hətta sağlam şəxslərə də
məsləhət görürdülər.
Şərq alimləri yaxşı bilirdilər ki, qan dövranı xəstəlikləri
tənəffüs sistemi ilə sıx əlaqədardır və hər ikisinin fiziologiya və
patologiyası sinir sistemindən asılıdır.
Qan dövranı və ümumiyyətlə bir çox xəstəliklərin diaqnosti-
kasında nəbzə böyük əhəmiyyət verirdilər. O zaman 18-ə qədər
nəbz növünün məlum olması, onların diaqnostik və proqnostik əhə-
miyyəti qeyd olunmuşdur.
Bu alimlər ürək xəstəliklərində sol mədəciyin hipertrofiyasına
mühüm kompensator əhəmiyyət vermişlər. O dövrdə İbn Sinanın
“Ürək dərmanları” adlı kitabı bir neçə dəfə hələ latın dilinə tərcümə
edilmişdir.
Orta əsrlərdə Şərq alimləri öz əsərlərində həyacan, qorxu,
həddindən artıq sevinc və s. bu kimi emosional halların hər şeydən
əvvəl ürək qan-damar sistemi xəstəlikləri üçün böyük təhlükə əmələ
gəlməsini göstərmişlər.
Demək olar ki, damarların fəaliyyətini necə bir periferik ürək
kimi qiymətləndirmək haqqında məlumata bu alimlərin əsərlərində
rast gəlinir. Ürək qan-damar sistemində hal-hazırda məlum olan
işemiya, stenokordiya, miokard infarktı və s. bu kimi xəstəliklər və
onların müalicəsi haqqında bu alimlərin əsərlərində maraqlı
məlumatlar vardır.
Tənəffüs sistemi xəstəliklərində ağciyər və plevraların
iltihabı, bronxial astma və s. xəstəliklərin gedişi onlara yaxşı bəlli
idi. Bu xəstəliklərin qarşısının alınmasında onlar düzgün nəfəsalma
və orqanizmin müqavimətinin yüksəlməsinə böyük əhəmiyyət ver-
mişlər. Bu sistemin müdafiəyə uyğunlaşma reaksiyaları təngənəfəs-
liklər, öskürmə və s. haqqında xüsusilə İsmayıl Cürcaninin
“Xarəzmşahlar zəxirəsi” kitabında ayrı-ayrı fəsillər vardır. Hətta
52
bəlğəmin keyfiyyəti, rəngi, bərkliyi, yumşaqlığı əsasında tənəffüs
sisteminin xəstəliklərinin diaqnozunu qətiləşdirməyə çalışmışlar.
Həzm sisteminin pozğunluqlarında da onlar əsəb və psixi
xəstəliklərə böyük yer vermişlər. İştahanın əhvali-ruhiyyədən və
şəraitdən xeyli asılı olmasını göstərmişlər.
Ağız boşluğu və dişlərin sağlamlığının əhəmiyyətini xüsusi
qeyd etmişlər. Həzm sisteminin xəstəliklərinin qarşısının alınması
və müalicəsində pəhrizin olduqca böyük əhəmiyyətini göstərmişlər.
Bu alimlərin çoxu hesab edirdilər ki, həzm sistemi və bəlkə də
bütün xəstəliklərdə əvvəlcədən bağırsaqları toksiki maddələrdən
təmizləyib, sonra müalicəni başlamaq lazımdır.
Demək olar ki, mədə xorasının ilk növbədə ətraflı şəkildə
gedişi və müalicəsi İbn Sinanın əsərlərində əks olunmuşdur. İsmayıl
Cürcaniyə mədənin sallanması və müalicəsi yaxşı bəlli idi.
Həzm sistemi ilə əlaqədar olaraq qaraciyər xəstəlikləri də bu
alimlərin əsərlərində geniş tədqiq olunmuşdur. Sarılıq xəstəliyinin
öyrənilməsi bu alimlərdən xüsusilə Zəkəriyya Ər-Razinin əsərlərin-
də müasir dərsliklərdə olan məlumatdan xeyli artıq məlumat vardır.
İfrazat sisteminin sağlamlığın qorunmasında böyük əhəmiyyə-
tini qeyd edərək bu sistemin patologiyada, funksiyasının tənzimi
üçün müxtəlif dərman bitkiləri, meyvələrin əhəmiyyətini göstərmiş-
lər. İbn Sina demək olar ki, ilk dəfə sidiyin analizinə böyrək xəs-
təliklərinin diaqnostikasında böyük əhəmiyyət verərək göstərmişdir
ki, şəkər xəstələrinin sidiyində şəkər olur.
Şərq alimləri hələ o zaman böyrək xəstəliklərində sidiyin
rəngi, iyi, orada qanın olub, olmaması və s. bu kimi halların böyük
diaqnostik əhəmiyyətə malik olmasını göstərmişlər. Sidiyin cox az
və ya heç olmamasının orqanizm üçün böyük təhlükə olmasını qeyd
etmişlər.
Endokrin sistemi haqqında təsəvvürün az olmasına baxmaya-
raq o dövrün alimlərinin əsərlərində bu vəzilərin patologiyada rolu-
nun öyrənilməsinə az rast gəlinmir. Bu vəzilər sırasında xüsusilə
cinsi vəzilərin əhəmiyyəti və patologiyası yaxşı öyrənilir.
53
Orta əsrlərdə məlum idi ki, heyvanların axtalanması, onların
maddələr mübadiləsinə və sinir sisteminə təsir edir. Ona görə də ev
heyvanlarının (qoyun, qara mal) yaxşı ət, yun verməsi üçün onları
axtalayırdılar. Şahların və əmirlərin hərəmxanalarında qulluqçu
kişiləri axtalamaqla onların xarakterini və qadına qarşı ehtiraslarını
söndürürdülər.
İbn Sinanın “Tibb qanunu” kitabının üçüncü cildində cinsi
vəzilərin anatomiya və fiziologiyası, funksiyası, gigiyenası, patolo-
giyasına geniş yer verilmişdir. İbn Sina hələ o zaman spermanı
tədqiq edərək onun nəsil törətmə qabiliyyətinin olub olmamasını
təyin edə bilmişdir. Göstərmişdir ki, nəsil törətməməyin səbəbi qo-
calıq, uşaqlıq dövrü və həm də alkoholizmdən asılı ola bilər. Cinsi
vəzilər ilə əlaqədar olaraq İbn Sina öz əsərlərində hamiləlik dövrü-
nün normal getməsi, sağlam uşağın doğulması və inkişafına böyük
yer vermişdir. Cinsi vəzilərin fəaliyyətini sürətləndirmək məqsədi
ilə o, müntəzəm şəkildə qida ilə yarı bişirilmiş yumurta, süd, yağ,
ət, noxud, düyü və s. qida maddələrinin qəbul edilməsini məsləhət
görmüşdür. Tərəvəzlərdən bu məqsəd üçün ispanaq, kahı, nanə və s.
təklif etmişdir.
Ər-Razi, İbn Sina, İsmayıl Cürcüni hər üçü zəfəranın cinsi
fəaliyyətin artırılması üçün qəbul edilməsini məsləhət görmüşlər.
İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” əsərində mama-
lıq və ginekoloji xəstəliklərə aid xüsusi fəsil vardır.
Şərq alimləri cinsi vəzilərin fəaliyyətində sinir sistemi və
psixi funksiyalara böyük yer vermişlər. Onlar göstərmişlər ki, cinsi
vəzilərin fəaliyyətinin düzgün tənzim edilməsi zehni fəaliyyətə
yaxşı təsir edir, pis fikirləri beyindən çıxarır. Həzm və başqa sistem-
lərin fəaliyyətinə müsbət təsir göstərir. Orqanizmin müqavimətini
artırır, mərkəzi sinir sisteminin fəaliyyətini sakitləşdirir. Mənfi
emosiyaların, qorxu və həyəcanın cinsi vəzilərin fəaliyyətinə mənfi
təsir göstərməsi haqqında bu alimlərin əsərlərində geniş məlumatlar
vardır.
İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” kitabında ayba-
şının vaxtı, onun gecikməsi, ağrılı olması, hamiləliyin aylar üzrə
54
nişanələri, qadının əhval-ruhiyyəsinin hamiləliyin gedişinə təsiri,
ana südünün azlığının səbəbləri, onun aradan qaldırılması üçün
lazımı tədbirlərin aparılması, hətta süd vəzilərinin xərçəngi ilə
mübarizə və s. haqqında qiymətli məlumatlar vardır.
Lazım olmayan hamiləliyin dayandırılması, sonsuzluğun qar-
şısının alınması bu alimlərin əsərlərində işıqlandırılır.
Zəkəriyya Ər-Razi hətta doğuşdan sonra uşağın oğlan və qız
olmasını təyin etmək üçün də müəyyən metod təklif etmişdir.
Bu alimlərin əsərlərində cinsi vəzilərin fəaliyyətinin təhrif
edilməsinin zərəri haqqında da geniş məlumatlara rast gəlmək olar.
Hətta onlar göstərmişdilər ki, insanların temperamentindən asılı ola-
raq güclü istiqanlı insanlar üçün həftədə iki dəfə, adi insanlar üçün
həftədə bir dəfə cinsi əlaqəyə girmək kifayətdir. Bu vəzilərin fəaliy-
yətinin düzgün tənzim edildiyi şəraitdə, cinsi qabiliyyətin hətta lap
qoca yaşlarında da saxlamaq imkanını göstərilmişlər. Ona görə ki,
bu vəzilərin fəaliyyəti sinir sistemi, qan dövranı, psixi fəaliyyət,
əmək qabiliyyəti və s. üçün olduqca zəruridir. Şərq alimləri cinsi
fəaliyyətin tənzimində hər şeydən əvvəl psixoterapiyaya böyük yer
verirdilər. Eyni halda stimulyəedici, tonusartırıcı xüsusi məcunlar,
bədən tərbiyəsi, masaj, su proseduraları və s. böyük yer verirdilər.
Bir çox ağır xəstəliklərin əsəb mənşəli olması və psixi amil-
lərdən asılılığı orta əsrlərdə, Şərq alimlərinə yaxşı bəlli idi. Əsəb
xəstəliklərindən daha çox onlar psixi xəstəliklərin öyrənilməsi ilə
məşğul olmuşlar. Avropada psixi xəstəlikləri qəzəbli qüvvələrin bə-
dənə daxil olması ilə izah etdikləri bir dövrdə Şərqdə bunları həqiqi
xəstə hesab edib, onların müalicəsi ilə yaxından məşğul olmuşlar.
İbn Sina, Cürcani və başqalarının əsərlərində təfəkkür, hafizə,
qəzəb, kin və s. hallar haqqında geniş məlumatlar vardır. Xüsusilə
qoca yaşlarda psixikanın pozula bilməsi ilə dərindən məşğul olub,
psixogigiyena, psixoterapiya məsələləri ilə yaxından məşğul
olurdular. Ər-Razi öz əsərlərində müsbət və mənfi emosiyaların
klinika üçün böyük əhəmiyyətini qeyd etmişdir. Bu alimlər psixi
fəaliyyətin daxili orqanlara fiziologiya və patologiyada təsirini
öyrənməklə ilk dəfə olaraq kortikovisseral nəzəriyyənin demək olar
55
ki, əsasını qoymuşlar. C. H. Təqdisi bu məsələyə stress və
kortikovisseral əlaqələrin öyrənilməsi zamanı toxunurdu.
Zəkəriyya Ər-Razinin “Əlhavi” (“Hər şeyi əhatə edən”) əsə-
rində psixi xəstəliklər ətraflı öyrənilir. Müxtəlif amillərin əsəb siste-
minə mənfi təsirləri haqqında məlumatlar gətirilir. Yuxunun, sinir
sisteminin xəstəliklərinin müalicəsi haqqında İbn Sina “Tibb qa-
nunu” kitabında geniş məlumat verir.
İbn Sina elektroşokun bir sıra sinir sistemi xəstəliklərində
müalicəsinin əhəmiyyətini bilərək, elektrik cərəyanı buraxan
balıqları su hovuzuna buraxıb, həmin əsəbi xəstələrin əlində olan
dəmir əsa vasitəsilə müəyyən vaxtlarda balıqlara toxunmaq ilə
onların müalicə ola bilməsi imkanı göstərmişdir. Hələ o zaman İbn
Sina beyində düşüncə, təfəkkür və s. mərkəzlərin lokalizasiyası
olduğunu qeyd etmişdir.
İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” əsərinin altıncı
fəsli əsəb və psixi xəstəliklərə həsr olunmuşdur.
Əsəb və psixi xəstəliklər o zaman üçün ətraflı şəkildə
Azərbaycan alimlərinin də tədqiqat materialı olmuşdur. Burada
xüsusilə Əbdül Məcid Təbibin nailiyyətləri böyükdür.
Əldə olunan məlumatlardan görünür ki, cərrahlıq həkimliyin
əsas ixtisaslarından biri kimi orta əsrlərdə Şərqdə tam
formalaşmışdır. Cərrahlığın müxtəlif ixtisasları yaranır. Məsələn,
qarın boşluğu, döş qəfəsi, göz cərrahlıqları və s. Cərrahlıq tibbin
mühüm şöbələrindən biri hesab edilirdi. O zaman ki, cərrahlara
cərrahi əməliyyatın fəsadları da yaxşı bəlli idi. Onların qarşısını
almaqdan ötəri hələ cərrahi əməliyyatdan əvvəl lazımı tədbirlərin
görülməsi və əməliyyatdan sonra həkimin nəzarətinə böyük yer
verirdi. Narkotik maddələr, qankəsicilər, dezinfeksiyaedicilər ilə
bərabər orqanizmin ümumi müqavimətinin artırılmasına fikir
verirdilər.
Cərrahi əməliyyatların aparılması zamanı anatomik və
fizioloji məlumatlardan geniş istifadə etməyə çalışmışlar. Belə bir
rəvayət bizə gəlib çatmışdır ki, Ər-Razi ömrünün son illərində
katarakta ilə xəstələnib, onun yanına gələn, əməliyyat edən həkimə
56
razılıq verməzdən əvvəl gözün quruluşu, innervasiyası, funksiyaları
haqqında bir neçə sual verib, qənaətedici cavab almadıqda başqa
həkimi əməliyyat üçün dəvət etməyi xahiş etmişdir.
Orta əsr cərrahlarının işlətdiyi və bizə gəlib çatan alətlərin şə-
killərinə baxdıqda onların içərisində hətta başın trepanasiyası üçün
işlədilən alətlərə də rast gəlinir. Ona görə də bu dövrdə cərrahlar
müxtəlif mürəkkəb əməliyyatlar aparmaq imkanına malik idilər.
Pambığı sarğıda Zəkəriyya Ər-Razi istifadə etməyi təklif
etmişdir. O, hətta yemək borusundan yad cisimləri xaric etmək üçün
xüsusi cihaz hazırlamışdır. Yaraların dezinfeksiyası üçün Şərq alim-
ləri xüsusi dərmanlardan geniş istifadə etmişlər. Elə spirtin də ilk
növbədə kəşf edilməsi və mikrob əleyhinə işlədilməsi Razi tərə-
findən irəli sürülmüşdür.
Yaraların tez sağalması üçün Şərq alimləri xüsusi tədbirlər
görmüşlər. Cərrahi əməliyyatdan sonra palataların təmizliyi,
havanın yaxşı olması, qidalanmanın yüksək keyfiyyətli olmasını
onlar nəzərdən qaçırmamışlar.
İbn Sinanın “Tibb qanunu” kitabında şişlərin cərrahi metod ilə
aradan qaldırılması, sinirlərin tikilməsi, tpaxeotomiya, katetrezasiya
və s. haqqında məlumatlar vardır.
Yaraların tez sağalması üçün tikişlərin düzgün qoyulmasına
bu alimlər böyük yer vermişlər. Ketqutdan ilk dəfə onlar bu məqsəd
üçün istifadə etmişlər.
Sınıqların yerinə salınması üçün xüsusi metodlar təklif etmiş-
lər. Bunların içərisində “Tibb qanunu” əsərində yazılan İbn Sinanın
metodu daha çox diqqəti cəlb edir.
İsmayıl Cürcaninin “Xarəzmşahlar zəxirəsi” kitabının cərrah-
lığa aid hissəsində belə fəsillərə rast gəlmək olar: Yaralar və onların
müalicəsi, fleqmonaların müalicəsi, dağılmaqda olan orqana necə
yardım etməli, yad cisimlərin bədəndən xaric edilməsi, iti və küt
alətlər ilə zədələnmələrin müalicəsi, yataq yaralarının müalicəsi, oy-
naqlardakı çıxıqların müalicəsi. Bütün bunlar demək olar ki, Cür-
caninin doqquz cildlik əsərinin cərrahlığa aid yeddinci cildində gös-
tərilmişdir.
57
Göründüyü kimi orta əsr Şərq alimlərinin cərrahlıq sahəsində
əldə etdikləri nəzəri və praktik nailiyyətləri olduqca yüksək
səviyyədə olub bir çox cəhətdən müasir cərrahlığın nailiyyətlərinə
uyğun gəlir. Bunu nəinki Şərq, hətta Qərb alimləri də təsdiq edir.
İlk növbədə tibb tarixində İbn Sina gözə görünməyən xəstə-
liklərin amilləri haqqında öz fikrini söyləmişdir. Onun bu ideyası
yalnız min il sonra mikroskop kəşf edildikdə öz təsdiqini tapdı və
mikrobların yoluxucu xəstəliklərin əmələ gətirməsinə şərait yaradan
əsas amil olması özünü doğrultdu. İlk dəfə onlar xüsusilə Cürcani
immunitetin infeksiyada rolunu qeyd etmişdir. Hətta bizə gəlib
çatan məlumata əsasən Ər-Razi hələ o zaman çiçəyə qarşı vaksina
alıb uşaqlara tətbiq etmişdir.
İlk növbədə dəridə öz nişanələrini qoyan çiçək və qızılcanın
bu nişanələr əsasında diferensial diaqnostikanı Razi ətraflı şəkildə
göstərmişdir.
Tif, malyariya, xolera, cüzam və bir çox yoluxucu xəstəliklər
haqqında onların əsərlərində qiymətli məlumatlara rast gəlinir.
Gözün anatomiyası və fiziologiyası haqqında orta əsr alimləri-
nin ətraflı məlumatları göz xəstəliklərinin müalicə və profilaktika-
sında onlara yaxından kömək etmişdir. Bu alimlər nəinki gözün ilti-
habı xəstəlikləri, hətta onun cərrahi xəstəliklərində böyük nailiyyət-
lər əldə etmişlər. Gözdən yad cisimlərin çıxarılması, kataraktanın
müalicəsi və s. ilə yaxından məşğul olmuşlar.
Zəkəriyya Ər-Razinin “Əlhavi” kitabında qulaq, burun, boğaz
xəstəliklərinə xüsusi fəsil ayırmışdır. Bu xəstəliklər haqqında geniş
məlumat İbn Sinanın “Tibb qanunu”, İsmayıl Cürcaninin “Xarəzm-
şahlar zəxirəsi” kitablarında bu orqanların əvvəlcə anatomiya və
fiziologiyası, sonra onların xəstəlikləri üzərində dayanılır.
Raziyə bəlli idi ki, bəzi bitkilərin və güllərin tozları tutmalar
şəklində tənəffüsü çətinləşdirir. Bu da bronxial astmanın tutmalarını
xatırladır. O, zökəmin iki növünü göstərir. Birincisi ifrazatın burun-
dan axması ilə müşayiət olunur, ikincisində isə burun və boğaz qu-
ruyur.
58
İsmayıl Cürcani “Xarəzmşahlar zəxirəsi” əsərində ağız boş-
luğu xəstəliklərinə xüsusi şöbə ayırır. Bu alimlər hətta bilirdilər ki,
ağız boşluğu və xüsusilə dili qıcıqlandırmaqla reflektoru olaraq
ayrı-ayrı mərkəzləri oyandırmaq olar. Ona görə də ayrı-ayrı xəstə-
liklərin müalicəsində onlar inhalyasiya yolu ilə müxtəlif dərman-
lardan istifadə edirlər.
Dəri-zöhrəvi xəstəliklər Şərqdə həmişə sərbəst sahə kimi
alimlərin əsərlərində geniş tədqiq edilmişdir. Onlar bilirdilər ki,
dərinin kəpək verməsi ilə epitel toxuması təzələnir. Lakin bu
prosesin güclənməsi xəstəlikdə olur. Dəridə piqment mübadiləsinin
pozulması nəticəsində ona xüsusi bir xəstəlik kimi baxmışlar. Onla-
ra bəlli idi ki, bəzi qan xəstəlikləri zamanı dəridə iltihab, irinləmə və
s. ola bilər. Belə vəziyyətlərdə onlar dəridə gedən proseslərdə daha
çox ümumi, orqanizmin müalicəsi ilə məşğul olmağı məsləhət gö-
rürdülər. Bu cür hallarda qanın təmizlənməsi üçün bitki dərmanları,
meyvələr təklif edib, dietanın gözlənilməsini zəruri hesab edirdilər.
Dəri xəstəliklərinin müalicəsində isə kükürd və civə
preparatlarından məlhəmlərdən, duru məlhəmlərdən, paraşoklardan
geniş geniş şəkildə istifadə edirdilər. Ağrını kəsmək üçün xüsusi
dərmanlar təklif etmişlər. Dərinin kosmetik məsələləri ilə xüsusi
məşğul olmuşlar. Tərin pis qoxusunu aradan qaldırmaq üçün xüsusi
duru məlhəmlər vermişlər. Dərinin güclü kəpək verməsinin qarşı-
sının alınması və tüklərin inkişafı üçün dərmanlar təklif etmişlər.
İsmayıl Cürcaninin “Xarəzmşahlar” zəxirəsi kitabının “Yerli
xəstəliklər” adı altında olan hissəsində dəri xəstəlikləri və onların
müalicəsi haqqında geniş məlumatlar vardır.
Zöhrəvi xəstəliklərdən “Tibb qanunu”, “Əlhavi” və “Xarəzm-
şahlar zəxirəsi” kitablarında da siflis, süzənək və onun müalicəsi
haqqında geniş məlumatlar gətirilir. İbn Sina civə preparatlarından
ilk dəfə siflisin müalicəsində istifadə etmişdir.
Göründüyü kimi bu alimlər nəinki yalnız tibbin nəzəri məsə-
lələri, hətta bu məlumatlardan bacarıqla istifadə edərək bir çox kli-
nik məsələlərin həllində konkret öz fikirlərini söyləmişlər.
59
Əfsuslar olsun ki, bu haqda geniş məlumat C. H. Təqdisinin
çox qiymətli şəkillərlə zəngin olan “Orta əsrlərdə Şərqdə tibbin
tarixi” adlı sanballı monoqrafiyasında öz əksini tapmışdır. Təəssüf
ki, qiymətli tədqiqat indiyə qədər nəşr edilməmişdir. Lakin C. H.
Təqdisinin bu sahədə çap etdirdiyi bir çox məqalələri bu məsələlərin
oxuculara catdırılmasında mühüm rol oynamışdır. Bu əsərlərdə
xəstəliyin mahiyyəti, onun məfhumunun evolusiyası, Şərqdə dər-
manşünaslıq, ayrı-ayrı Şərq alimlərinin əsərlərində təbiətşünaslıq,
və tibbin nəzəri məsələləri, İsmayıl Cürcaninin “Xarəzmşahlar
zəxirəsi” orta əsr tibbin ensiklopediyası kimi, İbn Sinanın müasir
tibbə hədiyyələri, İbn Sinanın əsərlərinin Qərbdə tibbin inkişafında
rolu, N. Tusinin əsərlərində tibbi məsələlər və bir çox digər
əsərlərində bu haqda geniş məlumatlar verilir.
C. H. Təqdisinin tədqiqatlarında neft və neft məhsullarının
tibbdə tətbiq edilməsinin tarixi, gigiyena məsələlərinin öyrənilmə-
sində Şərq alimlərinin rolu, bu alimlərin əsərlərində herontoloji və
pediatriya məsələləri, qədim Azərbaycan ilə Qədim Yunanıstanın
əczaçılıq və dərmanşünaslıq haqqında işləri və s. göstərmək olar.
Daxili xəstəliklərin ətraflı öyrənilməsində orta əsrlərdə Şərqdə
açılan böyük klinikaların əsas rol oynamışlar. Həmin klinikaların
nəzdində tibbi məktəblər təşkil olunmuşdur. Tibbin müxtəlif sahə-
ləri üçün mütəxəssislər hazırlanırdı. Elə orta əsrlərdə Şərqdə tibbin
əsas nailiyyətlərindən biri də bütün dünya tarixində ilk dəfə müx-
təlif şöbələrə malik olan böyük klinikaların təşkili sayılırdı. Onların
nəzdində yaraları yumaq, sarğını bağlamaq üçün otaqlar, vanna
otaqları, hətta fizioterapevtik şöbələr də vardır. Belə klinikalara o
zaman “Dar əl şəfa” yəni “müalicə evi” adı verirdilər. Qeyd etmək
maraqlıdır ki, hələ qədim yunan mədəniyyəti dövründə də belə
klinikalar olmayıb, yalnız hərbi hospitallar mövcud idi.
Xalq üçün Şərqdə ilk dəfə cüzam, siflis, dəri xəstəlikləri və s.
üçün klinikalar təşkil olunurdu. Çünki o zaman bu xəstəliklər geniş
yayılmışdır. Sonralar başqa xəstəliklər üçün ixtisaslaşmış klinikalar
yaradılır. Bu klinikaların nəzdində müxtəlif ixtisaslı tibb işçiləri
60
hazırlamaqla bərabər həm də həkimlərin təkmilləşdirmə kursları
təşkil olunurdu.
Tibbin tarixindən danışarkən C. H. Təqdisi həmişə qeyd edir-
di ki, tarixdən külü yox, odu götürmək lazımdır. Elə həqiqətən də o,
keçmişlə, xüsusi ilə Şərq alimlərinin tibbin öyrənilməsində çox
əhəmiyyətli olan məsələləri açıb göstərməklə bu sahəni canlan-
dırmışdır.
Dostları ilə paylaş: |