ÇOXİLLİK BİTKİLƏR – iki ildən çox qışlayan ot və yarımkollar.
Ç.b.-in bəzisi bir neçə il, digərləri 20-30, hətta 100 ilədək yaşayır. Bəzən
ağac və kolları da Ç.b. adlandırırlar.
ÇOXYARUSLU (ÇOXMƏRTƏBƏLİ) SENOZLAR – bir neçə
yarusdan ibarət olan senozlar.
ÇÖKMƏ SÜXURLAR – quru səthində və ya müxtəlif su
hövzələrində əvvəl mövcud olmuş süxurların (çökmə, maqmatik,
metamorfik) və orqanizm qalıqlarının pozulma məhsullarının
toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Ç.s. Yer qabığı kütləsinin
təqr. 10%-ini təşkil edir və Yer səthinin 75%-ini örtür. Faydalı
qazıntıların 75%-indən çoxu (kömür, neft, duzlar, dəmir, manqan,
alüminium filizləri, qızıl və platin səpintiləri, tikinti materialları və s.)
Ç.s.-dan hasil edilir.
ÇÖL (BOZQIR) – Çöl zonası Avraziyada çöl (bozqır), Şimali
Amerikada preriya, Cənubi Amerikada pampas, Yeni Zelandiyada isə
tussok adlı bitki qruplarından təşkil olunmuşdur. Bu ərazilər mülayim
qurşağa daxil olub qismən kserofit bitkilərlə örtülüdür.
Heyvanat aləminin yaşayış tərzi nöqteyi nəzərincə çöl zonası yaxşı
görünüşü, bitki qidasının bolluğu, nisbətən quru yay dövrünün olması,
yay dövründə yarım dinclik və ya tam dincliyin mövcudluğu ilə
səciyyələnir. Bu baxımdan, çöl zonasının qrupları meşə zonasından
kəskin fərqlənir. Çölün canlı bitki örtüyünün əsas forması çim əmələ
gətirən taxıl otları hesab olunur.
Çöl şəraiti üçün səciyyəvi kollar qrupla, bəzən isə tək-tək bitir.
Bunların respublikamızdakı çöllərdə topulqanı, qarağanı, Pallas
murdarçasını, badamı, iydəyarpaq armudu, dağdağanı, ardıcın bəzi
növlərini göstərmək olar. Alimlərin fikrincə (Qrossheym, Qulisaşvili)
Cənubi Qafqazda , o cümlədən Azərbaycanda ilkin çöl yoxdur. Çöl
burada meşə məhv edilən yerlərdə əmələ gəlib törəmə tiplidir.
Respublikamızda belə çöllər Böyük Qafqazda Bozqır yayla ərazisində
və Kiçik Qafqazın dağətəyi və orta dağ-meşə qurşağında yayılmışdır.
Hazırda hədsiz mal-qara otarma nəticəsində çöllərdə səhralaşma prosesi
gedərək yarımsəhraya çevrilir.
Dostları ilə paylaş: |