Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
73
FƏSİL 3. EKSPERTİN DİNDİRİLMƏSİ
Cinayət mühakimə icraatında məhkəmə-tibbi biliklərdən istifadə
olunmanın digər prosessual formalarından biri də ekspertin
dindirilməsidir. İbtidai istintaq mərhələsində ekspertin dindirilməsi
CPM-nin 272-ci maddəsində, məhkəmə icraatı gedişində isə CPM-
nin 332-ci maddəsində nəzərdə tutulmuşdur.
Ekspertin dindirilməsi müstəqil istintaq hərəkətidir, verilmiş rəyə
aydınlıq gətirmək və əlavələr etmək məqsədilə aparılır. Dindirilmə
ancaq bütün təhqiqatlar aparıldıqdan, rəy tərtib olunub müstəntiqə və
ya hakimə verildikdən sonra aparıla bilər. Ekspert rəy verənə qədər
onun dindirilməsi yolverilməzdir (CPM, maddə 272.3).
Ekspertin dindirilməsi mütləq deyil. Məhkəmə araşdırması
mərhələsində bu məsələ adətən CPM-nin 332-ci maddəsinə uyğun
qaydada məhkəmə iclasına hazırlıq mərhələsində yekun dinlənilmə
zamanı və ya məhkəmə iclasının gedişində həll olunur.
Ekspert rəyi ilə müstəntiq, hakim və cinayət mühakimə icraatının
digər iştirakçılarından biri tanış olduqdan sonra, həmin rəyin
nəticəsinə aydınlıq gətirmək və əlavələr etmək, xüsusi terminlərin və
tərtibatların əhəmiyyətini aydınlaşdırmaq, təhqiqat metodlarının
məzmununa, hesab olunan və ya həqiqətən də rəyin nəticəsi ilə
tədqiqat hissəsi arasındakı uyğunsuzluğa, ekspert komissiyasının
üzvlərinin arasındakı fikir uyğunsuzluğunun (əgər onlar eyni bir rəyə
gələ bilməyiblərsə) mahiyyətinə və ya müxtəlif rəylərin nəticələri
arasındakı ziddiyyətlərə aydınlıq gətirmək lazım gələ bilər. Ekspertin
dindirilmə predmeti onun tərəfindən tərtib olunmuş rəydir.
Əgər ekspert komissiyasının nəticəsinə əlavələr etməyə və
aydınlıq gətirməyə ehtiyac varsa, hansı suala aydınlıq
gətirilməsindən, komissiyanın bütün üzvləri tərəfindən imza
edilməsindən, ekspertlərdən hansısa birinin xüsusi rəyinin
olmasından asılı olmayaraq, məhkəmə, ekspert komissiyasının bir, bir
neçə və ya bütün üzvlərini dindirilməyə çağırmaq ixtiyarındadır.
Kompleks ekspertiza zamanı məhkəmə aydınlıq gətirməyə ehtiyacı
olan ixtisaslar üzrə ekspertləri dindirilməyə çağırır.
|