Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
81
Ekspertin və mütəxəssisin istintaq və məhkəmə hərəkətlərində
iştirakını tənzim edən qanunun ümumi qaydaları qanunvericilikdə
təsbit olunmuşdur. Qanunun bu normaları ekspertin və mütəxəssisin
prosessual statusunu, hüququnu, vəzifələrini, məsuliyyətini, istintaq
hərəkətlərində iştirak qaydalarını müəyyən edir. Ümumi qaydalar
ayrı-ayrı istintaq hərəkətlərini və məhkəmə fəaliyyətini nizamlayan
cinayət-prosessual məcəlləsinin maddələrində konkretləşdirilir,
məsələn, meyitə baxış və ekshumasiya (CPM, maddə 237), istintaq
eksperimenti (CPM, maddə 262), şəxsin axtarışı (CPM, maddə 246),
şəxsin tanınması (CPM, maddə 239), ekspertin dindirilməsi (CPM,
maddə 272), ifadələrin yerində yoxlanılması (CPM, maddə 260),
müqayisəli müayinə üçün nümunələrin götürülməsi (CPM, maddə
273).
Ümumi planda ekspertizanın aparılması da istintaq hərəkətidir.
Lakin məhkəmə-tibbi fəaliyyətin təklif olunmuş təsnifat formalarında
ekspertiza, cinayət mühakimə icraatında xüsusi biliklərdən istifadə
olunmanın əsas prosessual formasıdır.
İstintaq hərəkətlərində «ekspertin iştirakı» və «mütəxəssisin
iştirakı» anlayışlarına münasibət müəyyən maraq kəsb edir. Bunlar
cinayət mühakimə icraatında xüsusi biliklərin cəlb olunmasının iki
sərbəst prosessual formalarıdır. Onları birləşdirən hər iki formanın
cinayət işi üçün əhəmiyyətli halların müəyyən olunması üçün
istintaqda istifadə olunmasıdır. Hər iki halda istintaq hərəkətində
iştirak edən ekspert və mütəxəssis hər hansı bir tədqiqat aparmır,
yazılı yaxud şifahi rəy vermirlər. İstintaq hərəkətinin gedişi zamanı
ekspert yaxud mütəxəssis tərəfindən müəyyən edilmiş faktlar sübut
əhəmiyyətli ola bilər. Lakin bu hal ekspert rəyi və ya ekspert ifadəsi
kimi sərbəst sübut kimi qəbul edilmir. Onlar tərəfindən aşkar
olunmuş məlumatlar prosessual hərəkətlərin ümumi nəticəsinin tərkib
hissəsidir və müstəntiq tərəfindən müvafiq protokolun mətnində
fiksasiya olunur. Ekspertin və mütəxəssisin bütün qiymətverici
fikirləri isə ilkin xarakter daşıyır və şifahi ifadə olunur.
«Ekspertin» və «mütəxəssisin iştirakı»nın digər ümumi
prosessual əlaməti onların fəaliyyətinin köməkçi xarakterli olmasıdır.
Ekspert və mütəxəssis istintaq hərəkətlərinin gedişində müstəntiqin
|