Şakir Musayev
80
məqsədləri cinayət izlərinin, həmçinin götürülməsi və tədqiqat
aparılması tələb olunan digər sübutların aşkar olunması və təsbit
olunmasıdır. Bu baxış, axtarış, götürmə, müayinə, şübhəli şəxsin
saxlanması və dindirilməsi, zərərçəkmiş və şahidin dindirilməsi kimi
prosessual hərəkətdir.
«Təxirəsalınmaz» və «ilkin» anlayışlar bir-biri ilə uyğun gələ və
gəlməyə də bilər. Əksər hallarda, təxirəsalınmaz və ilkin istintaq
hərəkətləri sübutların müəyyən və təsbit olunması məqsədi daşıyır,
istintaqın ilkin mərhələsində aparılır. Bu zaman həmin anlayışlar üst-
üstə düşür. İlkin istintaqdan sonra olan istintaq hərəkətləri nəinki
sübutların müəyyən və təsbit edilməsinə, həm də onların tədqiqi,
qiymətləndirilməsi və istifadə olunmasına yönəlir. Bunlara istintaq
eksperimenti, müqayisəli müayinə üçün nümunələrin götürülməsi,
tanınmanın aparılması və digər istintaq hərəkətləri aiddir. Eyni
zamanda istənilən digər istintaq hərəkəti istənilən istintaq
mərhələsində təxirəsalınmaz xarakter ala bilər. Məsələn, zərərçəkmiş
şəxs əvəzinə digər şəxsin basdırılması barədə məlumat olduqda
ekshumasiya və meyitin tanınmasının aparılmasına təxirəsalınmaz
prosessual hərəkət kimi baxılır.
İstintaq hərəkətləri işi icraata qəbul etmiş müstəntiq, işin
istintaqına nəzarət edən prokuror tərəfindən, eləcə də tədqiqat
orqanları tərəfindən sərbəst yaxud müstəntiqin tapşırığı ilə aparıla
bilər. (CPM, maddə 177.4).
Qanun ancaq qaldırılmış və istintaq olunan cinayət işi üzrə
istintaq hərəkətlərinin aparılmasının mümkünlüyünü nəzərdə tutur.
Təxirə salınması mümkün olmayan hallarda cinayət işi qaldırılana
qədər hadisə yerinə baxış keçirilməsi istisna olunur (CPM, maddə
207.4).
Hazırkı cinayət işi üzrə tədqiqat və ya istənilən istintaq
hərəkətlərinin aparılmasına, həmin cinayət işi üzrə əməliyyat-axtarış
tədbirləri keçirmiş və ya keçirən şəxsin mütəxəssis kimi cəlb
olunmasına yol verilmir. İstintaqı dayandırılmış cinayət işi üzrə
istintaq hərəkətlərinin, eyni zamanda məhkəmə ekspertizasının
aparılması qanun pozuntusudur (CPM, maddə 277.6).
|