Şakir Musayev
72
Məhkəmə ekspertizasını təyin etmiş və şəxsi məcburi qaydada
tibbi stasionara yerləşdirmiş orqan və ya şəxs, 24 saat müddətində bu
barədə onun ailə üzvlərindən birinə, qohumlarına və ya onun göstərişi
ilə digər şəxsə, əgər onlar yoxdursa yaşayış ərazisi üzrə daxili işlər
orqanlarına xəbər verməyə borcludur.
Məhkəmə ekspertizasının aparılması üçün tibbi stasionarda qalma
müddəti 30 günə qədərdir. Zərurət yaranarsa ekspertin və ya ekspert
komissiyasının əsaslandırılmış vəsatəti ilə, həmin stasionarın
yerləşdiyi ərazi üzrə rayon məhkəməsinin hakiminin qərarı ilə
yenidən 30 gün uzadıla bilər. Ekspertin və ya ekspert komissiyasının
şəxsin tibbi stasionarda qalma müddətinin uzadılması barədə vəsatəti
həmin stasionarın yerləşdiyi rayon məhkəməsinə 30 günlük müddətin
başa çatmasına 3 gündən az olmayaraq təqdim olunmalıdır. Hakim 3
gün ərzində qərar çıxardır və eksperti və ya ekspert komissiyasını
xəbərdar edir. Əgər hakim tərəfindən şəxsin tibbi stasionarda qalma
müddətinin uzadılmasına imtina edilərsə, şəxs oradan çıxarılmalıdır.
Tibbi stasionarın rəhbəri verilmiş vəsatət və hakimin çıxardığı qərar
barədə stasionarda qalan şəxsi, o cümlədən məhkəmə ekspertizasını
təyin etmiş orqan və ya şəxsi məlumatlandırır. Müstəsna hallarda
həmin qaydada şəxsin tibbi stasionarda qalma müddətini təkrar
uzatmaq olar. Bu zaman məhkəmə ekspertizasının aparılması üçün
şəxsin həmin stasionarda ümumi qalma müddəti 90 gündən artıq ola
bilməz.
Şəxsin tibbi stasionarda qanunla müəyyən olunmuş qalma
müddətinin pozulmasına görə, şəxs, onun müdafiəçisi və ya qanuni
nümayəndəsi işdə iştirak edən digər nümayəndələr, eləcə də tibbi
stasionarın rəhbəri tərəfindən prosessual qanunvericiliyin müəyyən
etdiyi qaydada şikayət edilə bilər. Şəxsin tibbi stasionarda qalma
müddətinin pozulmasına görə, stasionarın yerləşdiyi ərazi üzrə
məhkəməyə şikayət oluna bilər.
Belə fundamental prosessual-hüquqi tənzimlənmə ekspertiza
aparılmasını cinayət mühakimə icraatında xüsusi məhkəmə tibbi
biliklərdən istifadə etmənin əsas, qanunla müəyyən olunmuş bəzi
hallarda isə - məcburi forması kimi səciyyələndirir.
|