11
M a d d ə 2 6 . İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi
I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ vardır.
II. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
M a d d ə 2 7 . Yaşamaq hüququ
I. Hər kəsin yaşamaq hüququ vardır.
II. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin
qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə
tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək , yalnız dövlətə,
insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən
edilə bilər.
IV. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın
yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının
alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması,
ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol
verilmir.
M a d d ə 2 8 . Azadlıq hüququ
I. Hər kəsin azadlıq hüququ vardır.
II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma
və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst
hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının
ərazisindən kənara gedə bilər.
IV. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə
qayıtmaq hüququ vardır.
M a d d ə 2 9 . Mülkiyyət hüququ
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan
istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək
şərti ilə yol verilə bilər.
12
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində
mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Dostları ilə paylaş: |