F. Q. Vahidov, T. B. Ağayev


Elmin sosiologiyası elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənən sosioloji bilik



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə116/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   112   113   114   115   116   117   118   119   ...   131
sosiologiya

 
Elmin sosiologiyası elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənən sosioloji bilik 
sahəsidir. Bu sahə XX əsrin 30-cu illərində elmi fəaliyyətə dair tədqiqatların xüsusi istiqaməti kimi formalaşmağa 
başlamış, 60-cı illərdə xüsusi sosioloji fənnə çevrilmişdir. Onun inkişafı  fəlsəfə  və elmin metodologiyası, idrak 
sosiologiyası, elmin təhlilinə informasiya və sosial yanaşmalarla sıx bağlı olmuşdur. Daha dəqiq desək, bir-birinə 
yaxın bilik sahələrinin qarşılıqlı təsiri sayəsində elmin sosiologiyası nisbi müstəqil istiqamət kimi təşəkkül tapmış 
və inkişaf etmişdir. 
Əvvəlcə elmin sosiologiyası idrak sosiologiyasının tərkib hissəsi və köməkçi sferası kimi nəzərdən 
keçirilmişdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ənənəvi olaraq elm fəlsəfi cəhətdən yalnız biliyin xüsusi tipi 
kimi, idrak nəzəriyyəsinin predmeti kimi başa düşülmüşdür. E. 
Dürkheymin, M. 
Veberin, M. 
Şelerin, 
K. Mannheymin ideya irsində  həm təbii, həm də «formal» elmlərin məzmun tərəfinin sosioloji metodlarla 
tədqiqinin mümkün olmadığı göstərilmişdir. Lakin artıq keçən  əsrin 30-cu illərində elmə sosioloji yanaşmalar 
C. Bernalın,  U. Oqbornun,  P. Sorokinin,  T. Parsonsun  əsərlərində  işlənib hazırlanmışdır. Onların tədqiqatlarının 
əhəmiyyətini kiçiltmədən qeyd etmək lazımdır ki, elmin sosiologiyasının sonrakı inkişafına  ən böyük təsiri 
R. Merton  göstərmişdir. O, «XVII əsrdə  İngiltərədə elm, texnika və  cəmiyyət»  əsərində (1933) Yeni dövrün 
elminin təşəkkülündə 
[301 - 302]
 puritan dininin və  əxlaqının rolunu ön plana çəkir. Sonralar o, elmin sosioloji 
konsepsiyasını  işləyib hazırlamışdır. Bu konsepsiya ötən  əsrin 60-cı illərində üstün paradiqma olmuşdur. 
Konsepsiyanın fəlsəfı  əsasını pozitivist ideyalar təşkil edir. Həmin ideyalar elmi biliyin sosial neytrallığını  əsas 
tutur. Elmi biliyin artmasının kumulyativ xarakteri qeyd olunur. R. Mertonun işləyib hazırladığı konsepsiyanın 
ümumsosioloji əsasını isə struktur funksionalizm təşkil edir. 
Mertonun fıkrincə, sosiologiya elmi sosial institut kimi öyrənir; Bu cür institut olmaq sayəsində elm öz 
muxtariyyətini mühafizə edir, yeni və etibarlı bilik əldə olunmasına yönəlmiş  fəaliyyəti stimullaşdırır. Elmi kəşf 
mükafat tələb edən nailiyyətdir. Alimin töhfəsi etiraf olunmalıdır; bu, onun nüfuzunu, statusunu və karyerasını 
müəyyən edən amildir. Elmin fəaliyyəti məcburi normalar və dəyərlər məcmusu ilə tənzim olunur. Bu normalar və 
dəyərlər elmin etosunu təşkil edir. Etosa aşağıdakılar daxildir: 
- universalizm - bu, elmin müddəalarının obyektivliyinə və subyektdən asılı olmamasına inamı ifadə edir; 
- ən ümumilik - bu, biliyin ümumun malı olmasını ifadə edir; 


120 
 
- niyyətsizlik - bu, elmdən şəxsi mənafelər üçün istifadənin qadağan olunmasını nəzərdə tutur; 
- mütəşəkkil skeptisizm - bu, alimin öz həmkarlarının işlərini qiymətləndirməkdə məsuliyyətini ifadə edir. 
Lakin alim rəqabət mübarizəsi  şəraitində, ziddiyyətli vəziyyətdə  fəaliyyət göstərir. Onun davranışına 
normalar və dəyərlər sisteminin təsiri də eyni cür olmur. Ona görə də elmin fəaliyyəti və inkişafı ziddiyyətlidir; o, 
müxtəlif, hətta əks qütblər, prinsiplər arasında tərəddüd edir. 
Mertonun konsepsiyası «xalis» elm modelinə istinad etsə də, elmin sosiologiyasında empirik tədqiqatlara və 
nəzəri araşdırmalara ciddi təsir göstərmişdir. Nəticədə daha praktik. daha konkret planda tədqiqatlar aparılmışdır. 
Elmi biliyin strukturu, «görünməz kolleclər», sosial əlaqələr və 
[302 - 303]
 kommunikasiyalar şəbəkəsi, elmdə 
sosial stratifikasiya və s. bu qəbildəndir. 
Lakin 70-ci illərin əvvəlində vəziyyət xeyli dəyişir: elmin sosiologiyasında Merton paradiqmasının tənqidi 
genişlənir. Bu tənqid elmin postpozitivist metodologiyasının,  ən  əvvəl T. Kunun «Elmi inqilabların strukturu» 
əsərinin təsiri altında formalaşan mövqelərdən aparılırdı. Elm həmin  əsərdə elmi birlik tərəfindən qəbul edilmiş 
paradiqma kimi nəzərdən keçirilir. Bu fəlsəfı əsasda elmin normativ xarakterə malik sosiologiyasından fərqli olan 
və koqnitiv adlandırılan sosiologiyası formalaşmağa başlamışdır. Burada elmin koqnitiv (idraki) tərəfinin sosial 
tərəfdən birbaşa asılı olduğu  əsas götürülür. Elmin sosiologiyasının bu istiqaməti Ingiltərədə meydana gəlmiş, 
burada onun konseptual əsasları  və  tədqiqat proqramları  işlənib hazırlanmışdır. Bunlarda ümumi cəhət sosioloji 
metodların tətbiqi sahəsini genişləndirmək, elmi biliyi də həmin metodların fəaliyyət sferasına daxil etmək səyidir. 
Bu halda elm sosial şəraitin, münasibətlərin, mənafelərin məhsulu kimi başa düşülür. Lakin elmi bilik sosial şəraitlə 
əlaqələndirilsə də, onun obyektiv reallığa münasibəti nəzərdən qaçırılırdı. 
Koqnitiv adlandırılan istiqamətin inkişafı alimlərin idrak fəaliyyəti prosesində meydana gələn konkret 
vəziyyətlərin mikrososioloji tədqiqatlarına təkan verdi. Bu tədqiqatlarda elmin koqnitiv və sosial aspektlərinin 
qarşılıqlı əlaqəsi haqqında qiymətli empirik materiallar öz əksini tapmışdır. 
Ötən əsrin 80-ci illərinə doğru elmin sosial tədqiqinin rəngarəng, lakin öz metodoloji əsaslarına görə bir - 
birinə yaxın olan konseptual sxemləri meydana gəldi. Məsələn, «konstruktivist proqram» (K. Knorr-Tsetina) elmi 
sosial konstruksiya kimi nəzərdən keçirir. 
Yeni konsepsiyalar üçün elmdə koqnitiv və sosial kimi «ənənəvi» fərqləndirmələrdən imtina edilməsi 
xarakterikdir. Yəni elmin idraki əsası az və ya çox dərəcədə sosial fəaliyyətlə, müzakirələrlə, alimlərin 
münasibətləri ilə əvəz 
[303 - 304]
 olunur. 
Göründüyü kimi, elmin sosiologiyasında konsepsiyalar kifayət qədər müxtəlifdir. Bu müxtəliflik elmi bilik 
istehsalı proseslərində baş verən dəyişikliklərlə, müasir şəraitdə elmlə  cəmiyyət arasında qarşılıqlı  əlaqə  və 
təsirlərin mürəkkəbləşməsi, elmin sosiologiyasında etibarlı  və adekvat metodoloji ustanovkaların olmaması ilə 
şərtlənir. Lakin bu prosesləri nəzəri cəhətdən dərk etmək obyektiv zərurətdir. 
Elm təbiət, cəmiyyət və təfəkkür haqqında yeni biliklər əldə edilməsinə yönəldilmiş tədqiqatçılıq fəaliyyəti 
sferasıdır. Bu, müxtəlif şəraiti və məqamları əhatə edir: müəyyən biliklərin, qabiliyyətlərin, ixtisasın və təcrübənin 
daşıyıcısı olan alimlər - onların fəaliyyəti elmi əməyin bölgüsünə  və kooperasiyasına  əsaslanır; elmi idarələr, 
eksperiment və laboratoriya avadanlığı; elmi-tədqiqat işinin metodları, anlayış  və kateqorial aparatı, elmi 
informasiya sistemi; elmi istehsalın, fəaliyyətin müqəddəm şərti, vasitəsi və yaxud nəticəsi kimi çıxış edən mövcud 
biliklərin bütün məcmusu. 
Elm ictimai əmək bölgüsünün zəruri nəticəsidir; o, zehni əməyin fıziki əməkdən ayrılması, bu fəaliyyətin 
adamların xüsusi qrupunun spesifık məşğələ növünə çevrilməsi sayəsində təşəkkül tapmış, uzunmüddətli təkamül 
yolu keçmiş, çoxşaxəli mürəkkəb sistemə çevrilmişdir. 
Respublikamızda elmi fəaliyyətin səmərəli təşkilinə, optimallaşdırılmasına diqqət getdikcə artır. Bunu 
ondan görmək olar ki, 2007-ci ildə elmi tədqiqat və işləmələri yerinə yetirən işçilərin sayı 33.520 nəfər olmuşdur. 
Onların 1696 nəfəri elmlər doktoru, 8644 nəfəri isə elmlər namizədidir. Həmin işçilərin  əsas kütləsi elmi 
təşkilatlarda və ali məktəblərdə, çox az hissəsi isə sahibkarlıq sahəsində çalışır (Azərbaycanın statistik göstəriciləri, 
Bakı, 2007, s. 210-211). 
[304 - 305]
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin