II. Qrupların sosial psixologiyası. Sosial psixologiya həm böyük, həm də kiçik sosial
qrupları öyrənir. Bu baxımdan qrupların sosial psixologiyasına aşağıdakılar daxildir:
a) Böyükqruplarda (makromühitdə) sosial-psixoloji hadisələr
b) Kiçik qruplarda (mikromühitdə) sosial-psixoloji hadisələr
İnsanların ünsiyyəti və qarşılıqlı təsiri, nəinki fəaliyyətin məzmunundan, həm də qrupun
inkişaf səviyyəsindən asılı olaraq müxtəlif xüsusiyyətlər kəsb edir. Bu nöqteyi-nəzərdən hər
bir qrupun sosial-psixoloji xarakteristikasının öyrənilməsi böyük elmi-praktik əhəmiyyətə
malikdir.
III. Ünsiyyət və qarşılıqlı təsir prosesinin sosial-psixoloji problemləri. Ünsiyyət
bütün sosial-psixoloji hadisələrin mənbəyini təşkil edir. Sosial psixologiyada ünsiyyət müxtəlif
istiqamətlərdə - kommunikativ (informasiya mübadiləsi), interaktiv (qarşılıqlı təsir) və
perseptiv (insanların bir-birini qavraması) baxımından təhlil olunur. Ünsiyyət və qarşılıqlı
təsir real surətdə qruplarda baş verir.