28
Alginatlar və pektinlər zəhərli deyillər, allergiya doğurmurlar, hətta qidada
çoxlu miqdarda qəbul edildikdə belə zərərsiz sayılırlar. Bununla belə, onlar mədə-
bağırsaq sistemlərində həzm olunmurlar. Eyni zamanda, polişəkərlər orqanizmdən
sink, qurğuşun, stronsium kimi ağır metalları kənar etməklə vacib fizioloji
funksiyaları yerinə yetirirlər. Bu baxımdan, onlar həm də müalicə və profilaktiki
qidalanma üçün xüsusi əhəmiyyət kəsb edirlər. Onların qida sistemlərində
işlədilməsi imkanlarının genişləndirilməsi həm də bu səbəblərə görə çox aktualdır.
Onu da nəzərə almaq lazımdır ki, bu polişəkərlərin qida məhsullarında
miqdarı adətən 0,1-2%-dən çox olmasa da, onlar qidanın digər komponentləri ilə,
xüsusilə zülallarla aktiv qarşılıqlı təsirə girə bilirlər.
Bütün bunlar onu göstərir ki, polişəkərlərin duru məhlullarda zülallarla
qarşılıqlı təsirinin öyrənilməsi yeni qida məhsullarının yaradılması istiqamətində
çox vacib məsələlərdən biridir.
Zülallar və polişəkərlərin polifunksional təbiəti nəzərə alınarsa, onlar bir-biri
ilə müxtəlif tip əlaqələr yarada bilərlər. Su sistemlərində onlar elektrostatik və
hidrofos qarşılıqlı təsir, həmçinin hidrogen əlaqələri yarada bilirlər. Zülallar
özlərinin poliamfolit təbiətinə görə, müəyyən pH mühitində müxtəlif yüklənmə
qabiliyyətinə malik ola bilirlər. Su mühitində bu xassə polişəkərlərə də aiddir. Belə
bir şəraitdə (yəni müəyyən pH qiymətində) zülal makrokationu ilə turşu xassəli
polişəkər makroanionu arasında elektrostatik qarşılıqlı təsir meydana çıxa bilir ki,
bu da sistemdə həll olan yaxud həll olmayan komplekslər yaradılmasına gətirib
çıxarır.
Praktiki nöqteyi-nəzərdən kiçik molekullu elektrolit sayılan xörək duzunun
tədqiq edilən zülal və polişəkərli su sisteminə necə təsirinin öyrənilməsi də yeni
formalı qida məhsulları yaradılması işində xüsusi maraq doğurur. Çünki xörək
duzu qidada 2-5%-ə qədər miqdarda həmişə olur və onun məhsulda varlığı ion
gücünü artırır deyə, zülal və polişəkər olan sistemlərdə polielektrolitlərin
elektrostatik qarşılıqlı təsirini zəiflədə bilir.
29
Bundan əvvəl qeyd etdiyimiz kimi, süni qida məhsullarının yaradılması,
bilavasitə maye sistemlərin formalanması ilə əlaqədar olduğu üçün bu sistemlərin
reoloji xassələrinin öyrənilməsi, onların (reoloji xassələrinin) sistemdə faza
vəziyyətindən və quruluşundan asılılığının öyrənilməsi və bunların birlikdə
tənzimlənməsi faktiki olaraq quruluşun, başqa sözlə qida sistemlərinin öyrənilməsi
kimi başa düşülür.
Beləliklə, ümumi halda götürdükdə zülalların emalı problemi zülallarla
polişəkərlərin su sistemlərində birgə mövcudluğu, faza vəziyyətinin öyrənilməsini
və onların qarşılıqlı təsirinin spesifikliyinin öyrənilməsini tələb edir. Bunlar isə
onların tərkibinin tənzimlənməsi, quruluş və xassələrinin yeni yaradılacaq qida
sistemləri üçün vacibliyindən irəli gəlir.
Fizika, kimya elmində olan çoxlu praktiki məlumatlara əsaslanaraq, alimlər
makromolekullu birləşmələrin qarışığından ibarət sistemlərin aşağıdakı xarakterik
xüsusiyyətlərini fərqləndirirlər:
1) bu qarışıqlar çox zaman heterofazalı (ən azı 2 fazalı) olurlar; 2) onlar
burada makromolekulyar komponentlər bir yaxud müxtəlif fazalarda toplana
(qatılaşa) bilirlər.
Birinci halda onlar kompleks koaservasiya adını daşıyırlar. İkinci halda bu
birgə mövcud ola bilməmək hesab olunur.
Kompleks koaservasiya müxtəlif yüklü makroionlar olan qarışıqlarda rast
gəlinirsə, birgə mövcud ola bilməmək energetik baxımdan eynitipli makromolekul
qarışığında meydana çıxır.