Dissertasiya işinin əsas məqsədi qeyri-neft sahələrinin diversifikasiyası,
iqtisadiyyatda struktur dəyişiklikləri problemləri, bu problemlərin həlli yolları,
şaxələndirmə mexanizmlərinin mahiyyətinin və əhəmiyyətinin ətraflı araşdırılması,
həmçinin inkişafının vacibliyinin təhlilindən ibarətdir. Bundan əlavə ixracyönümlü
milli iqtisadiyyatın formalaşdırılması, xarici investisiyaların qeyri-neft sahələrinə
cəlb edilməsi, ölkənin ixrac potensialının genişləndirilməsi və istehsalın
rəqabətqabiliyyətliliyinin artırılması yolları tədqiqatın başlıca məqsədlərindəndir.
Bu məqsədlərə nail olmaq üçün bəzi vəzifələrin həll edilməsi vacibdir ki, onlara
aşağıdakıları aid etmək olar:
6
- qeyri-neft sahələrinin diversifikasiyasının dinamik inkişafa təsir dərəcəsinin
konseptual aspektlərinin müəyyənləşdirilməsi və diversifikasiya mexanizminin
formalaşma xüsusiyyətlərinin ətraflı təhlil edilməsi;
- qeyri-neft sektorunun inkişaf strategiyası müəyyənləşdirilərkən xarici ölkələrin
təcrübəsinin araşdırılması və onlardan istifadə edilməsi;
- Azərbaycanda iqtisadiyyatın qeyri-neft bölməsinin inkişafını vacibləşdirən
amil və şərtlərin müəyyənləşdirilməsi;
- regionlarda investisiya potensialının təhlili və ölkədə qeyri-neft sahələrində
investisiya aktivliyinin artırılmasına səbəb ola biləcək dövlət tənzimlənmə
formalarının aşkara çıxarılması;
- milli iqtisadiyyatın geniş şəkildə təhlili, qeyri-neft sektorunun inkişafına mane
olan amillərin müəyyən edilməsi, iqtisadi problemlər və onların həll
istiqamətlərinin aydınlaşdırılması;
- davamlı iqtisadi inkişafa nail olmaq üçün ölkədə əlverişli biznes mühitinin
yaradılmasına təsir edən halların,qeyri-neft sahələrinin dinamik inkişafını
təmin etmək üçün dövlətin gördüyü stimullaşdırıcı tədbirlərin, regionların
sosial-iqtisadi inkişafına təkan verə biləcək proselərin tənzimlənmə
xüsusiyyətlərinin aşkarlanması;
- qloballaşma şəraitində dövlətin qeyri-neft sahələrinin inkişafı naminə gördüyü
tədbirlərin dəyərləndirilməsi, həmçinin balanslaşdırılmış və optimallaşdırılmış
milli iqtisadiyyatın formalaşdırılması üçün dövlət tərəfindən yürüdülən iqtisadi
siyasətin effektivlik dərəcəsinin tədqiq edilməsi;
- qeyri-neft sahələrinin inkişafının prioritet istiqamətlərinin müəyyən edilməsi,
iqtisadi inkişaf strategiyası, dövlət proqramları, planlar və proqnozlarda qeyd
olunan göstəricilərə nail olmaq üçün görüləcək tədbirlərin səmərəliliyinin
qiymətləndirilməsi, ölkənin daxili bazarının xarici təhlükələrdən qorunması
naminə lazım olan problemlərin həll edilməsi yollarının aydınlaşdırılması,
ixracyönümlü iqtisadi inkişaf modelinin formalaşdırılmasını sürətləndirə
biləcək məsələlərin ətraflı şəkildə təhlili.
|