www.vivo-book.com
170
əvvəlcə qaldığı otelə getdim, orda tapmadım, sonra vağzalda
axtardım, bütün zalları axtardım, nəhayət, əsəbi vəziyyətdə,
az qala ümidsizlik içində evə qayıdanda ona təsadüfən
hansısa ingilis kişilərin və xanımların dəstəsində rast gəldim.
Əlimlə
işarə elədim, dayandı, məktubu ona verdim. Biz
baxışmağa da macal tapmadıq. Amma şübhələnirəm ki,
mister Astley qəsdən tez-tələsik atının başını buraxdı.
Qısqanclıq mənə əzab verirdimi? Amma çox pis əhvali-
ruhiyyədəydim. Nə barədə yazışdıqlarını
da heç bilmək
istəmirdim. Deməli, o, Polinanın inanılmış adamıdı! “Dost
olmağına, dostdu, – fikirləşirdim, bu da aydındı (nə vaxt
dostlaşmağa vaxt tapıb), – amma aralarında sevgi varmı? –
Əlbəttə, yox”, – ağlım mənə pıçıldayırdı. Amma təkcə ağıl
belə hadisələrdə azdı, axı. Hər halda bunu da aydınlaşdırmaq
lazım gəlirdi. Məsələ xoşagəlməz şəkildə mürəkkəbləşirdi.
Otelə girməyə macal tapmadım ki, şveytsarla öz
otağından çıxan
ober-kelner xəbər verdilər ki, məni tələb
eləyirlər, axtarırlar, üç dəfə dalımca
adam göndəriblər
öyrənsin, mən hardayam? Xahiş eləyirlər bacardıqca tez
generalın otağına gedim.