www.vivo-book.com
187
General açıq-aşkar gözdən düşmüşdü, demək olar, ağzıbirə
salınmışdı. Blanche yanında vargücüylə quyruq bulasa da,
hətta ona baxmaq da istəmirdi. Yazıq general! O ağarırdı,
qızarırdı, titrəyirdi, hətta artıq nənənin oyununu da izləmirdi.
Nəhayət, Blanche ilə knyazcığaz bayıra çıxdılar; general
onların arxasınca qaçdı.
– Madame, madame, – De-Qriye ağzını nənənin lap
qulağına dayayıb şirin səslə pıçıldayırdı, – madame, bu cür
bank qoymaz… yox, yox, olmaz… – rusca sözlərin qol-
qabırğasını sındırdı, – yox!
– Bəs, necə axı? Yaxşı, öyrət! – nənə ona müraciət
elədi. De-Qriye qəfildən fransızca hüdüləyib tökməyə,
məsləhət verməyə başladı, təlaş içindəydi, deyirdi ki, şansı
gözləmək lazımdı, hansısa rəqəmləri hesablamağa başladı…
nənə heç nə başa düşmürdü. De-Qriye elə hey tərcümə
eləməyim üçün mənə müraciət eləyirdi; barmağını masaya
döyürdü, göstərirdi, nəhayət, karandaşı qapdı, az qala kağız
üzərində hesablamağa başlayacaqdı, nənə nəhayət, səbrini
itirdi.
www.vivo-book.com
188
– Yaxşı, getdin, getdin, hamısını cəfəng danışırsan! –
“Madame, madame”, – özününsə, bir şeydən başı çıxmır;
getdin!
– Mais, madame, – De-Qriye cüggüldədi və təzədən
izah eləməyə, göstərməyə başladı. Deyəsən, çox yaxşı başa
düşürdü.
– Yaxşı, indi ki, deyir, qoy, – nənə mənə əmr elədi, –
görək: bəlkə doğrudan da, çıxacaq.
De-Qriye yalnız onu böyük məbləğlərdən yayındırmaq
istəyirdi: o, rəqəmlərə bir-bir və birlikdə qoymağı təklif
eləyirdi. Mən onun göstərişiylə ilk onikilikdə bir sıra tək
rəqəmlərə, on səkkizdən iyirmi dördədək olan rəqəmlər
qrupunun hərəsinə beş fridrixsdör qoydum: cəmi on altı
fridrixsdör qoyduq.
Çarx fırlandı. “Zero!” – nəzarətçi qışqırdı. Biz hamısını
uduzduq.
– Bu qanmaza bax! – nənə üzünü De-Qriyeyə tutub
çığırdı, – bu murdar fransızciyəzə bax! Axı, mənə yırtıcı
məsləhət görür! Getdin, getdin burdan! Başı girməyən yerə
bədənini soxur!
|