Nizami SÜleymanov


§ 2.2.Səfəvi-Osmanlı münasibətləri



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə12/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   55
DERSL-K-1501-1736

 
§ 2.2.Səfəvi-Osmanlı münasibətləri 
Səfəvi şeyxləri siyasi mübarizəyə başlayana kimi Osmanlı 
sultanları ilə xoş münasibətdə idilər. Ankara savaşından sonra 
Səfəvi şeyxi Xacə Əlinin xahişi ilə Əmir Teymur Anadoludan 
apardığı əsirləri sərbəst buraxdırmış və onlar Ərdəbil şəhəri 
ətrafında məskunlaşdırılmışdılar. 
Bu hadisə Şərqi Anadoluda yaşayan türk boyları ilə əla-
qələri daha da yaxınlaşdırmışdı. XV əsrin II yarısından başla-
yaraq Osmanlı sultanlarının Anadoluda yaşayan türk tayfalarına 
ölkənin idarəetmə sistemində yer verməməsi bu yarımköçəri 
türk tayfalarını türk dövlətindən narazı salmış və Şərqi 
Anadoluda Qızılbaş müridlərinin çoxalmasına səbəb olmuşdu. 
II Bəyazid Şərqi Anadoluda yaşayan Ərdəbil sufilərinə qarşı 
sərt tədbirlər həyata keçirsə də sonradan I Şah İsmayılla müna-
sibətlərini kəskinləşdirməmək üçün mövqeyini dəyişdi. Hətta 
Şərur döyüşündən sonra Əlvənd Mirzəyə göndərdiyi məktubda 
Ağqoyunlu şahzadələrinə öz aralarında baş vermiş çəkişmələrə 
son qoymalarını və qızılbaşlara qarşı birləşmələrini tövsiyə 
edirdi. Bütün bunlara baxmayaraq I Şah İsmayıl II Bəyazidlə 
ehtiyatlı davranır və ona yazdığı məktublarda “ata” deyərək 
mürüciət edirdi. 1503-cü ildə qızılbaşların Sultan Murad üzə-
rində qələbəsindən sonra yeni siyasi vəziyyətin yarandığını 
görən II Bəyazid Səfəvi dövlətinə qarşı siyasətini dəyişdi. 
II Bəyazid isə məktubunda I Şah İsmayıla "I Şah İsmayıl" 
ünvanı ilə müraciət edir, I Şah İsmayılın əcdadlarını "Allahın 
dostları" kimi adlandırırdı. II Bəyazid 1504-cü ilin qışında I 
Şah İsmayılın Əcəm İraqı və Farsı ələ keçirməsini təbrik etmək, 
hakimiyyətini rəsmən tanımaq üçün öz elçisini göndərdi. O,


27 
məktubunda I Şah İsmayıla "möhtərəm oğul", "ali məqamlı 
övlad" deyə xitab edirdı. 
Ümumiyyətlə II Sultan Bəyazidin hakimiyyəti dövründə 
Səfəvi-Osmanlı münasibətlərində sülh şəraiti hökm sürmüşdür. 
Hər iki hökmdar münasibətlərində yaranmış ziddiyyətləri 
müharibə həddinə çatdırmamışlar. 
Lakin getdikcə Səfəvi-Osmanlı münasibətlərində yaranan 
siyasi- iqtisadi ziddiyyətlərə dini çalarların əlavə olunması ilə bu 
ziddiyyət daha da dərinləşirdi. I Şah İsmayıl ana tərəfdən Uzun 
Həsənin nəvəsi olduğundan Ağqoyunlu dövlətinin varisi kimi 
onlara məxsus Şərqi Anadolu torpaqlarına olan qanuni varislik 
hüququnu əsas tutaraq Şərqi Anadolunu ələ keçirməyə 
çalışırdı. Belə bir şəraitdə XV əsrin II yarısından başlayaraq 
Şərqi Anadoludakı yarımköçəri türk boylarının Osmanlı sarayı 
tərəfındən sıxışdırılması, onların nicat yolunu Ərdəbildə axtar-
masına səbəb oldu. 
Hər iki dövlət bölgədə siyasi mövqelərini möhkəmlən-
dirmək üçün geniş xalq kütlələri arasındakı dini təriqətləri 
qızışdırmaqla öz məqsədlərini gerçəkləşdirmək üçün ondan bir 
vasitə kimi faydalanmağa çalışırdılar. 
I Şah İsmayıl 1507-ci ildə Zülqədər ölkəsinə, yəni 
Əlaüddövlə üzərinə yürüş edərək Ərzurum və Ərzincan yolu 
ilə, yəni Osmanlı ərazisindən keçərək hücum etmiş və bu 
yürüşə II Bəyazid icazə vermişdi. I Şah İsmayıl Zülqədər bəyli-
yinə yürüş nəticəsində Xarputu ələ keçirib, Diyarbəkiri nəzarət 
altına aldı. Bu zaman şahzadə Səlim Trabzon valisi idi. O, 
1508-ci ildə Gürcüstana üç dəfə yürüş edərək xeyli hissəsini ələ 
keçirmişdi. Səlim həmçinin Ağqoyunlulardan Səfəvilərə keçən 
Bayburt, Ərzincan, Kemah, İşpir, Gümüşxanə və Cəmişgəzər 
arasındakı əraziləri də tutmuşdu. I Şah İsmayıl Səlim tərəfindən 
ələ keçirilmiş əraziləri qaytarmaq üçün qardaşı İbrahim 
Mirzənin rəhbərliyi ilə hərbi hissə göndərmiş di. Səlimin 
başçılığı ilə Osmanlı ordusu qizilbaşları məğlub etmiş və 
İbrahim Mirzə əsir alınmışdı. I Şah İsmayıl Osmanlı dövləti ilə 


28 
müharibəyə yol verməmək məqsədilə II Sultan Bəyazidin 
yanına elçi göndərərək şahzadə Səlimin hərəkətlərinə etirazını 
bildirərək Osmanlı dövlətinə dostluq münasibətlərini bəyan 
etdi. II Bəyazid elçiləri hörmətlə qarşılamış, Səlimə hakimlik 
etdiyi Sancağın mühafizəsi ilə məşğul olmağı və bir daha belə 
hərəkətlər etməməyi tapşırmışdı. Ə lə keçirilən əraziləri isə 
Səfəvi dövlətinə qaytarmışdı. 
Lakin şahzadə Səlimin 1510-cu ildə yenidən Ərzincana 
yürüşü Səfəvi-Osmanlı münasibətlərini gərginləşdirmişdi. II 
Sultan Bəyazid münasibətləri qaydaya salmaq üçün I Şah 
İsmayılın yanına elçilərini göndərmiş, yaranmış qarşıdurmanı 
aradan qaldırmışdı. Göründüyü kimi istər I Şah İsmayıl, istərsə 
də II Bəyazid tərəflər arasında yaranmış qarşıdurmanın 
müharibə həddinə çatmasını istəmir və dostluq münasibətlərinə 
üstünlük verirdilər. 
1510-cu ildə Kiçik Asiyanın Şərq vilayətində Şahqulunun 
rəhbərliyi altında güclü üsyanın baş verməsi, Məhəmməd xan 
Ustaclının – Diyarbəkir hakiminin tez-tez sərhədi pozaraq 
Osmanlı ərazisinə soxulması da Osmanlı-Səfəvi münasibət-
lərinə mənfi təsir göstərirdi. 
Belə bir şəraitdə I Şah İsmayıl imperatorluq hüdudlaından 
kənarda və xüsusilə, Şərqi Anadoludakı müridləri ilə əlaqələrini 
nəinki saxlayır, bu əlaqələri daha da gücləndirirdi. Bu, daha 
çox dövlətin qərb bölgələrində türk oymaqlarından olan 
qızılbaşların sayını artırmaqla, dövlətin yerli dayaqlarını 
möhkəmləndirmək üçün lazım idi. Qızılbaşların belə siyasəti 
Osmanlı dövləti daxilində gərginliklər yaradır, eyni zamanda 
iki ölkə arasında ciddi narazılıqlara səbəb olurdu. 
Osmanlı hökmdarı II Bəyazid (1481-1512) təəbələrinin 
ölkəni tərk etməsinin qarşısını almaq üçün tədbirlər görürdü. I 
Şah İsmayıl II Bəyazidə göndərdiyi bir məktubda təriqət 
mənsublarının ziyarətinə mane olunmamasını xahiş edirdi. II 
Bəyazid isə I Şah İsmayıla göndərdiyi məktubda ziyarəti yerinə 
yetirdikdən sonra geri dönməyə söz verənlərə mane olma-


29 
yacağını yazmışdı. Əslində, II Bəyazid I Şah İsmayılın könlünə 
dəyməmək üçün ona belə bir cavab göndərmişdi. I Şah İsmayıl 
isə Osmanlılarla çox ehtiyatlı davranırdı. 
I Şah İsmayılın ehtiyatlı davranışlarına baxmayaraq, 
1510-cu ildə Anadoluda Şahqulu Baba üsyanı baş verdi.
Şahqulu Şeyx Heydərin Anadoluda təriqət yayan və Təklə 
elindən olan Həsən adlı xəlifəsinin oğlu idi. O, son dərəcə fəal 
və cəsarətli bir adam idi. Osmanlı dövlətində mərkəzi haki-
miyyətin bir qədər zəifləməsindən istifadə edərək hərəkətə 
başlamışdı. Tərəfdarları Şahquluya «baba» deyirdilər. Təklə
elinin yoxsul və varlılarından ibarət saysız- hesabsız tərəfdarları 
vardı. Şahqulu Osmanlı ordusunu bir neçə dəfə məğlubiyyətə 
uğratdı. Sonuncu savaşda çox ağır yaralanmış Şahqulu çox 
keçmədi ki, öldü. Ancaq onun tərəfdarları Səfəvi ölkəsinə gedə 
bildilər. Onların sayı 15.000 idi. Şahqulu güvəndiyi adamlardan 
birini özünə vəzir təyin etmişdi. Ətraf bölgələrə bəylərbəyi, 
sancaqbəyilər də göndərmiş və Osmanlı elindəki xəlifələrinə 
məktublar yazaraq hərəkətə başlamalarını bildirmişdi. 
Bütün bunlara baxmayaraq, onun məqsədi Osmanlı döv-
lətini devirmək yox, Şərqi Anadoluda tərəfdarlarının sayını 
artırıb Səfəvi hakimiyyətini möhkəmləndirmək idi. Şahqulu 
bacarığı ilə elə bir təsirə malik idi ki, hətta II Bəyazidin 
Qaraman valisi olan oğlu Şehinşah da onun təbliğatına uymuş 
və qızılbaşlığı qəbul etmişdi. 
I Şah İsmayıl tərəfindən Osmanlı taxt-tacı uğrunda müba-
rizədə Amasiya valisi Əhmədin müdafiə edilməsi və Qaraman 
valisı Şahzadə Şehinşahın qızılbaş tərəfdarlarına qoşulması 
siyasi gərginliyi artırırdı. Şahzadə Əhmədin öldürülməsi, oğlu 
Muradın Səfəvi şahına sığınması, hakimiyyətə keçən Səlimin 
qızılbaşlara qarşı təcavüzkarlıq siyasəti münasibətləri daha da 
pisləşdirdi. 
Nəticədə I Şah İsmayılın Sultan Səlimin səltənət taxtına 
oturması münasibəti ilə Ədirnəyə göndərdiyi elçini Sultan 
Səlim qəbul etmədi və həbs etdirdi. Bu hadisədən sonra I Şah 


30 
İsmayıl Nurəli Xəlifənin başçılığı ilə Anadoluya qoşun gön-
dərdi. O, Qarahisar və Niksar qalalarını və Toqatı ələ keçirdi, 
az sonra Ərzincan ətrafında Sinan paşanı məğlub edərək 
Şahzadə Əhmədin oğlu Muradın qüvvəsi ilə birləşərək Sivaş, 
Toqat, Amasiya və Gorumda qızılbaşların üsyana qoşulmasını 
təmin etdi. 
Qızılbaşların Anadoludakı bu tədbirləri Osmanlı dövləti 
ilə Səfəvilər arasında münasibətləri daha da gərginləşdirdi. I 
Sultan Səlim qardaşları ilə bağlı təhlükəni aradan qaldırdıqdan 
sonra Anadoluda 40.000 nəfər qızılbaşı öldürtdü. Təklə elində 
həbs etdirdiyi qızılbaşları isə Aralıq dənizində yeni fəth olunan 
adalara sürgün etdi. Bununla, Səfəvilərə qarşı müharibəyə 
hazırlaşan I Sultan Səlim yürüşü zamanı arxasında baş qaldıra 
biləcək təhlükəni aradan qaldırıb özbək Übeydulla xanın da 
köməyinə arxalanaraq hərbi əməliyyata başlamağı qərara aldı. 
Sultan Səlim I Şah İsmayıla elçi göndərərək, şahzadə Mu-
radı təhvil verməsini və Diyarbəkiri qaytarmasını tələb etdi.
I Şah İsmayıl Sultan Səlimin bu tələblərinə rədd cavabı verdi. 
Sultan Səlim divanı toplayaraq Qızılbaş dövlətini və üsyan 
edən qızılbaşları necə aradan qaldıracağını müzakirə etdi. 
"Dinin saflığı uğrunda" müharibəyə gedən Sultan Səlim də 
ideoloji mübarizədə islam dininin ehkamlarına söykənirdi. 
Səfəvi dövlətindəki sünnilərin bir hissəsi osmanlı, bir 
hissəsi isə özbəklərlə əlaqə yaradaraq onları qızılbaşlara qarşı 
müharibəyə təhrik edirdilər. 
XVI əsrin əvvəllərində iki türk fövqəldövlətinin Yaxın 
Şərqdə geosiyasi, ideoloji və iqtisadi maraqlarının toqquşması-
nın şiələr və sünnilər arasında din müharıbəsi kimi qələmə 
verilməsi düzgün deyildir. Osmanlı hakim dairələri Şərqi Ana-
doluda əhalinin vəziyyətinin ağırlığı və dövlət məmurlarının 
özbaşınalığına qarşı etirazlarının artaraq Səfəvilərə yaxınlaş-
masını sünni əhaliyə qarşı məhzəb ayrilığı uğrunda mübarizə 
kimi adlandıraraq öz məqsədlərinə nail olmaq üçün dini təf-
riqədən istifadə edirdilər. 


31 
I Şah İsmayıl Şərqi Anadoludakı tərəfdarlarından istifadə 
edərək Osmanlı əleyhinə yaranmış narazılıqdan istifadə edib 
Şərqi Anadolunu ələ keçirmək istəyirdi.
Digər amil – Qərbi Avropa ölkələrinin türk imperiyalarını 
bir-birilə salışdırmağa yönələn siyasəti də bu dövlətlər arasında 
münasibətləri kəskinləşdirdi. 
Təsadüfi deyil ki, Türkiyə tarixçisi Xəlil İnalcık yazır ki, 
Osmanlı iqtisadiyyatının şah damarı olan Təbriz-Toqat-Bursa 
ipək yolu Osmanlı işğallarını Şərqə doğru istiqamətləndirən 
əsas amil olmuşdur. 
Səfəvi ərazisində yaşayan sünnilərin bir hissəsinin Os-
manlıya, bir hissəsinin Şeybanilərə sığınaraq Q ızılbaşlara qarşı 
təhrik edilmələri də Osmanlı-Səfəvi münasibətlərini pisləşdirir-
di. Məsələn, Kürdüstandan İdris Bidlisini Osmanlılar qızıl-
başlarla mübarizəyə təhrik edirdilər. 
Sultan Səlim Venesiya və Macarıstanla bağlanmış mü-
qavilələri bərpa etdi. Məmlük sultanlarının bitərəf qalmasına 
nail oldu. Türkiyə tarixçisi Mustafa Əkinçi yaranmış vəziyyəti 
təhlil edərək göstərir ki, Sultan Səlimin məqsədi Səfəvi döv-
lətini tamamilə aradan qaldırmaq idi. Onun I Şah İsma yıla hələ 
Maltəpədə olarkən göndərdiyi məktubdan aydın olur ki, o, 
Səfəvi şahına normal bir padşahın qəbul etməsi mümkün 
olmayan təkliflər etmişdi. 
Sultan Səlim Azərbaycana hücumu ərəfəsində I Şah İsma-
yıla 3 məktub göndərdi. O, məktubda təhqiramiz ifadələr işlədir 
və hədə-qorxu gəlirdi. Sivaşda olarkən göndərdiyi məktubda isə 
İsmayılı çox ağır ifadələrlə həqarət etmişdi. Şeyxliyinə işarə 
edərək ona əsa, əba və dərviş xalatı göndərmişdi. Ərzincandan 
Sultan Səlim üçüncü məktubu göndərdikdən sonra I Şah 
İsmayıl ona nəsihətamiz cavab verdi.
Sultan Səlim I Şah İsmayılın müdrik və nəsihətamiz mək-
tubunu alarkən elçini edam etdirdi və Ərzincandan Təbriz 
üzərinə hərəkət etdi. Sultan Səlim 1514-cü il avqustun ortala-


32 
rında Çaldıran döyüşü ərəfəsində I Şah İsmayıla Tərcan 
yaxınlığında 4-cu məktubunu göndərdi. 
Sultan Səlim bu məktubunda I Şah İsmayılın cürət edib 
ona cavab yazmasını göstərərərk yenə də təhqiramiz ifadələr 
işlədir və ona boyunbağı, sırğa və baş örtüyü göndərir. Artıq bu 
iki türk dövləti arasında qarşılaşma qaçılmaz vəziyyətə gəlir. 
Məşvərət məclisində Məhəmməd xan Ustaclı Osmanlı 
ordusunun Çaldıran düzünə enərkən döyüş mövqeyini müəyyən 
etmədən hücum etmə və ya osmanlıların odlu silahının üstün 
olmasını nəzərə alaraq gecə hücuma keçmənin məqsədə uyğun 
olması təklifləri Durmuş xan Rumlunun etirazı ilə qəbul 
edilmədi. I Şah İsmayıl da gecə hücumunu öz qüruruna 
sığışdırmadığına görə bu təklifə etiraz etdi. Hətta, Məhəmməd 
xan Ustaclının Osmanlı ordusunun sayca çox olmasını nəzərə 
alıb döyüşə girməməyi və gözləmə mövqeyi tutaraq ölkənin 
digər bölgələrindən hələ gəlib çıxmamış hərbi hissələrin 
çatmasından sonra döyüşə başlama təklifi də qəbul olunmadı. 
Beləliklə, I Şah İsmayılla I Sultan Səlimin aralarındakı qırıcı 
məktublardan sonra 23 avqust 1514-cü ildə Xoy şəhərinin şi-
mali-cənubunda eyni adlı şəhərdən 20 fərsəx məsafədə olan 
Çaldıranda bir qandan olub, bir dildə danışan qüvvələr qar-
şılaşdı. 
I Şah İsmayıl ordusundakı düzülüşə görə ortadakı qüv-
vəyə Nizaməddin Əbdülbaqi, Məhəmməd Kəmunə, Şərəfəddin 
Əli, sağ cinaha Durmuş xan Şamlı, sol cinaha Məhəmməd xan 
Ustaclı, öncüllərə qorçubaşı Sarı Piri və Yusif bəy Varsaq baş-
çılıq edirdi. I Şah İsmayıl özü seçmə döyüşçülərdən yaradılmış 
qüvvə ilə sağ cinahda dayanırdı. 
I Sultan Səlimin ordusunun sol cinahına Rumeli bəylər-
bəyi Həsən paşa, sağ cinaha Anadolu bəylərbəyi Sinan paşa 
başçılıq edirdi. Ortada 300 top (bəzi mənbələrdə 500 top 
olduğu göstərilir) və onların önündə xüsusi dəstə və arxasında 
isə tüfəngli yeniçərilər dururdu. I Sultan Səlim isə şəxsi 
qvardiyası ilə yeniçərilərin arxasında idi. Ən geridə isə Şadi bə-


33 
yin dəstəsi yerləşdirilmişdi. Onlar arxadan ediləcək yürüşlərin 
qarşısını almalı idilər. Hər iki ordunun əsgərləri, «Allah, Allah» 
deyə döyüşə daxil olub çox igidliklə vuruşurdular. Səfəvilərin 
öncülləri olan qorçular Sarı Piri Ustaclının başçılığı ilə döyüşə 
girib osmanlıların xeyli döyüşçüsünü öldürdülər. Ancaq 
qızılbaş süvarilərinin qarşısı top və tüfəng atəşi ilə alındı. 
Döyüşün qızğın vaxtında fars bəylərbəyi Xəlil Sultan Zülqədər 
isə özbaşına savaş meydanından dəstəsi ilə qaçdı. I Şah 
İsmayılın əlinə və qoluna güllə dəyməsinə baxmayaraq igidliyi 
ilə tanınmış Malqoçoğlunun başını dəbilqəsi ilə birlikdə 2 yerə 
böldü. Axşama yaxın I Şah İsmayıl qələbəyə heç bir ümidinin 
qalmadığından Təbrizə çəkildi. 
Məğlubiyyətin əsas səbəbi qızılbaşların sayca Osmanlı 
ordusundan az olması və demək olar ki, odlu silaha malik 
olmamaları idi. 
Osmanlı və qızılbaş ordularının sayı haqqında müxtəlif 
məlumatlar mövcuddur. Xüsxusilə Osmanlı və Səfəvi mənbə-
ləri qərəzli şəkildə öz ordularının sayını azaltmış, əks tərəfin 
sayını artırmışlar. Fransız tarixçisi Mikbilin və İdris Bidlisinin 
verdiyi məlumatlara görə, osmanlı ordusunda 100 min, qızılbaş 
ordusunda isə 40 min döyüşçü olmuşdur. Qızılbaşların sayca az 
olmasını nəzərə alan Nurəli Xəlifə Rumlu və Məhəmməd xan 
Ustaclının osmanlı ordusunun dağ-təpələrdən enərək Çaldıran 
düzünə çatmamış, hətta dincəlməyə fürsət vermədən üzərlərinə 
hücum etmək təklifi ilə məşvərət məclisi razılaşsa da Şah 
İsmayılın yanında xüsusi nüfuzu olan Durmuş xan Şamlı bu 
təklifin əleyhinə çıxdı. Məhəmməd xan Ustaclının osmanlı 
ordusunun topxanasının qurulmasına qədər, topxananın döyüş 
hazırlığına yerləşdirilməsinin qarşısını almaq üçün gecə hücum 
etmək təklifini də Durmuş xan Rumlu qorxaqlıq adlandırdı. I 
Şah İsmayıl Durmuş xanı mərdlik qürurundan müdafiə edərək 
dedi: “Mən karvanbasan quldur deyiləm. İlahi nə buyursa qoy o 
da olsun.” Hətta, Məhəmməd xan Ustaclının qızlbaşların sayca 
az olmasını nəzərə alıb digər qızılbaş hərbi hissələri gələnə qə-


34 
dər gözləməyi, sonra döyüşə girmək təklifi də qəbul olunmadı. 
Göründüyü kimi qızılbaşlar əsgərlərinin sayı və odlu silah 
cəhətdən qat-qat üstün olan osmanlı ordusu ilə döyüşə qərar 
verdilər. 
Döyüşdə 3 min qızılbaş, 2 min nəfər osmanlı əsgəri və hər 
iki tərəfdən bir çox adlı-sanlı əmirlər də öldürüldü. Qızılbaşlar 
bu döyüşdə Məhəmməd xan Ustaclını, Hüseyn bəy Lələni, 
Xadim bəy Xulafəni və Sarı Pirə Ustaclını itirdilər. I Sultan 
Səlim bu qələbədən sonra 1514-cü ilin sentyabr ayının 6-da 
döyüşsüz Təbrizə daxil olur, ancaq yeniçərilərin müsəlman 
qırğınına etirazının getdikcə güclənməsindən, Təbriz əhalisinin 
müqavimətindən, Şah İsmayılın qüvvələrini toplayaraq yenidən 
hücum edəcəyindən ehtiyat edərək, həmin ayın 13-də şəhəri 
tərk edib, Şərqi Anadoluya qayıdır. 
Çaldıran savaşından qabaq Səfəvi-Osmanlı sərhəddi 
Sivasa bağlı Su şəhərindən keçirdi. Kemax qalası, Xarput, Urfa 
Səfəvilərin hüdud şəhərlərindən idi. Çaldırandan geri dönən I 
Səlim 1514-1515-ci ildə Amasiyada qışlayıb, sonra İstanbula 
qayıdarkən Anadolunun açarı Kemax qalasını tutdu. Qala rəisi 
Məhəmməd bəy 300 döyüşçü ilə təslim olmadan, ölüncəyə 
qədər vuruşmuşdu. I Səlim Şərqi Anadolunun tutulmasını 
Ağqoyunlu Bıyıklı Məhəmmədə tapşırdı. O, 1515-ci ildə Təkir 
yaylağında Nurəli Xəlifəni məğlub etdi. Nurəli Xəlifə, bir çox 
başqa cəsur bəylər döyüşdə öldürüldü. 
Şah İsmayıl Çaldıranda Məhəmməd xan Ustaclı öldükdən 
sonra Diyarbəkirin idarəsini onun qardaşı Qara bəyə tapşırıb, 
ona xan titulu da verir. Qara xan, qardaşları Ulaş və Süleyman 
Diyarbəkirdə möhkəmlənmək üçün əllərindən gələni etdilər. 
Ancaq Mardin yaxınlığında, Dədə Qarkin düzündə Bıyıklı 
Məhəmməd paşa ilə savaşda məğlub oldu və özü də öldürüldü. 
Nəticədə Şərqi Anadolu İraqın Şimal hissəsi də daxil olmaqla 
Osmanlı idarəsi altına düşdü. Amma Şah İsmayıl Azərbaycan 
Səfəvi imperatorluğunu qoruyub saxlaya bildi. Bağdad daxil 
olmaqla Ərəb İraqı Səfəvilərdə qaldı. 


35 
1516-cı ildə Qoçhisar döyüşündə də qalib gələn Osman-
lılar yenidən Təbrizə daxil oldular. Lakin onlar Təbrizdə çox 
qala bilmədilər. Qoçhisar döyüşü nəticəsində Səfəvilər Mosul, 
Xarput və Bitlisi itirdilər. 
Çaldıran savaşı göstərdi ki, artıq müasir odlu silah ol-
madan Osmanlı və ya hər hansı bir dövlətlə müharibədə qələbə 
qazanmaq mümkün deyil. I Şah İsmayılın Portuqaliyadan odlu 
silah almaq ümidi özünü doğrultmadı. Portuqaliya İran 
körfəzində daha da möhkəmlənməyə başladı. Portuqaliyalılar 
l515-ci ildə Hörmüz limanını ələ keçirərək Səfəvilərin Hind 
okeanına çıxışını tamamilə bağladılar. 
Azərbaycan Səfəvi dövlətinin hərbi-siyasi tarixində Çal-
dıran vuruşması mühüm hadisə olmuşdur. Çaldıran məğlubiy-
yəti I Şah İsmayılın yenilməzliyi haqqındakı inancı məhv 
etdisə, Sultan Səlim də öz məqsədinə nail ola bilmədi. Onun 
məqsədi bu dövləti tamamilə aradan qaldırmaq idi. Ancaq, o, 
dövlət adamları və bilavasitə yeniçəri ocağının gözlənilməyən 
müqaviməti ilə qarşılaşdı. Lakin Osmanlı Sultan nəinki 
məqsədinə nail oldu, hətta Azərbaycan ərazisini tərk etməklə 
qələbəsinin əhəmiyyətini xeyli azaltdı. 
I Şah İsmayıl Osmanlı Sultanının Amasiyada qışladığını 
və 1515 ilin yazında Azərbaycana yürüş etmək planından 
xəbərdar oldu. Bunun qarşısını almaq üçün Təbriz üləması 
Seyid Əbdülvəhhabın rəhbərliyi ilə elçi göndərdi ki, xərac 
vermək şərtilə sülh bağlansın və əsir götürülmüş zövcəsini geri 
qaytarsın. (Taclı xanıma məxsus ziynət əşyalarının Topqapı 
sarayında saxlanması bəzi tarixçilər tərəfindən onun Osmanlılar 
tərəfindən əsir alınması haqqında fikri formalaşdırmışdır. Lakin 
Taclı xanım Təbriz ələ keçirilən zaman ziynət əşyalarını 
verməklə azad ola bilmişdi. Əsir düşən isə İsmayılın digər 
zövcəsi Bəhruzə xanım olmuşdur). Lakin Sultan Səlim bu 
təklifi nəinki qəbul etmədi, üstəlik elçiləri də həbs etdirdi. 
Səfəvi şahının türkcə yazdığı məktuba Sultan Səlim farsca 
cavab göndərdi ki, şiə məzhəbinin təbliğindən və üç xəlifəni 


36 
tənələyib lənətləməkdən çəkinsə, məscidlərdə onun adına xütbə 
oxutdursa və Araz çayını iki dövlətin sərhəddi hesab etsə 
təklifini qəbul edəcək və şah hərəmini geri qaytaracaqdır. Şah 
İsmayıl bu məktuba cavab vermədi. Dövrün mənbələrində iki 
hökmdar arasında sonrakı yazışmalar haqqında heç bir məlumat 
yoxdur. 
Bir müddət sonra I Şah İsmayıl Kəmaləddin Heydər bəy 
və Bayram ağa adlı elçilərini Osmanlı sarayına göndərdi, onlar 
da Sultan Səlimin göstərişi ilə həbs edilərək zindana salındılar. 
I Şah İsmayılın Məmlük Sultanı ilə yaxınlaşması ilə 
Səlim Qansu Quriyə qarşı yürüşə qərar verdi və 1516-cı il 
avqustun 24-də döyüşdə qələbə çalaraq Suriyanı, 1517-ci il 
yanvarın 22-də Qahirəni ələ keçirərək aprel ayında Misirin 
işğalını başa çatdırdı. 
Səlimin Azərbaycana yürüş edəcəyi planından xəbərdar 
olan I Şah İsmayıl yenidən Misirdən qayıdan Sultan Səlimin 
yanına Dəməşqə Sarı Şeyxin başçılığı altında növbəti elçi 
heyəti göndərdi. Bu elçilər də həbs edildilər. 
1518-ci ilin yazında Sultan Səlim Səfəvi şahı ilə məsələni 
birdəfəlik həll etmək üçün Fərat çayı sahilinə gəldi. Lakin Os-
manlı ordusunun Şərqə doğru bir addım belə atmayacağını bil-
dirən yeniçərilərin gözlənilməyən müqaviməti qarşısında Sultan 
Səlim İstanbula dönmək məcburiyyətində qaldı. 
1520-ci ildə Sultan Səlim vəfat etdi. Sultan Süleyman 
atasının 1514-cü ildə Təbrizdən apardığı 600-dən artıq şəxsi 
azad edərək vətənlərinə dönmələrinə icazə verdi, Səfəvilərlə 
ipək ticarətini bərpa etdi.

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin