BDU-nun Filologiya fakültəsi - 100 39
ÜLVİYYƏ HÜSEYNOVA Filologiya üzrə fəlsəfə doktoru Bakı Dövlət Universiteti
PROFESSOR ABDULLA VƏLİYEV VƏ AZƏRBAYCAN DİALEKTOLOGİYASI Moskva türkologiya məktəbinin yetirməsi, Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi professor
Abdulla Vəliyevin elmi yaradıcılığı Azərbaycan dialektologiyasının parlaq səhifələrindən birini təşkil edir.
Abdulla Vəliyev həm alimliyi, həm müəllimliyi, həm də insanlığı ilə yadda qalan, Bakı Dövlət
Universitetinin Filologiya fakültəsində izi olan və ehtiramla yad edilən şəxsiyyətlərdən idi.
A.Vəliyev Abşeron yarımadasının qərb rayonlarının şivələrini hərtərəfli tədqiq etmişdir. Professor
E.Əzizov hesab edir ki, “A.Vəliyevin “Abşeron yarımadasının qərb rayonlarının şivələri” mövzusunda
yazdığı namizədlik dissertasiyası 50-ci illərin əvvəllərində Azərbaycan dili şivələrinin monoqrafik
öyrənilməsinin mükəmməl nümunəsidir. Təsadüfi deyil ki, xalq şairi Səməd Vurğun Azərbaycan Elmlər
Akademiyasının yaradılmasının on illiyi münasibətilə 1955-ci ildə keçirilmiş elmi sessiyadakı çıxışında
Azərbaycan dialektologiyasının nailiyyətləri sırasında bu əsərin da adını çəkmişdir”.
A.Vəliyev dialekt leksikasının öyrənilməsi və dialektoloji lüğətlərin tərtibi ilə məşğul olmuşdur. O,
təkcə Azərbaycan dilinin dialektlərini yaxşı bilmirdi, türk dillərinin müqayisə dialektologiyası üzrə
mütəxəssis idi, ən kiçik türk dillərinin şivələri barədə kifayət qədər geniş məlumata malik idi.
A.Vəliyevin “Azərbaycan dilinin keçid şivələri” əsərində ilk dəfə olaraq linqvistik coğrafiyanın
statistik təhlil metodları keçid şivələrinin fonetik sisteminin öyrənilməsində tətbiq edilmiş, fonetik və
morfoloji xüsusiyyətləri əks etdirən xəritələr tərtib olunmuşdur. Bu əsərin irihəcmli giriş hissəsi Azərbaycan
dilinin keçid şivələri məsələsinə, birinci fəsli Ağdaş və Göyçay şivələrinin fonetikasına, ikinci fəsli isə
Ağdaş və Göyçay şivələrinin morfologiyasına həsr olunmuşdur. Bu dissertasiyanın ən böyük elmi dəyəri
türkologiyada ilk dəfə olaraq dildə keçid şivələrin əmələ gəlməsi prosesinin elmi cəhətdən
əsaslandırılmasıdır.
A.H.Vəliyev dialektoloq alim kimi nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda ittifaq
miqyasında keçirilmiş elmi konfrans və simpoziumlarda aktiv iştirak ilə tanınmışdır. Onun elmi fəaliyyəti
bilavasitə dialektoloji ekspedisiyalarda iştirakı ilə zənginləşmişdir. O, ömrünün 50 ilini elmə, minlərlə gənc
mütəxəssislərin yetişdirməsinə sərf etmiş, uzun zaman dialektoloji ekspedisiyalarda olmuş, Azərbaycanın hər
güşəsini gəzmiş, dialekt materialları toplamışdır. Professor Yusif Seyidov A.Vəliyevi qayğıkeş müəllim,
səmimi insan kimi xatırladır: “Abdulla Vəliyev həm alimliyi, həm müəllimliyi, həm də insanlığı ilə yadda
qalan, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tarixində izi olan və ehtiramla yad edilən
şəxsiyyətlərdəndir”. Görkəmli alimin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.