yaradılması istiqamətində layihələr hazırlaması və bu layihələri yuxarı dairələrə təqdim etməsi və
bu təhsil ocağının qurucularından biri olaraq ilk azərbaycanlı professor kimi burada çalışması rəsmi
sənədlərdə göstərilmişdir (6, s. 29).
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Məhəmmədağa Şahtaxtlı əlifba islahatı ilə də geniş
şəkildə məşğul olmuşdur. Doğrudur, etiraf etmək lazımdır ki, onun bu sahədəki əsərlərini hələlik
əldə edə bilməmişik. Amma F. Ağazadə bir məqaləsində Müsavat hökuməti dövründə onun latın
qrafikalı əlifba layihəsi hazırlaması haqqında bizim üçün çox mühüm olan məlumat vermişdir. “Nə
üçün ərəb hərfləri türk dilinə yaramır” adlı qiymətli əsərində F. Ağazadə Şərqli yazının tarixindən,
əlifbanın yaranmasından, mədəniyyətin inkişafındakı rolundan, ərəb əlifbasının türklər tərəfindən
qəbul olunmasından, bu yazının türk dillərinin fonetik sistemini, səs quruluşunu dolğun şəkildə əks
etdirə bilməməsindən, bu istiqamətdə meydana çıxan əlifba hərəkatından, onun nümayəndələrindən
ətraflı və yüksək elmi səviyyədə bəhs etmişdir. O, əlifba hərəkatının tarixində “Məhəmmədağa
dövrünü” xüsusi olaraq qeyd edir və “bu dövrün ən böyük heykəli Məhəmmədağa cənablarıdır” -
deyə bəyan edir(4,s.161). O, “sövti Şərq əlifbası” və “Məhəmməd ağa xətti” layihələrini alimin
ərəb əlifbasının islahı sahəsində mühüm xidməti olduğunu qeyd etdikdən sonra, “lakin Qafqaz və
Krım qəzetləri Məhəmmədağanın üstünə dəhşətli tənqidlər yağdıraraq imkan vermədilər ki, məslək
sahibi məsləkini axırkı mənzilə kibi yeridə bilsin” - deyə göstərirdi. Daha sonra müəllif əsərin
başqa bir yerində qeyd edir ki, Cümhuriyyət dövründə hökumət özü 1919-cu ildə bu işə müdaxilə
edib maarif nəzarəti yanında komissiya tərtib etmişdi. Bir neçə şəxsin tərtib etdiyi layihə
müzakirəyə qoyulmuşdu. Komissiyanın üzvləri Qaplanov, Həmid bəy Şahtaxtinski, Şahsuvarov,
Sultan Məcid Qənizadə, Rəşid bəy Əfəndizadə, Mahmud Mahmudbəyov, doktor Qarabəyov, Axund
Yusif Talıbzadə, İsa bəy Aşurbəyli idi. 17.06.1919-cu il tarixli iclasda Axund Yusif Talıbzadə təklif
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
150
edir ki, latın hurufatını təcrübədən keçirmək üçün bir ilin müddətinə qəbul edilsin. Buna cavab
olaraq Mirzə Məcid Qənizadə cənabları etiraz edir ki, bir illik təbdilatın mənası ola bilməz. Əvvəlcə
əlifba yaradılmalıdır, sonra məktəb, sonra da təlim üsulu. Bunu deyib Qənizadə cənabları
əlifbamızın qüsurlarından bir çoxunu zikr edir. Sair natiqlər də məsələyə müdaxilə edir. Bir çox
danışıqdan sonra “hurufatın reforması zamanı gəlib çatmışdırmı?” - sualına hamı “çatmışdır”, -
deyir. Bundan sonra təqdim olunmuş layihələrə baxılır. Ortalıqda üç layihə var: I. Abdullah bəy
Əfəndizadənin layihəsi, II. M. Şahtaxtinskinin layihəsi, III. Tağızadə və Seyidovun layihəsidir.
Birinci layihəyə təşxis verilib “Son türk əlifbası” adi ilə çap edilməsinə izin verilir. Sonra layihənin
təsdiq edilib ümum Azərbaycanda qəbul edilməsi üçün tamam məntəğatı ilə məsələni parlamana
təqdim etmişlər ki, hələ parlamanda bu məsələnin müzakirəsinə növbə çatınca, 28 apreldə döndəriş
(çevriliş-Ə.Quliyev) olur. Məsələ yarımçıq qalıb səktəyə uğrayır” (4, s.170).
F. Ağazadə Sovet dövründə M. Şahtaxtlını tənqid edən bir məqaləsində də alimin yuxarıda bəhs
edilən latın qrafikalı əlifba layihəsi haqqında məlumat vermişdir (5.).
Onu da qeyd edək ki, A.Əfəndizadənin “Son türk əlifbası” adı ilə nəşr etdiyi dərslik 34
səhifədən ibarətdir. Həmin dərslikdə ərəb və latın əlifbaları müqayisəli şəkildə verilmişdir. Müəllif
kitabın əvvəlində qeyd edir ki, yazımızda işlətdiyimiz ərəb əlifbasının bir çox qüsurlarından naşı
bu əlifba teleqraf kimi böyük əhəmiyyəti olan dövlət mürasilatı üçün, yazı makinaları və kəlmələr
tökən mətbuat makinaları üçün yaramır. Latın əlifbasını məktəb cocuqları öyrənərsə, onlar üçün
latın, firəng, nemes və rus dillərini oxumaq nə qədər asan bir şey olduğunu kimsə inkar etməz. Buna
görə həmin əlifbanı yalnız teleqraf mürasilatı üçün deyil, ərəb əlifbası ilə bərabər ibtidai
məktəblərdə oxutmuş olursaq, əhaliyə böyük mənfəətlər qazandırmış olarıq. Məhz bu mülahizə ilə
mən də həmin əsəri meydana gətirdim ki, hər iki əlifbanı birlikdə oxutmaq mümkün olsun (16,s.6).
Bildiyimiz kimi, 1918-ci ildən başlayan türkçülük hərəkatı dildə geniş əks-səda vermişdi. Bu
dövrdə Anadolu və Qafqaz üçün İstanbul türkcəsinə əsaslanan vahid ədəbi dildən istifadə
olunmaqda idi və Məhəmmədağa Şahtaxtlının məqalələri də bu tendensiyanı açıq şəkildə əks
etdirməkdədir. Görkəmli maarif xadimi universitetdəki dərsləri zamanı Türk Ədəbiyyatı və dilini
alovlu şəkildə təbliğ edirdi. Bu barədə bir məqaləsində müəllif belə yazmışdı: “Mən türk lisanı
tədrisatında Əhməd Rasimin kitablarını şərh və izahla oxutdurduqdan sonra Hüseyn Cavidin və
Abdulla Şaiqin “Ədəbiyyat dərsləri” kitabını da eyni minvalla tədris edirəm”(6).
Onu da qeyd etmək lazımdır ki, hələ Cümhuriyyət dövründə əlifba məsələsində ziyalılar iki
cəbhəyə ayrılmışdılar. Birinci cəbhə ərəb əlifbasını islah etmək yolu ilə işlədilməsinin
tərəfdarlarından təşkil olunmuşdu. Məsələn, A. Əfəndiyev “Azərbaycan” qəzetində ərəb yazısı
üzərində islahat aparmaq yolu ilə düzəltdiyi yeni əlifba layihəsindən bəhs edən silsilə məqalə çap
etdirmişdi (7).
T. Şahbazi, C. Məmmədquluzadə, Ü. Hacıbəyli, F. Ağazadə Şərqli, eləcə də M. Şahtaxtlı bir
cəbhədə birləşmişdilər və bunları latınçılar adlandırırdılar. Məsələn, Rza Ayazlı “K voprosu o
reforme tyurkskoqo alfavita” adlı məqaləsində latın əlifbasına keçməyin ən doğru yol olacağını və
bunun Avropa ilə mədəni yaxınlaşma istiqamətində mühüm əhəmiyyətə malik olacağını göstərirdi
(8).
Onu da qeyd edək ki, Sovet hakimiyyətinin qurulması ilə latınçıların sırası daha da
genişlənməyə, tərəfdarlarının sayı artmağa başladı.
Akademik İsa Həbibbəylinin son axtarışları müəyyən etmişdir ki, 1921-1922-ci illərdə bir
müddət böyük maarifçi (21.XII.1921-ci il tarixdən 20.VII. 1922-ci il tarixədək) Azərbaycan Sovet
Respublikasının Xalq Komissarlar Sovetinin sədri N. Nərimanovun xüsusi işlər üzrə müşaviri
vəzifəsində çalışmışdır. Məhəmmədağa Şahtaxtlı müşavir kimi Bakıda Şərq xalqlarının qurultayının
keçirilməsinin əsas təşkilatçılarından biri olmuş, 5 sentyabr 1922-ci ildə kollegiya üzvü seçilmişdir.
Sonra Məhəmmədağa Şahtaxtlı N. Nərimanovun təşəbbüsü ilə Moskvada Şərq Xalqlarının
Kommunist Universitetində mühazirəçi-tərcüməçi vəzifəsinə göndərilmişdir.
Məlumdur ki, əlifba məsələsi Azərbaycanda bolşevik hakimiyyətinin ilk illərindən etibarən
gündəliyə çıxarılmışdı. Belə ki, 1922-ci ilin mart ayında bu məsələlərə aydınlıq gətirmək üçün
xüsusi komissiya yaradıldı. Bu komissiya həmin ilin iyul ayında Yeni Türk Əlifba Komitəsinə
çevrildi. YTƏK-nin təklifi ilə Azərbaycan MİK 1922-ci ilin 20 oktyabrında idarə və müəssisələrdə
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
151
kargüzarlıq işlərinin yeni və köhnə əlifba ilə paralel aparılması haqqında dekret verdi. Həmin ildən
C. Məmmədquluzadənin baş redaktorluğu ilə latın əlifbasında “Yeni fikir” qəzeti nəşr olunmağa
başlayır.
Bu əlifba layihəsi məsələsini ortaya atmaqda sovet hakimiyyəti orqanlarının, onun rəhbərlərinin
məkrli niyyətləri var idi. Bu məsələni ortaya atmaqla hakimiyyət bir sıra siyasi məqsədlər güdürdü.
Hər şeydən əvvəl guya o əməkçi insanların mənafeyini müdafiə edir, görüntü yaratmaqla xalqı öz
tərəfinə çəkmək istəyirdi. Amma Məhəmmədağa Şahtaxtlı hakimiyyətin əlifbanı dəyişmək
ideyasının siyasi mahiyyətinə varmadan latın əlifbasının alovlu tərəfdarı kimi çıxış edirdi. Nədənsə
bu latın qrafikası əsasında tərtib olunmuş yeni Azərbaycan əlifbası heç də mükəmməl olmayıb bir
sıra nöqsanlara malik idi. Çünki latın əlifbasının özündə belə, dilimizin sait və samitlərini göstərən
hərfi işarələr yox idi. Bundan əlavə, hər bir qrafik işarənin (qrafemin) bir neçə forması (alloqrafı)
olmalıdır. Bu qrafemlərin və alloqrafların nə kimi şəkilləri olmalıdır, bu şəkillər yazı işini
çətinləşdirməzmi və s. problemlər yalnız yüksək ixtisaslı alimlər tərəfindən həll edilə bilərdi (9, s.
187).
Son dövrlərdə Azərbaycan Respublika Dövlət Arxivində yuxarıda Ə. Mirəhmədovun bəhs
etdiyi əlyazmasından əlavə, Yeni Əlifba Komitəsi sənədləri içərisində alimin “Müsəlman
dünyasında latın əlifbası” (Latinskaya azbuka v musulmanskom mire) adlı rusca 19 səhifəlik
məqaləsinin əlyazmasına təsadüf etdik. Sənəddə bu məqalənin 1922-ci ilin aprel ayında qələmə
alındığı göstərilmişdir (10).
Müəllif məqalənin əvvəlində yeni latın qrafikasına keçməyin zəruriliyini, vacibliyini
əsaslandırmağa çalışır. Bu əlifbanı qəbul edərkən onun çatışmayan hərflərinin yerinə rus
əlifbasındakı hərflərdən istifadə olunmasını məqbul variant hesab etmədiyini vurğulayır. Bunlarla
yanaşı, Latın əlifbasının özünün də qüsursuz olmadığını qeyd edərək bu məqamda ancaq esperanto
əlifbasının əlverişli olduğunu və Avropadakı Fonetika cəmiyyəti tərəfindən esperanto yazısının
inkişaf etdirildiyini göstərir. Çünki esperanto yazısında latın əlifbasına yeni hərflər əlavə edilmədən
hərflərin üzərinə diakritik işarələr əlavə etməklə yeni danışıq səslərini ifadə etmək imkanları daha
genişdir. Müəllif məqaləsində esperanto əlifbasındakı hərfi işarələrin cədvəlini də verməyi
məqsədəuyğun hesab etmişdir. Müəllifin də qeyd etdiyi kimi, bu əlifbada latın qrafikasındakı q, w,
x, y hərfi işarələri esperanto əlifbasına daxil edilməmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki,
beynəlxalq yazı sistemləri onu hələ XIX əsrin sonlarından etibarən maraqlandırmışdır. Belə ki, o,
”Poezdka v Baku” məqaləsində volapyükdən bəhs etmişdir (11). M. Şahtaxtlı nə üçün esperanto
əlifbasına üstünlük verirdi? Nədir esperanto, nə vaxt yaranmışdır? Esperanto haqqında ilk nəşr
1887-ci ildə Polşa Respublikasının paytaxtı Varşava şəhərində yaşamış doktor L. Zamenqof (1859-
1917) tərəfindən gerçəkləşmişdir. Hələ uşaqlığında o bütün insanlar üçün ümumi dil yaratmaq
fikrinə düşmüşdür. Ona görə də o, bütün ömrü boyu bəzən təkbaşına, bəzən dostları ilə bu məqsədə
çatmaq üçün səy göstərmiş, cəhd etmişdir. O, özü bu dili 1887-ci ildə İnternaçia (beynəlxalq)
adlandırmışdır. Esperanto (ümid edən-nadeyuşiysya) isə ilk dövrlərdə onun ilk broşüralarını çap
etdirdiyi psevdonim olmuşdur. Bu dil neytral mahiyyətli olub heç bir irqə, millətə, sinfə mənsub
deyil. Eyni zamanda esperanto digər bəşəri canlı dillər kimi ifadəli bir dildir və öyrənmək üçün çox
asandır.
Esperanto əlifbası latın əlifbasına (q, w, x, y xaric) bəzi hərfi işarələrin əlavəsi ilə (ĉ, ĝ, ĥ, ĵ, ŝ,
ŭ) yaradılmışdır. Esperanto mütəxəssisləri üstü xətli hərfləri çətinlik yaratmasın deyə hərf
birləşmələri ilə dəyişməyi də mümkün hesab edirlər.
Esperantonun əsasını tərcüməsiz anlaşılan beynəlmiləl sözlər və 16 əsas qrammatik qayda
təşkil edir. İndiyə qədər esperanto dilində xeyli miqdarda ədəbi-bədii və elmi Ədəbiyyat nəşr
olunmuşdur ki, bunları bir yerə toplasan böyük bir kitabxana olar. İnternet saytlarında belə bir
virtual kitabxananın mövcud olması haqqında məlumatlara rast gəlirik
(bax.http://www.webcom.com/~donh/ esperanto.html и Виртуальную Эсперанто-Библиотеку
Мартина Вайхерта http:// www. esperanto.net/veb/ – soc.culture.esperanto)
Alim alman əlifbasındakı ö, ü, ä hərfi işarələrin yeni Azərbaycan əlifbasına alınmasını məqbul
hesab edir. Müasir yazımızdakı q hərfini g ilə işarə edir. Müasir əlifbamızda gecə şəklində yazılan
sözdəki hərfləri ğeĝä şəklində yazmağı təklif edir, ı hərfini i hərfinin altında işarə qoymaqla təqdim
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
152
edir. Beləliklə, müəllif latın qrafikalı Azərbaycan yazısı üçün 36 (apostrof və tire ilə birlikdə) hərfi
işarə müəyyən etmişdir. Onu da qeyd edək ki, müəllifin təklif etdiyi latın qrafikası müasir
Azərbaycan latınından çox cüzi şəkildə fərqlənir. Bu müsbət xüsusiyyətlərinə baxmayaraq,
Məhəmmədağa Şahtaxtlının Yeni Əlifba Komitəsinə təqdim olunmuş əlifba layihəsi rəyə
göndərilmiş, I rəy RSFSR Şərqşünaslıq İnstitutunun rektoru Qismətullinə təqdim edilmişdir. O bu
layihəni orijinal və mədəni-ictimai baxımdan əhəmiyyətli bir iş adlandıraraq məqbul
qiymətləndirmişdir. Layihəyə verilən II rəy isə mənfidir (rəyçinin F. Ağazadə olduğunu ehtimal
edirik-S.H.). Rəyçi apostrof və səslərin uzunluğunu bildirmək üçün tire işarəsindən istifadə
edilməsini qüsurlu hesab edərək bu layihəni yararsız adlandırmışdır (12, s. 94).
Eyni nöqsanları F. Ağazadənin yuxarıda qeyd etdiyimiz məqaləsində də təsadüf edilməsinə
əsaslanaraq ehtimal etmək olar ki, mənfi rəyi yazan da o özü olmuşdur. Həmin məqalədə
M.Şahtaxtlının mətbuatda əlifba layihəsi hazırlaması və bu sənədi Yeni Əlifba Komitəsinə təqdim
etməsi və həmin orqan tərəfindən laqeydliklə qarşılanması barədə çıxış etdiyi göstərilir. F.Ağazadə
əvvəlcə böyük alimi “əski latınçılarımızdan birincisi” adlandıraraq tərifləsə də sonra onu tənqid
etmiş, əsərin guya çox nöqsanlı bir layihə olduğunu iddia etmişdir. Müəllif məqaləsinin sonunda M.
Şahtaxtlının 4 Şərq xalqının dili üçün vahid layihə hazırlamasını yolverilməz, qəbahətli bir hərəkət
kimi qiymətləndirərək: “Azərbaycan xalqına ərəb, fars əlifbası deyil, doğma əlifbası lazımdır” -
deyə irad tutur (5).
Əlbəttə, böyük ədib və alim Məhəmmədağa Şahtaxtlı bu haqsız iradları cavabsız qoymamış, elə
qəzetin növbəti nömrəsində F. Ağazadəyə tutarlı dəlillərlə əsaslandırılmış cavab vermişdir (13).
Məhəmmədağa Şahtaxtlının əhatə dairəsi daha geniş idi. Təsadüfi deyil ki, Moskvada
yaşayarkən redaksiya şurasının üzvü olduğu “Qızıl Şərq” məcmuəsində çap etdirdiyi
məqalələrindən birində də Yeni Əlifba Komitəsinin işindəki nöqsanları faktlarla açıb göstərmiş,
əlifba layihəsi hazırlamaq işində komitəçilərin təcrübəsiz və səriştəsiz olduqlarını tənqid etmişdir.
O, komitəçiləri nəzərdə tutaraq yazırdı: “Görünür ki, hərc-mərc yapmağa bizim əlifbaçı ağalarda
məxsus həvəs var...Əlifbalarına latın əlifbası adını verirlər də düzəltdikləri əlifba doğrudan-doğruya
rus ilə latın hərflərindən alınma və hər bir qaydanın xaricində yapılmış nəzm-nizamsız bir
məxlutədir...Biz öylə bir latın hərfləri ilə yazı yazmaq istiyoruz ki, onu işə tətbiq etdikdən sonra
yazıca bizimlə mədəni millətlər arasında bir müştərklik peyda olsun. Komitənin əlifbası isə hər bir
cəmiyyətə (birləşməyə-Ə.Q.) felən mane olur. Böylə bir əlifbanın kəndi-kəndinə edilməyi, məhal
qəbulə keçməyi namümkün olduğu kibi hökumət tərəfindən zoraki yürüdülməsi də dövlətin sərf
edəcəyi əmək və məxaric boş yerə işlənib onun nəticəsində peşimanlıq hasil olacağı şəksizdir” (14,
s. 100-103).
Amma hökumətin siyasi məqsədi və tutduğu hərəkət xətti məlum olduğu üçün onun bu
ittihamlarına məhəl qoyan yox idi. Əvəzində isə bədxahları vətənpərvər və milli ideallar üçün
çalışan, bir Avropalı nəcibliyi ilə həqiqəti söyləməkdən çəkinməyən böyük alimin dövlətdən aldığı
fərdi təqaüdün dayandırılmasına müvəffəq oldular. Bu məqamlar son zamanlarda arxivdən
tapdığımız böyük alimin yazdığı ərizədə də öz əksini tapmışdır (15). Komitəçilərin təklif etdiyi və
qəbul etdirdiyi layihənin latın qrafikalı müasir əlifbamızla müqayisəsi də M. Şahtaxtlının bu
məsələdə tamamilə haqlı olduğunu göstərməkdədir.
ƏDƏBİYYAT
1. Şahtaxtlı M. Seçilmiş əsərləri, Toplayanı, tərtib və ön sözün müəllifi akad.İsa Həbibbəyli,
B.: Çaşıoğlu, 2006, 432 s.
2. Axundov M.F. Seçilmiş fəlsəfi əsərləri, B.: Azərnəşr, 1982, 302 s.
3. Mirəhmədov Ə. Axundov M.F. və Volney //“Elm və həyat” j, 1970, NO:6, 15 s.
4. Həbibbəyli İ. Məhəmmədağa Şahtaxtlı:tale yolları və xidmətləri//Məhəmmədağa Şahtaxtlı:
taleyi və sənəti, B.: Nurlan, 2008, 49 s.
5. Ağazadə F. Yoldaş Məhəmməd ağa Şahtaxtlının səhvləri //“Yeni yol” qəzeti, 23, V. 1923,
NO: 16
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
153
7. Эфендиев A.Б.. K реформе тюркского алфавита //“Azərbaycan”, 1919, NO: 32, 12
fevral
8. Аязли Р. “К вопросу о реформе тюркского алфавита//”Знамя труда”, 1919, 11 июня
9. Babayev A.Azərbaycan dili və nitq mədəniyyəti. B.:Təhsil,2008, 560 s.
10. ARDA, f.103, siyahı 1, iş 1
11. Шахтахтинский М. Поездка в Баку//”Новое обозрение”.Тифлис, 28.V,1891, №:2556
12. К.Зейналова. Неизвестная рукопись М.Шахтахтинского о реформе алфавита// СТ,
1971, №:5, стр. 90-94
13. Şahtaxtlı M. Yeni türk əlifbası ilə yazılan məqalə münasibətilə//”Yeni yol” qəzeti, 1923,
NO:17
14. Məhəmmədağa Şahtaxtlı. Azərbaycan əlifbasının tətbiq etməyə başladığı “latın” əlifbası
münasibətilə// ”Qızıl şərq” məcmuəsi,yanvar-fevral, M., 1923, s. 100-103
15. ARDA siyahı 1119, siyahı 1, iş 562, vərəq 58.
16. Əfəndizadə A. Son türk əlifbası. Bakı, 1919.
Aydın Abi Aydın, fil.ü.e.d., prof.
AMEA akad.Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutu
TÜRKLƏRDƏ ORTAQ DİL İLƏ ƏLAQƏDAR BƏZİ
MÜLAHİZƏLƏR
Ortaq ədəbi türk dili məsələsi fikri iyirminci əsrin əvvəllərində ilk dəfə meydana gəlsə də,
müxtəlif səbəblərdən bu önəmli fikir həyata keçmədən ortadan qalxmış, ancaq Sovet İttifaqı
dağıldıqdan sonra çox gərəkli bir məsələ olaraq aktuallaşmışdır. Tarix həyata keçirilməsi çətin olsa
da, ancaq öhdəsindən gəlinə biləcək vacib bir problemin – ortaq türk dilinin həll olunmasını tələb
edir. Bu məsələ ilə əlaqədar bəzi işlər görülsə də, təəssüf ki, qətiyyətli işlər hələ ki, yoxdur.
Orta ədəbi dil üçün türk dillərindən biri baza kimi əsas götürülməlidir. Fikrimizcə Türkiyə
türkcəsinin əsas kimi götürülməsi daha məqsədəuyğundur. Niyə Türkiyə türkcəsi? Çünki, Türkiyə
türkcəsi çağdaş durumuna görə başqa türk dillərindən ən təmizi, asan anlaşılanı, dünyada çox geniş
bir coğrafiyada yayılanıdır. Türkiyədəki 78-80 milyon adamdan başqa, digər ölkələrdə də, demək
olar ki, çox sevilən, danışılan bir dildir. Almaniyada, Bolqarıstanda, Bosniya-Hersoqoviniyada və
bir sıra digər Avropa ölkələrindəki türklər də bu dildə danışırlar. Eyni zamanda türkmənlər,
qaquzlar, azərbaycanlılar, İranda və İraqda yaşayan türklər də çox az fərqlərlə Türkiyə türkcəsinə
çox yaxın bir türkcə ilə danışır, bir-birlərini asanlıqla başa düşürlər. Hətta, xarici ölkələrdə, xüsusilə
də Avropa və Amerikada müxtəlif səbəblər üzündən yaşamaqda olan özbək, türkmən, qırğız, qazax,
başqırd, tatar, qaqauz türkləri də bir-birləri ilə Türkiyə türkcəsində danışaraq anlaşmaqdadırlar.
Ümumiyyətlə, Türkiyə türkcəsi yazışma, elm, mədəniyyət və ədəbiyyat ənənələri olan inkişaf etmiş
bir dil olduğundan, ortaq türk dili üçün yararlı və son dərəcə gərəklidir. Dünya türklərinin, demək
olar ki, 80 faizi çox asanlıqla, tərcüməçiyə ehtiyac olmadan bir-birlərini başa düşürlər.
Bütün bunlarla bərabər, həm Türkiyədə, həm də digər türk dövlətlərində görüləsi işlər də
vardır. Bunlar, eyni zamanda ortaq dillə əlaqədar işləri yüngülləşdirmək və sürətləndirmək üçün
vacib olan təkliflərdir.
Ortaq türk dili problemlərinə sözün gerçək anlamında əlifbadan başlamaq lazımdır. Məlum
olduğu kimi, bir zamanlar ümumiyyətlə müsəlman türklərin əlifbaları ərəb dilinin əlifbası olmuş,
sonralar bəziləri latın, bəziləri kiril (rusların indi işlətdikləri köhnə slavyan) əlifbasından istifadə
etmişlər. Türkiyədə də keçmiş SSRİ məkanına daxil olan Azərbaycanda da latın qrafikalı əlifbaya,
demək olar ki, eyni zamanda keçilsə də, lakin fərqlər də mövcud olmuşdur. Məsələn, Türkiyə
əlifbasında «x» və «h» səsləri yalnız «h» ilə göstərilmiş, açıq və qapalı «e» səsi (yəni, bizim «e» və
«ə» səsləri ancaq bir hərf olaraq göstərilmişdir və s).
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
154
Hərflər, adından da göründüyü kimi, ağızdan çıxan, eşidilən, söylənilən səsin yazıdakı
işarələridir. Dilin müəyyən məlum bütün səsləri üçün ayrı-ayrı hərflərdən istifadə olunması şərtdir.
Ancaq hərf bolluğu olmasın deyə əvvəl bir-birinə yaxın səslər eyni hərflə göstərilmiş, əlifbadakı bir
neçə hərf birdən artıq səs üçün istifadə olunmuş və indi də istifadə olunmaqdadır. Artıq ortaq dil
üçün bəzi dəyişikliklər etməyimiz vacibdir.
Türkiyə türkcəsinin əlifbasında bir neçə iki cür oxunan hərflər mövcuddur. Bunlardan ikisi,
yəni yumşaq «ğ» adlandırılan hərflə, «e» hərfi, təkcə başqa türk ölkələrində deyil, hətta öz
vətəndaşları içərisində də çətinliklər törədir. Məlum olduğu kimi, «ğ» hərfi qalın saitli sözlərdə ya
özündən öncəki səsi uzadır (məsələn: aaç, aalamaz, uur, uultu kimi), ya da bəzi başqa türk
dillərində olduğu kimi ayrıca bir səs verir (məsələn: ağac, ağlamaq, uğur, uğultu). Azərbaycan
türkcəsində bu səsin ayrıca hərfi (yəni «ğ») var. Bu qala bilər.
Lakin incə «ğ» səsi hal-hazırda da Türkiyə türkcəsində «y» səsini də verir. «Y» hərfi ola-ola
bəzi sözlərdə onun yeninə «ğ» hərfini işlətməyə ehtiyac yoxdur. Məsələn, «değil», «değmek»,
«düğme», «geleceğim», «gideceğim» sözlərini «deyil», «deymek», «düyme», «geleceyim»,
«gideceyim» kimi yazmaqla heç bir şey itmir. Bu, digər türk dilləri üçün də çətinliklər
törətməyəcək, hamı «y» səsini verən «ğ»ni öz səsinə uyğun hərflə yazacaqdır. Qədim türk dilində
(Orxon-Yenisey və uyğur əlifbalarında) də və ərəb əlifbasında da bu səsləri verən hərflər olmuşdur.
Türkiyədə danışıq dilində açıq «e»nin yanında bir də «e» ilə «i» arasında söylənən bir qapalı
Dostları ilə paylaş: |