türkləşdirməyə imkan verir, həm də məcbur edir.
Çaşqınlıq yaradan üçüncü hal kimi tələffüz məsələsini də gündəmə gətirir. Dilçilik elminin
ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsi olan orfoepiya
da Cəlil Məmmədquluzadəni narahat edən və düşündürən ən aktual məsələrdən biri idi. Məlum
olduğu kimi o dövrdə orfoqrafiya qaydalarındakı qaydasızlıq özünü orfoepiyada da göstərirdi.
Dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi,
əksinə, deyildiyi kimi də yazılmır prinsipi həmin məqalənin “ücüncü hal”ında müəyyən qaydaya
riayət olunmaması “böyük pozğunluq salırdı” (11, 372). Məsələn: məhəbbət kəlməsi məhəbbət,
mühəbbət, mühibbət, möhübbət kimi tələffüz olunurdu. “Yeni əlifba bu kimi kəlmələrin doğru
tələffüzünü tapıb bir cür yazılmasını və bir cür söylənməsini bərk-bərk-istəyir” (11, 372).
Məqalədə “dördüncü hal” ərəb və fars dillərindən olduğu kimi dilimizdə işlənən izafət
tərkiblərinə həsr olunur. Müəllif yazıçılarımızın “cesmani tərbiyə”, “əzabi şədiq”, “vəzifeyi
mədəniyye”, “odabeye əsar” və digər bu qəbildən olan tərkiblərin əvəzinə cisim tərbiyəsi, şiddətli
əzab, mədəniyyət vəzifəsi, əsr-ərbək ədibləri və s. birinci və ikinci növ ismi birləşmələrin
işlənməsinə tərəfdar olaraq “biz ərəb və fars kəlmələrinə, şivələrinə, tərkiblərinə elə alışmışıq ki, öz
dilimizin gözəl qanunlarını və qaydalarını o tərkiblərə tabe edib öldürürük” (11, 372). Ədib yeni
əlifbanın xalqın düşünən beyinlərindən nə istədiyini qısaca bu dörd halla müəyyənləşdirir və
“əcnəbi qaydalar dilimizdən büsbütün atılsın, dilimiz azad olub təmizlənsin və dirilsin” şüarı ilə
bütün yazıçı və şairləri, bütövlükdə qələm əhlini bu şüar ətrafında birləşməyə çağırır və dilimizin
saflığı uğrundakı mübarizəsində silahdaşlarından kömək istəyir.
Yazıçını düşündürən digər mühüm məsələlərdən biri də imla məsələsi idi. Həm əlifba, həm də
imla məsələsi bir-birilə sıx şəkildə əlaqədardır. Ərəb əlifbasından istifadə edildiyi dövrdə
Azərbaycan ədəbi dilinin imla qaydaları qeyri-sabitliyi, prinsipsizliyi ilə nəzəri cəlb edirdi. Bu
sahədə düzgün qaydalar, prinsiplər hazırlanmaması, ana dilinin qrammatikasının hələ lazımınca
işlənməməsi məsələsini yazıçı “Sirkə” adlı hekayəsində dörd ədibin mübahisəsi zəminində
gündəmə gətirərək belə yazır: “Əhməd Fitrət bir qədər ucadan dedi: - Balıx nədi? Balıx, bax bu
yediyimiz heyvanın adıdır ... Ay mənim əziz qardaşlarım, axır bir mənə deyim görüm, axır hər bir
dilin bir qanunu var, axır bizim türk dilinin də bir qanunu var, ya yox? Məlumdur ki, biz türk milləti
necə ki, hər bir işdə geri qalmışıq, dil barəsində də habelə, nə bir qanun tanıyırıq, nə də bir ahəngə
tabe oluruq, elə başımızı aşağı salıb Kabla Məhəmməd Cəfər və Fatma xalalar kimi deyirik, elə ata-
babalarımız deyən kimi biz də gərək balığa, balıx deyək” (11, 255). Mirzə Cəlil ana dili
qrammatikasının işlənməsinə, onun elmi əsaslar üzrə qurulmasına çalışırdı. O, nəzərə çatdırırdı ki,
ana dilinin qrammatikası hələ lazımınca işlənməmişdir. Buna görə də hər kəs istədiyi kimi danışır,
hər kəs istədiyi kimi yazır.
Molla Nəsrəddin imzası ilə “Molla Nəsrəddin” jurnalı 40-cı sayında “Dərs kitablarımız”
adlı məqalədə Maarif Komissarlığında fəaliyyət göstərən nəşriyyat şöbəsinin icazəsi il çap oluna
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
145
“Üçüncü il” adlı dərs kitabı haqqında tənqid və iradlarını yazır. Müəllif bu məqalədə həmin kitabın
yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində heç bir müstəsna xidmətə layiq olmadığını qeyd edir
və dilinin bizim dil ilə heç bir əlaqəsinin olmadığını nümunələrlə göstərir. Kitabda verilmiş
mətnlərin, şeir parçalarının “çürük, məzmunu çürük, dili çürük, məsləki çürük. Əgər bu kitabı yazan
mərhum müəllimimiz kitabını bu şəkildə meydana qoyubsa, bu iş onun öz şəxsi işidir, onun ağlı
belə kəsib” – deyir. “Amma təəccüb burasındadaır ki, indiki əsrimizdə açıq bir ana dilinə möhtac
olduğumuz yerdə bir nəfər də mənim kimi bir namərd insafa gəlib dillənmir və demir ki, a balam,
bu ərəb dili behiştə gedənlər üçün lazımdır; çünki, ağayi-məcilisi əleyhirrəmə buyururlar ki, behişt
əhli ərəb dili, cəhənnəm əhli məcus dili danışır. Aman gönüdür, nə dili olur olsun, - qoy məcus dili
olsun, - ancaq oxuyub qanmalı olsun” (11, 375-376). Müəllif bəzi dərs vəsaitlərinin, ələlxüsus da
ana dili dərsliklərinin milli ruhda, anlaşıqlı, sadə, təmiz ana dilində yazılmasını təkidlə gündəmə
gətirir. Köhnə fikirli, məqsədi-məramı anlaşılmayan, heç bir milli mənsubluğa xidmət etməyən
kitabların istifadədən qaldırılmasını və yeni məzmunlu, milli mənafeyə xidmət edən,
azərbaycançılıq ideologiyası hər kəlməsində bəlli olan, bütün ruhu ilə bizə xas olan dərs kitablarının
yazılmasının tərəfdarıdır. Burdan belə nəticə çıxarmaq olur ki, coxcəhətli fəaliyyət dairəsinə malik
olan C.Məmmədquluzadə ana dilində aparılan təlimin ictimai-pedaqoji əhəmiyyətini yüksək
dəyərləndirmiş, Azərbaycan məktəblərinin ana dilində olmasını, ana dilində tədrisin
yaxşılaşdırılmasını dövlətdən qəti tələb etmişdir. dilin saflığı, zənginliyin, ədəbi dilin yaradılması
uğrunda mübarizə aparmış, nəzəri fikirlərin həyata keçirilməsi üçün bütün fəaliyyəti boyu inamla,
dönmədən əməli iş görmüşdür.
Cəlil Məmmədquluzadənin bu silsilədən olan məqalələrindən biri də “Yeni yol” qəzetində
“İmzasız” imzası ilə çap etdirdiyi “Yeni əlifba komitəsinin görmüş və görəcəyi işlər” məqaləsidir.
Bu məqalə “Yeni Türk Əlifba Komitəsi”nin beş aylıq fəaliyyətinin hesabatına həsr olunub ki,
bunlar da 8 bənddə öz əksini tapır. Məqalədən də aydın təsəvvür yaranır ki, bu komitə öz dövründə
mühüm işlər görməsinə, sıralarını günü-gündən möhkəmlətməsinə baxmayaraq, cürbəcür
maneələrlə də qarşılaşır “fəqət nə olursa-olsun, komitəmiz getdiyi yoldan dönməyəcək və
məqsədinə yetişincə daha böyük bir əzm ilə irəliləyəcək” (11, 374) – deyib daha da əzmkarlıqla
çalışır.
“Molla Nəsrəddin” jurnalının №11 sayında “Cırcırama” imzası ilə 1926-cı ilin mart ayında
nəşr olunan “Ərəb əlifbası” adlı məqalə ərəb əlifbası tərəfdarlarına cavabən yazılmışdır. Hərtərəfli
dünyagörüşünə, hərtərəfli bilik və məlumata sahib olan Mirzə Cəlil XI əsrdən bu yana ərəblərinin
özlərinin belə öz əlifbalarında islahat aparmaq haqinda fikirlərinin qısa xülasəsini kiçik həcmli bu
məqalədə tutarlı faktlarla verə bilmişdir. Həmçinin həmin ərəfədə ərəb əlifbasının tərəfdarlarına
“biz türklər burda əyləşib ərəb əlifbasını tənqid edənlərin qabağına çıxıb, bu tənqidçiləri pisləyirik
və başlayırıq ərəb əlifbasının yaxşı tərəflərini üzə çıxarmağa və pis tərəflərini də inkar etməyə.
Amma olmazdı ki, bu barədə sahibkarların özlərindən də baxəbər olaq və ərəblərin özlərinin
əlifbaları barəsində rəylərini bilək” (11, 381-382) – deyə tövsiyə verir. Məşhur əlifbaçı Mirzə
Məhəmmədəli Üveysi, Mirzə Rzaxan Səfir və Mirzə Fətəli Axundovun əlifba inqilabı yolunda
çalışmaqlarına və onların bu uğurdakı mübarizələrinə mane olanlara isə cavabı “ləzzət burasındadır
ki, ərəblər də bir vaxt bu cızma-qaranı bilmərrə buraxıb, adam əlifbasını qəbul edələr. ... o vaxt
pislik hamısı bizə qalacaq” (11, 383).
Sonda ümumiləşdirilmiş nəticə olaraq qeyd edək ki, onun əsərlərinin sadə ana dilində
yazılmasından tutmuş ana dilinin müxtəlif problemlərinə həsr olunan çoxsaylı məqalələri böyük
ədibin ana dilinə qoyduğu ən böyük mənəvi abidələrdən hesab olunur. Ədibin “Molla Nəsrəddin”
jurnalının baş məqaləsi olan “Sizi deyib gəlmişəm” məqaləsindən başlamış “Lisan bəlası”, “Bizim
obrazovannılar”, “Abirin və kilab”, “Şirin rusi danışan”, “Ana dili”, “Dil”, “Bismilla xiragima
nirragim”, “Əlifba”, “Rus məxrəci”, “İlan-qurbağa”, “Təzə əlifba”, “Latın hürufatı və ingilislər”,
“Yeni əlifba nə istəyir?”, “Nöqtələr”, “Behişt əlifbası”, “X” hərfi”, “Ərəb əlifbası” kimi məqalə və
felyetonlarında, eləcə də “Anamın kitabı”, “Saqqallı uşaq”, “Sirkə” kimi bədii əsərlərində ana dili
və əlifba məsələlərinə aid müxtəlif problemləri öz təbirincə qaldırmış, konkret münasibət və fikir
ifadə etmişdir.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
146
C.Məmmədquluzadənin yuxarıda adı çəkilən və ya bu səpkili əsərlərində orfoqrafiyanın əsas
prinsipləri, orfoqrafiya və onu qaydalarını təyinetmə imkanları nəzərdən keçirilir. Məqalə və
felyetonlarında ayrı-ayrı sözlərin yazılış qaydalarının parametrləri, nitq vahidlərinin mənalı
morfoloji hissələrinin verilməsi, qrafik işarələrdən düzgün istifadə, həmin işarələrin seçilməsi, dilin
mənalı vahidlərinin düzgün yazılışı, söz birləşməsi və cümlələrin düzgün tərtibi, qanuni şəklə
salınması, qrafik transkripsiya sistemində səsin və ya sözün yazılışı, həmçinin qrammatik işarələr
sisteminin qaydaları və s. məsələlər öz əksini tapmışdır.
Beləliklə, I Türkoloji Qurultaydan sonra ustad Cəlil Məmmədquluzadəni düşündürən dil
məsələlərinin, Azərbaycan ədəbi dilinin mənzərəsi göstərir ki, bu şəraitdə dil siyasəti və dil
quruculuğu əvvəlki dövrlərlə müqayisədə intensivləşir, genişlənir. Kəskin mübahisələrlə müşahidə
olunan ana dilinin əlifba, imla və termin məsələləri zaman keçdikcə şəffaflaşmağa başlayır, qeyd
edilən sahələrdə ana dilinin xeyri üçün xeyli işlər görülür.
ƏDƏBİYYAT
1.
Cəlil Məmmədquluzadənin 140 illik yubileyi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. “Azərbaycan” qəz. Bakı: 2009, 6 fevral
2.
Hacıyev T.İ.Azərbaycan ədəbi dili tarixi. II hissə. Bakı: Maarifı, 1987, 158 s.
3.
Hacıyev T.İ. XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili. Bakı: Maarif , 1977, 187 s.
4.
Məhərrəmova R.C. Sovet dövründə Azərbaycan ədəbi dilinin əlifba, orfoqrafiya və
terminologiya məsələləri.-Azərbaycan ədəbi dili tarixi (Sovet dövrü). III cild. Bakı: Elm, 1982, 123 s.
5.
Xudiyev N.M. Azəbaycan ədəbi dilinin sovet dövrü. Dərs vəsaiti. Bakı: Maarif, 1989, 235 s.
6.
Məmmədquluzadə C.M. Əsərləri: 4 cilddə, I c. (Tərtib edəni İsa Həbibbəyli). Bakı: Öndər,
2004, 664 s.
7.
Məmmədquluzadə C.M. Əsərləri. 4 cilddə, II c. Bakı: Öndər, 2004, 584 s.
8.
Məmmədquluzadə C.M. Əsərləri. 4 cilddə, III c. (Tərtib edəni İsa Həbibbəyli). Bakı:
Öndər, 2004, 480 s.
9.
Məmmədquluzadə C.M. Əsərləri: 4 cilddə, IV c. (Tərtib edəni İsa Həbibbəyli). Bakı:
Öndər, 2004, 472 s.
10.
Məmmədquluzadə C.M. Seçilmiş əsərləri. 2 cilddə, I c. (Tərtib edəni İsa Həbibbəyli).
Naxçıvan: Əcəmi, 2009, 608 s.
11.
Məmmədquluzadə C.M. Seçilmiş əsərləri. 2 cilddə, II c. (Tərtib edəni İsa
Həbibbəyli). Naxçıvan: Əcəmi, 2009, 496 s.
Bəhicə Xocayeva-Mamedova
XALİD SƏİD XOCAYEV VƏ ONUN BİRİNCİ TÜRKOLOJİ QURULTAYINA
HAZIRLIQ İŞİNDƏ ROLU
Bilindiyi kimi, 1926-ci ildə yer almış Birinci Türkolojı Qurultay tarixi əhəmiyyət daşıyan
hadisə olmuşdur. Qurultay türkdilli xalqlarının latın qrafikasına keçmək işi və bu işdə
müvəffəgiyyət qazanmaları ilə bağlıdır. Qurultay qabağı Ağamalıoğlu başda olmaqla latın
əlifbasına keçməklə əlagədər xüsusi Komissiya yaradılmışdır. Bu Komissiyanın uzun sürən və
müvəffəgiyyətlə başa çatan işi danılmazdır. Komissiyanın tərkibində başqa üzvlərlə bərabər mənim
atam, Xalid Səid Xocayev da var idi. Onun Türkolojı Qurultayına hazırlıq işində və təşkilat
baxınından, istərsə də müxtəlif əsərlər yazmaq baxımından əməyi danılmazdır. Buna sübut olaraq
Qurultaydan sonra “Yeni Əlifba yollarında...” adlı əsərini göstərmək yerinə düşərdi. Xalid Səid
1937-ci il qurbanlarından olan görkəmli alim-türkoloq, bir çox elmi əsərlərin, o cümlədən X1 əsr
abidəsi olan Mahmud Qaşqarının “Divani Lüğət-it Türk” əsərinin dünyada ilk dəfə məhz
Azərbaycan dilinə tərcümə edən müəllifdir. Xalid Səid 12 dilin bilicisi və Füzuli yaradıcılığını
mükəmməl bilən bir alim idi. Onun vaxtı ilə tələbələeindən olan professor Əli Suıtanlının sözlərini
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
147
yada salmaq yerinə düşərdi: “Füzüliya aid sualla Çobanzadəyə müraciət etdikdə o, tələbələrini
Xalid Səidin yanına göndərərdi”. Xalid Səid Komissiyanın tərkibində bütün türkdilli respublika
və ölkələrdə olmuş, yerli rəhbəlik və bütün cəmiyyətin nümayəndələri ilə birlikdə danışıqlarda
iştirak etmişdi. Qeyd edim ki, bu məsələ ilə ilgili olaraq o, Tatarıstan, Qazaxstan və Orta Asiya
ölkələrində dəfələrlə olmuş, danışıqlar aparmışdı. Onun Bakıda Türkiyə nümayəndələri ilə
apardığı heç də asan olmayan söhbətlər onları yeni əlifbaya keçmək haqqda razılığa gətirmişdi.
Bunları Qurultaydan sonra, 1928-ci ildə yazdığı “Yeni Əlifba yollarında...” kitabinda əks
etdirmişdi. Yeri gəlmişkən, qeyd etmək yerinə düşərdi ki, bu kitab Azərbaycan ədəbiyyatında ilk
səyahətnamə janrında yazılmış əsərdir. Əfsuslar olsun ki, Qurultay iclaslarında Xalid Səidin dörd
çıxışları onun tutulması ilə əlaqədər Qurultayın protokollarından çıxarılmışdır. Lakin “Yeni Əlifba
yollarında...” kitab Ağamalıoğlu və digər Komissiya üzvləri ilə birlikdə aparılan nəhəng hazırlıq
işlərinin buna canlı subutdur. Xalid Səidin bu işdə nə dərəcədə fəal olduğuna bir məqam da subut
ola bilər. Qurultaya həsr olunmuş banket məhz onun evində keçirilmişdir. Burada Türk
nümayəndələri ilə yanaşı digər Qurultay iştirakçıları da qonaq olmuşdur. Bu gonaqlar arasında
Türkiyədən gəlmiş Köpürülüzadə, Əlibəy Hüseynzadə və bir çox başqa qonağlar da var idi. Demək
lazımdır ki, bu banket haqqda Azərbaycanın ilk qadın rejissyoru olmuş Gəmər Salamzadə öz xatirə
mövzulu kitabında yazmışdır. Anam Sitarə xanım da tez-tez bu banket haqqında mənimlə bölüşərdi.
Qurultaydan sonra Xalid Səid Qurultayın gərarlarını həyata keçirmək işləri ilə yanaşı öz elmi
fəaliyyətini davam etdirirdi. Bu fəaliyyətin zirvəsi isə digər əsərlərlə yanaşı 2000 səhifəlik iri
miqyaslı Mahmud Qaşqarının “Divani Lüğət-it Türk” əsərinin Azərbaycan dilinə izahatlı tərcüməsi
olmuşdur. NKVD tərəfindən tutulan zaman müsadirə olmuş bu əsər indiyə gədər tapılıb üzə
çıxarılmamışdır. Bu halda Azərbaycan bu məsələdə tarixdə birinci olduğu ilə fəxr edə bilərdi.
Beləliklə, birinci Türkolojı Qurultayın 90-cı il dönümünün geyd edilməsi, Azərbaycanın və bütün
Türk dünyasının ictimayi həyatında əhəmiyyətli bir hadisə kimi giymətlidir. Bu tətbir yeni əlifbaya
keçid işində fəaliyyət göstərən şəxsləri bir daha yad etmək imkanını da yaradır.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
148
BÖLMƏ 2
ORTAQ ÜNSİYYƏT DİLİ VƏ TERMİNOLOGİYA
Əbülfəz Quliyev, AMEA-nın müxbir üzvü
Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru
MƏHƏMMƏD AĞA ŞAHTAXTLININ ƏLİFBA LAYİHƏLƏRİ
Görkəmli Azərbaycan maarifçi-publisisti Məhəmmədağa Şahtaxtlı mənalı ömrünün böyük bir
hissəsini xalqımızın maariflənməsi işinə həsr etmişdir. O, Avropada hələ XIX əsrin sonlarında
Almaniyanın Leypsiq şəhərində və Fransanın paytaxtı Paris şəhərində mükəmməl dilçilik təhsili
almış, sanballı şərqşünas kimi yetişmişdir. Məhəmmədağa Şahtaxtlı bu məsələ haqqında hələ 1902-
ci ildə çap etdirdiyi kitabçada qeyd edirdi ki, o, Parisdə yaşayarkən ümumi fonetika mütəxəssisi
prof. Pavel Passininin başçılıq etdiyi Beynəlxalq Fonetika cəmiyyətinin həqiqi üzvü olmuş,
cəmiyyətin bütün tədbirlərində fəal iştirak etmişdir. Bu cəmiyyətin bütün Avropa ölkələrini təmsil
edən filoloq üzvləri vahid fonetik yazı üzərində çalışır və məqalələrini cəmiyyətin elmi orqanı olan
«Maitre Fonetike» jurnalında nəşr etdirirdilər (1, s. 412). Bu orqandakı məqalələri ilə həmin
filoloqlar orfoqrafik yazıdan fərqli olan latın əlifbası əsasında fonetik yazı düzəldir və onu
populyarlaşdırmağa çalışırdılar. Bu mühit gələcəyin dilçi aliminə böyük müsbət təsir göstərmiş və
onu müsəlman dünyasında maariflənmə, oxuyub yazmaq işində xeyli çətinlik törədən ərəb
əlifbasını islah etməyə, ümumi fonetik yazı hazırlamağa təşviq etmişdi. Beləliklə, o, Şərqdə böyük
dramaturq, filosof və maarifçi M. F. Axundzadənin ən birinci xələfi, onun əlifba islahatının
davamçısı kimi tanınmışdır.
Onu da qeyd edək ki, XIX əsrdə Fransa maarifçiliyi Avropa mədəniyyətinin önündə gedirdi və
elə ərəb əlifbasının latın əlifbası ilə dəyişdirilməsi ideyası da XIX əsrin əvvəllərində yaşamış fransız
səyyah və maarifçisi K. Volneyə məxsus olmuşdur. Təsadüfi deyildir ki, onun adına
M.F.Axundzadənin məqalələrində də təsadüf edilir (2. s. 242). Doğrudur, burada Konstantin
Volneydən əsasən bir filosof kimi bəhs edilmişdir.
Son dövrlərdə M. Şahtaxtlı irsinə diqqətlərin artırılması Azərbaycan-Fransa ədəbi-elmi
əlaqələrinin, Azərbaycanda əlifba fəaliyyətinin tarixinin öyrənilməsi baxımından da faydalı
olmuşdur. Belə ki, XX əsrin 70-ci illərinin əvvəllərində görkəmli ədəbiyyatşünas Ə. Mirəhmədov
M. F. Axundzadə və fransız maarifçisi K. Volney arasındakı ədəbi-elmi əlaqələrə toxunarkən bu
məsələdə M. Şahtaxtinskinin arxivdə rast gəldiyi çap olunmamış, rus dilində yazılmış “Latın
əlifbası işığını müsəlman şərqinə” adlı məqaləsinin əlyazmasının mühüm rol oynağına işarə etmişdi
(55 səhifəlik məqalənin əlyazmasının 20.VIII.1922-ci ildə qələmə alındığı göstərilmişdir).
Ə.Mirəhmədov göstərir ki, XIX əsrdə Avropa və dünya şərqşünaslığının mərkəzlərindən biri
olan Parisdə universitet və elmi cəmiyyətlərdə Şərq xalqlarının dilləri, o cümlədən Azərbaycan,
türk, fars, ərəb dillərinin qrammatikası, fonetikası və başqa məsələləri üzərində onlarla dilçilər
işləmişlər. Həmin alimlər sırasında sonralar bir jurnalist və dilçi kimi tanınmış “Şərqi-Rus”
qəzetinin redaktoru M. Şahtaxtinski də olmuşdur. Sorbon Universitetindəki “Asiya fonetikası
cəmiyyəti”nin həqiqi üzvü olan Məhəmmədağa Şahtaxtinski, bir tərəfdən xarici alimlərin, digər
tərəfdən də M. F. Axundzadənin yolu ilə gedərək XIX əsrin axırları və XX əsrin əvvəllərində yeni
əlifba yaradılmasına bir sıra cəhdlər etmişdir. Müəllif onu da vurğulayır ki, M. F. Axundzadə
yaradıcılığı ilə K. Volney irsi arasındakı əlaqələrə həsr etdiyi həmin məqalənin mövzusunun
aydınlaşmasına Məhəmmədağa Şahtaxtlının göstərilən əlyazması təkan vermişdir.
Həqiqətən, Məhəmmədağa Şahtaxtlı ilk dəfə bu məqaləsində yeni əlifba hərəkatının tarixindən
bəhs edərkən M. F. Axundzadənin bu sahədə böyük xidmətlərini qeyd etməklə bərabər, fransız
şərqşünası K. Volneyin adını xüsusi olaraq göstərmiş və açıq şəkildə yazmışdır: “...müsəlman
Şərqini məqsədəuyğun bir əlifba ilə təmin etməyin zəruri olduğu barədə ideyanı ilk dəfə konkret
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə)
149
şəkildə Persopolis xərabələrini təsvir etməklə dünya şöhrəti qazanmış alicənab fransız dövlət
xadimi və yazıçısı Volney irəli sürmüşdür”(3. s.15).
Kimdir Konstantin Volney?
K.Volney 1757-ci ildə doğulmuş, Parisdə ali təhsil almış, dövlət işlərində çalışmış, Corc
Vaşinqtonla yaxın əlaqələrə malik olmuş və Napoleon Bonapartın ehtiram göstərdiyi fransız dövlət
xadimlərindən biri olmuşdur. O, sonralar siyasi fəaliyyətdən çəkilmiş, qədim Şərq mədəniyyət və
tarixinə böyük maraq göstərmiş, Suriya və Misirə bir neçə dəfə səyahət etmiş, burada araşdırma
aparmışdır. Onun “Misir və Suriyaya səyahət” və “Xərabələr” əsərləri XIX əsrin sonlarında bir sıra
dünya ölkələrində yayılmış, tərəqqipərvər ictimai fikrə müəyyən təsir göstərmişdir. Alim ömrünün
sonlarında onu əvvəllər də maraqlandıran dilçilik məsələləri ilə, xüsusilə Şərq dilləri ilə daha
intensiv şəkildə məşğul olmuşdur. O, ərəb, fars və türk dillərini daha asan şəkildə öyrənmək
məqsədilə latın qrafikası əsasında əlifba tərtib etmişdir. Bu mövzuda o, xüsusi bir əsər də yazıb
(L`alphabet europeen aus langues asiatiques, Paris, 1819) nəşr etdirmişdir. Bu əsərində Volney bu
sahədəki fəaliyyətindən və tədqiqat zamanı əldə etdiyi nəticələrdən bəhs etmiş, fikrini
aydınlaşdırmaq üçün bir neçə cədvəl vermişdir. Onu da qeyd etmək lazımdır ki, fransız
alimlərindən Silvestr de Sasi və Lanqle onun sisteminin qəbuledilməz olduğunu iddia etmişlər
(molotok.ru).
Doğrudur, M. Şahtaxtlı yaradıcılığının ilk dövrlərində ərəb əlifbasının islah edilməsinin
tərəfdarı olmuşdur. Amma “Şərqi-Rus” qəzetindən sonrakı dövr yaradıcılığında o, artıq latın
əlifbasına keçməyin tərəfdarı kimi çıxış etmişdir. Bu məsələyə 1914-cü ildə Peterburqda çıxan “Mir
islama” jurnalında çap olunan bir məqalədə də işarə edilmişdir: “Bizcə, cənab Şahtaxtinskinin 5
əlifba layihəsi mövcuddur. Bir çap olunmuş broşürada o, hər hərfin 4 müxtəlif işarəsini vermişdir.
Bu onun “səsli əlifbası”ndan ibarətdir...Lakin cənab Şahtaxtinski bu əlifba layihələrinə müvəqqəti
münasibət bəsləmişdir. O, Şərq latın əlifbasına böyük ümid bəsləmişdir”. (4, s. 49). Bundan əlavə,
F. Ağazadə də bir məqaləsində onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə əlifba layihəsi
hazırlamasından, ancaq onun qəbul edilmədiyindən bəhs etməkdədir (5).
Məlumdur ki, böyük maarifçi alim 1918-1922-ci illərdə Bakı şəhərində yaşamışdır. O illərdə
Moskva və Peterburqda məskunlaşıb oradakı mərkəzi qəzetlərdə çalışan böyük ədib müstəqil
Azərbaycan dövlətinin qurulmasını ürəkdən alqışlamış və Azərbaycana gəlib hökumətin maarif
işlərinə kömək etmək istəmişdir. Bu illərdə Məhəmmədağa Şahtaxtlının Azərbaycanda universitet
Dostları ilə paylaş: |