ƏDƏBİYYAT
1.
Azərbaycan dili. Bakı, 2012
2.
Azərbaycan folkloru. Bakı, Şərq-Qərb, 2005
3.
Iğdır kültürü, Ankara, 2012
4.
Kitabi-Dədə Qorqud. Bakı, Öndər nəşriyyat, 2004
5.
Ziya Zakir Acar. Her yönüyle Iğdır. Ankara, 2010
60
ABSTRACT
Sadagat Hasanova
The line of cheers and curses in
Azerbaijani and Turkish
The article is about the samples of speech culture in the Azerbaijani and Turkish languages.
For this purpose, cheers and curses are given foreground. Cheers and curses are analyzed as the
samples of ancient turks΄
mentality and their attitude to one another and the others. Besides these,
the article deals with the historically anciency of cheers and curses. Scientifical and theoretical
thoughts are put forward in the article are ground with the language facts.
РЕЗЮМЕ
Садагат Гасанова
Паралели между пожеланиями и проклятиями в
Азербайджанском и Тюркском языках
В статье говорится о примерах речевой культуры в азербайджанском и тюркском
языкa. С этой целью на передний план выдвигаются пожелания и проклятия. Пожелания и
проклятия разбираются как примеры, определяющие отношения древних тюркских народов
друг другу и к другим. Кроме этого, показана историческая древность пожеланий и
проклятий. Выдвинутие в статье научно-теоретические мысли обоснованы языковыми
фактами.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
61
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
ŞİRMƏMMƏD QULUBƏYLİ
Naxçıvan Dövlət Universiteti
UOT:81.1
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ İSMİN MƏNSUBİYYƏT KATEQORİYASI
FUNKSİONAL-SEMANTİK SAHƏ KİMİ
Açar sözlər: mənsubiyyət, sahib, funksional-semantik sahə, məzmun planı, ifadə planı
Key words: possessiveness, possessor, functional-semantic field, the plan of content, the
plan of expression
Ключевые слова: принадлежность, обладатель, функционально-семанттческое поле,
план содержания, план выражения
Azərbaycan dilçiliyində qrammatika konsepsiyasının inkişaf tarixinin araşdırılması göstərir ki,
dilimizdə ismin mənsubiyyət kateqoriyası haqqında ilk dəfə 1945 – ci ildə nəşr olunmuş “Azərbaycan
dilinin sərfi” kitabının birinci hissəsində “Nisbət şəkilçiləri” başlığı altında məlumat verilmişdir. Sonra
bu anlayışdan 1951-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin qrammatikası”nda bəhs olunmuşdur.
Mənsubiyyət kateqoriyası haqqında ilk müfəssəl məlumat isə Muxtar Hüseynzadənin1954-cü ildə nəşr
olunmuş “Müasir Azərbaycan dili” kitabında verilmişdir (1, 139 - 142).
Mənsubiyyət anlayışını sahib və mənsub əşyalar (subyekt və obyekt) arasında atributiv əlaqə
kimi müəyyənləşdirən Muxtar Hüseynzadə bu kateqoriyanın sahiblik və mənsubluq məzmunu ilə
bərabər, ailəvi, hüquqi, ictimai və sairə münasibətlərin ifadəsinə də xidmət etdiyini vurğulamışdır (qar–
daşım, atam, müəllimim, yoldaşım, rəhbərim, tələbəm və s.). Bu kitabda birinci və ikinci şəxs mən–
subiyyət şəkilçilərinin şəxs əvəzliklərindən əmələ gəlməsi fikri qətiyyətlə bildirilmiş, həmin şəkilçilərin
üç əsas ünsürü olduğu göstərilmişdir: mən əvəzliyindən törəmiş “m”, sən əvəzliyindən törəmiş “n” və
biz, siz əvəzliklərindən əmələ gəlmiş “z” ünsürləri. Alim həmçinin mənsubiyyət məzmununun ifadəsi
üçün iki komponentin işlədilməsinin şərt olmadığını göstərmiş, bu anlayışın sırf morfoloji yolla ifadə
oluna bildiyini qeyd etmişdir: kitabım, dəftərin, bağçası. Başqa sözlə, bu kateqoriyanın həm morfoloji,
həm də sintaktik-morfoloji üsullarla ifadə olunduğu təsdiqlənmişdir (2, 39 - 42).
M. Ş. Şirəliyev Azərbaycan dilində mənsubiyyət anlayışını təyin edən və təyin olunan,
yaxud sahib və mənsub əşyalar arasında mənsubiyyətin və ya digər əlaqələrin qrammatik yolla, yəni
xüsusi şəkilçilərin isimlərə, eləcə də substantivləşmiş digər sözlərə artırılması ilə ifadə
olunmasından ibarət kateqoriya kimi səciyyələndirmişdir. O, sahib və mənsub əşyalar arasında
kəmiyyət əlaqələrinin dörd növünün olduğunu göstərərək, mənsubiyyət anlayışının müxtəlif dil
səviyyələrinə mənsub olan üç ifadə vasitəsindən bəhs etmişdir:
1) sintetik, yəni sahib və mənsub əşyalar bir sözlə ifadə olunur, məsələn: əsərlərim;
2) sintetik-analitik, yəni sahib şəxs həm ayrıca söz şəklində (yiyəlik halda şəxs əvəzliyi), həm
də mənsubiyyət şəkilçisi vasitəsilə ifadə olunur, məsələn: sizin işgüzarlığınız;
3) analitik, başqa sözlə, sahib şəxs yiyəlik halında cəm formasında olan şəxs əvəzliyi ilə,
mənsub əşya isə mənsubiyyət şəkilçisi əlavə edilməmiş sözlə ifadə olunur, məsələn: bizim küçə,
sizin küçə (3, 49 - 50).
Mənsubiyyət kateqoriyasından bəhs edən mənbələr arasında Azərbaycan Elmər Akademiyasının
1980-ci ildə nəşr etdiyi “Müasir Azərbaycan dili”nin ikinci hissəsində verilmiş məlumat öz əhatəliliyi
ilə diqqəti cəlb edir (Mənsubiyyət kateqoriyasından bəhs edən hissə İ. Z. Hacıyev tərəfindən
yazılmışdır). Həmin mənbədə istər Azərbaycan dilçiliyində, istərsə də digər türk dillərində bu mövzu ilə
bağlı yazılmış çoxlu sayda məqalə, kitab və dissertasiyalar nəzərdən keçirilmiş, bu mikrostrukturla bağlı
mübahisəli məsələlər ümumiləşdirilmiş və faktoloji material əsasında fikirlər irəli sürülmüşdür. Müəllif
“bizim meşələr“ tipli birləşmələri morfoloji-sintaktik yolla ifadə olunmuş mənsubiyyət birləşmələri
hesab edərək onlardan mənsubiyyət şəkilçilərinin ixtisarının səbəbi haqqında fikirləri təhlil etmiş,
ümumiyyətlə, mənsubiyyət kateqoriyasının iki ifadə vasitəsindən bəhs etmişdir: morfololji (məsələn:
anam) və morfoloji – sintaktik (məsələn: mənim atam). Burada həmçinin birinci və ya ikinci tərəfi
62
qayıdış əvəzlikləri ilə ifadə olunan (məsələn: mən özüm, öz kitabım), eləcə də iki mənsubiyyət şəkilçisi
qəbul edən (məsələn: hər birisi) mənsubiyyət birləşmələrindən, morfoloji – sintaktik və morfoloji
üsulların istifadə məqamlarından, bu kateqoriyanın işlənməsinin üslubi imkanlarından, komponentlərin
yerini dəyisməsindən, “-ki” şəkilçisi vasitəsilə ifadə olunan mənsubiyyət anlayışından faktik dil
materialı əsasında bəhs olunmuşdur (4, 31-48).
Mənsubiyyət anlayışını adlara məxsus ümumi qrammatik kateqoriyalardan biri hesab edən
Buludxan Xəlilov bu kateqoriyanın sahib tərəflə geniş mənada mənsub əşya arasındakı münasibət
əsasında formalaşdığını, onun tərəfləri arasında idarə və uzlaşma əlaqələrinin mövcud olduğunu
göstərmiş, morfoloji və sintaktik ifadə üsullarından, bu üsulların işlənmə məqamlarından bəhs
etmişdir. Müəllif mövcud tədqiqat işlərinə söykənərək faktik dil materialı əsasında mənsubiyyət
kateqoriyasının tərəflərinin əsas ifadə vasitələrini və məzmun planına daxil olan invariant məna,
eləcə də məna variantlarını ümumiləşdirmişdir (5, 189 - 215).
Zərifə Budaqova mənsubiyyəti kateqoriyasını hər hansı bir şəxsin, əşyanın və ya hadisənin
digər bir şəxsə, əşyaya və hadisəyə münasibətini bildirən bir kateqoriya kimi səciyyələndirərək
onun üç ifadə vasitəsindən bəhs etmişdir: morfoloji (əlim, sözləriniz və s.); morfoloji-sintaktik
(bizim atalarımız, sizin babalarınız və s.); sintaktik (bizim Bakı, sizin ev və s.) (6, 56-57). Müəllif
həmçinin “mən özüm” tipli birləşmələrin işlənmə xüsusiyyətlərini şərh etmiş, -kı şəkilçisi vasitəsilə
ifadə olunmuş mənsubiyyət anlayışının dörd tipini müəyyənləşdirərək, onların işlənmə məqamlarını
faktik dil materialı əsasında göstərmişdir: subyektə aid olan şəxsi əvəz etmə, konkret mənsub
əşyanın əvəzinə işlənmə, subyektə aid mücərrəd məfhumu əks etdirmək, əvvəlki cümləyə, yaxud
ümumilikdə kontekstə aid komponentin əvəz olunması (7, 16 - 17).
Ümumi dilçiliyə aid əsərlərdə də mənsubiyyət kateqoriyası ilə bağlı oxşar fikirlər öz əksini
tapıb. İstər Nəsir Məmmədov və Ağamusa Axundovun müəllifləri olduğu, istərsə də Adil
Babayevin “Dilçiliyə giriş” kitablarında dolayısı ilə mənsubiyyət kateqoriyasının morfoloji və
sintaktik ifadə üsullarından bəhs olunmuşdur (8, 191 – 192; 9, 384 - 385).
Mənsubiyyət kateqoriyasının müxtəlif ifadə vasitələrinə malik olması fikri türkologiyaya aid
əsərlərdə də öz əksini tapıb. Fərhad Zeynalov “Türkologiyanın əsasları” adlı kitabında bir çox türk
dillərində mənsubiyyətin müxtəlif üsullarla ifadə olunduğunu təsdiqləmişdir. Məsələn, onun
fikrincə, oğuz dillərində mənsubluq, aidlik analitik yolla da düzələ bilir (10, 160), yaxud kazan-tatar
dilində bu kateqoriya sintetik (kitabım), analitik-sintetik (minem kitabım) və hətta analitik (minem
kitap) üsulla ifadə oluna bilir (10, 217).
Boris Serebrennikov və Ninel Hacıyevaya görə, xüsusi affikslərlə mənsubiyyətin ifadə
olunma qabiliyyəti “türk dillərinə qədim zamanlardan məxsus olmuş və ulu türkcədən irsən
mənimsənilmişdir” (11, 119). Onlar yiyəlik əvəzliklərinin istifadəsi zamanı mənsubiyyət
şəkilçilərinin müəyyən dərəcədə artıq olması fikrini təsdiqləməklə əslində bu kateqoriyanın
morfoloji və sintaktik ifadə üsullarının mövcudluğunu, yəni bu kateqoriyanın dilin müxtəlif
səviyyələrinə aid vasitələrlə ifadə olunduğunu vurğulamışlar (11, 128 - 129).
Eyni fikri Buludxan Xəlilov “Türkologiyaya giriş” adlı dərsliyində açıq-aydın təsdiqləmişdir:
“Müasir türk dillərində mənsubiyyət kateqoriyası morfolji (məs.: atamız), sintaktik – morfoloji
(məs: bizim atamız), sintaktik yolla (məs.: bizim ata) yaranır” (12, 191).
Beləliklə, yuxarıda mənsubiyyət kateqoriyasının müxtəlif dil səviyyələrinə xas olan
vasitələrlə ifadə oluna bilməsi ilə bağlı Azərbaycan dilçiliyində, ümumi dilçilikdə və türkologiyada
söylənmiş bəzi fikirləri nəzərdən keçirdik. Məsələ burasındadır ki, Azərbaycan dilində mənsubiyyət
anlayışının müxtəlif ifadə vasitələrinə malik olması dilimizdə özünü o qədər açıq-aydın şəkildə
göstərir ki, bu xüsusiyyətin tədqiqatçılar tərəfindən vurğulanmaması mümkün deyil. Bu cəhət digər
türk dillərinə aid mənbələrdədə də öz əksini tapıb. Məsələn, mənsubiyyət kateqoriyasının morfoloji,
sintaktik və morfoloji-sintaktik vasitələrlə ifadə olunması fikri türk (13, 86 – 88; 14, 94), xakas (15,
63), tatar (16, 57-58), yakut (17, 127), noqay (18, 100) dillərinə aid mənbələrdə də təsdiqlənib.
Bu fikirləri Yusif Seyidovun Azərbaycan dilinin morfologiyasına dair yazdığı nəzəri
kursunda müasir Azərbaycan dilində mənsubiyyət kateqoriyası ilə bağlı irəli sürdüyü fikirlərlə
yekunlaşdırırmaq istəyirik. Bu kateqoriyanın əsas qrammatik xüsusiyyətinin sözün öz lüğəvi
mənasını və müstəqilliyini saxlaya-saxlaya şəkilçilərin köməyi ilə, özündən kənarda olan şəxsi və
63
kəmiyyəti göstərə bilməsindən ibarət olduğunu yazan alim əsaslı arqumentlər irəli sürərək
mənsubiyyətin qeyri-morfoloji üsullarla ifadə olunması fikrini qəbul etmir: “Ancaq qeyd etməyi
lazım bilirik ki, kitablarda “Mənsubiyyət kateqoriyası” adı altında bu kateqoriyaya dəxli olmayan
məsələlərdən də danışılır... Guya mənsubiyyət kateqoriyası təkcə morfoloji üsulla deyil, həm də
morfoloji – sintaktik, hətta sırf sintaktik, analitik üsulla da əmələ gəlir” (19, 264).
Yusif Seyidovun bu fikri ilə razılaşmamaq mümkün deyil. Məsələ burasındadır ki, yuxarıda
istinad edilən, eləcə də çoxlu digər oxşar mənbələrdə mənsubiyyət anlayışından məhz morfoloji
kateqoriya kimi bəhs olunur. Danılmaz faktdır ki, hər bir qrammatik, o cümlədən, morfoloji
kateqoriyanın məzmunu və ifadə vasitəsi olur. Mənsubiyyət anlayışı da morfoloji kateqoriya kimi
nəzərdən keçirilirsə, deməli ancaq morfoloji ifadə vasitələri araşdırma obyekti ola bilər. Başqa
sözlə, digər dil səviyyələrinə məxsus olan ifadə vasitələri morfoloji mənsubiyyət kateqoriyasının
ifadə vasitəsi hesab oluna bilməz. Digər tərəfdən, qeyri-morfoloji ifadə vasitələri ilə mənsubiyyət
anlayışının məzmun komponenti elə açıq-aydın ifadə olunur ki, onlardan bəhs olunmadığı təqdirdə
mənsubiyyət kateqoriyasının məzmun planı tam əhatə oluna bilməz. Beləliklə, mənsubiyyət
anlayışının qrammatik kateqoriya çərçivəsində araşdırılması nə onun məzmun, nə də ifadə planını
əhatə edə bilmir. Qeyd edilməlidir ki, bu xüsusiyyət təkcə mənsubiyyət anlayışı üçün deyil, digər
morfoloji kateqoriyalar (felin növ, ismin kəmiyyət kateqoriyası və s.) üçün, eyni zamanda təkcə türk
dilləri üçün deyil, digər dünya dilləri üçün də səciyyəvidir. Bu vəziyyət dilçiləri yeni tədqiqat
metodları axtarmağa vadar etmiş, yeni dilçilik metodları meydana gəlmişdir. Hər hansı linqvistik
kateqoriyanın həm məzmun, həm də ifadə məzmununu dolğun əhatə etmək nöqteyi-nəzərindən yeni
tədqiqat metodlarından olan sahə nəzəriyyəsi diqqəti xüsusilə cəlb edir. Bu nəzəriyyədən son
onilliklərin dilçilik praktikasında müxtəlif dil səviyyələrinin ayrı-ayrı vahidlərinin funksional-
semantik müstəvidə tədqiqi zamanı geniş istifadə olunur.
“Funksional-semantik sahə” termini başlıca olaraq sahələr arası linqvistik hadisə kimi, daha
doğrusu, semantik funksiyaların ümumiliyi əsasında birləşmiş müxtəlif səviyyəli ifadə vasitələrinin
məcmusu kimi başa düşülür. Yəni funksional-semantik ümumilik baza rolunu oynayaraq müxtəlif
səviyyəli dil elementlərini (morfoloji, sintaktik, leksik, söz yaradıcılığı, frazeoloji) bir araya gətirir.
Hər hansı funksional-semantik sahənin başlıca səciyyəvi xüsusiyyəti onun məzmun və ifadə
planlarına malik olmasıdır. Hər hansı bir linqvistik sahənin bütün müxtəlif səviyyəli (morfoloji,
sintaktik, leksik, leksik-sintaktik və s.), ayrı-ayrı yaruslara xas olan ifadə vasitələrinin məcmusu
həmin sahənin ifadə planını təşkil edir. Bütün bu müxtəlif səviyyəli ifadə vasitələrinin ümumi
invariant mənası isə müəyyən sahənin məzmun planını əmələ gətirir. Linqvistik sahələrin əsas
xüsusiyyətlərindən biri onların mərkəzi (əsas) və periferik ifadə vasitələrinə malik olmasıdır.
Göründüyü kimi, linqvistik sahələr anlayışı dilin tədqiqi üçün yeni tələblərə cavab verən bir
nəzəriyyə olmaqla qrammatik kateqoriyalardan əsaslı şəkildə fərqlənir. “Dilçilik sahəsi”
terminindən istifadə olunması dilin müxtəlif səviyyələrinə aid mikrostrukturların daha geniş tədqiq
olunmasına zəmanət verir. Xüsusən məzmundan formaya prinsipinin tətbiqi hər hansı dil
hadisəsinin istər məzmun, istərsə də forma tərəflərinin tam əhatə olunmasına imkan yaradır.
Beləliklə, bu məqalədə müasir Azərbaycan dilində mənsubiyyət anlayışı sahə nəzəriyyəsi
müstəvisində araşdırılmışdır. Başqa sözlə, burada morfoloji mənsubiyyət kateqoriyası deyil,
mənsubiyyət funksional-semantik sahəsi araşdırma obyekti olmuşdur.
Geniş mənada sahib və mənsub komponentlər arasında müxtəlif atributiv əlaqələrin fadəsinə
xidmət edən funksional-semantik mənsubiyyət sahəsi Azərbaycan dilində monoqrafik tədqiqat
obyekti olmamışdır. Bu məqalədə mənsubiyyət anlayışının məzmun və ifadə planları bədii
ədəbiyyatdan seçilmiş dil faktları əsasında sahə nəzəriyyəsi müstəvisində qısa şəkildə şərh
olunmuşdur. Araşdırma məzmundan formaya istiqamətində aparılmışdır.
Qeyd olunmalıdır ki, mənsubiyyət kateqoriyası ilə ifadə olunan məzmun onu təşkil edən
komponentlərin mənasından asılıdır. Başqa sözlə, mənsubiyyət anlayışının məzmun planının
formalaşmasında bu kateqoriyanın tərkinb hissələrini əmələ gətirən nitq hissələrinin lüğəvi mənaları
əsas rol oynayır.
Müasir Azərbaycan dilində funksional-semantik mənsubiyyət sahəsinin məzmun planının
geniş yayılmış məna variantları aşağıdakılardır:
64
1) Sahib şəxsin mənsub əşyaya real şəkildə malik olması münasibəti. Məsələn: Hədiyyən
nadir tapılan hind güldanlarına bənzəyir (20, 27). Dərd eləmə, desəm ki: Yazı masam, ölürəm! (21,
458). Hücrəniz balaca da olsa, onda qəsr əlaməti var (20, 39). Mən hara gedirəm, hara gedirəm,
Səni aparıram pasportum kimi (21, 201).
Bu məna variantında ikinci komponent funksiyasında bədən üzvləri geniş işlənir. Məsələn:
Fikrim quzğun olub beynimi didir, qıçımda buxov var, qolumda zəncir (21, 200). Dəryanur başını
aşağı dikdi, sonra boynunu sol çiyninin üstünə əyib mayıl-mayıl mənə baxdı (20, 66). Əllərin
qızıldı, oğlan (20, 27). Zəhra əvvəlcə çiyinlərini çəkdi (20, 27).
2) Sahib şəxslə müxtəlif konkret və mücərrəd isimlər və digər substantivləşmiş sözlər arasında
ən müxtəlif aidlik münasibətləri. Məsələn: İlham adlı şahpərim var, Yol üstəyəm, səfərim var...
Yazılmamış əsərim var... (21, 28). İşgüzarlığına, qabiliyyətinə, cəldliyinə, ağlına, zəkasına, kamalına
görə vəzirin sevimlisi oldu (20, 15). Hələ səsiniz, ud çalıb oxumağınız! (20, 29). Yaşı artırdı, zarafatı,
deyib-gülməyi azalırdı mənim kimi... (20, 30). Mənim şimşəklərim hara şığıdı? Mənim dolularım
haraya yağdı? Mənim yağışlarım daha şıdırğı, Qanım daha təmiz, daha da ağdı (21, 197).
3) Şəxslər arasında aidlik münasibəti. Məsələn: Baş şeyxin qızı da bacısı barədə dediyini
unudub soruşdu... (20, 28). Cəmil isə camaatdan çox, dostu Əcəminin mahir əllərindən çıxan
türbəyə baxır (20, 32). Ona görə deyiblər də, xatın qız xalasına, qoç igid dayısına oxşar (20, 37).
Bu məna variantının semantikasında qan qohumluğu, dostluq, düşmənçilik və digər oxşar
münasibətlər mühüm yer tutur. Məsələn: Babamız qəm əkib, qəm biçən yerdə Çiçəkli bağ-bağat
salmışıq indi (21, 29). Cahan Pəhləvan anası Mömünə Xatunun ... məzarını ziyarət etdikdən sonra
saraya təşrif gətirdi və yuyunub dincəldi (20, 35). Atam doluxsunub, baxıram ona, Kişi uşaq olub
səksən yaşında (21, 230). Var olun ki, ukraynalı dostlarım, siz, Bu gün məni öz qəbrimin görüşünə
gətirdiniz (21, 217).
Bu tipli aidlik semantikasında hüquqi, ictimai status münasibətləri də müəyyən yer tutur (2,
40). Məsələn: O, bu yolun fəhləsidir (21, 220). Ulu Şahım, qılınc çalmaq öyrət bizə! (21, 614).
Eldəgəzlər xanədanının ikinci hakimi başına qızıl sərkərdə tacı qoymuş, belinə daş-qaşlı kəmər
bağlamışdı (20, 8). Karvan sahibi yükləri boşaltmağı köməkçisinə əmr etdi (20, 13).
Bu aidlik variantında diqqət çəkən münasibətlərdən biri də tamın hissəsi mənasıdır.
Məsələn: Qullardan biri çatmır (20, 12). Qocalardan bir neçəsi kənara çəkilib demilərini tüstülədirdi
(20, 218). Onun vaxtsız vurulanı, onun əsir düşəni var (21, 210). Pıçıldayır su dodağı: Altı qızın biri
Pəri (21, 257).
4) Müxtəlif konkret və mücərrəd anlayışlar arasında ən müxtəlif aidlik münasibətləri.
Məsələn: Sarayın əsas darvazası açıldı (20, 8). Qafilə Urmiya gölünün sahilinə çatdı (20, 10). Bəlkə
elə buna görə də ayağı bir yerə yığışmır, bütün günü xəstəxananın həyətindədi (22, 87).
ƏDƏBİYYAT
1. Səidə Rüstəmova. Azərbaycan dilçiliyində qrammatika konsepsiyasının inkişaf tarixi. Bakı,
Elm, 2004, 172 s.
2.
Muxtar Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Şərq-Qərb, 2007, 280 s.
3. Грамматика Азербайджанского языка (фонетика, морфология, синтаксис). Баку: Елм,
1971, 413 с.
4. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı: Elm, 1980, 512 s.
5. Buludxan Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə. Bakı: Elm, 2007, 280 s.
6. Зарифа Будагова. Азербайджанский язык. Баку: Элм, 1982, 140 с.
7. Будагова З. И. Основы грамматики современного Азербайджанского языка (морфоло–
гия). Баку, Элм, 1987, 188 с.
8.
Məmmədov N., Axundov A. Dilçiliyə giriş. II nəşr. Bakı, Maarif, 1980, 316 s.
9.
Adil Babayev. Dilçiliyə giriş. Bakı, Nurlan, 2004, 512 s.
10. Zeynalov F. R. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, 348 s.
11. Serebrennikov B. A., Hacıyeva N. Z.. Türk dillərinin müqayisəli-tarixi qrammatikası. Bakı,
Səda, 2002, 381 s.
12. Xəlilov Buludxan. Türkologiyaya giriş. Bakı, Nurlan, 2006, 348 s.
65
13. Щека Ю. В. Практическая грамматика турецкого языка. Москва: АСТ: Восток-
Запад, 2007, 666 с.
14. Дудина Л. Н. Турецкий язык (учебное пособие). Баку: Азербайджан, 1993, 390 с.
15. Грамматика хакасского языка. Москва: Наука, 1975, 418 с .
16 . Грамматика современного якутского ллитературного языка. Москва, Наука,
1982,496 с.
17. Гатиатуллина З. З. Сравнительная типология родного (татарского) и английского
языков. Казань, 1979, 109 с.
18. Грамматика ногайского языка. Часть первая. Фонетика и морфология. Черкесск:
Карачаево-Черкесское отделение Ставропольского книжного издательства, 1973, 320 с.
19. Yusif Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologiya (nəzəri kurs, ikinci nəşri).
Bakı, Bakı Universitetinin nəşriyyatı, 2002, 371 s.
20. İbrahimov Hüseyn. Seçilmiş əsərləri. Bakı: Gənclik, 1998, 422 s.
21. Məmməd Araz. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2010, 656 s.
22. Rafiq Babayev. Zühur. Bakı, Yurd, 1999, 100 s.
Dostları ilə paylaş: |