ƏDƏBİYYAT
1. Cəmil Ə. Əsərləri. Bakı, Azərnəşr, 1988, 336 s.
2. Əhmədov B. XX əsr Azərbaycan ədəbiyyatı: mərhələlər,istiqamətlər, problemlər. Bakı, Elm
və təhsil, 2015, 552 s.
3. Hüseyn M. Əsərləri, 10 cilddə, 9-cu cild. Bakı: Yazıçı, 1979, 634 s.
4. Müasir Azərbaycan ədəbiyyatı, iki cilddə, 1-ci cild. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007,
504 s.
5. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 444 s.
6. Nəbiyev B. Kamalın təntənəsi. Bakı, Yazıçı, 1981, 407 s.
ABSTRACT
Nadir Ismailov
Ahmed Jamil and children’s literature
Ahmed Jamil (1913-1977) is one of the most prominent represantatives of the Azerbaijani
literature of XX century. His poetry is rich with deer humanistic sences and qualities.
The article has been dedicated to the lyrics of Ahmed Jamil. In this paper attention is directed
to the various phase’s of literary activities Ahmed Jamil’s . There stages are investigated on the
basis of those examples, facing a poet and made appropriate conclusions.
There have been analysed charakteristic works, their idealogial-literary features have been
clarified. There are have been telis opinions about his poetic style and on the examples of verse are
exposed main features of his poetry.
РЕЗЮМЕ
Надир Исмаилов
Ахмед Джамил и детская литература
Ахмед Джамил (1913-1977) является одним из выдающихся представителей азер-
байджанской литературы двадцатого века. Его поэзия пронизана гуманизмом, глубокими
чувствами.
Статья посвящена лирике известного поэта Ахмеда Джамила. В статье
рассматриваются разные этапы творчества поэта. Здесь на основе примеров исследуются
темы, к которым обращался поэт на этих этапах, и сделаны некоторые вводы.
В статье анализириуются характерные произведения, связанные с темой, выявляются
их идейно-художественные особенности. Здесь высказываются мнения о поетическом стиле
поэта, а также выявляются главные особенности его поэзии на стихотворных примерах.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
40
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
AYTƏN QURBANOVA
Naxçıvan Dövlət Universiteti
UOT 82: 316. 3
AZƏRBAYCAN ƏDƏBİYYATINDA HÜSEYN CAVİD OBRAZI
Açar sözlər: Azərbaycan ədəbiyyatı, poeziya, nəsr, dramaturgiya, Hüseyn Cavid
Key words: Azerbaijan literature, poetry, prose, drama, Hussein Javid
Ключевые слова: Азербайджанская литература, поэзия, проза, драматургия, Гусейн
Джавид
Mütəfəkkir romantik ədibimiz Hüseyn Cavid (1882-1941) haqqında Azərbaycan ədəbiyyat–
şünaslığında çoxsaylı və qiymətli tədqiqatlar ortaya çıxdığı kimi, indiyədək ədəbiyyatımızda onun
ömür və sənət yoluna, mühitinə, şəxsiyyətinə həsr olunmuş müxtəlif janrlı bir çox dəyərli bədii
nümunələr (şeirlər, poemalar, nəsr və dram əsərləri) də qələmə alınmışdır. Müxtəlif vaxtlarda həmin
əsərlər haqqında ayrı-ayrı tənqidçi və ədəbiyyatşünaslar tərəfindən bir sıra məqalə və resenziyalar
yazılsa da, bu sahədə indiyədək sistemli araşdırma aparılmamışdır.
Hüseyn Cavid haqqında yazılmış bədii əsərləri təhlilə cəlb etmək təkcə bir sənətkarın tale
yolunun təcəssümünü araşdırmaq baxımından deyil, həmçinin ədibin yaşayıb fəaliyyət göstərdiyi
dövrün gerçəkliklərinin bədii sənət dili ilə işıqlandırılması məsələlərini aydınlaşdırmaq, bütövlükdə
ədəbi şəxsiyyətin obrazının bədii ədəbiyyatda yaradılması ilə bağlı bir sıra problemləri incələmək
cəhətindən də əhəmiyyətli və faydalıdır.
Hüseyn Cavidin öz sağlığından başlayaraq bizim günlərədək mütəfəkkir ədibə həsr olunmuş
müxtəlif səpkili bədii əsərlərin yaradılma mərhələləri, hər mərhələnin əsas xüsusiyyətləri, səciyyəvi
tematika, problematika və sənətkarlıq axtarışları barədə ararılan tədqiqat sənətkar və zaman, sənət
və mənəvi ölməzlik, ziyalı və xalq kimi məsələlərin H.Cavid taleyi və şəxsiyyəti timsalında bədii
təcəssümünün rəngarəng üsul və vasitələrindən bəhs etməyə imkan verir.
Faktlar göstərir ki, H. Cavidə ehtiram və sevgidən yoğrulmuş çoxsaylı ədəbi əsərlərlə
yanaşı, Stalin repressiyası dövründə şairə tənqidi münasibət ifadə edən bəzi “bədii nümunələr” də
qələmə alınmışdır.
Ədəbiyyatşünaslıqda haqlı olaraq vurğulandığı kimi: “XX yüzil Azərbaycan ədəbiyyatında
Cavid obrazına dəfələrlə müraciət edilmişdir. Xüsusən müstəqilliyin qazanılmasından sonra, 90-cı
illərdə bu mövzuya sıx-sıx müraciət olunduğunu söyləmək olar” (1).
Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında Hüseyn Cavid obrazının yaradılmasını bir neçə
mərhələyə ayırmaq olar.
Azsaylı nümunələrlə təmsil olunan başlanğıc mərhələsi şairin öz sağlığını əhatə edir. Həmin
dövrdə Hüseyn Cavid ustad şair kimi qəbul olunmuş, ona bəzi şeirlər ithaf edilmişdir. Belə şeirlər
daha çox ədəbi təsir faktı kimi dəyərləndirilə bilsə də, hər halda onlarda H.Cavid şəxsiyyətinə və
sənətinə ehtiram faktoru da danılmazdır. Səməd Vurğunun duyum və deyim tərzinə görə H.Cavid
ənənələrinə bağlı olan “Sızıltılarım” şeirini “Möhtərəm və əziz Hüseyn Cavidə” qeydi ilə çap
etdirməsi bu baxımdan təsadüfi deyil.
O da ibrətamizdir ki, 1937-ci ilin iyun ayının 4-dən 5-nə keçən gecə Hüseyn Cavid saxta
ittihamlarla həbs olunduqdan az sonra onun haqqında hədyan və böhtan dolu yazılar mətbuatda
görünməyə başladı ki, bunların sırasında “şeirlər” də var. Acınacaqlıdır ki, əvvəllər Hwseyn Cavidi
alqışlayan poetik fikir artıq onu ifşa etmək üçün səfərbər olmuşdu. Belə nümunələr isə Cavidin
obrazının, həyat və fəaliyyətinin mənfi rakursda və yanlış biçimdə verilməsi ilə fərqlənir. Bir
müddət sonra H.Cavidin adını da çəkmək yasaqlanır və beləcə, görkəmli sənətkar ədəbi mühitin
gündəmindən uzaqlaşdırılır.
41
1956-cı ildə Hüseyn Cavidə bəraət verildikdən bir müddət sonra ədibin zəngin ədəbi irsinin
araşdırma predmetinə çevrilməsi yolunda müəyyən addımlar atıldığı kimi, onun haqqında bəzi
şeirlər də yazılır. 1981-ci ilin 21 iyulunda ümummilli liderimiz, respublikamızın rəhbəri Heydər
Əliyevin dahi ədib Hüseyn Cavidin 100 illiyinin qeyd olunması barədə tarixi qərar qəbul etməsi
ədəbi fikirin Cavid obrazına müraciətə diqqətini daha da artırır. Ulu öndər Heydər Əliyevin
təşəbbüsü və yüksək himayəsi ilə Hüseyn Cavidin 100 illik yubileyinin təntənə ilə qeyd olunması,
dahi sənətkarın cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsi, mütəfəkkir ədibin
əsərlərinin nəşri, tədqiqi və təbliği işinə xüsusi diqqət yetirilməsi ədəbi fikirin də diqqətini Cavidə
yönəldir. Ədib haqqında yazılan ədəbi əsərlərin tematikası və problematikası genişlənir. Nəhayət,
1991-ci ildən sonra ədəbiyyatımızda H.Cavidə həsr olunan bədii əsərlərin kəmiyyət və keyfiyyətcə
daha da yüksəlişinin baş verməsini də deməliyik.
Bu vaxtadək Hüseyn Cavidə həsr olunmuş bədii əsərləri bir yerə toplasaq, çoxsaylı ədəbi
nümunənin varlığı ilə qarşılaşarıq. Azərbaycan ədəbiyyatında Hüseyn Cavidə həsr olunan bədii
əsərlər sayca çox olduğu kimi, janrca da müxtəlifdir. Buraya çoxsaylı şeirlər, müxtəlif səpkili
poemalar, bir neçə dram əsəri, bəzi irihəcmli nəsr nümunələri daxildir ki, onların sırasında həm
sənədli, həm də bədii nəsr əsərləri diqqəti çəkir.
Tanınmış Azərbaycan şairlərinin müxtəlif vaxtlarda Hüseyn Cavidə həsr etdikləri şeirlərdə
mütəfəkkir ədibin şəxsiyyəti, taleyi, mühiti, yaradıcılığı barədə ifadə olunan poetik qənaətlər, lirik
düşüncələr özünün dolğunluğu və təsir gücü ilə diqqəti çəkir. Həmin şeirlərdən bir neçəsinin adını
xatırladırıq:
Nəriman Həsənzadə. Cavidin; Hüseyn Cavid; Xəlil Rza. Hüseyn Cavidə; Fikrət Qoca.
Cavid gəlib, aç qoynunu; Uzaq Şərqin üfüqlərində Cavidi xatırladım; Hüseyn Cavidin Naxçıvanda
dəfninə; Bəxtiyar Vahabzadə. Hüseyn Cavidə; Daşıdın dərdini bəşəriyyətin; Zəlimxan Yaqub.
Cavid əfəndi; Rəfiq Zəka Xəndan. Cavid xiyabanı könlümdən keçir; Ustadlar ustadı; Hüseyn
Cavidə; Hüseyn Razi. Ölməzlik; Vaqif Bəhmənli. Cavid sözü; Rafiq Yusifoğlu. Hüseyn Cavidə;
Nazim Rizvan. Ağlayan iblisdir, gülən sənətkar; Novruz Gəncəli. Cavidə; Vaqif Məmmədov.
Cavid Sibirdən gəlir; Tayqada düşüncələr; Sibirdə düşüncələr; Kərim Faiq. Cavid sənəti; Kərim
Nalə. Cavid; Kəmalə Nəsrin. Bir dağ uçdu üzü qibləyə; Mavi bayraqlı yurd üçün; Asim Yadigar.
Cavid; Muxtar Qasımzadə, Cavid və s. Göründüyü kimi, bəzi şairlər Cavidə bir yox, bir neçə şeir
ithaf etmişlər.
Təsəvvür aydınlığı naminə bəzi şeirlərə müfəssəl nəzər salaq.
Xəlil Rzanın 1962-ci ildə yazdığı “Hüseyn Cavidə“ şeirində od qəbli Cavidin uzaq Sibirdə
buzlar altında yatması poetik kontrast kontekstində ədəbi müstəviyə gətirilərək məharətlə
mənalandırılmışdır:
Qəlbin od, şeirin od!
Ömrün-günün od!
Özün buz məzarda!
Bu necə işdir?
Bəs necə olub ki, o buz dağları
Sənin atəşindən əriməmişdir?! (9, s.287 )
Xalq şairi Nəriman Həsənzadənin “Hüseyn Cavid” şeiri isə dahi sənətkarın cənazəsinin
qalıqlarının Sibirdən gətirilərək Naxçıvanda torpağa tapşırılması münasibəti ilə qələmə alınmışdır.
Müəllif bunu Cavid əbədiyyəti kimi məharətlə mənalandırmışdır:
Nə yaxşı qalmadı gözü yollarda,
Gördü atasını qızı Cavidin.
Tabut ortadaydı, şəkli divarda,
Bayrama dönmüşdü yası Cavidin...
Naxçıvan düşünür saçlarında dən,
Axıb pıçıldayır şəfa bulaqlar.
Yurduna qayıdır Cavid təzədən,
Heykələ dönməyə gedir sənətkar.
Torpaqmı cavidə qovuşur indi,
42
Cavidmi torpağa? Söz tarixindi. (5, s.130-131)
Tanımış şair Zəlimxan Yaqub da ulu Cavidin cənazəsinin qalıqlarının Sibirdən,
Maqadandan gətirilərək Naxçıvanda dəfn olunmasını poetik fikrin diqqət mərkəzinə çəkmişdir.
Onun “Cavid əfəndi” şeirindəki aşağıdakı misralar bu baxımdan xarakterikdir:
Yandı urək, coşdu könül, düşündü baş, yaratdı əl,
Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl.
Nurun Gunəş, qəlbin atəş, gözün ocaq, sözün məşəl,
Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi!
İnam səndə, şərəf səndə, dözüm səndə, səbir səndə,
Sən qurbətdə, sən Sibirdə, qurbət səndə, Sibir səndə.
Qırx illik bir yoldan gəldi, quşa döndü qəbir səndə,
Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi! (10, s.143)
Tanınmış şair Asim Yadigarın “!Ulu Cavid” şeirində bir zamanlar haqsız ittihamlara hədəf
olan dahi şairin yenilməz şəxsiyyəti, əzəməti diqqət mərkəzinə çəkilmiş, onun sənəti ilə mənəvi
ölümsüzlük qazanması vurğulanmışdır.Şeirdə həmçinin Naxçıvanda məqbərədə birgə uyuyan
Cavidlərin son mənzildə nəhayət ki, qovuşması da özünün poetik təcəssümünü tapmışdır:
Hansı yolla getmiş idin, necə gəldin, yoluna bax,
Kimlər yatır sənlə qoşa-sağına bax, soluna bax.
Mişkinaz tək el anası, Ərtoğrul tək oğluna bax,
Cafakeşlər cəfakeşi, o, Turandı, ulu Cavid!
Necə varsan, elə qaldın,- daha ötkəm, daha məğrur,
Əbədiyyət yolçususan, qəlbində od, gözdə qürur.
Əyilməzlik simvolusan, qazancın bu, haqqın budur,
Sənət yolun bir işıqlı kəhkəşandı, ulu Cavid! (11, s.41)
Azərbaycan ədəbiyyatında ustad Hüseyn Cavid və onun ailə üzvləri haqqında çoxsaylı və
müxtəlif səpkili şeirlər yazıldığı kimi, son illərdə bəzi poemalar da qələmə alınmışdır.
Xalq şairi Zəlimxan Yaqubun “Cavidin qız balası” poemasında mütəfəkkir şair-dramaturqla
bağlı lirik düşüncələrin bədii təqdim üsulları maraq doğurur. Poemada görkəmli ədibin qızı Turan
xanım Cavidin şəxsiyyəti və taleyi barədəki poetik düşüncələr ideya-bədii təsir gücü ilə oxucu
qəlbinə yol tapır.
Şairə-dramaturq Nafilə Abuzərlinin Hüseyn Cavidə həsr etdiyi “Eşq mələyi” poeması da bu
baxımdan xarakterikdir. Tanrısı gözəllik və sevgi olan Hüseyn Cavidə poetik ehtiramdan yaranan
həmin poema əsasında Azərbaycan televiziyasında hazırlanmış “Ah, ədalət!” adlı kompozisiyanı da
xatırlatmaq yerinə düşər.
Azərbaycan poeziyası ilə yanaşı, bədii nəsrində də Hüseyn Cavidə həsr olunmuş bir sıra
əsərlər vardır. Bu sahədə ilk nümunə tanınmış akademik və yazıçı-publisist Rafael Hüseynov
tərəfindən yazılmışdır. Onun 1984/1985-ci illərdə qələmə aldığı “Cavidlər” sənədli romanı
bütövlükdə Hüseyn Cavid haqqında dəyərli əsərdir.
Ümumiyyətlə, Rafael Hüseynovun Hüseyn Cavidə və onun ailə üzvlərinə həsr olunmuş
“Cavidlər” sənədli romanı və digər əsərləri (6) elmiliklə bədiiliyin, sənədliliklə lirik-fəlsəfi
düşüncələrin, bədii yozumların vahid məcrada və böyük məharətlə təcəssümü ilə səciyyələnir.
Cavidin şəxsiyyəti, bioqrafiyası, mühiti, müasirləri ilə bağlı bir çox mətləblərin və səhifələrin ilk
dəfə R. Hüseynov tərəfindən sənədli-bədii tərzdə təqdimi məsələləri, Cavidin tanıtdırılması və
dərkində həmin əsərlərin mühüm rolu da ayrıca qeyd olunmalıdır.
Bütövlükdə Rafael Hüseynovun “Cavidlər” əsəri Azərbaycan sənədli bədii nəsrində orijinal
və dəyərli nümunədir. Xalq yazıçısı Anar Rafael Hüseynovun bu əsərini yüksək qiymətləndirərək
obrazlı şəkildə belə yazmışdır: “Cavidlər” sənədli romanının oduna-atəşinə, yəqin ki, heç bir cihaz
davam gətirməzdi. Həm bəhs olunan hadisələrin faciə şiddəti, həm də müəllif qəlbinin odu-alovu o
43
qədər gurdur ki, öz- özünə alışan əşyalar kimi, bu səhifələrin də sanki birdən-birə yanıb külə dön-
mək ehtimalı var” (6, s.605).
Tanınmış yazıçı Anarın “Cavid ömrü” filmi üçün yazdığı kinossenari epik və dramatik
səpkili, tarixilik və müasirlik keyfiyyətlərinə malik dəyərli bədii mətn kimi ideya-bədii
mükəmməlliyə malikdir.
Xalq yazıçısı, bir sıra tarixi romanlar müəllifi Hüseyn İbrahimovun repressiya qurbanı
olmuş Hüseyn Cavidin faciəli taleyinə həsr edilmiş “Böhtan” romanında (7) müasirlik və tarixilik,
sənətkar və zaman probleminin bədii təcəssümü kimi məsələlər diqqəti çəkir. Əsərin ideya-bədii
məziyyətləri, tematikası, problematikası, obrazlar aləmi, süjet-kompozisiya xüsusiyyətləri, üslub
özəllikləri və s. tarixi nəsrin əsas prinsiplərinə uyğundur. Mütəfəkkir ədibimizin böhtanlara
mətanətlə sinə gərən yenilməz xarakterinin, faciə ilə tamamlanan ömür yolunun tarixi romanda epik
təqdimi də ayrıca vurğulanmalıdır. Azərbaycan tarixi nəsrinin tanımış tədqiqatçısı professor Yavuz
Axundlu “Hüseyn Cavid haqqında ilk roman” adlı məqaləsində “Böhtan” barədə yazmışdır:
“Romanda tarixi sənədlərlə, faktlarla, canlı xatirələrlə bir sırada müəllif təxəyyülündən doğan
səhnələr, təsvirlər qaynayıb qarışır, təbii ki, bunlar yazıçı ustalığı, məharəti sayəsində bir-birini
tamamlayır” (2, s. 112).
Xalq yazıçısı Anarın “Cavid ömrü” bədii filmi üçün yazdığı kinossenari epik və dramatik
səpkili, tarixilik və müasirlik keyfiyyətlərinə malik dəyərli bədii mətn kimi ideya-bədii
mükəmməlliyə malikdir.
Hüseyn Cavidin bədii obrazı Azərbaycan dramaturgiyasında da özünəməxsus yer tutur.
Şairə-dramaturq Kəmalə Ağayevanın Hüseyn Cavidə həsr etdiyi “Mənim tanrım gözəllikdir,
sevgidir” mənzum dramında Hüseyn Cavidin müxtəlif əsərlərindən seçilmiş parçalardan istifadə
məqamları, onların ideya-bədii arxitektonikada mövqeyi və ədəbi funksiyası maraq doğurur.
Dramaturgiyamızda Stalin repressiyasını pisləyən ilk örnəklərdən biri olan bu mənzum dram
Naxçıvanda Cavid poeziya teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Son dövr Azərbaycan dramaturgiyasında Hüseyn Cavidə həsr olunmuş bəzi yeni əsərlər də
qələmə alınmışdır. İsgəndər Atillanın 3 hissəli “Cavid” dramı (3), Nafilə Abuzərlinin “Hüseyn
Cavid” (1), Həsənəli Eyvazlının “Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” əsərləri bu baxımdan
xarakterikdir. İ.Atillanın və N. Abuzərlinin əsərlərində Hüseyn Cavidin şəxsiyyəti və keşməkeşli
ömür yolunun dramatik təqdimi məsələləri, xüsusən Hüseyn Cavid obrazı, həmçinin ədibin ailə
üzvləri və bəzi müasirləri ilə bağlı məqamlar diqqəti çəkir.
Həsənəli Eyvazlının “Ərtoğrul Cavid, yaxud bir ailənin dramı” adlı iki pərdəli, doqquz
şəkilli mənzum faciəsində (4,s. 3-70) Cavidlər ailəsinin faciəli taleyi və bu aspektdə Hüseyn
Cavidin həyatdan vaxtsız köçmüş istedadlı oğlu Ərtoğrul Cavidin ömür yolunun dramatik təqdimi
əsas yeri tutur. H.Eyvazlı bu pyesdə süjetin inkişafı boyunca mövzunun xarakterinə, dramaturji
situyasiyalara uyğun olaraq H.Cavidin əsərlərindən, xüsusən “İblis” dramından bəzi parçaları da
əsərə daxil etmiş, onların ideya-bədii baxımdan əsərlə üzvi surətdə bağlanmasına da nail olmuşdur.
Deyilənlər göstərir ki, ustad sənətkarımız Hüseyn Cavid haqqında Azərbaycan ədəbiy–
yatında müxtəlif janrlarda bir çox dəyərli bədii əsər yazılmışdır.
ƏDƏBİYYAT
1. Abuzərli N. Eşq mələyi. Bakı: MBM, 2012, 168 s.
2. Axundlu Y.Ədəbi mühit və sənətkar. Bakı: Adiloğlu, 2002. 188 s.
3. Atilla İ. Cavid. Bakı: ADPU, 2009, 76 s.
4. Eyvazlı H. Seçilmiş əsərləri, 1-ci cild. Naxçıvan: Məktəb, 2015, 377 s.
5. Həsənzadə N. Seçilmiş əsərləri. Bakı: Azərnəşr. 1987, 376 s.
6. Hüseynov R. Əbədi Cavid. Bakı: CBC, 2007, 840 s.
7. İbrahimov H. Böhtan. Bakı: Şərq-Qərb, 1998, 286 s.
8. Qasımbəyli Y. XX əsr Azərbaycan poeziyasında Cavid. “Ədalət” qəzeti, 2012, 23 oktyabr
9. Rza X. Uzun sürən gənclik. Bakı: Azərnəşr,1994, 435 s.
44
10. Yaqub Z. Seçilmiş əsərləri, iki cilddə. 2-ci cild. Bakı: Şərq-Qərb, 2006. 288 s.
11. Yadigar A. Bir nurlu heykəl yarat. Naxçıvan: Əcəmi, 2014, 248 s.
ABSTRACT
Ayten Gurbanova
Hussein Javid’s character in Azerbaijani literature
Hussein Javid’s creativity which has a special place in the history of world culture and is
considered unique pearls of world poetry treasure, establishes a new, original period in the
development of Azerbaijan poeticaesthetic thought. The interest and need for studying the poet’s
creativity has increased in the different periods, and his literary personality has been the focus of
attention in literature and turned over a literary character. There have been analysed charakteristic
works, their idealogial-literary features have been clarified.
РЕЗЮМЕ
Айтен Гурбановой
Образ Гусейна Джавида в Азербайджанской
литературе
Творчество Гусейна Джавида (1882-1941), занимающее уникальное место вистории
азербайджанской литературы, произведения которого считаются одним из редких сокровищ
поэзии, является одним из новых, оригинальных этапов в развитии Азербайджанских
художественно-эстетических идей. В связи с увеличением интереса к изучениютворений
поэта, идентичность его литературной поэзии создание его в художественного образа стало
центром литературного внимания. В статье анализириуются характерные произведения,
связанные с темой, выявляются их идейно-художественные особенности.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
45
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
DİLÇİLİK
ELBƏYİ MAQSUDOV
Naxçıvan Dövlət Universiteti
UOT:81.1
ORFOEPİK VƏRDİŞLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ POETİK
ÇALIŞMALARDAN İSTİFADƏ
Açar sözlər: Azərbaycan dili, orfoepik vərdişlər, orfoqrafiya, məntiqi təfəkkür, poetik-praktik
çalışmalar, müstəqil işlər, müqayisə, öyrəncilər
Keywords: The Azerbaijan language, orthoepic skills, orthography, logical thinking, poetic-
practical exercises, free work, comparison, learners
Ключевые слова: Aзербайджанский язык, орфоэпические навыки, орфография,
логическое мышление, поэтико-практическое упражнение, самостоятельная работа,
сравнение, учащиеся
Azərbaycan dilinin saflığının qorunması, onun gələcək nəsillərə çatdırılması hər birimizin
vətəndaşlıq borcudur. Uzun əsrlərlə qoruyub saxladığımız ana dilimiz də bizi bir xalq, millət kimi
qoruyaraq bu günə qədər yaşadıb. Bu fikir ölkə prezidentinin müxtəlif çıxış və nitqlərində dəfələrlə
səslənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AMEA- nın 70 illik yubileyinə həsr
olunmuş yığıncaqdakı nitqində də bu fikirləri yenidən vurğulayaraq belə demişdir:
“Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin,
imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi
qoruya, saxlaya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki dilimizə xaricdən müdaxilələr
edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda dəstək qazanır, bu məni doğurdan da çox
narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha
demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Biz Azərbaycan dilinin saflığını təmin
etməliyik.
Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək
bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.
Dili qorumağın və yaşatmağın əsas şərtlərindən biri də bu dildə aydın, səlis, rabitəli
danışmağı öyrənmək, ana dilimizin orfoepik qaydalarını qoruyaraq onu gələcək nəsillərə ərmağan
etməkdir. Dili qorumaq, onun qrammatik xüsusiyyətlərini, orfoqrafiya və orfoepiyasını nəzəri
baxımdan tədqiq etməklə bitmir. Dilin saflığını qorumaq, onu yaşatmağın əsas amillərindən biri də
ondan praktik olaraq düzgün istifadə edilməsi, ədəbi tələffüz normalarının gözlənilməsi, xalq dilinə
yaxınlaşdırılması ilə şərtlənir. Bu sahədə görülən işin əsas ağırlığı məktəbəqədər tərbiyə və tam orta
məktəb müəllim–lərimizin üzərinə düşür.
Azərbaycan dili dərslərinin qarşısında duran əsas vəzifələrdən biri şagirdlərin düzgün
tələffüz, ifadəli oxu və rabitəli nitq vərdişlərini inkişaf etdirməkdir. Şagirdləri nümunəvi danışıq,
eləcə də ifadəli oxu vərdişlərinə yiyələndirməyin başlıca yolu ibtidai, eləcə də orta məktəbdə onları
ədəbi tələffüz normalarına yiyələndirməkdən başlayır. Ana dilimizin qorunub saxlanmasında, onun
gələcək nəsillərə çatdırılmasında orfoqrafiya qədər orfoepiya da mühüm rol oynayır. Onlardan biri
yazılı nitqimizi yaşatmağa xidmət göstərirsə, ikincisi şifahi nitqin təmizliyinə, hamı tərəfindən başa
düşülməsinə, tələffüz normalarının vahidliyinə şərait yaradır. Bu gün ədəbi dilimizin şifahi forması
yazılı dilə nisbətdə daha geniş, əhatəli və işləkdir.
Dilimizin orfoepik normalarının qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Orfoepik normaların qorunması təkcə məktəb yaşı dövründən deyil, mən deyərdim ki, erkən uşaqlıq
46
yaş dövründən (2-3 yaşa qədər) başlanmalıdır. Yəni yenicə dil açmağa başlayan uşağa sözlərimizi
uşaq dilində deyil, ədəbi dilimizin normalarına uyğun tələffüz edilməsinə səy göstərməliyik. Bu işin
düzgün təşkili məktəbəqədər yaş dövründən başlamış böyük məktəb yaş dövrünə qədər ardıcıl,
müntəzəm davam etdirilməlidir.
Orfoqrafik qaydaların öyrədilməsi şagirdlərin orfoepik vərdişlərə yiyələndirilməsindən
başlanmalıdır. Professor Əziz Əfəndizadə çox düzgün olaraq bu iki dil bölməsinin bir-biri ilə əlaqəli
öyrədilməsi məsələsini həmişə ön plana çəkmişdir. Hətta o, ilk dəfə “Orfoqrafiya-orfoepiya, qram–
matika” adlı kompleks lüğət də hazırlamışdır. Həmin lüğət vasitəsilə şagirdlər həm sözün düzgün
yazılışı, həm səslənməsi və vurğusuna görə düzgün tələffüzü, həm də qrammatik xarakteri haqqında
bilgilər alırlar. Lüğət vasitəsilə həm də öyrəncilər müəyyən sözlərin mənasını, sinonim və omonim
qarşılıqlarını da öyrənə bilirlər.
Şagirdləri ədəbi tələffüzə yiyələndirməyin yolları olduqca müxtəlifdir. Həmin yolların ən çox
faydalı olanlarından biri də Azərbaycan dili dərslərində poetik-praktik çalışmalardan istifadə edil–
məsidir. Belə çalışmalar şagirdlərdə bədii ədəbiyyata böyük maraq oyatmaqla yanaşı, birbaşa ədəbi
tələffüz normalarına əməl edərək oxumaq texnikası aşılayır. Öyrəncilərdə dil təfəkkürünü inkişaf
etdirməklə bərabər, həm də onları dərsdə yorulmağa qoymur. Tədqiqatçılığa sövq edir və poeziya
ilə dilin mövcud olan vəhdətini daha da yaxınlaşdırır.
Şagirdlər, eləcə də tələbələr ana dilimizdə saitlərin müxtəlif kəmiyyətlərdə tələffüzü
variantları ilə müəyyən dərəcədə tanışdırlar. Onların lazım olan sözlərdə saitlərin uzun və ya qısa
tələffüz olunduğunu dəqiq müəyyənləşdirə bilməmələri həmin sözlərdə vurğunun yerini dəqiq
göstərməkdə də çətinlik törədir. Orfoepiyada ən çox çətinlik törədən anlar isə sözlərdə bəzi saitlərin
uzun tələffüz olunması ilə bağlıdır. Öyrəncilər sözlərdə vurğunun, əsasən, uzun tələffüz olunan sait
səslərin üzərinə düşdüyünü qeyd edirlər. Məsələn,
Füzuli, Nizami, Əcəmi, Sabir,
Sadala onları aramla bir-bir.
Uzanan saitlər söylə hansıdır?
Bu hələ birinci sınaq şansıdır.
Öyrəncilər Füzuli, Nizami, Əcəmi, Sabir sözlərini ədəbi tələffüz normalarına uyğun olaraq
söyləyirlər. Onlardan bəziləri Füzulidə u, Nizamidə a, Əcəmi sözündə isə ikinci ə saitini qısa
tələffüz edirlər. Həmin saitlərin uzun tələffüz olunduğunu söyləyənlər həm də həmin hecanın
vurğulu heca olduğunu qeyd edirlər. Halbuki, qeyd etdiyimiz xüsusi isimlərdə vurğu axırıncı heca
üzərinə düşür.
Dilimizdə satlərin tələffüzü ilə bağlı olan belə məqamlar çoxdur. Məsələn,elə ərəb, fars,
Avropa mənşəli sözlər var ki, onlarda a,o,u,ö,e,i saitləri uzun tələffüz olunur. Belə saitlərin uzun
tələffüzünü aşağıdakı nümunələr üzərində asanlıqla müşahidə etmək olar;
1)
xahiş, alim, Arif, əmanət, Adil, laməkan, baza, ariya, qanun, namus kimi sözlərdə a saiti ;
2)
opera, dovğa, çovğun, zoologiya tipli sözlərdə samitlərdən birinin düşməsi və ya iki qoşa
saitin birinin düşməsi nəticəsində o saiti;
3)
Füzuli, musiqi, xüsusi, Turə kimi sözlərdə u saiti;
4)
edam, era, etibar, memar tipli sözlərdə e saiti;
5)
mədən, dəvət, əla, məna, bəzi kimi sözlərdə əvvəlinci ə saiti;
6)
vəsiqə, qəribə, mərifət kimi sözlərdə ə saiti uzun tələffüz olunur.
Saitlərlə bağlı bu kimi orfoepik qaydalar şagirdlərə xatıladıldıqdan sonra aşağıdakı poetik
nümunə üzərində iş aparılır;
Söylə görüm, a Nadir,
Hansı sözdə a səsi
Daha uzun səslənir?
“Arazda”, ya “sahildə”,
“Adildə”, ya “cahildə”,
“Kitab”,”katib”,”kağizda”,
“Ahəng”, yoxsa “ağızda”,
“Arifdə”, ya “aqildə”
47
Bəlkə, elə “ naqil”də?
Bircə-bircə ağılla,
Hamısını nağılla.
Şagirdər mətni maraqla oxuyur, sonra dırnaq içərisindəki sözlərə diqqət yetirirlər. Özləri
müstəqil müəyyənləşdirirlər ki, mətndəki Araz, kitab, kağız, ağız sözlərində heç bir sait səs
uzun tələffüz olunmur. Lakin mətndəki sahil, Adil, cahil, katib, ahəng, Arif, aqil sözlərində
işlənmiş bütün a saitləri uzun tələffüz olunur. Aparılan müşahidələr göstərir ki, öyrəncilərin
çoxu vurğunun əsasən sözdə uzun tələffüz olunan saitin üzərinə düşdüyünü söyləyirlər. Ona
görə də, müəllim belə sözlərdə vurğunun yerini dəqiq müəyyənləşdirməyi öyrətmək üçün əlavə
iş aparmalıdır. Bu tipli sözlərdə uzun saitləri qısa tələffüz etməklə, vurğunu ayrı-ayrı saitlərin
üzərinə salmaqla, xüsusi isimlərin digər dillərdəki tələffüz variantını xatırlatmaqla lazımi
vərdişlər aşılamaq mümkündür.
Tələffüzlə bağlı vərdişlər aşılanarkən alınma sözlərdə o saitinin orfoepiyası ilə əlaqədar
göstərilən məsələlərə də diqqət yetirilməlidir. Alınma sözlərin bir qismində vurğulu hecada
işlənən o saitinin uzun tələffüz olunduğu variantlar olduğu kimi,vurğusuz hecalarda işlənib,
əslinə müvafiq olaraq, bəzən də a kimi tələffüz olunan məqamlar da vardır. Orfoepiyada bu
məqamı öyrətmək məqsədilə tərtib olunmuş aşağıdakı məntiqi, düşündürücü, öyrədici poetk
çalışmaya diqqət yetirək;
“Avtomat”la “samovar”
Bir-birinə bənzəmir.
Biri yarımtaxtadır,
Biri tamam dər-dəmir.
Biri döyüş istəyir,
Biri görüş istəyir.
Fərqləri çoxdur,düzü,
Sayma mənə hər sözü
Söylə necə oxşardır
Onların tələffüzü ?
Öyrəncilər poetik çalışmanı diqqətlə oxuyur, mətndəki sözlərin orfoqrafiyası ilə
orfoepiya–sını tutuşdurur, avtomatla samovar sözlərinin ifadə etdiyi leksik mənalara diqqət
yetirir və nəticə çıxarırlar ki, bu əşyalar forma və məzmun bxımından bir-birindən fərqlidirlər.
Müəllifin döyüş istəmək, görüş istəmək ifadələrini nə məqsədlə işlətdiyini öyrənmək,
dəqiqləşdirmək üçün şagirdlərə müraciət olunur. Onların qənaəti bu olur ki, avtomat döyüş və
vuruşlarda, samovar isə ən cox tədbir, yığıncaq və görüşlərdə istifadə olunur. Onlar arasında
həm əşya, həm də kəlmə baxımından fərqli əlamətlər çoxdur. Bunların hamısını sadalamağa
ehtiyac yoxdur. Çalışmanın başlıca tələbi bundan ibarətdir ki, müxtəlif baxımdan oxşar olmayan
bu sözlərin tələffüz baxımından hansı oxşarlıqları vardır.Yəni avtomatla samovar sözlərinin
orfoepiyasındakı oxşarlıq nədən ibarətdir? Öyrəncilər müəyyən araşdırmalar və düşüncələrdən
sonra bu nəticəyə gəlirlər ki, avtomat və samovar sözlərinin tələffüzündəki əsas oxşarlıq onların
tərkibində olan o hərflərinin tələffüz zamanı a səsi kimi səslənməsindədir.
Əgər lazım gələrsə müəllim Azərbaycan dilinə əcnəbi dillərdən gəlmiş belə sözlərin
orfoqrafiyası və tələffüzü haqqında da əlavə bilgilər verməyə çalışmalıdır.
Dilimizdə sonu eynicinsli qoşa samitlərlə bitən birhecalı sözər də vardır ki, şagirdlər
onların yazılışında və tələffüzündə səhvlərə yol verirlər. Bu qəbildən olan səhvləri aradan
qaldırmaq üçün belə bir poetik çalışma üzərində iş aparılır.
Sonu qoşa samitli
Təkhecalı sözlərdən
Çox vaxt kənar qaçıram.
Harda, necə yazılır
Bu sirdən baş açıram.
Bilirəm ki, hər yerdə
48
Zənn, xətt, fənn, həkk yazılır
Söylə bəs küll, hiss sözündə
Qoşa samitlər nə vaxt
Gah cüt, gah tək yazılır?
Bələdsənsə bu dilə,
Buyur, onda şərh elə.
Öyrəncilər mətnlə tanış olduqdan sonra sonu eynicinsli qoşa samitlərlə bitən birhecalı
sözlər haqqında dşünürlər. Və dilimizdə belə sözlərin heç də çox olmadığını söyləyirlər. Onların
müxtəlif cavablarından sonra müəllim özü bütün deyilənləri ümumiləşdirərək aşağıdakı düzgün
və son nəticəni bildirir.
Son samiti uzun tələffüz olunan zənn, xətt, həkk, fənn kimi birhecalı eynicinsli qoşa
samitli sözlərdən fərqli olaraq, hiss, küll sözlərində eyni qoşa samitlərdən birini atdıqda onlar
tamamilə başqa mənalar bildirirlər. Hiss və küll sözlərindən başqa belə təkhecalı alınma sözlərə
samitlə başlanan şəkilçilər artırıldıqda onların kökündəki qoşa samitlərdən biri düşür; məs., xətt-
xətdən, sirr-sirli və s.
Azərbaycan dilində saitlərin tələffüzü ilə bağlı müxtəlif qaydalar vardır. Həmin qaydalar
içərisində eynicinsli qoşasaitli sözlərin yazılışı və tələffüzünə aid nümunələrlə tədrisdə daha tez-tez
qarşılaşırıq. Saat, camaat, mətbəə, təəccüb, bədii, təbii kimi sözlər bu qəbildəndir. Dərsdə belə sözlər
üzərində iş aparılarkən müəllim istər-istəməz aşağıdakı orfoepik qaydaları öyrəncilərə xatırladır.
Dilimizdəki qoşa aa saitli sözlər tələffüzdə bir uzun a: saiti kimi tələffüz edilir. Həmin qayda digər
qoşasaitli sözlərə də aid edilir.Yəni o sözlərdə də eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz
olunur. Şagirdlərin müstəqil işlərini təşkil etmək, axtarıcılığa sövq etmək üçün onlara aşağıdakı
poetik parça üzərində düşünmək təklif olunur.
Lüğətdə eynicinsli,
Eyni qoşa saitli
Sözlərimiz az deyil.
Beş-altı belə sözü
Hər kəs ayrıca özü
Yazsın iş dəftərinə.
Sonra da hər bir sözün,
Yazıyla tələffüzün
Şərh versin fərqlərinə .
Biz də diqqət yetirək
Düzünə, səhvlərinə.
Belə calışmalar şagirdləri düşundürmək, tədqiqatçılığa yönəltməklə bərabər, həm də
onları yorğunluqdan xilas edir, poetik nümunələr oxumağa, bədii ədəbiyyatı sevməyə, ədəbi
tələffüz normalalrını gözləməyə alışdırır.
Orfoepiya və orfoqrafiya bəhslərini bir-birindən ayrı öyrətmək o qədər də faydalı olmur.
Uzun illərin təcrübəsi göstərir ki, orfoqrafiyanı orfoepiyasız, orfoepiyanı isə orfoqrafiyadan
təcrid edilmiş şəkildə, qarşılaşdırma aparmadan öyrətmək mümkün deyil və ya olduqca
çətindir. Buna görə də, bu bəhslərlə bağlı olan hər bir mövzu qarşılıqlı, əlaqəli və ya paralel
öyrədilməlidir.
Məsələn, biz aşağıda verilmiş çalışma nümunəsinə diqqət yetirsək, bunu açıq-aydın
müşahidə edərik.
Diqqətlə bax hər sözə,
Doğru cavab ver bizə.
Dovğa, qovğa, Firuzə,
Dovşan, körük və kuzə
Ürək, sünbül, mis, dəmir.
Saqqal,nöqtə,rəqs,hənir
49
Sözlərindən hansının
Ədəbi tələffüzü
Yazılışdan fərqlənir ?
Şagirdlər mətni oxuyur və uzun tələffüz olunan saitləri müəyyənləşdirirlər. Sonra isə onların
orfoqrafiyası ilə orfoepiyasını müqayisə edirlər. Şüurlu surətdə nəticə çıxarırlar ki, dovğa, qovğa,
dovşan sözlərində tələffüz zamanı v samiti düşür və o saiti uzun tələffüz olunur. Firuzə və kuzə
sözlərində isə u saitləri uzun tələffüz olunur. Tərkibindəki sait səslərdən biri uzun tələffüz olunan bu
sözlərdə vurğu uzun tələffüz olunan saitin deyil, sözlərin axırıncı hecaları üzərinə düşür. Dovğa,
qovğa tipli sözlərdə uzun tələffüz olunan saitlərə görə v samitinin düşməsi həmin sözlərin
orfoqrafiyasında çətinliklər törədir. Yazıda bu səhvlərə yol verməmək üçün yazılışı və tələffüzü bir-
birindən fərqli olan belə sözlər müqayisələr edilməklə öyrənci yaddaşında möhkəmləndirilməlidir.
Yuxarıda göstərilən poetik parçada şagirdlər müəyyənləşdirirlər ki, körük, ürək, mis, sünbül, dəmir
sözlərinin tələffüzü ilə yazılışı bir-birindən çox da ciddi şəkildə fərqlənmir. Körük, ürək sözlərində
axırıncı səs qismən dəyişikliyə uğrayır,sünbül sözünün isə tələffüzü ilə yazılışı arasındakı əsas
çətinlik n səsinin tələffüzdə m kimi deyilməsindən irəli gəlir. Bu da sözün yazılışında çətinlik
törədən əsas amillərdəndir. Ona görə də sözlərin orfoqrafiyasını onların orfoepiyası ilə müqayisəli
öyrətmək lazımdır ki, şagirdlər nə sözün düzgün tələffüzündə, nə də yazılışında səhvlərə yol
verməsinlər.
Azərbaycan dilində alınma sözlərin müəyyən bir qismi eyni qoşa saitlərin yanaşı işlənməsi
ilə özünü göstərir. Bununla yanaşı, dilimizdə bir qisim alınma sözlərdə iki müxtəlif saitin
işləndiyi məqamlar da vardır. Belə sözlərin düzgün yazılışı və tələffüzünü öyrətmək məqsədilə
aşağıdakı tipli çalışmalar üzərində iş aparılır:
Çalışma 1. Saat, zoopark, inşaat,
Təbii və camaat,
Təəssüf, məəttəl kimi
Qoşasaitli sözdə,
Ən düzgün tələffüzdə
Neçə sait səslənir?
Söylə onları bir-bir.
Çalışma 2. Faiq, Şaiq, Nəvai,
Zəif, laiq, fədai
Sözlərinə sal nəzər,
Amma olma bədnəzər.
Bu sözlər deyiləndə,
Plovtək yeyiləndə,
Saitlər arasını
Hansı bir samit bəzər?
Öyrəncilər birinci çalışmanı yerinə yetirərkən onlar saat, zoopark, inşaat, təbii, camaat,
təəssüf, məəttəl kimi eynicisli qoşa saitli sözlərlə qarşılaşırlar. Onlar bu tipli sözlərlə qarşılaşarkən
əvvəllər qazandıqları biliklərə istinad edərək bildirirlər ki, belə sözlər eyni qoşa saitlərlə yazılsalar
da, bir uzun sait kimi tələffüz olunurlar. Çalışmanın tələbinə əsasən bildirirlər ki, qoşasaitli sözlərin
ən düzgün tələffüzü onların bir uzun saitlə səslənməsidir. Dilimzdə tez-tez istifadə etdiyimiz maaş,
zoologiya, mətbəə, bədii kimi eyni qoşasaitli sözlər də tələffüz baxımından bu orfoepik qaydaya
tabedir. İkinci çalışma isə birincidən fərqli olaraq, müxtəlif qoşa saitli sözlərin tələffüzü ilə
bağlıdır.Burada yalnız ai, əi sait birləşməli sözlər nümunə kimi verilib. Lakin öyrəncilərə xatırladılır
ki, dilimizdə belə qoşasaitli sözlər çoxdur. Aerodrom, şücaət, dairə, kakao, auditoriya, dialekt,
biologiya, radius, neologizm, poetika, duel, aktul, müayinə, müəllim və s. sözlər belələrindəndir.
Şagirdlərin lüğətlərlə işləmək bacarıqlarını möhkəmləndirmək məqsədilə bu qəbildən olan
sözlərin orfoqrafiya lüğətlərindən seçilib yazılmasını ev tapşırığı kimi vermək də faydalı olar. Növbəti
dərsdə şagirdlərin özlərinin seçib yazdıqları belə qoşa saitli sözlərin orfoepiyası üzərində müstəqil
50
işlər təşkil etmək olar. Onların fəal iştirakı ilə belə bir qənaətə gəlmək olur ki, müxtəlifcinsli bu
qoşasaitli sözlərin tələffüzündə müxtəlif çalarlıqlar özünü göstərir. Məsələn, ea, eo sait birləşməli
sözlərdə e saiti i ilə əvəzlənərək iya, iyo çalarlığında tələffüz olunur. Yaxud üa, üə qoşa saitlərinin
işləndiyi sözlərdə a və ə saitləri uzun tələfffüz olunur. Belə sözlər üzərində iş apararkən
öyrəncilərin ən çox çətinlik çəkdikləri məqamlardan biri də həmin sözlərdə vurğunun yerinin
dəqiqləşdirilməsində özünü göstərir. Bu çətinliyi şagirdlərin özünün iştirakı, vurğu kitabları və
müəllimin fəallığı ilə aradan qaldırmaq mümkündür.
Şəkilçilər sözlər tək
Omonim ola bilir.
Kökə uyğun olaraq
Qalınlaşır, incəlir.
Gah iki cür görünür,
Gah dörd dona bürünür.
“İnqilabi”,”tarixi”
Sözlərində axır i
Neçə cürə yazılır?
Bu ortaq şəkilçinin
Tərcümeyi –halında
Daha nələr yazılır?
Müəllim şeiri oxuduqdan sonra şəkilçilərin omonimliyi haqqında qısa məlumat verir.
Bildirir ki, şəkilçilər də sözlər kimi omonim ola bilir. Belə şəkilçilərdən biri də -ı,-i,-u,-ü-dür. Bu
şəkilçi feildən isim (qorxu, ölçü), isimdən sifət (armudu, ümüşü və s.), feildən feil (sürümək),
sifətdən feil (ləngimək) düzəldir, ismin təsirlik halı qələmi ver, onu gətir) və ismin mənsubiyyət
şəkilçisi (onun iti, şairin qələmi) yerində işlənir. Şagirdlər şeirin tələbinə uyğun olaraq bu omonim
şəkilçinin tərcümeyi-halına bu deyilənləri də əlavə edirlər.
o
Orfoepiyanın tədrisində aşağıdakı poetik çalışmalardan da istifadə etmək məqsədəuyğun
sayılır.
1. Nənəm «Fidan» deyəndə,
«F» səsin söyləyəndə
Səs telləri titrəyir,
Dodaq dişlərə dəyir?
2. Yüzə qədər
Hər bir sayın
Adın çəksən,
Səkkiz ona
Nə deyərsən?
«Həştad» düzdür,
Yoxsa «səksən?»
Düz söyləsən,
Sənə əhsən!
3. Nənəm söyləyirdi: « Böyüyə hürmət,
Yaxşılıq edənnər daha güclüdür.
Qocıya, kadına ülvü möhübbət
Üreyin gücüdür, əqlin gücüdür».
Babam da hirslənib dedi ki, « hərə
Əvvəlcə nitqinə nəzarət etsin
Borcudur dildəki bütün sözlərə
51
Hər kəs səcdə etsin, məhəbbət etsin».
Dialekt sözləri babam eşitdi
Pərişan bir halda bığların eşdi.
Ədəbi bir dildən xəbərsiz nənə
Sözlərdən neçəsin düz deməmişdi?
4. Maral, sözdə saitin
Uzunca tələffüzü
Məna dəyişməsinə
Söylə, bir təsir edər?
Mən inanıram, düzü
Tam cavab söyləməyə,
Ona aid sözlərə
Nümunələr deməyə
Sənin də gücün yetər.
5. Söyləyin, ay uşaqlar,
Maili kəlməsində
Neçə hərf, neçə səs var?
6. İnsan öz diliylə çox həvəslənər,
Hər qəlbdə məhəbbət bir cür bəslənər.
Vətən, çəmən, üzüm sözləri ismin
Çıxışlıq halında necə səslənər?
7. " Avqust, orden, modelə,
Tayqa, epos, hotelə,
Duet, folklor, tennisə,
Sintaksisə, defisə,
Keşniş, kələz, kələfə,
Səksən, sərnic, sələfə"
Nəzər yetir müxtəsər
Vurğunu tapıb göstər.
8. Bulud, armud, kənd, söyüd,
Əsəd, Səməd, qənd, öyüd,
Dərya, Dərbənd, dar, daşar
Sözlərindən hansında
«D» samiti karlaşar?
9. Meşə, araba, kölgə,
Qaya, dərə və özgə
Sözlərində a, ə-lər
Tamam axırda gələr.
Bu sözlər dəyişəndə,
Haldan-hala düşəndə
Hansı halda kim bilər
Tələffüzdə açıq səs
Qapalıya çevrilər?
|