MÖVZU 21.PEDAQOJİ KOLLEKTİVİN İDARƏ OLUNMASININ PSİXOLOJİ ƏSASLARI
PLAN:
1. Pedaqoji kollektivin təşkilati strukturu
2. Kollektivdə müxtəlif tip münasibətlər
3. Pedaqoji kollektivin idarə olunmasının psixoloji əsasları
1. Müəllim kollektivinin işindəki məqsədyönlülüyü və mütəşəkkillik məktəb işinin nəticəsi üçün məsuliyyətlilik doğurur. Vahid pedaqoji baxışın olması müəllim kollektivi üçün ən mühüm keyfiyyətdir. Pedaqoji kollektiv özünün fəaliyyətinin məzmunu ilə müəyyənləşən müəyyən təşkilati struktura malikdir. Bu struktur kollektiv üzvlərinin qarşılıqlı asılılıq, qarşılıqlı nəzarət münasibətlərini müəyyənləşdirir. Bu struktur dairəsində: pedaqoji şura, fənn metodik birləşmələri, sinif rəhbərləri və məktəb rəhbərləri fəaliyyət göstərir. Pedaqoji kollektivdə müvafiq əmək bölgüsü və kooperasiya mövcuddur.
Pedaqoji əmək eyni sinifdə işləyən müxtəlif fənn müəllimləri arasında; müxtəlif siniflərdə eyni fənni aparan müəllimlər arasında; eyni sinifdə işləyən müəllimlər və sinfin rəhbəri arasında; müxtəlif dərnəklərə, bölmələrə, cəmiyyət- lərə, şagird klublarına rəhbərlik edən müəllimlər arasında; məktəbdə aparılan tərbiyəvi işin müəyyən sahəsi və ya istiqamətinə cavabdeh olan müəllimlər arasında və s. bölünür. Pedaqoji kollektivin işinin müvəffəqiyyəti müəllimlərin əmək kooperasiyasının düzgün təşkilindən asılıdır. Bu isə müəllimlərdən birgə əməkdaşlıq vərdişlərinə yiyələnməyi tələb edir. Həmin vərdişlərə müəllim pedaqoji kollektivdə yiyələnir.
2. Pedaqoji kollektivdə müəllimlərin qarşılıqlı münasibətləri onların fəaliyyətlərinin məqsəd və məzmunu ilə müəyyən edilir. Birgə fəaliyyət və ünsiyyət prosesində pedaqoji kollektivdə bir neçə münasibət sistemi yaranır. Bunlar rəsmi və qeyri-rəsmi münasibətlər formasında olur. Öz fəaliyyətini təşkil etmək və həyata keçirmək üçün müəllimlər arasında yaranan qarşılıqlı münasibəti şərti olaraq rəsmi münasibət adlandırmaq olar. Bu cür münasibətlərə müəllimlərin bir-biri ilə bu və ya digər şəkildə bağlı olduqları işgüzar münasibətləri, müəllim- lərlə rəhbərlik arasında mövcud olan idarəetmə münasibətini aid etmək olar.
Pedaqoji kollektivdə iki qeyri-rəsmi münasibət sistemi yaranır: 1/ pedaqoji kollektivi əhatə edən ümumi şəxsiyyətlərarası əxlaqi-psixoloji münasibətlər; 2/ ayrı-ayrı müəllimlər arasında qarşılıqlı simpatiyaya əsaslanan seçici münasibətlər.
Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi onun üzvlərinin bir çox cəhətdən vahidliyini tələb edir. Buraya kollektiv üzvlərinin şagirdlərə qarşı ustanovkası, tərbiyənin məqsədini, şagirdə təsir etmə metodunu, şagirdlərlə qarşılıqlı münasibət üslubunu və s. aid etmək olar.
Psixoloji iqlim cəmiyyətin həyat şəraiti ilə şərtlənir.Psixoloji iqlimin yaranması məktəb rəhbərinin, məktəbin ictimai təşkilatlarının rəhbərlik üslubundan da asılıdır. Pedaqoji kollektivin psixoloji iqliminə kollektiv üzvlərinin iş şəraiti də müvafiq təsir göstərə bilir. Psixoloji iqlimin sağlam olmasına kollektiv üzvlərində sosial-psixoloji uyuşma, uyğunluq təsir göstərir. Bunun üçün kollektiv üzvlərində şəxsiyyətin bir-birini qarşılıqlı tamamlamaq, qarşılıqlı yardım, özünə qarşı yüksək tənqidilik olmalıdır. Kollektiv özünün bu cür üzvlərini tərbiyə etməyə borcludur.
3. Pedaqoji kollektivin fəaliyyətinin səmərəliliyi və burada münasib psixoloji iqlimin yaranması onun düzgün idarə olunmasından, başqa sözlə rəhbərlikdən çox asılıdır. Burada isə ən mühüm cəhətlərdən biri pedaqoji kollektivə rəhbərliyin, onu idarəetmənin sosialpsixoloji funksiyalarını həyata keçirməkdən ibarətdir. Həmin funksiyalara aşağıdakıları aid etmək olar: Kollektivin təşkili, məqsəd yönəlişliyi, fəallaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, kollektivin birliyinin təmin edilməsi, kollektivdə özünüidarəetmənin inkişaf etdirilməsi.
Dostları ilə paylaş: |