(Yalvarış kimi, dua kimi.) Allahım, sevimli, əziz Allahım! Məni bu dünyaya kimsəsiz, yetim gətirdin. Əvəzində... onu yetirdin... Mən onu surəti heç vaxt qəlbimdən silinməyən atam kimi sevdim. Ömründə üzünü görmədiyim anam kimi, varsa da tanımadığım qardaşım kimi sevdim. Qolumdan heç vaxt tutmayacaq nişanlım kimi sevdim. Heç zaman nəsibim olmayacaq ərim kimi sevdim. Bədbəxt etmə məni. Yetimlərin yetiminə çevirmə məni. Ömrüm uzunu sənə dua edəcəyəm. Ömrüm uzunu sənə dua edəcəyəm. Ömrüm uzunu heç bir günah iş tutmayacağam. Tövbə, Allahım, tövbə! Qaytar mənə sevdiyimi. Qaytar mənə həyatımı, səadətimi. Allahım, sevimli, əziz Allahım!.. Birdən yavaş-yavaş qapı açılır. Cevriyyə heyrətdən yerində donub qalır. Içəridən Kərim çıxır. Ətrafa boylanır. Qapını qıfıllayıb ağır addımlarla pilləkənləri enir, fikirli halda düz gəlib Cevriyyənin qarşısından keçib gedir. Cevriyyə donuq vəziyyətində qalıb, dinmək istəyir, dili söz tutmur. CEVRIYYƏ - (Qışqırtı kimi.) Kərim abi!.. 37
Kərim -
(Səsə dönür, bir müddət Cevriyyəyə baxa-baxa qalır.) Lənət şeytana, bu ki bizim Cevriyyədir! CEVRIYYƏ - Kərim abi, Kərim abi! (Qışqıraraq qocanın üstünə qaçır.) Kərim abi... Xoş gördük.
Kərim -
Xoş gördük, qızım... Bir belə vaxt hardaydın? Nə üçün görünmürdün? Nə olmuşdu? CEVRIYYƏ - Sus, abi, sus. Bir nəfər lənətə gəlmiş əclafın ucbatından düz bir il qazamatda yatdım.
Kərim -
Biz heç nə bilməmişik.
CEVRIYYƏ - Siz... siz... necə bilərdiniz? Yazıq Cevriyyənin nə familiyasını, nə də ki şəklini qəzetlərdə çap eləmirlər.
Kərim -
Qazamatdan nə vaxt çıxmısan?
CEVRIYYƏ - On beş-iyirmi gün olar.
Kərim -
Bərəkallah. Bəs bu on beş gündə heç bizi yada salmadın?
CEVRIYYƏ - Sizi... cəmisi bir həftədir azad olub İstambula gəlmişəm. Özü də necə azadlıq?..
Kərim -
Başa düşmürəm.
CEVRIYYƏ - Burda başa düşülmüyəsi heç nə yoxdur, abi. Məni Boluya sürgün eləmişdilər. Qaçıb gəldim İstanbula.
Kərim -
Ay bərəkallah.
CEVRIYYƏ - Qəfəs qəfəsdir. Orda divarlar uca, qapı qıfıllı, kameranın da ağzında nəzarətçi. Bolu isə azad, bəxtiyar ölkədir. Ordan da qaça bilməsək, bizim üçün ayıb olar ki. Mən hər gecə gəlmişəm bura. Hər gecə. Həmişə qapı bağlı olub. Sənin pəncərəni də döymüşəm... Hardadır o, abi?
Kərim -
O?.. (Susur.Çətinliklə.) Həbs edilib... CEVRIYYƏ - (İxtiyarsız halda dizi üstə yıxılır.) Aman Allah, ürəyim məni aldatmayıbmış. Gecəli-gündüzlü qəlbimi tar-mar edən hisslərim əbəs deyilmiş. Kaş mən qazamatda ölüb heç bunu bilməyəydim, ya rəbbim! (Hönkürür.)
Kərim -
Qalx, qızım. (Qolundan tutub qaldırır.) Ağlamaqdan keçib. Gəl, gəl əyləş. (Onu yaxındakı skamyada əyləşdirir, özü də oturur, susur.) Neyləyə bilərik?
İnsana daima qəm verir fələk,
Birin qursa, birin dağıtsın gərək...
CEVRIYYƏ - Deməli, onun anasını məcbur etdilər ki, hər şeyi söyləsin.
Kərim -
Onun anası heç nə deməyib. Anasını sonra buraxdılar. Onu tamam başqa bir iş üstə küçədə tutublar. Onu ancaq təzə iş üstə ittiham edirlər. CEVRIYYƏ - (Gözlərini silərək.) Onun bu yeni təqsiri böyükdürmü?
Kərim -
Yox. Qorxulu heç nə yoxdur. Amma onun şəxsiyyətini müəyyən etsələr...
CEVRIYYƏ - Məgər onun kim olduğunu hələ bilmirlər?
Kərim -
Yox. Ancaq işgəncə verib öyrənə bilərlər.
CEVRIYYƏ - Deməli, onun kim olduğunu blməsələr, az iş verəcəklər, hə?
38
Kərim -
Elədir, amma bilsələr... CEVRIYYƏ - Köhnə hökm də qüvvəyə minər və onu edam edərlər, eləmi, Kərim abi?
Kərim -
...
CEVRIYYƏ - Abi, gəlin bir iş görək. Onu qurtaraq! Onu ordan çıxardıb qaçırdaq...
Mən qazamata yaxşı bələdəm. Bağlı qapıların, dəmir barmaqlıqların, qandalların nə olduğunu bilirəm. Dnyada küçə, insanlar, hava, Günəş, səma, ulduzlar, dəniz olduğu halda o divarların, qapıların arxasında oturmaq dəhşətdir. Görüm ora viranə qalsın! Indi onun orda necə əzab çəkdiyini mən bilirəm. Mən onun indi şir kimi qəfəsdə necə vurnuxduğunu, öz yuvasında ucsuz-bucaqsız Günəşli yollar haqqında necə düşündüyünü təsəvvür edirəm. Nəzarətçilərin adamla nə tövr rəftar elədiklərini də bilirəm. Yox, polislər mütləq əzab və işgəncə verib onu danışmağa məcbur edəcəklər.
Kərim -
Ağlım kəsmir bunu bacaralar...
CEVRIYYƏ - (Pıçıltıyla.) Axı o, ölümə məhkum edilib. Polis onu tanıyır...
Kərim -
Onu qiyabi məhkum ediblər. O vaxt ələ keçmədi, yalnız yoldaşları tutuldular. CEVRIYYƏ - Əgər onları üzləşdirsələr...
Kərim -
Onlardan, demək olar ki, heç kim sağ qalmayıb. Sağ qalan varsa da onu satmaz.
CEVRIYYƏ - Gizlənmiş olsa da, onu yəqin ki, tanıyan vardı...
Kərim -
Az adam tanıyırdı. Buna görə də o, bu dəfə tək ələ keçdi. Mən inanmıram ki, o, özünü tanıtsın.
CEVRIYYƏ - Ah, qarabaxt canım... Bütün dünya daha mənim üçün qazamata çevrildi, abi... Kim bilir, polislər danışmağa məcbur etmək üçün ona necə əzablar verirlər... Mən fironları yaxşı tanıyıram, abi. Onlardan rəhm gözləməyi Allah heç kəsə qismət eləməsin. Onlar kimi desən danışmağa məcbur edə bilərlər... Onu qurtarmaq lazımdır. Bir iş görmək lazımdır...
Kərim -
Lazımdır, qızım, lazımdır... Lakin bu o qədər də asan iş deyil. Pul gərəkdir, xeyli pul. Pul gücünə onu nəinki qaçırtmaq, hətta rəsmi surətdə tamamilə azad da etmək olar. Etibarlı yollar var...
CEVRIYYƏ - Pul... Bütün yaxşı işlərin, pis işlərin də açarı. Tale cibimizə belə bir açar qoymadı. Odur ki, üzümüzə nə qədər qapılar bağlanıb. Həyatın kandarında qalmışıq... Nə edək, abi? Bəlkə, bəlkə bir zəngin adam tapasan, bizə lazımi qədər pul verə, əvəzində ömrüm boyu mən onun qapısında qul olardım.
Kərim -
Belə yaramaz, Cevriyyə... Bir az pulumuz vardı. Anasını xilas etdik... CEVRIYYƏ - Bədbəxt qadın... Heç olmasa oğlundan xəbər tuta bilirmi?
39
Kərim -
Necə xəbər tutsun? O vaxt onun kimliyi aşkar edilər ki. Yazıq arvad onun evdə olan bütün şəkillərini yandırıb. Əgər onları görüşdürsələr, deyəcək ki, o mənim oğlum deyil. CEVRIYYƏ - Sən necə, abi, tutulandan sonra heç görmüsən onu? Yəqin ki, xiffət çəkir, arıqlayıb, zəif düşüb...
Kərim -
O dözümlü adamdır, Cevriyyə. CEVRIYYƏ - Aman Allah, onu bir an görməkdən ötrü dünyada ən qiymətli nəyim varsa qurban verərdim... Abi, ona çatdırın, ona çatdırın ki, mən hər an onu düşünürəm, onu azad etməkdən ötrü həyatımdan da keçməyə hazıram.
Kərim -
Sən onu belə çox sevirsən? CEVRIYYƏ - Canımdan da çox sevirəm. Bəlkə inanmırsan? Elə fikirləşirsən ki, Cevriyyə küçə qızıdır, yalan danışır. Anamın ruhuna and olsun ki, düzünü deyirəm. Allah günahımdan keçsin, mən onu Allah qədər sevirəm... Onun tutulduğunu eşidincə bütün dünyaya lənət oxudum. Onu öldürəcəklərini fikirləşəndə istəyirəm ev odlayım, adam döyüm, şüşə qırım, quduz it kimi ulayım... Onun indi orda çəkdiyi işgəncələr qəlbimi parçalayır. Mənə elə gəlir ki, onun biləklərindəki qandallar mənim biləklərimi sıxır. Fikirləşirəm, kaş zəlzələ baş verəydi, onu məndən ayıran divarları uçuraydı. Mən ölmək istəyirəm... Qoy mən ölüm, ancaq o sağ qalsın. Cavanlığımdan kam almamış ölüm. Qoy Allah mənim gənc ömrümü kəssin, onun ömrünə calasın, onu azad etsin.
Kərim -
(Əlini onun üzünə, çiyninə çəkir.) Zavallı qız, sakit ol, sakit ol. Mən sənə inanıram.
CEVRIYYƏ - (Doluxsunmuş halda.) Gəl onu qurtaraq, Kərim abi.
Kərim -
İlk öncə ona kim olduğunu gizlətməkdə kömək etmək lazımdır. Buna nail ola bilsək, sonrakı iş asandır. Yerin deşiyindən də varsa, bir az pul əldə edərik.
CEVRIYYƏ - Doğrudanmı, abi? (Göz yaşlarıyla gülümsəyir.) Tez ol, de görüm, mən nə etməliyəm?
Kərim -
Keçən gecə iki nəfəri də həbs ediblər. Onlardan biri məni tanıyır və güman edə bilər ki, o mənim yanımda yaşayırmış. Əgər məni tanıyan adamı danışmağa məcbur etsələr, işlər pis olacaq. Polislər dostumuzun şeylərini üst mərtəbədə tapa bilərlər və onun kim olduğunu başa düşərlər... O şeylər dəmirdən olduğu üçün onları yandırmaq mümkün deyil. Onları dənizə atmaq lazımdır. Bu işdə sən mənə kömək edə bilərsənmi? CEVRIYYƏ - Əlbəttə edərəm.
Kərim -
Elə isə sabah bu vaxtı gəl bura. Mən sənə bir bağlama verəcəyəm. Ağır bir bağlama. Aparıb körpüdən dənizə atarsan. Buranın polisləri məni çox görüb, sən isə onlar üçün təzəsən. Buna görə, həm də qadın olduğuna görə səndən şübhələnməzlər. Daha iki belə bağlama olacaq. Onları da eləcə bir-bir aparıb suya atmaq lazımdır. Aydındırmı?
CEVRIYYƏ - Aydındır, Kəim abi, hər şey aydındır. 40
Kərim -
Allah qoysa, dostun həbsdən çıxan vaxt, ona kömək elədi –
yini biləndə, səninlə fəxr edəcəkdir.
CEVRIYYƏ - (Sevinc qatışıq bir həyəcanla.) Fəxr edəcəkdir?.. Ay Allah, o gün mənə qismət olacaqmı?
Kərim -
Allah qoysa, hər şey yaxşı olacaq. Unutma, sabah bu vaxtı burda! Indisə, mən getməliyəm, Cevriyyə. CEVRIYYƏ - Hara, Kərim abi?
Kərim -
(Bir az qayğılı.) Burda, yaxındakı meyxanada bir qoca yunan işləyir. Məni axtarıb, məni görmək istəyib. Bilmirəm, nə məsələdir. Deyirlər, o özü yaxşı adamdır, amma ağası Kosti polislərlə əlaqədədir, günahsız şəxsləri onlara satmaqla alver edir.
CEVRIYYƏ -
(Yarım təbəssümlə.) Barbanı deyirsən, Kərim abi?
Kərim -
Onun adı Barbadır? Mən tanımıram... CEVRIYYƏ - (Birdən sevinclə.) Kərim abi! Deyəsən axı tale üstümüzə açar da atdı?! Nə üçün Allah Barba kimi xeyirxah insanlardan az yetirib bu dünyada? O mənə doğma ata kimi himəyadarlıq edir. Bu bir həftəni məni öz otağında gizlədib. Mən bütün qəlbimi, sirrimi ona açdım. O, mənim dərdimə şərik oldu. O səni mənə görə axtarıb. Kərim abi, o, ömrü boyu qəpik-qəpik topladığı pulları bir nəcib işdən ötrü mənə vəsiyyət etmək fikrindədir. Cənnəti bu dünyada yaratmaq istəyən yarımallah kimi bir insanı fironların pəncəsindən xilas edib azadlığa – öz işinə, gücünə qaytarmaqdan da nəcib iş ola bilərmi? Gedək, Kərim abi, mən sizi tanış edim. Qoy dəstəmiz böyüsün. Sabahkı əməliyyatda Barba da ürəklə-canla iştirak edəcək.
Gedirlər. ON ÜÇÜNCÜ FRAQMENT Küçə. Gecə. Taxta pilləkənlərin qarşısındakı meydança. Skamya. Barba ilə Cevriyyə oturublar. Gözləri qapıdadır. Tez-tez ətrafa boylanırlar. Barba əlində əsa, qalyan tutub. Cevriyyə oturmuş tərəfdən bir hənirti eşidilir – kimsə fit çala-çala küçə ilə keçir. CEVRIYYƏ - (Səsə dönərək yarımpıçıltı ilə.) Barba, qalyanını tüstülət, gecikmə.
Barba naşı şəkildə qalyanını tüstülədir. Kərim deyir, ən əsaı odur ki, bağlamaları bu qapıdan çıxan 41 görməsinlər. Fit səsi, hənirti uzaqlaşır. Söndürə bilərsən daha. Kərim pəncərədən baxır. Qoy görsün ki, sakitlikdir. Ikinci bağlamanı da gətirib çıxartsın vaxtında. barba - Bu bağlamanı mən aparacağam.
CEVRIYYƏ - Gücün çatarmı, Barba? Qoy yenə özüm aparım. O ağırlığı daşıdıqca elə sanıram ürəyimdən qüssə azalır.
barba - Barbanı o qədər də ölü bilmə. Bu dəfə dincəl. Axırıncını yenə sən apararsan. CEVRIYYƏ - Di yaxşı. Amma başqa yolla get. Özün də ehtiyatlı ol. Unutma, ələ keçsən, bil ki, hər şey batdı daha.
barba - Nə danışırsan, Fosforlu? Lazım gələrsə, bağlama qatışıq atılaram suyun dibinə.
Qapı açılır. Kərim əlində bağlama çıxır. Cəld qapını bağlayır, sakit, arxayın tərzdə bağlamanı götürüb skamyaya yaxınlaşır, bir kənardan oturur. Barba başındakı şlyapanı, əlindəki qalyanı, əsanı skamyanın üstə qoyub bağlamanı götürür, uzaqlaşır. Kərim şlyapanı başına qoyur, qalyanı, əsanı əlinə götürür, Barbanın yerində oturur. Cevriyyə gülməkdən özünü güclə saxlayır. CEVRIYYƏ - Deyirsən, yəni bu gün onu buraxacaqlar?
Kərim -
Barbanın pulları yaxşı açar imiş, Cevriyyə. Polis rəisinin özü bu açarı əlində tutub indi onun üçün cürbəcür qapılar açır. Açılmalıdı, sonuncu qapı da bu gün açılmalıdı.
Danışa-danışa ayağa qalxırlar, Barbanı izləyə-izləyə ondan xeyli aralıda onun ardınca gedirlər. Barba ağır bağlamanı əlindən-əlinə keçirdərək körpüyə yaxınlaşır. Amma gözlənilmədən hər şey dəyişə bilər. Yazıq qocanın pulları da havaya uçar, onun da üzünə elə bir qapı bağlanar ki, daha heç nə ilə açılmaz.
CEVRIYYƏ - Allah eləməsin, abi. Onda gərək biz bu dünyada yaşamayaq.
Kərim -
Bu dəqiqə ən mühüm iş bağlamaları, bu bağlamaları yox etməkdir. CEVRIYYƏ - Başa düşürəm, abi. Ən böyük təhlükə onlara görədir.
Kərim -
Bağlamalardan birinin ələ keçməsi onun üçün birbaşa ölüm deməkdir.
42 Barba körpüyə çatır. Hiss edilməyəcək bir şəkildə ətrafı nəzərdən keçirdir. Heç kimin onu görmədiyinə əmin olunca bağlamanı suya atır. Uzaqlaşır. Kərimlə Cevriyyə diqqətlə onu izləyir. Bağlama suya düşərkən hər ikisinin üzünə sevinc şöləsi gəlir sanki.
Kərim -
Qaldı biri...
CEVRIYYƏ - Allah qoysa, onu da indicə aparıb atacağam.
Geri qayıdırlar. Kərim şlyapanı, əsanı, qalyanı skamyanın üstə qoyub gedir. Barba məmnun halda xəlvəti gülümsəyərək gəlir. Skamyada oturub yenə öz roluna girir. CEVRIYYƏ - Barba, bura küçə olmasaydı, mən səni o qədər öpərdim ki... Eyibi yox, borc olsun. Qalyanı hazır tut. Təsəvvür edirəm, tütündən necə iyrənirsən. Yenə küçə mane olur, yoxsa özüm tüstülədərdim o zəhrimarı da. Kərim üçüncü bağlamanı gətirir. Cevriyyə bağlamanı götürüb uzaqlaşır. Başqa yolla gedir. Qocalar onu izləyirlər.
Kərim -
Sağ ol, Barba. Neçə il qonşuluqda yaşamışıq, bir-birimizi tanımamışıq.
barba - Gec də olsa qarşılaşmaq özü bir qənimətdir.
Kərim -
Biz indi çətin anların dostu oluruq. Belə dostluq heç zaman unudulmur. Sənin barəndə ona da danışmışam.
barba - İnsan insana nə üçün gərəkdir bəs? Fit səsi eşidilir. Cevriyyə səsə dönüb baxır. Qaçaraq yaxınlaşan addım səsləri. Divarlarda oynayan cib fənərinin işığı. Cevriyyə sürətini artırır, qaça-qaça gedir. Bağlamaya gücü çatmır, onu gah çiyninə qaldırır, gah qucağında tutur. Qocalar bir-birinə baxa-baxa qalıblar, bilmirlər nə etsinlər. Fit, addım səsləri daha da yaxınlaşır. Fənər işığı aralı divarda oynayır. Cevriyyə qaçır, qaçır. Nəhayət o körpüdədir. Bağlamanı suya atmaq istəyir, lakin tor zənbilə qoyulmuş bağlamanın ipi onun əynindəki jaketin düyməsinə ilişib. Cevriyyə heç cür düyünü aça bilmir, bağlama ilə bir yerdə suya atılır. Qocalar dəhşətlə “Ah!..” edərək bir-birinə qısılırlar. Fit, addım səsləri bir an da davam edir, lakin sonra elə bil səmtini dəyişir, başqa istiqamətə yönəlir, uzaqlaşır, eşidilməz olur. Barba ilə Kərim anlaşılmaz baxışlarla bir-birinə baxır, sonra Cevriyyənin suya atıldığı yerə qaçırlar, boylanıb suya baxırlar. Barba özünü saxlaya bilmir, səssizcə hönkürür. Kərim onu ovutmağa 43 çalışır. Aralıdan gəmi keçir. Gəmidən mahnı səsi eşidilir: Gözəllərin gülüydün, Cevriyyə, Cevriyyə,
Könüllərin diliydin, Cevriyyə, Cevriyyə...
Göydən bir ulduz axır. Körpünün digər başında O görünür. Qça-qaça gəlir. Sifətində sevinc də var, həyəcan da. Kərim onun qabağına çıxır. Qucaqlaşırlar. Barba aralıdan baxır. Kərim onları tanış edir. Əl verib görüşürlər. Sonra qucaqlaşırlar da. O - (Kərimə.) Hanı bağlamalar? Yoxsa... Gəldim evə. Birinci bağlamalara baxdım. Gördüm yoxdur. Bildim ki, gətirmisən bura. Lazım deyil daha onları suya atmaq. Artıq mən azdlıqdayam, Kərim. Əvvəlki həyatıma, əvvəlki işimə davam edə bilərəm yenə... Qocalar dinmirlər. Nə olub sizə? Niyə belə pərişansınız? Mənim gəlişimə sevinmirsiniz, nədi?..
Kərim -
Bağlamalar suyun dibindədir daha.
O - Canınız sağ olsun. İnsan deyillər ki, əvəz olunmaya.
barba - Məsələ burasındadır ki... sonuncu bağlama bir insanı da özü ilə çəkib apardı suyun dibinə.
O - (Heyrətl.) Kimi?
Kərim -
(Çox çətinliklə.) Cevriyyəni...
O - (Donub qalır, gözləri dolur.) Bu necə baş verdi?
Kərim -
Polis başqa kimisə qovurmuş. Cevriyyə elə bildi onu qovurlar. Qaçdı. Bağlamanın ipi düyməsinə ilişdi. Aça bilmədi. Bağlama ilə bir yerdə atdı özünü də suya.
O, ulduzlu səmaya baxır. Uzaqlaşan gəmidən mahnının son sədaları eşidilir. Elə bu an körpünün baş tərəfindən Cevriyyə görünür. Bütün paltarından, saçından su süzülür. Əlində taca bənzər nəsə tutub qaça-qaça gəlir. Həyəcan, təlaş dolu səsi eşidilir:
CEVRIYYƏNIN SƏSI -
Çatdım!.. Yeddi minarənin dərinliyinə çatdım nəhayət ki. Heç demə, ağır yüklə enmək lazımmış. Qalxmaq isə elə çətin deyilmiş. Orda nələr, nələr yox imiş?... Bu qızıl tacı isə sənin üçün gətirdim, mənim sevgilim...
Cevriyyə qaçır, qaçır, ancaq nədənsə yaxınlaşa bilmir elə bil. Səsi də 44 uzaqlardan eşidilir sanki, əks-səda kimi. Kişilərin hər üçü donub qalıb, bilə bilmirlər, bu Cevriyyənin özüdür, yoxsa onun xəyalı, ruhu... S O N
Füzuli YAVƏR
ser.f.yaver@mail.ru
ser-fizuli@yandex.ru
Dostları ilə paylaş: |