İBRAHİM XANIN BALAKƏNDƏN ŞUŞAYA
GƏLMƏSİ VƏ BAŞQA HADİSƏLƏR
Balakəndə 2-3 ay qalandan sonra İbrahim xan böyük əzab və fəlakət
içərisində olan Qarabağa qayıtdı. Bir tərəfdən təbii fəlakət, digər
tərəfdən Ağa Məhəmməd şahın sərbazları tərəfindən qarət və talan
edilməsi nəticəsində Qarabağda ağır bir yoxsulluq yaranmışdı. Əhalinin
bir hissəsi qaçıb başqa yerə dağılmışdı. Ətraf xanlar da üzdə onun dost
olmalarına baxmayaraq, bu ağır günlərdə Qarabağa heç bir yardım
göstərməmişdilər. Əksinə, bir çox halda Qarabağın ətraf kəndlərini talan
və qarət etməkdə idilər.
Ağa Məhəmməd şah Qacar öldürüləndən sonra Şiraz hakimi Ağa
Məhəmməd şahın qardaşı oğlu Sərdar Baba xan adlanan Fətəli şah
Qacar Tehrana gələrək vəsiyyətə görə İran şahlığını ələ almışdı. O,
tezliklə İranın hər yerində nizam-intizamı bərpa etməyə müvəffəq oldu.
Şah İbrahim xanın yanına elçilər göndərib Ağa Məhəmməd şahın
cənazəsini tələb etdi. Xan İrandan gələn elçilərə lazımi hörmət göstərdi.
Ağa Məhəmməd şahın cənazəsini hörmətlə İrana yola saldı.
102
Fətəli şah İbrahimxəlil xanın bu hərəkətindən razı qaldı, onun
Tehrana şahı dəfn etməyə gələn adamlarına bəxşiş və xələtlər verərək
hörmətlə Qarabağa yola saldı. Eyni zamanda, İbrahim xana qılınc və
qızıl yəhər göndərərək Qarabağdan əlavə, Qaradağ vilayətinin bütün
mədaxilini onun ixtiyarına verdi. Eyni zamanda, İbrahim xanla qohum
olmaq arzusunu bildirdi: Beləliklə, İbrahim xanın ağıllı və sevimli qızı
Ağabəyim ağa üçün Tehrandan elçilər gəldi, kəbin kəsildi. Ağabəyim
ağa Şuşadan Tehrana təntənəli şəraitdə yola salındı. Eyni zamanda,
İbrahim xanın oğlu Əbülfət ağa da şahın yanına göndərildi. Fətəli şah
Əbülfət ağaya xanlıq rütbəsi verdi və yüksək dərəcəli xanlar sırasında öz
hüzurunda saxladı. Fətəli şah tez-tez bəxşişlər və xələtlər göndərmək
yolu ilə İbrahim xanı öz tərəfinə çəkməyə çalışırdı.
Fətəli şahın bütün istəklərinə rəğmən İbrahim xan Rusiya ilə
birləşmək üçün əlverişli məqam axtarırdı. Bu məqsədlə Mazdok xətti ilə
Tiflisə gələn general Qudoviçin yanına İbrahimxəlil xanın elçiləri
göndərildi və itaətə hazır olduğunu bildirdi. Nəhayət, 1803-cü ildə
general Sisianov Zaqafqaziyaya sərdar təyin olunaraq Tiflisə gəldi.
Əslən gürcü olan Sisianov şöhrətpərəst, şəxsiyyətini hədsiz sevən
mənsəbpərəst bir adam idi. Buna görə də o, birinci dəfə Car və Tala
ləzgilərini, İrəvan və Gəncə xanlıqlarını özünə tabe etmək və bu yol ilə
Gürcüstanı ətraf xanlıqların hücumundan xilas etməyə çalışdı...
O, 1803-cü ilin dekabr ayında Gəncə üzərinə hücum edib, 1804-cü
ilin yanvarında oranı işğal etdi. Lisaneviç Cavad xanı öldürdü, Gəncə
əhalisini qırıb talan etdilər... Sisianov Gəncəni alandan sonra mayor
Lisaneviçi İbrahim xanın yanına göndərib rus hökumətinə tabe olmağa
çağırdı. İbrahim xan razılıq verib Lisaneviçi hörmətlə geri qaytardı.
1805-ci ilin mayında Gəncə ilə Qarabağ sərhədi olan Kürək-çayda
Sisianovla İbrahim xan arasında təntənəli şəraitdə danışıqlar başladı.
İbrahimxəlil xanı bu görüşdə oğlanları Məhəmmədhəsən ağa,
Mehdiqulu ağa, Xanlar ağa, eləcə də Qarabağın məşhur bəyzadələri
müşayiət edirdilər. İbrahim xanın dəvəti üzrə onun kürəkəni Şəki hakimi
Səlim xan da Kürəkçaya gəldi. 14 may 1805-ci il tarixindən Kürəkçayda
əhdnamə və müqavilə ilə Qarabağ xanlığı Rusiya itaətini qəbul edib rus
təbəəliyini qəbul etdi.
103
Həmin müqaviləyə görə Qarabağ xanlığı təxminən aşağıdakıları
öhdəsinə almışdı:
1. İbrahim xan İran, Türkiyə və başqa dövlətlərlə hər cür əlaqə və
asılılıqdan imtina edib, yalnız rus imperiyasını tanıyır və onun
hakimiyyətini qəbul edir.
2. Qarabağ xanlığı qonşu hakimlərlə əlaqə saxlamamalıdır. Onlardan
alınan hər növ məktublar Şuşadakı rus komandanlığının və ya
Gürcüstan baş hakiminin Qarabağda olan vəkilinin mülahizəsinə
verilməlidir.
3. Xanlığın ərazisində saxlanan rus qoşunları üçün komandanlıq
tərəfindən təsdiq olunmuş qiymətlərlə ərzaq tədarük olunmalıdır.
4. Rus qoşunları üçün lazımi bina verilməlidir.
5. Gəncədən Şuşaya gedən yol arabaların rahat getməsi üçün təmir
olunmalıdır.
6. Sədaqət və inam əlaməti olaraq xanın böyük oğlundan olan nəvəsi
həmişəlik Tiflisdə yaşamaq şərtilə girov verilməlidir.
7. Xan hər il 8000 çervon rus dövlətinə bac verməlidir. Və bunu da
iki vaxtda: fevralın birində, sentyabrın birində ödəməlidir.
Bu şərtlərin müqabilində rus dövləti Qarabağ xanlığına aşağıdakıları
vəd edirdi:
1. Xanın mülkü salamat saxlanılır. Xanlığın idarəsi irsi böyük-lüyə
görə nəsildən-nəslə keçir və bunu rus imperatoru təsdiq edir. Məhkəmə
işi, cəza və vergi toplamaq xanlığın ixtiyarında qalır.
2. Xanın mülkünü müdafiə etmək üçün Şuşa qalasına topları ilə
birlikdə 500 nəfər rus soldatı göndərilir.
3. Xana öz evində saxlamaq üçün üzərində rus gerbi olan bayraq
bağışlanır.
4. Xanın əmanət təyin edilən nəvəsinə gündəlik xərc olmaq üzrə 10
manat gümüş pul müəyyən edilir. Bütün bunlarla birlikdə İbrahim xana
general-leytenant, Məhəmmədhəsən ağaya general-mayor, Xanlar ağaya
polkovniklik hərbi rütbəsi verilir.
Az sonra mayor Lisaneviçin komandanlığı ilə rus hərbi hissəsi xan
bağında yerləşdi, bir qədərdən sonra bu soldatlar bilavasitə Şuşa
şəhərinə köçürüldülər. İbrahim xanın ruslarla birləşməsi Fətəli şahı
təşvişə saldı. O, guya kömək məqsədi ilə Əbülfət xanın başçılığı ilə
5000 sərbazı Qarabağa İbrahim xanın köməyinə göndərdi. Şah təklif
104
edirdi ki, qoy Əbülfət xan həmişəlik Qarabağda qalsın, əvəzində
Məhəmmədhəsən ağa şahın hüzuruna gəlsin.
Şahın bu təklifiəri İbrahim xanı acıqlandırdı. Əmr etdi ki, Əbülfət
xan təcili olaraq öz qoşunları ilə Qarabağ torpağını tərk etsin. Əbülfət
xan riyakarlıq edərək geri qayıtmaq əvəzinə Tuğ kəndi ətrafında mövqe
tutdu. Həmin zaman İbrahim xan oğlu Məhəmmədhəsən ağa və
Mehdiqulu ağa ilə həmin kənddə idilər. Əbülfət xan hücum edərək
onları əsir etmək fikrinə düşdü. Müharibə nəticəsində Əbülfət xan
məğlub olub Arazın İran sahilinə qaçdı.
Bu hadisə Fətəli şah Qacarı son dərəcə qəzəbləndirdi. Şah Kərim
xan, Rəhim xan və Abdulla xanı elçi sifətilə İbrahim xanın yanına
göndərdi. Mülayim söz və qəliz andlarla dolu bir məktub dəxi yazaraq
bütün Qaradağ və Qaradağın şahlıq xəzinəsinə çatası vergilərini İbrahim
xana və onun övladlarına veriləcəyinə vəd etdi. Şah bu təklifin əvəzində
Əsgəran qalasının hər iki bürcünün İran hökuməti ixtiyarına verilməsini
təklif edirdi. Eyni zamanda Şuşa çayı və şəhərin beş verstliyində olan
səngər dəxi İranın əlində olmalı idi. Şahbulaq qalasında isə bir İran
sərdarı və sərbaz saxlanmalı idi. Bununla şah rusların Şuşaya gəlmək
yollarını bağlamaq istəyirdi və s. Şahın məqsədi o idi ki, Şirvan və
Gürcüstan vilayətlərinin qapısı olan şəhəri rusların deyil, iranlıların
əlində olsun. Təbii ki, İbrahim xan öz əhdnaməsinə sadiq qaldı və
iranlıların təkliflərini rədd etdi. Belə olduqda İran qoşunlarının Araz
kənarına yaxınlaşması xəbəri yetişdi. Arazın suyu çox yüksəldiyindən
yalnız körpüdən keçmək mümkün idi. Məhəmmədhəsən ağa İran
qoşununu körpüdən geri qaytarmaq məqsədilə mayor Lisaneviçi götürüb
Xudafərin körpüsünə doğru getdi. Təəssüf ki, iranlılar körpünü keçib
Qarabağ ərazisinə soxulmuşdular. İranlılarla rus və Qarabağ döyüşçüləri
Cəbrayıl bağlarında üz-üzə gəldilər. Qanlı müharibə başlandı. Gecə
Məhəmmədhəsən ağa öz əsgərlərini götürüb Şuşanın mühafizəsi üçün
qalaya qayıtdı. İranlılar irəliləyib Şuşanın 28 verstliyində olan Ağoğlan
qalasını tutdular. İran qoşunlarının sərkərdəsi naibüssəltənə Abbas
Mirzə öz qərargahını Çanaxçı kəndində yerləşdirdi. O, 5000-dən çox
İran sərbazı göndərərək Şuşa şəhərini mühasirəyə başladı. Digər
tərəfdən, polkovnik Karyagin və polkovnik Kotlyarevski qoşun və
topxana ilə gəlib Şahbulaq qalasında yerləşdi.
105
Rusların gəlməsini eşidən naibüssəltənə Abbas Mirzə Çanaxçı
kəndindən çıxıb polkovnik Karyaginin üstünə gəldi. Əsgəran ətrafında
on gün müharibə getdi. Nəticədə polkovnik Kotlyarevski yaralandı və
ruslar geri çəkilməyə məcbur oldular. Bu müharibədə ruslara Vanya
yüzbaşı
bələdçilik edirdi. İranlılar
Şahbulağı alıb oranı
möhkəmləndirdilər.
Fətəli şah ruslara qarşı müharibəni daha da qızışdırmaq məqsədilə
qoşunla Şuşa şəhərinin 18-20 verstliyində ordugah qurdu. Belə bir
şəraitdə ruslar Vanya yüzbaşının bələdçiliyi ilə meşələrdən, dağlardan
keçib Şuşaya daxil oldular. Lakin özləri mühasirəyə düşüb Gən-cəyə
qayıtmağa məcbur oldular. Şuşa ətrafında İran qüvvələrinin gücləndiyini
eşidən Sisianov böyük qüvvə ilə Qarabağa gəldi. Naibüssəltənə Gəncə -
Tiflis istiqamətində irəliləyərkən Fətəli şah Ağoğlan qalasında
çadırlarını qurmuşdu. Bu zaman Fətəli şaha xəbər çatdı ki, rus hərbi
qüvvələri Xəzər dənizi vasitəsilə Talış və Rəştə əsgərlər çıxanınşlar. Şah
Ağoğlandan hərəkət edib Ərdəbil tərəfə getdi.
General Sisianov Ağoğlan yaxınlığında olan Xonaşenə qədər
irəlilədisə də, iranlılarla qarşılaşmadı. Geri qayıdarkən Sisianov Şuşaya
gəldi. Şuşada İbrahim xanın yanına İrandan göndərilən və girov
saxlanan üç İran xanı ilə görüşdü, onlara ehtiram göstərdi.
1805-ci ilin qışında Sisianov Bakı, Şamaxı, Dərbəndi almaq
məqsədilə Kür çayını keçib Şəki istiqamətində hərəkət etdi. İbrahimxəlil
xanın göstərişi ilə oğlu Mehdiqulu ağa və şəkili Səlim xan Sisianova
kömək edirdilər.
Şirvan hakimi Mustafa xan Sisianova tabe olmaqdan boyun qaçıraraq
Fit dağına çəkilmişdi. Mehdiqulu ağanın elçiliyi ilə Mustafa xan yola
gəlib rus dövlətinə itaət etdi.
Sisianovun qoşunu Şirvandan Bakı üzərinə hərəkət etdi. Bu zaman
İbrahim xanın böyük oğlu Məhəmmədhəsən ağa vəfat etdi. Ona görə
Sisianov Mehdiqulu ağanı Şuşaya qaytardı və İbrahim xana başsağlığı
məktubu göndərdi. Sisianov Məhəmmədhəsən ağanın oğlu Cəfərqulu
ağaya məktub yazaraq onu həmişə himayə etməyə hazır olduğunu
bildirdi.
Sisianov Bakı üzərinə hücum edərkən onu həm qurudan, həm də
dənizdən mühasirəyə aldı. Vəziyyəti belə görən Bakı xanı Hüseynqulu
xan hiyləyə əl atdı. O, Sisianovu qaladan azca aralıda qurulmuş
106
çadırına dəvət etdi. Sisianov Hüseynqulu xanın çadırında danışıq
apararkən xanın qohumlarından İbrahim bəy namərdlik edib Sisianovu
tapança ilə vurdu.
Sisianovun ölümü İbrahimxəlil xanı da kədərləndirdi. Sisianovdan
sonra onun yerinə müvəqqəti olaraq Nesvetayev təyin olundu. İbrahim
xan onun yanına elçilər göndərib Rusiyaya sədaqətini bir daha təsdiq
etdi. General Nesvetayev xanın elçilərini hörmətlə qəbul edib ənam və
bəxşişlərlə Qarabağa yola saldı.
İBRAHİMXƏLİL XANIN ÖLDÜRÜLMƏSİ. İRANLA
MÜHARİBƏNİN GENİŞLƏNMƏSİ
1806-cı ilin yaz fəslində iranlılar yenə də Qarabağa yürüş etməyə
hazırlaşırdılar. Tez-tez İbrahim xanın yanına şah elçiləri gəlir, vədlər və
ümidlərlə onu öz tərəfinə çəkmək istəyirdilər. Hər dəfə iranlılarla
görüşünü İbrahim xan mayor Lisaneviçə bildirirdi. Müharibənin
qarşısını almaq üçün İbrahim xan bacardıqca iranlılarla mülayim hərəkət
etməyə çalışırdı. Digər tərəfdən, məhsulun yetişməsi və yığılması dövrü
yaxınlaşdığından xan Qarabağı müharibə meydanı etməkdən çəkinirdi.
Bu biri tərəfdən Şuşada rus qoşunu o qədər az idi ki, bununla ciddi
müharibə aparmaq mümkün deyildi...
Bu zaman xəbər çatdı ki, İran sərbazları Şuşa qalasına doğru hərəkət
edirlər. İbrahim xan Şuşadan 12 kilometr aralıda olan Xan bağından
köçüb şəhərin 4 kilometrliyində Qaraqaya adlı yerə gəlib düşərgə saldı.
Fitnəkarların aravurması nəticəsində gecə mayor Lisaneviç qoşunla
Şuşadan çıxıb xanın düşərgəsinə hücum etdi. Xan çadırdan çıxıb
mayoru gördü: "- Gecənin bu vaxtında nə hadisə üz vermişdir?" - deyə
sual verdi. Lakin nahaq qan tökməyə adət etmiş Lisaneviç çadırlara atəş
açmaq üçün soldatlara əmr etdi. Həmin gecə çadırda olanlardan 17
nəfəri öldürüldü. Ölənlər içərisində İbrahimxəlil xan, arvadı Tuba
xanım, qızı Səltənət bəyim, 12 yaşlı oğlu Abbasqulu ağa, Kəbirli
bəylərindən iki nəfər qonaq və başqaları var idi. Həmin qanlı və faciəli
gecədə Mehdiqulu ağa və Cəfərqulu ağa Şuşada idilər. Nagahani olan
bu hadisədən şuşalılar və bütün Qarabağ əhli həyəcana düşdü. Lakin
Mehdiqulu xan xalqı sakit edib dedi: "Hökumət özü
107
müqəssirləri cəzalandıracaq". Lakin xalqın narazılığı və çoxlu şikayəti
nəticəsiz qaldı. İbrahim xan çarizmin qəddar müstəmləkəçiliyinin
qurbanı oldu. Lisaneviçin hörməti və hərbi rütbəsi artırılırdı.
Şuşada belə gərgin vəziyyət yarandığı şəraitdə İran qoşunları
Qarabağa hərəkət edib Ağoğlanda yerləşdilər. Tezliklə general Nebolsin
öz qoşunu ilə gəlib əvvəlcə Şahbulağa, sonra Əsgərana çatdı. Mehdiqulu
xan və bəzi Qarabağ əyanları tezliklə rus qoşunu ilə birləşdilər. General
Nebolsin iranlıların hücumunu iki gün gözlədi. Lakin üçüncü gün özü
iranlılar üzərinə hücum etməyə başladı. İranlılar general Nebolsinə
Xonaşen dərəsindəki vuruşmada qalib gəldilər. Lakin köməyə gələn
Mehdiqulu xanın Qarabağ süvariləri tezliklə iranlıları geri qaytardılar.
Atasının ölümündən sonra Mehdiqulu xanın bu şücaəti ancaq onun milli
qeyrətindən irəli gəlirdi.
1811-ci ilin sentyabrında Bakıya səfər üçün yola düşən general
Markiz Pauliççi Gəncədə dayandı, Cavad xanın dustaq və əsir olan ailə
üzvlərini həbsdən azad etdi. Qafqazın hər yerində ruslara qarşı narazılıq,
şuriş əhvalı hökm sürürdü. Rusların qaba rəftarı, müstəmləkəçi
hərəkətləri nəticəsində əhali İrana və Türkiyəyə mühacirət edirdi.
İbrahim xanın nəvəsi Cəfərqulu ağa da İrana qaçmışdı. Bunu görən
naibüssəltənə Abbas Mirzə Qarabağa hücum edərək bir batalyon rus
soldatını məhv etdi. Bu xəbəri eşidən Markiz Bakı səfərini təxirə salıb
Şuşaya tərəf hərəkət etdi. Markiz Pauliççi Şuşa şəhərinə daxil olub bəzi
adamları məzəmmət etdi, şəhərdə nizam-intizamın bərqərar olmasına
çalışdı. Şuşada asayiş qaydaya düşdükdə, general Pauliççi Tiflisdən
arvadından məktub aldı ki, Kaxetiyada və onun ətrafında üsyan
başlanmışdır. 12 fevral 1811-ci ildə Markiz Pauliççi Şuşadan Tiflisə
getdi. Gürcüstanda əmin-amanlıq bərpa edilərkən Fransa-Rusiya
müharibəsi başlanması ilə əlaqədar Markiz Pauliççi 16 aprel 1812-ci
ildə Rusiyaya çağrıldı. Əvəzində Retişşev baş komandan təyin olundu.
O, Rusiyanın beynəlxalq vəziyyətini nəzərə alaraq İranla müharibəni
dayandırıb danışıqlar aparmağa başladı. 12 oktyabr 1813-cü ildə
Gülüstan deyilən yerdə İranla Rusiya arasında sülh müqaviləsi bağlandı.
Müqaviləyə əsasən Zaqafqaziyanın böyük əraziləri Rusiyaya verildi.
"Gülüstan" müqaviləsindən bir qədər sonra general Retişşevi baş
komandan vəzifəsində general Yermolov əvəz etdi. Yermolovun
108
kobudluğu, müstəmləkəçiliyi o dərəcəyə çatdı ki, Qarabağ xanı
Mehdiqulu xan və şirvanlı Mustafa xan İrana qaçmağa məcbur oldular.
Şəki xanı da vəfat etdi. Özündən çox bədgüman olan Yermolov 1822-ci
ildə Qarabağ, Şəki və Şirvanda xanlıq idarəsini ləğv edərək onların
əvəzinə çar zabitlərindən ibarət komendantlıq yaratdı. Beləliklə, çarizm
öz vədlərindən əl çəkib Zaqafqaziyanı həqiqi müstəmləkəyə çevirdi.
"Gülüstan" müqaviləsindən sonra Qafqazda bir müddət asayiş oldusa
da, həmin müqavilədən narazı qalan İran Rusiyaya qarşı yeni, böyük
müharibəyə hazırlaşırdı. 1826-cı ilin iyulunda İranla-Rusiya arasında
ağır müharibə yenə də Qarabağ ətrafında, Şuşa şəhəri uğrunda mübarizə
ilə başladı. Şahzadə naibüssəltənə Abbas Mirzə Qarabağa daxil olub
Gorusda olan rus soldatlarına hücum etdi. Rus qüvvələrinə isə Şuşaya
geri çəkilmək əmri verilmişdi. Bu döyüşdə şuşalılar qalib gəlirlər.
Polkovnik Nazımka və mayor Kovalenski və xeyli soldat əsir alınıb
Ərdəbil şəhərində dayanmış Fətəli şahın hüzuruna göndərilir. Bu zaman
qaradağlı Mahmudqulu xan və sərdar Əmirxan Naxçıvana, Gorunzor
istiqamətində şahzadənin yanına gedirlər. Səhər Çanaxçıdakı rusları əsir
etməyi qərara alan şahzadə Kürdüstan yolu ilə deyil, Şuşadan keçib
getməyi qərara alır. Elə bu zaman Mehdiqulu xanın Şuşadan çıxıb İran
tərəfinə keçməsi xəbəri almır. Şəhəri əldən verməmək üçün general
Reutt cəld hərəkət edib Şuşa şəhərinə daxil olur. Şahzadə belə bir
şəraitdə Çanaxçıya getmək planını dəyişib, böyük qüvvə ilə irəliləyib
Şuşa şəhərini mühasirəyə alır. Qarabağ erməniləri Xəzinə qayası
tərəfdən hücum edib ruslara kömək etmək istərkən əks nəticə verdi və
bu hücum iranlıların xeyrinə oldu. O zaman Qarabağ rəiyyətindən bir
çoxu İran tərəfə keçərək Mehdiqulu xanın yanına gedirdilər. Vaxtilə
Şuşam müdafiə edən qarabağlılardan bir çoxu indi İran tərəfdə
vuruşurdu. Bu zaman Ruslar Talış xanlığını tərk etməli oldular. Talış
Mir Həsən xan üsyan qaldırıb Kaspi dənizindəki rus batalyonunu məhv
etmişdi. Sonra qardaşlarını Abbas Mirzənin yanına göndərib ona
sədaqətini bildirmişdi. İranlıların sürətlə Zaqafqaziyada irəliləmələri
nəticəsində bir çox xanlar qayıdıb əvvəlki hakimiyyətlərini bərpa
etmişdilər. O cümlədən, şirvanlı Mustafa xan Şamaxıda əvvəlki
xanlığını bərpa edirdi...
109
Rus qoşunlarının yüz minlik İran qoşunu qarşısında geri çəkilməsini
görən şahzadə Abbas Mirzə dayısı Əmir xan ilə Nəzərli xanı Gəncə
qalasını möhkəmləndirmək üçün ora göndərmişdi. Naibüssəltənə öz
yaxın adamlarından Biçən xanı böyük müjdə və ümidlə mühasirə
halında olan Şuşa şəhəri üzərinə göndərib şəhəri təslim etməyi ona
tapşırmışdı. Lakin 1795-ci ildə olduğu kimi, 1826-cı il mühasirəsində də
şuşalıların iradəsini qırmaq qeyri-mümkün idi. Ruslar təslim olmaq
təklifini müzakirə üçün və Yermolovdan qalanın sonrakı taleyini
öyrənmək üçün iranlıların razılığı ilə Tiflisə bir heyət göndərdilər.
Yermolov iranlılara belə cavab yazmışdı: "...Kapitulyasiya sözü rus
dilində yoxdur. Fransız dilində isə kapitulyasiya qalanı təslim etməyə
deyilir". Beləliklə, Şuşanın mübarizəsi bir neçə ay davam etdi və qələbə
ilə nəticələndi...
Rusiya-İran müharibəsi Şamxor və Gəncə ətrafında davam edirdi. Ən
böyük döyüşlər general Mədətovun qoşunları ilə sərdar Əmir xanın
qüvvələri arasında olmuşdur. İranlıların məğlub olmaq xəbərini eşidən
şahzadə Mehdiqulu xanı Ağdam tərəfdə qoyub, Gəncə tərəfə getdi.
1826-cı ilin 13 sentyabrında Gəncədə Nizami məqbərəsi yanında baş
verən müharibədə ruslar özlərindən bir neçə dəfə artıq olan iranlıları
məğlub etdilər. Beləliklə, İran sərbazları İrana çəkildilər. Gəncə
müharibəsindəki məğlubiyyətdən sonra (13 sentyabr 1826-cı il) iranlılar
Şuşanın mühasirəsindən əl çəkdilər. İranlıların təqib edilməsində
Qafqazın yeni canişini, sonralar İrəvan qalasını fəth edən Paskeviç
iştirak etmişdi. O, sərhədi keçərək İranın bir çox əyalətlərini almışdı.
General Mədətovun özünü pis aparıb sabiq xanları incitdiyinə və
başqa özbaşınalıqlar etdiyinə görə, 1827-ci ilin aprel ayında onun yerinə
knyaz Abxazov təyin olundu. O, Qarabağ, Şəki və Şirvan vilayətlərinin
rəisi kimi əhalini sakitləşdirirdi. General Paskeviç isə İrəvan və
Sərdarabadın fəthi üçün yola düşdü. Bu zaman Dərələyəzidə olan
Qarabağ hakimi Mehdiqulu xan Paskeviçin təminatı ilə İran
hökumətindən üz çevirərək təkrar Rusiya tərəfinə keçdi. Bu əməliyyat
belə olmuşdur: Paskeviçin göstərişi ilə general Abxazov iki batalyon
soldat götürərək, Mehdiqulu xanın yanına getdi. İki dövlətin sərhədi
olan Ağ Karvansara adlı yerdə görüşdülər. General
110
Abxazov Mehdiqulu xanı xatircəm edib onunla İrana getmiş adamları
Qarabağa köçürülməsinə təminat verdi...
Naibüssəltənə Abbas Mirzə və general Paskeviç qoşunları arasında
olan şiddətli vuruşmalar nəticəsində İrəvan və Sərdarabad qalaları
ruslara təslim olur.
Paskeviç elə bu zaman Qarababa yaylağında istirahətdə olan general
Eristova Təbriz üzərinə hücum etmək haqqında əmr verdi. Rus qoşunları
heç yerdə ciddi müqavimətə rast gəlmədən 13 oktyabr 1827-ci ildə
Təbrizə daxil oldular. Təbrizin fəthindən sonra Abbas Mirzə ilə general
Paskeviç arasında sülh danışıqları başlandı. Lakin rusların sülh
təkliflərini Abbas Mirzə inadla rədd edirdi. Danışıqların uzandığını
görən general Paskeviç Tehran üzərinə yürüşə hazırlaşmaq əmrini verdi.
Xəbər tezliklə Abbas Mirzəyə və atası Fətəli şaha çatdı. Şah çarəsiz
qalıb sülhə razı oldu. Hər iki dövlətin nümayəndələri Türkmənçay
adlanan yerdə sülh məclisinə toplaşdılar. Araz çayı İran ilə Rusiya
arasında sərhəd təyin olundu. İran tərəfi təzminat olaraq ruslara 7 kürur
verməli oldular (hər kürur rus gümüş pulu hesabı ilə iki milyon
manatdır). Bu pul ödənənə qədər Xoy vilayəti rusların əlində girov kimi
qalmışdı. Türkmənçay müqaviləsilə İrəvan və Naxçıvan xanlıqlarının
əraziləri də rusların əlinə keçdi.
ŞUŞANIN MƏDƏNİ HƏYATI VƏ
TARİXİ ABİDƏLƏRİ
XVIII əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycan
mədəniyyəti, ədəbiyyat və incəsənətinin mühüm mərkəzlərindən biri
olmuşdur. Şübhə yoxdur ki, bu işin möhkəm təməlini İbrahim xanın
vəziri Molla Pənah Vaqif qoymuşdur. O da məlumdur ki, Vaqif Şuşada
fəaliyyətə Saatlı məhləsində açdığı mədrəsə ilə başlamışdı. Vaqifin
böyük ədəbi məktəb yaratdığı, onlarca davamçılar yetirdiyi oxuculara
yaxşı məlumdur. Hələ o zaman Şuşada Molla Əli Xəlfə, Molla
Zeynalabdin və bir çox başqa müdərrislər çoxlu istedadlı şagirdlər
yetişdirmişlər.
111
Hələ o dövrdə Şuşada yaşamış Musa Kəlimullahın qələmi ilə XVIII
əsrin ağır müharibələri, xalqın çətin vəziyyəti qələmə alınmışdır:
Zalım fələk! Sənə netdim, neylədim?
Əcəl qılıncları çalhaçaldadır.
Hansı halalını haram eylədim,
Bəlasız başımız qalmaqaldadır?
Şirvanlı Çələbi döyülüb qaçdı,
Qacar Məmmədhəsən bir oyun açdı,
Ovşar Fətəli də yolunu çaşdı,
İndi başqa fikir, başqa haldadır.
Qızmış şirə döndü Ağamməd Qacar,
Qarabağa gətdi qanlı bir azar.
O saymadı, bax gör fələk nə sayır,
Leşi gorda, başı bizim yaldadır.
Yasa döndü bütün toylar, düyünlər,
Ələ düşdü nazlı qızlar, gəlinlər,
Ləkələndi ismət, namus, yəminlər,
Bu cəza nə yerdə, nə mahaldadır.
İbrahim Xəlil xanın oğlu Əbülfət xan Tuti və qızı Ağabəyim ağa da
şair idilər. Onların hər ikisi Şuşada və Qarabağda əminamanlıq və sülh
yaratmaq məqsədilə Fətəli şahın sarayına göndərilmişdilər.
Əbülfət xan Şuşadan gedərkən yazmışdı:
O gün kim həsrətilə ol büti-zibadan ayrıldım,
Qalıb bir surəti-bahiss kimi mənadan ayrıldım...
Eyni ayrılıq ruhunu biz onun bacısı Ağabəyim ağanın şeirlərində də
görürük:
Mən aşiqəm, Qarabağ,
Qara salxım, qara bağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
112
O, başqa bır şerındə yazırdı:
Şərhi-Şişə ki, əcəb abi-həvayi darəd,
Xürrəm on ki, bə səri-kuyi o cayi darəd...
Ağabəyim ağanın Azərbaycan və fars dillərində bir çox mənzumələri
olmuşdur:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim, ömrüm necə gəldi, necə getdi.
Şuşa şəhəri zəngin memarlıq abidələri şəhəridir. Bunların bir çoxu
tarix keçdikcə uçub dağılmış, bir hissəsi isə bizim dövrümüzə qədər
gəlib çatmışdır. Bu abidələrdən iki məscid, divanxana (ruslar buranı
hərbi kəlisaya çevirmişdilər), böyük karvansara daha yaxşı vəziyyətdə
qalmışdır.
Cümə məscidi adı ilə məşhur olan bu bina meydanın qarşısında
tikilmişdir. Əhali çox vaxt həmin binaya yuxarı məscid deyir. Bu bina
hicri 1182 (1768)-ci ildə İbrahim xan tərəfindən tikilmişdir.
Hicri 1282 (1866)-ci ildə İbrahim xanın qızı həmin məscidi əsaslı
şəkildə təmir etmişdir. Bunu məscidin girəcəyindəki qapının üstündəki
kitabələr əks etdirir. Bu kitabələr həmin məscidin vəqf hesabına
işlənməsi və təmir olunmasını göstərir. Məsciddəki kitabələr fars dilində
aydın nəstəliq xətlə daşa həkk olunan sənət əsərləridir. Eyni zamanda,
kitabələr vəqf məqsədi daşıyan hər iki məscidin gəlirinin nəyə sərf
olunduğunu bildirir.
Yuxarı məscidin (meydandakı) kitabəsinin tərcüməsi belədir:
"Ürəkləri bilən odur" (o Allahdır). Şuşa qalasında olan iki
gövhəriyyə mədrəsəsi və iki məscidin vəqfləri aşağıdakılardır: aşağı
məscidin cənub tərəfində bir qatardan ibarət bütün on bir ədəd
dükanlardır ki, bir tərəfdən məscidin həyətinə bitişir və digər tərəfdən
qala meydanına qədər uzanır. Cavanşir mahalından Maqsudlu kəndinin
aşağı tərəfindəki qərbdən hüdudu quzey kəndləri, şərqdən
Gəlinxanımlıya və Quzanlıya, bir tərəfdən Kudri yüzbaşılıya və oradan
da Ağ Kəhrizin yuxarısından otaqçı damına çatır. Və oradan da yeddi
gözə qədər və cənubdan Şahbulaq və Göytəpə sərhədinə və
Gəlinxanımlıya doğru üzüaşağı şimaldan Xaçın çayına kimi
113
quzey kəndlərindən Tösü bağının yuxarısında olan Yolçu bağına kimi
və Kudri yerindən dəstəmaz suyuna və Elçi şıxlara kimi çıxır.
Cavanşir mahalından Qaradağlı kəndinin bütün altındakı hüdudu,
şərqdən Tələk çayına, qərbdən Seysulan çayına və cənubdan Seysulan
xəndəyinin ortasına qədər və oradan üzüaşağı Səngi köbər və ildırım
uçan, şimaldan Səhləbada gedən yolla və Daşlı keçiddən üzüaşağı
Şıxbaba çinarına kimi və nəhayət, Telek çayına qədər uzanır. Kəbirli
mahalından Evoğlu kəndinin bütün aşağı hissəsinin hüdudu: Şərqdən
Saqqız ağacı pirinə, qərbdən Hacı Lazımın dəyirmanının başından
üzüaşağı Oğulboynu çayına kimi və oradan Lələ bağına və oradan
Qarqarlı meşəsinə və oradan Kiçik Şumlu təpəsinə və oradan Gurşənaha
ağacına, oradan Kürə və Saqqız ağacı pirinə kimi və şimaldan yuxarısı
Hacı Lazımın dəyirmanına və üzüaşağı Ərəs xanın əkdiyi yerə qədər və
oradan bağ ağzına və oradan Evoğlu qışlağına qədər, çaydan və oradan
Evoğlu əkin yerinə qədər gəlir və oradan Kürə və oradan yastı yolun və
oradan Saqqız ağacına qədərdir. Və Daruqəli torpağının bütün mülk və
bağları. Məhduddur şərqdən Xıdırlı çayı ilə, qərbdən Qarağacı
qəbiristanından Damlı təpəyə gedən ümumi yol ilə, cənubdan Kərim
ağanın bağı ilə, şimalda Daşlı təpədən üzüaşağı qeyd olunan çaya qədər.
Şərqdən Mirzəlibəy və şimaldan Məşədi Aşurun bağı ilə, qərbdən dəllək
oğlu Məhərrəmin və Allahqulu oğlu İmamqulunun bağı ilə, cənubdan
böyük yol ilə, şimaldan Süleyman xan oğlu Həsən ağanın bağı ilə
məhdud olan Telli kəndindəki bir parça meyvə və üzüm bağı bütünlüklə
məscidin vəqfinə daxildir.
İki məscid mövqüfatının qalan hissəsi vəqfnamənin əslində və onun
kitabçalarında ətraflı surətdə şərtlərlə yazılmışdır ki, vilayətin möminləri
və müvəkkilləri onların (şərtlərinin) yerinə yetirilməsinə əməl etsinlər.
Cənnət məkanlı xanlar xanı xoşbəxt İbrahimxəlil xan Cavanşirin qızı
həzrəti Zəhranın möhtac kənizi, misilsiz xanım, böyük əsilli və uca
nəsəbli, səadətli və şərafətli və həqiqət ədalı yüksəklik və böyüklüyün
xəzinəsinin yeganə gövhəri həzrəti Məryəm xasiyyətli, əsrin Bilqeyisi
sərkar cənabi-Gövhər ağa bütün möminlərdən, xüsu-silə Şuşa
şəhərindəki qeyd olunmuş möminlərdən dua tələb edir. Hər kim qeyd
olunan mövqüfata zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının
əbədi lənətinə tutulsun.
114
Allahın lənəti olsun zalım tayfaya..."
Şuşada meydan qarşısında olan yuxarı Gövhər ağa məscidinin
girəcəyində qapının sol tərəfində də çox sözlü zərif bir kitabə vardır.
Həmin kitabə qapının sağ tərəfində yuxarıda farscadan tərcüməsini
verdiyimiz kitabə ilə eyni həcmdə və formadadır.
Bu kitabə də vəqf yerlərindən alınan gəlirin (mədaxilin) nəyə və
haraya xərc olunmasından bəhs edir.
Kitabənin mətni:
"Sirləri bilən odur (Allahdır). Gövhəriyyənin iki məscid və iki
mədrəsəsinin mövqüfatını xərcləyən mütəvəkkillər vəqf gəlirini hər il üç
yerə bölsünlər; üçdə bir hissəsinin şəri qaydalara əsasən müamilələr
vasitəsilə hər iki məscid və mədrəsə üçün tənxah (ehtiyat) yığsınlar və
bu qaydanı müəyyən müddət davam etdirsinlər ki, inşallah məscid və
mədrəsələrin təmirinə bütünlüklə kifayət edəcək məbləğ hazır olsun.
Allah eləməmiş məscidlər və mədrəsələr xarab olarsa, müvəkkillər (bu
pul ilə) onları yenidən təmir etsinlər və həmin üçdə bir hissəsini
xərcləsinlər.
Müvəkkillər qalan iki hissəsini xərclərkən (aşağıda göstərilən
surətdə) məscid və mədrəsələrin hal-hazırda və gələcəkdəki təmirini
birinci dərəcəli iş kimi nəzərdə tutsunlar. Sonra isə gecələr məscid və
mədrəsələrin hücrələrinin işığını, qış və payız fəsillərində isə kömür
pulu, məscid və mədrəsələrin iki nəfər işçisinin və iki nəfər əzançısının
məvacibini, mədrəsələrdə iki nəfər müəllimin məvacibini, məscidin
işlərini idarə edən iki işçi, o cümlədən, zəhmət çəkən müvəkkillərin
zəhmət haqqı da ödənilsin.
Aşuranın on günlüyündə cənabi Seyyidi-Şühədanın (imam
Hüseynin) təziyyəsinin xərci ödənilsin. Vaxtın tələbinə görə
müvəkkillər lazım bilsələr eləcə də Tasua günündə (yəni Məhərrəmin 9-
cu günündə) məscidlərdə və həyətlərində şərbət paylasınlar. Məhərrəm
və ramazan aylarında vaxtın tələbi və müvəkkillərin məsləhətinə görə
ehtiyacı olanlara müəyyən miqdarda pul paylansın. Məscidlərin
minbərlərində vəqf sahibini xeyir-dua ilə yad etdirməkdən ötrü bir
məbləğ xərclənsin. 70 nəfər müstəhəqqə rəmazanəl-mübarək ayının
əhya gecələrində məscidlərin həyətində iftar verilsin. Rəmazan əl-
mübarək ayında 3 gün əhyanı məscid həyətlərində tutanların
115
yanacaq və buxur (buxur - yanarkən müşk-ənbər qoxusu verən, bir növ
bitkidir - red.) ödəsinlər.
Ramazan ayında məscidlərdə otuz gün (gecə və gündüz) 20 nəfər
Quran oxuyanın haqqı pul ilə ödənsin. Belə ki, ramazan ayının 30
günündə 100 cild Allah kəlamını (burada cild surə mənasındadır - red.)
oxuyub, onlardan 50 cild vəqf sahibəsinin özü üçün, 20 cild ata və anası
üçün, 20 cild bacı və qardaşları üçün, 10 cild də qohum-əqrəbaları üçün
- hamısı adbaad vəqfnamədə qeyd olunduğu kimi Quran tapşınlsın.
Quran-tapşırma işi əsasən əhya günlərində məsciddə başa çatdırılsın.
Şəban ayının 15-ci günü qəriblərə və tüllablara
1
məscidlərdə
mütəvəkkillərin məsləhəti və vəqtin tələbinə görə yemək verilsin və hor
Qurban bayramında məscidlərin həyətində on qoyun kəsib, ehtiyacı
olanlara paylayıb vəqf edəni və onun sülaləsini xeyir-dua ilə yad
etsinlər. Məscidlərin birinin yanında yeri-yurdu olmayan qərib xəstələr
üçün "Darüş-şəfa" adlı xəstəxana açıb həmin gəlirdən təmin etsinlər və
onun xərcləri: müalicə, dərman, pərəstarların maaşı və ölənlərin dəfn
xərci vəqfnamədə göstərildiyi kimi təmin edilsin. Qeyd olunanlardan
sonra artıq qalan gəliri mütəvəkkillər iki yerə bölüb, bir hissəsini yenə
bir etibarlı adama tapşırsınlar ki, o pul həmişə müamilədə - artmaqda
olsun ki, əgər işdir, bir il vəqflərin gəliri olmasa və ya az olsa və yaxud
da mədrəsə və məscidlərin hər ildəkindən artıq təmirə ehtiyacı olsa,
haman ikinci toplanmış pulu onların təmir və abadlaşmasına sərf
etsinlər. Qalan hissədən ilbəil şəriət və müqəddəmat elmlərinə aid kitab
alıb mədrəsələrin kitabxanasına vəqf adı ilə vəqfnamədə qeyd olunmuş
şərtlər əsasında daxil etsinlər (müqəddəmat: tarix, sərfnəhv, məntiq və
başqa ictimai elmlər nəzərdə tutulur - red.).
Əgər bir adam bunu (yəni yuxarıda deyilənləri) eşidəndən sonra onu
dəyişsə, xəbəri yoxdur ki, onu dəyişənlərin günahı nədən ibarətdir.
Onlar bilməlidirlər ki, zülmkarlar hansı axirətə qayıdacaqlar.
Xanlar xanı xoşbəxt İbrahim xan Cavanşirin qızı vaqifə, hezrəti
Zəhranın ən alçaq kənizi, misilsiz xanım, sərkar Gövhər ağa, ilahi haqq-
hesab günündə möminləri, məni və mənim valideynlərimi bağışla. 1282
(1866-1867)-ci il.
1 Mədrəsədə təhsil alanlara deyilirdi.
116
Yuxarı məsciddə başqa kitabələr də vardır. Bu məscidin şimal
tərəfində, yəni girəcək yolunda üç qapı vardır. Bu qapılardan ikisi kiçik
və biri (ortadakı) böyükdür. Qapıların hər üçünün üstündə daş lövhələr
vardır ki, bu lövhələrdə müxtəlif kitabələr həkk olunmuşdur. Aşağıda
həmin kitabələrin farscadan tərcüməsini veririk.
Birinci balaca qapı üzərində (şərq tərəfdə) yazılmışdır:
Peyğəmbər - Allahın ona salam və salavatı olsun, - dedi: -Allaha
ibadət edin! Guya sən onu görürsən, əgər görməsən, o səni görür və əbd
sözündə, üç hərfdən ع ayn, ب be, د dal hərflərindən ibarətdir. Əbd
sözündəki ayrı onun (Allah bəndəsinin - red.) Allaha aid olmasını; be
onun (Allah bəndəsinin - red.) başqasına qarşı olan fəzilətdir. Dal isə
onun görünməyən və pərdəsiz Allaha yaxın olmasıdır. Həqiqəti olmayan
(yəni inamı olmayan - red.) yalan ibadət köynəyini geymək iddiasında
olmaqdan şiddətli (ağır) günah yoxdur".
Girəcəkdə orta böyük qapı üzərində daşa həkk olunmuş kitabənin
tərcüməsi:
"Doğrudan da, Allah kərimdir. Onu razı salmaqdan ötəri qapısına
əyilən əlacsız bəndələri üçün kəramət arzulayır.
Cənnətməkan Gövhər ağanın vəsiyyətnaməsinə əsasən (məscid təmir
olundu)".
Bu kitabənin üzərində iki kiçik xonça rəsmi dəxi vardır.
Birinci xonçada aşağıdakı sözlər həkk olunmuşdur: "Allah,
Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn".
İkinci xonçada isə belə bir cümlə həkk edilmişdir: "O Allahın əli
onların əlləri üstündədir".
Aşağı məscid də İbrahimxəlil xanın qızı Gövhər ağa tərəfindən bina
olunmuşdur. Maraqlıdır ki, hər iki məscidin inşa və təmirləri bir-birinə
yaxın tarixə təsadüf olunur. Şuşada məhlə məscidləri ilə yanaşı, iki
came məscidinin tikilməsinə zənnimizcə ciddi ehtiyac var idi. Çünki
Şuşada yalnız şiələr deyil, sünnilər də var idi.
Dindarlar arasında da təfriqələr çox idi. XVIII əsrin sonu, XIX əsrin
əvvəllərində Şuşada 12-yə qədər təriqət və ya əqidə mövcud idi. O
cümlədən: Şeyxi, Üsuli, Mütəşər, Kərim xanı və s. Xüsusilə Şuşada
"Şeyxi"lər və "Üsuli"lər məşhur idi. Şeyxilər ilə Üsulilər arasında gərgin
mübarizə gedirdi. Mərhum Gövhər ağa
117
yuxarı Cümə məscidini inşa vstəmir edən kimi Şeyxilər dərhal oranı
"işğal etdilər..." Aşağı masciddə isə əsasən Üsulilər ibadətlə məşğul idi.
Aşağı məsciddə kitiələr çox məhduddur. Yalnız məscidin içərisində olan
minbərlərJən (ortada) birində ayaq tərəfdən qarışıq nəstəlik xətlə
Qurandanayələr və hədislər həkk edilmişdir. Aşağı məscidin xaricində
şimaltərəfi də (fasadda) məscidə daxil olmaq üçün yuxarı məsciddəki
kimi iki xırda və bir böyük qapı vardır. Xırda qapılar üzərində kitabə
yoxdur. Ortada olan böyük qapının yuxarısında iki balaca və bir böräk
lövhə vardır. Balaca lövhələrdə "Allah, Məhəmməd, Əli, Fatima, Həsən
və Hüseyn" sözləri yazılmışdır. İki kiçik lövhə arasındakı böyük
lövhədə aşağıdakı mənzumə həkk olunmuşdur (farscadan səfi tərcümə):
"Şişə şəhərinin banisi ki, həşəmət və mərtəbə etibarilə,
Onun taxtının qübbəsi ayın sərapərdəsinə tərə vururdu.
Yəni fələk şövkətli olan sərdar İbrahim xan
Ki, onun qapısına bütün dünya xanlarının sığınacağı idi.
Onun parlaq və mübarəkgünlü bir Gövhəri var idi ki,
Bunun üzünün işığı günəşin başına tac idi.
Bu məscid və mehrabı binadən həmin pak olan Gövhər
oldu.
Behişt əhli tamamilə buna şahiddirlər.
Dua edənlərin qələmi onun tarixini belə yazır:
Bu Gövhər həmişə Allahın sədəfi içərisində olsun".
Həmin mədhnamə əslində məscidin bina olunması haqqında
"maddeyi-tarix" idi.
"Məscidi-əqsayi-Hüseyniyyə" haqqında aşağıdakıları demək olar:
Bu bina-karvansara Şuşanın dindar varlılarından olan Məşədi
Hüseyn Mirsiyab oğlu tərəfindən yuxarı məscidə vəqf olunmuşdur.
Şuşada Yuxarı Cümə məscidindsn təxminən 25-30 metr aralı böyük bir
karvansara bina olunubdur. Bu karvansaranın daxilində 25 dükan və
dükanlardan yuxarıda 2-ci mərtəbədə 25 mənzil vardır. Şimal tərəfdən
dörd dənə dükan vardrki, bu da karvansaranın, tikintinin genişliyini,
onun üç dalan və qapanın zəruriliyini əmələ gətirmişdir. Karvansaranın
ikinci mərtəbəsində cənub tərəfin qurtaracağında böyük bir zal məscid
üçün nəzadə tutulmuşdur.
118
Həmin böyük salonu Məşədi Hüseyn məscid məqsədilə təsis
etmişdir. Həmin məscid Şuşanın məhəllə məscidləri həcmindədir. Bu
binanı vəqf edən Məşədi Hüseyn Mirsiyab oğlu öz vəsiyyət-naməsini
karvansaranın həmin məscid salonunun bayır fasadında gözəl və aydın
xətlə daşa həkk etdirmişdir. Həmin kitabədə Məşədi Hüseyn məscidi
"Məscidi-əqsaya Hüseyniyyə" adlandırmışdır.
Məşədi Hüseynin vəsiyyəti dörd parça daş üzərində nəqş olun-
muşdur. Aşağıda nəstəliq xətlə fars dilində yazılmış kitabənin
tərcüməsini veririk.
Birinci kitabənin tərcüməsi:
"Pəhmli və mehriban Allahın adı ilə (başlayıram). Şəriətin
göstərişinə uyğun olaraq yüksək nəcabətli Mirsiyab oğlu Məşədi
Hüseyn öz mülk və dükanlarını abad edərək bunu "Məscidi-əqsa"
adlandırmışdır. Və aşağıda göstərilən qayda ilə vəqf edilmişdir. Əvvəla,
meydanın qərbində olan karvansara ona tabe olan mənzillər və
içərisində olan əşyalar hamılıqla (ardı 2-ci kitabədədir)".
İkinci kitabənin tərcüməsi: "Vəqf olunmuş töhfələr zəminində əlliyə
qədər mənzil və dükanlar ki, karvansaradadır və buna şimal tərəfdən
olan dörd bab dükan dəxi əlavə olunur. Bundan başqa bazar başında rus
kilsəsi yanında Qara Hacı Sadıq oğlu ilə şərikli olan on beş bab dükanlar
və qəssabxananın şimalında yenə həmin Qara ilə şərikli üç dükan. Bu
karvansara və dükanlar vəqf sahibinə müşəxəssdir (məxsusdur),
tamamilə doğru və düzgün qayda ilə öz xahişi və razılığı ilə vəqf
olunur".
Üçüncü kitabənin tərcüməsi:
"Mülklərdən gələn mədaxili mütəvəkillər xərcləməkdən ötəri qayda
və qanun: Bütün mülklərdən gələn gəliri üç hissəyə bölməlidirlər.
Əvvəlan birinci hissəni şəriətin qanuni ilə artırmaq üçün müamiləyə
buraxmah ki, Allah eləməmiş, məscidi əqsayi-hüseyniyyə uçarsa və ya
xarab olarsa, həmin qazanılmış nəqd ilə bərpa olunsun. Bundan sonra
qalan üçdə iki hissəni bu qərar ilə sərf etməlidirlər (xərcləməlidirlər)".
Vəqfiyyat işlərinə mübaşir olan vəkilə ildə bir yüz manat. Bundan
sonra vəkillər o molla ki, hər gün gəlib bu məscidi-əqsada cəmaət
namazı qılır və bu işi özü üçün bir vəzifə kimi hesab edir. Həmin
mollaya ildə əlli manat. Bir nəfər müəzzin və bir nəfər mücavir;
119
hər birinə ildə qırx manat. Bir nəfər rövzəxana iyirmi beş manat
(verilsin). Hər məhərrəm ayı hər bir məhəlləyə beş put qara neft və üç
manat nəqd pul; hər üç nəfərə piyada zəvvarın hər birinə 15 manatdan
20 manata kimi (verilsin). İstehqaq əhlindən (kimsəsizlərdən) qərib yerli
və qeyri hər kəs ölərsə onu kəfən və başqa şəri tələbat ilə təchiz etməli.
Vəqf sahibinin ehsanına olaraq hər il həcc üçün (gedənlər üçün) beş yüz
manat və ya vəkillər məsləhəti ilə 500-dən 700-dək, bundan sonra baqi
qalanlardan hər həftə cümə axşamları şəhər füqərasına üç manat
(verilsin).
Dördüncü kitabənin mətni, demək olar ki, üçüncünün yekunundan
ibarətdir.
Bizim yuxarıda gətirdiyimiz və memarlıq abidələrinə məna verən
kitabələr Şuşanın inzibati, hərbi və yaşayış binalarında son dərəcə
çoxdur.
Şuşa şəhəri quruluş etibarilə Azərbaycan və ümumən Şərq üsuli-
memariyyəsinə nümunədir. Şəhərin Bazar başı, Rasta bazar, Meydan,
Aşağı bazar, Şeytan bazar, Çar su, karvansaralar və başqa
komplekslərinin tikintisi XIX əsrin ikinci yarısından başlayaraq,
əsrimizin 20-ci illərinə qədər davam etmişdir.
120
|